Cəsur döyüşçülər

Cəsur döyüşçülər

Bədənimizin dərinliklərində baş verən müdafiə uğrunda mübarizəni öyrənmək üçün əvvəlcə müdafiə sisteminin nə olduğunu, hansı üzvlərdən təşkil olunduğunu bilməliyik.

Müdafiə sistemini, qısaca bədəni xaricdən gələn bütün düşmənlərə qarşı qoruyan, çox nizamlı, çalışqan ordu kimi təsvir edə bilərik. Bu çoxcəbhəli müharibədə ön cəbhədə vuruşan döyüşçülərin vəzifəsi düşmən hüceyrələrin (bakteriya, virus və.s ) bədənə daxil olmasının qarşısını almaqdır.

Düşmən orqanizmlərin bədənə daxil olması heç asan olmasa da, bədəni zəbt etmək məqsədlərinə nail olmaq üçün mütləq bədənə girmək üçün mübarizə aparırlar. Dəri, tənəffüs və həzm sistemi kimi maneələri aşıb bədənə daxil olmağı bacaranda isə güclü döyüşçülər onları gözləyir. Bu güclü döyüşçülər sümük iliyi, dalaq, timus, limfa vəziləri kimi xüsusi mərkəzlərdə artırılır və öyrədilirlər. Müdafiə hüceyrələri kimi adlandırdığımız bu döyüşçülər makrofaqlar, limfositlərdir.

Əvvəlcə faqositlərin yeyici hüceyrələr adlandırdığımız növü fəaliyyətə başlayır. Onlardan sonra növbə təmizləyici hüceyrələr adlanan və xüsusi növ faqosit olan makrofaqlara gəlir. Hər ikisi də düşməni sanki udaraq məhv edir. Makrofaqların hadisə yerinə başqa müdafiə hüceyrələrini çağırmaq, bədən temperaturunu yüksəltmək kimi vəzifələri var. Xəstəlik zamanı temperaturun qalxması çox əhəmiyyətlidir. Beləcə insan özünü yorğun hiss edir və istirahət edir. Bədənin mübarizə üçün ehtiyacı olan enerji də başqa yerə sərf edilmir. Əgər bədənə daxil olan düşmənlərlə mübarizə aparmaq çox çətindirsə, onda sistemin baş qəhrəmanları olan limfositlər fəaliyyətə keçir. Limfositlər iki yerə ayrılır: B hüceyrəsi və T hüceyrəsi. Bunlar da öz aralarında növlərə ayrılırlar.

Makrofaqlardan sonra döyüş yerinə ilk çatanlar köməkçi T hüceyrələridir və bunlar sanki sistemin idarəçiləridir. T hüceyrələri düşməni müəyyən etdikdən sonra digər hüceyrələrə döyüşmək üçün xəbərdarlıq edirlər. Bu xəbərdarlıqdan sonra öldürücü T hüceyrələri də mühasirədəki düşməni məhv etmək üçün fəaliyyətə keçirlər.
B hüceyrələrini isə bədənimizin silah fabriki kimi adlandıra bilərik. Köməkçi T hüceyrələri tərəfindən xəbərdar edildikdən sonra dərhal antitel adlanan silahlar istehsal etməyə başlayırlar.Zəiflədici T hüceyrələri təhlükə sovuşandan sonra bütün müdafiə hüceyrələrinin fəaliyyətini dayandırır. Beləliklə, müharibənin lazımsız yerə uzanmasını əngəlləyir.

Ancaq müdafiə ordusunun vəzifəsi hələ tamam bitməyib. Yaddaş hüceyrəsi adlanan döyüşçü hüceyrələr düşmənə aid məlumatları hafizələrində saxlayaraq uzun illər saxlayırlar. Bu səbəbdən eyni düşmənlə yenidən qarşılaşanda onu məhv edəcək bir müdafiənin hazırlanması çox rahat olur.
Yuxarıda çox qısa şəkildə danışdığımız müdafiə sistemimizin xırdalıqlarında möhtəşəm yaradışıl dəlilləri var. Oxuduğunuz yazılarda bu möhtəşəm yaradılış dəlilləri daha əvvəl də bildirildiyi kimi hamının başa düşəcəyi bir dildə izah edilib.