Görən, dadbilən, toxunan, eşidən bitkilər

Görən, dadbilən, toxunan, eşidən bitkilər

Kənardan  baxanda  ağzı, gözü və sinir sistemi olmayan bitkilər insan kimi görmə, eşitmə, dadbilmə və toxunma duyğularından istifadə edərək çox vaxt insanlardan belə həssas ola bilirlər.

  •  Bitkilərin nəyə görə görmə qabiliyyətinə ehtiyacları vardır?

  •  Bitkilərin dadbilmə duyğusu necədir?

  •  Bitkilər necə eşidirlər?

Yer üzərindəki canlılar aləmində çox əhəmiyyətli  yerə sahib olan  bitkilərdəki sistemlərin ən maraqlı xüsusiyyətlərindən  biri reaksiya mexanizmlərdir. Kənardan baxanda nə ağzı, nə gözü, nə də sinir sistemi olan bitkilər bu reaksiya mexanizmləri sayəsində çox vaxt insanlardan belə həssas ola bilirlər.

Bitkilərin görmə duyğusu

Bitkilərin bizim kimi gözləri yoxdur, lakin  bizim gördüyümüzdən daha çoxunu görə bilirlər. Çünki onların işığa həssas birləşmələrdən yaranmış  zülalları vardır. Buna görə də bizim gördüyümüz və görə bilmədiyimiz bütün dalğa uzunluqlarını mənimsəyirlər. Hətta işığa qarşı həssaslıqları insan gözündən daha çoxdur.

Bitkilərin bu xüsusiyyətlərə sahib olmalarının səbəbi böyümək və həyatda qalmaq üçün işığa olan ehtiyaclarıdır. Buna görə də gözlərlə işığı görürlərmiş kimi işıq istiqamətində zoğ verir, böyümələrini işıq istiqamətində davam etdirirlər. Hətta gün ərzində günəşi təqib edən günəbaxan bitkisinə bu xüsusiyyətinə görə belə bir ad da verilmişdir. Bitkilər özlərinə verilmiş görmə qabiliyyəti sayəsində işığın sıxlığı, keyfiyyəti, istiqaməti və periodu kimi şərtləri müəyyən edirlər. Bitkinin  gündəlik həyat tərzi özünü işığa görə quran bir "daxili saat"ın nəzarətindədir.

Bitkidə işığı mənimsəməkdə məsul olan iki zülal ailəsi vardır. Bu iki ailədən biri beş fərqli növü olan "fitokrom", digəri isə iki fərqli növü ilə "kriptokrom" adlı zülallardır. Bu zülallar eyni zamanda işığı qavrayan bir işıq reseptorudurlar. Bu qəbuledicilər bitkinin içindəki saatı işığın hər an etdiyi dəyişikliklərə görə qurmaqla vəzifəlidirlər.

Dadbilmə duyğusu

Bitkilər yalnız günəş işığı ilə yaşaya bilməzlər, yəni torpaqdan bəzi qidaları da qəbul etməlidirlər. Dad duyğusu, torpaqdan mineral və qidaları alan bitki kökləri üçün çox əhəmiyyətlidir. Arabidopsis (kərə otu) adlı bitkidə aparılan müşahidələr bir genin nitrat və ammonium duzlarının miqdarının çox olduğu  yerləri müəyyən etdiyi aşkar olunmuşdur. Bu gen sayəsində köklər təsadüfi deyil, qida istiqamətində inkişaf edərək şüurlu şəkildə hərəkət edirlər. Nitratları müəyyən edən bu gen ANR1'dir.

Bu gendən başqa, Teksas Universitetində aparılan bir müşahidədə "apiraz" adlı bir ferment də kəşf edilmişdir. Kök səthində olan bu ferment göbələk kimi torpağa qarışmış mikroorqanizmlərin çıxardığı ATF-nin (adenozin triphosphate) dadını hiss edə bilir. ATF molekulu təbiətdə hər zaman hazır tapılan qısa müddətli  bir enerji ehtiyatıdır. Apiraz  bitkinin bu molekulu alıb qidaya çevirməsini, daha sonra da sormasını təmin edir. Bitkilərin bir zibilyığan kimi hüceyrə xaricindəki ATF-ni yığıb istifadə olunacaq vəziyyətə gətirməsi yeni kəşf edilmiş möcüzədir.

Toxunma duyğusu

Dadbilmə duyğusu kimi toxunma duyğusu da bitkilərdə tez-tez rast gəldiyimiz hallardandır. Venera kimi ətyeyən bitkilər üzərlərinə qonan böcəyi bir anda tuturlar. Mimoza isə ən yüngül toxunuşda belə incə yarpaqlarını aşağı endirir. Noxud və lobya kimi dırmaşan bitkilər həssas toxunma duyğuları sayəsində zoğlarını möhkəm dəstəklərin ətrafına sarıyırlar. Demək olar ki, bütün bitkilər toxunma duyğusuna sahibdirlər. Bitkilər yarpaqlara böyük zərər verə bilən küləyin şiddətinə qarşı da toxunma duyğusundan istifadə edirlər. Külək altında qalan bitkilər toxumalarını sərtləşdirərək reaksiya verir və beləcə şiddətli küləkdə qırılmaqdan xilas olurlar. Eksperimentlər toxunma duyğusunun gücləndirilmiş toxuma istehsalına necə səbəb olduğuna hələ də cavab tapa bilməyiblər.

Bir bitkinin yaşamağı üçün ehtiyacı olan bütün xüsusiyyətlərə  kompleks sistemlər sayəsində sahib olması, bir bitkinin  bir yarpağının belə təsadüfən meydana gələ bilməyəcəyini görmək və qavramaq üçün kifayətdir. Bitki hüceyrələri  beyini, əli, gözü, şüuru və məlumatı olmayan gözlə görülməyəcək qədər kiçik varlıqlardır. Bu varlıqların "küləyə qarşı bitkini necə qurtara bilərik?" deyə düşünüb bir üsul tapmaları qeyri-mümkündür. Bütün bunlar sonsuz  elm və ağıl sahibi olan Uca Allah`ın varlığının dəlillərindən yalnız bir hissəsidir.

Eşitmə duyğusu

Başda North Carolina Wake Forest Universiteti olmaqla müxtəlif mərkəzlərdə aparılan təcrübələrin nəticəsində, bitkilərin məlum bir səs tezliyini və ya vibrasiyanı mənimsədikləri qənaətinə gəlinmişdir. Məsələn, Wake Forest'da aparılan bir təcrübədə normal cücərmə nisbəti 20% olan turp toxumlarının məlum bir tezlikdəki səsə uzun müddət cəlb olunduqda, cücərmə nisbətlərinin 80-90% artdığı müşahidə edilmişdir. Eksperimentlər bitkinin boyunun uzanması və toxumun cücərməsinə vasitəçilik edən "giberellik turşusu" adlı bitki hormonunun "eşitmək"lə məsul olduğunu düşünürlər.

Allah hər bir canlını nəzarət altında saxlayır

İnsan bədəni digər varlıqlarda olduğu kimi, şüursuz atomlardan meydana gəlir və bədənimizdə bu atomların meydana gətirdiyi şüursuz hüceyrələr tərəfindən bir sıra əməliyyat həyata keçirilir. Beyin adlanan orqanımız da düşüncə qaynağımız kimi görünsə də, özbaşlarına qərar verə bilməyən sinir hüceyrələrindən meydana gəlir. Qısası şüuru müəyyən səbəb-nəticə əlaqələri ilə  izah etmək olmaz. Təkamülçü  Julian Huxleyin şüurla əlaqəli dediyi sözləri olduqca təəccüblüdür:

"Şüurlu hal qədər fövqəladə bir şeyin sinir hüceyrəsinin başlanğıc hərəkəti nəticəsində ortaya çıxması, Ələddinin lampası hekayəsində lampanın ovuşturulması ilə cinin görünməsi qədər anlaşılmazdır..." (The Problem of Consciousness, Colin MCGINN)

Haqqında danışdığımız bir neçə  bitki nümunələrdəki şüurlu deyə biləcəyimiz hərəkətlər, əslində, Allah`ın sonsuz ağlının təcəllilərindəndir. Rəbbimiz yer üzündəki hər şeyi idarəsi altında saxlayandır.

“Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (“Ənam” surəsi, 59)

Bitkilərin beyni və ya sinir sistemi yoxdur. Bir insan bir obyektə toxunanda, onu görəndə və ya dadını hiss etdikdə sinir sistemində və beynində müəyyən mesajlaşmalar və əmrlər ardıcıllığı yaranır. Yaddaş, idrak kimi ünsürlərin də iştirakı ilə şüurlu bir hərəkət üçün qərar alınır. Halbuki, bitkilərin belə bir sinir sistemləri, beyinləri, idrak və yaddaş gücləri yoxdur. Buna baxmayaraq, son dərəcə şüurlu davranışlara sahibdirlər. Görürlərmiş kimi müəyyən bir istiqamətə çevrilir, toxunurlarmış kimi özlərinə ən uyğun zəmini tapmaqda və ya dad bilirlərmiş kimi torpaqdakı bir çox maddədən  özlərinə lazım olanları seçə bilirlər. Bütün bu hərəkətlərin arxasındakı ağılın sahibi əlbəttə ki, bitkilər deyil. Onları və hər şeyi üstün bir elmlə aləmlərin Rəbbi olan Uca Allah yaratmışdır.