Qurbağanın maddələr mübadiləsi yeni müalicələrə ilham mənbəyi olur

Qurbağanın maddələr mübadiləsi yeni müalicələrə ilham mənbəyi olur

Yaşıl zolaqlı Avstraliya qurbağasının heyranedici maddələr mübadiləsi hərəkətsizlik nəticəsində əzələ və çəki itkisinə məruz qalan insanların müalicəsində və damazlıq heyvandarlığın inkişafında yeni üsullara ilham qaynağı olur.

Bu qurbağa quraq yay mövsümündə özünü palçığa basdırır və bədənində hazırladığı seliyəbənzər baramanın içində aylarla hərəkətsiz qalır.

CSIRO heyvandarlıq sənayesi araşdırma quruluşundan dr. Nik Hudson elmi adı cyclorana alboguttata (zolaqlı yuvaqazan qurbağa) olan qurbağanın yay yuxusu dövründə (aestivation) əzələlərində heç bir dəyişiklik baş vermədiyini ifadə edir. Qurbağa yay mövsümündə özünü palçığa basdırıb aylarla hərəkətsiz qalır.

Dr.Hudson qurbağadan nümunə götürərək gördüyü işlərin məqsədini belə açıqlayır:

"Bu balaca heyvan təmamilə qeyri-fəal şəkildə, bir neçə ay ərzində palçığın içində qalır, amma güc və ya əzələ itkisi olmur. Əgər qurbağanın bunu necə etdiyini anlaya bilsək, diqqəti müəyyən genlərə yönəldərək və ya yeni üsullar inkişaf etdirərək ferma heyvanlarının inkişafı əsnasında əzələ kütləsini artıra bilər və ya quraqlıqla əlaqəli qida çatışmazlığı dövründə əzələ itkisinə məhdudlaşdıra bilərik". 1

Bu şəkildə astronavtların, yatalaq xəstələrinin və ya yaşlıların məruz qaldığı əzələ itkisinin qarşısını almağa istiqamətli müalicələr də gündəmə gələ bilər.

İnsanlar hərəkətsizliyə qarşı dözümlü deyillər. Digər tərəfdən hərəkətsizliklə bağlı əzələ itkisi insanlar üçün müxtəlif cəhətdən çətinliklər yaradır. Dr.Hudson bu vəziyyəti belə ifadə edir:
"Bunun kimi bir hərəkətsizliyə məcbur qalan bir insan əzələ tonusunun 90%-ni itirir. Bu həm bütün insanlar üçün ciddi səhhət problemi, həm də kosmik araşdırmalara əngəldir".

Dr.Hudson Avstraliya qurbağasında və inəklərdə gen ekspressiyasını (genlərin müşahidə edilə bilən təsirlərini) araşdırır. Tədqiqatçının hədəfi qurbağada yay yuxusu dövründə aktiv olan genləri təyin edib inəkdəki ona uyğun genləri daha sonrakı işlər üçün diqqətlə araşdırmaqdır. Qurbağadakı bu sistemin əzələlərdə zülal parçalanmasının qarşısını alan antioksidanların müntəzəm şəkildə istehsal olunması ilə əlaqəli olduğu təxmin edilir.

Dr.Hudson yay yuxusu əsnasında qurbağanın bədən temperaturunun təəccüblü şəkildə düşmədiyini belə ifadə edir:

"Qurbağa yay yuxusunda (qış yuxusuna girən heyvanların əksinə) maddələr mübadiləsi prosesinin sürətini 90% nisbətində azalda bilir və bu halda, bədən temperaturu sabit qalır".

Hudson üç illik tədqiqatı nəticəsində qurbağanın bu xüsusiyyətinin genlərdə necə kodlaşdırıldığı aşkarlana bilər - deyə sözlərinə əlavə edir.

Bəlkə də, yaxın gələcəkdə bu qurbağa üzərində aparılan tədqiqatlar sayəsində astronavtlar, yatalaq xəstələri və yaşlılar əzələ itkisinin yaratdığı səhhət problemlərindən xilas olacaqlar. Yaxşı, bəs belə əhəmiyyətli səhhət problemlərinin aradan qaldırılması üçün ümid və ilham qaynağı olan, elm adamlarının nümunə götürdüyü qurbağa, görəsən, bu cür sistemə necə sahib olmuşdur?
Görəsən, qurbağa bir gün quraq mövsümlərdə yuxuya getməyin daha məqsədə uyğun olacağını düşünərək dərisini örtən seliyəbənzər barama hazırlamağa başlaya bilərmi? Sonra da özünü palçığa basdıraraq gözləməyi təcrübədən keçirmiş ola bilərmi? Daha sonra yay yuxusundan ayılan qurbağa çoxalaraq bu qabiliyyətini balalarına ötürə bilərmi? Nəticədə isə qurbağa növü bu qabiliyyəti zamanla qazanmış ola bilərmi? Təbii ki, bu mümkün deyil. Hər hansı bir canlının mühitə görə öz fizioloji inkişafına təsir göstərməsi mümkün deyil. Sudan quruya və ya qurudan suya keçid zamanı orqanizm belə böyük fizioloji dəyişikliklər keçirə bilməz. Yaşaya bilməsi üçün ətraf mühitin şərtlərinə uyğun sistemlərə malik olmayan qurbağa isə dərhal ölər.

Digər tərəfdən qurbağanın bu qabiliyyəti kompleks fizioloji qaydalara əsaslanır. Bu tənzimləmələr isə qurbağanın DNT-sindəki genlərin mürəkkəb fəaliyyəti nəticəsində həyata keçir. Bu, insanın hazırladığı ən mürəkkəb elektron sxemdən dəfələrlə daha mürəkkəbdir. Bu genlər açılıb bağlanaraq qurbağanın həyati fəaliyyətlərini nizamlayır, yay yuxusunun başlanğıcına, seliyəbənzər barama üçün lazımi maddənin ifrazına və yay yuxusundan oyanmağa nəzarət edir. Bəzi genlərin başqa genlərin açılıb bağlanmasına nəzarət etdiyi bu şəbəkə sisteminin də təsadüfi proseslər nəticəsində əmələ gəlməsi qətiyyən mümkün deyil. Hətta, qurbağadakı bu fizioloji qanunauyğunluqların əsasını təşkil edən genlərin bir dənəsinin belə təsadüflərlə ortaya çıxması mümkün deyil.

Aydındır ki, qurbağa bu qabiliyyətə öz səyləri və ya təsadüflər nəticəsində sahib olmamış, elə əvvəldən bu qabiliyyətlə birlikdə yaradılmışdır. Bu qurbağanı yaradan göylərin və yerin, ikisinin arasındakı hər şeyin hakimi olan uca Allahdır. Allah qurbağaların və yer üzündəki digər bütün canlıların maddələr mübadiləsinə hər an hakimdir. Bir Quran ayəsində belə buyurulur:

Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın... (Hud surəsi, 56)

 İqtibaslar:

“Frogs muscle-in on ´wasting´ process”, EurekAlert, http://www.eurekalert.org/pub_releases/2004-06/ca-fmo062204.php 
2014-02-07 23:45:45