Dənizin dərinliklərində çətin şəraitdə yaşayan canlıların taktikaları

Dənizin dərinliklərində çətin şəraitdə yaşayan canlıların taktikaları

XXI əsrdə dünyada kəşf ediləcək çox az təfərrüatın qaldığını düşünə bilərsiniz. Ancaq dənizlərin dərinlikləri hələ də müəmmasını qoruyur. Təqribən, 4 km dərinliyə malik okeanlar yerin 70%-ini tutur. Ona görə, dənizlərin dərinliyi bütün təbii mühitlər arasında ən geniş və ən çətin şəraitli yerlərdir. Ancaq Rəbbimizin rəhməti olaraq çox soyuq, tamamilə qaranlıq, əsasən, oksigen çatışmazlığı olan və səthdəkindən 1000 dəfə artıq təzyiqə malik dənizlərin dərinliyi bir çox canlı növünün sığınacağıdır.

Okeanların dibi həyat şəraiti baxımından ən əlverişsiz mühit olsa da, buralarda yaşayan canlılar var. Akulalar, qorxunc görünüşə malik, gözlərinin altındakı lampalardan qırmızı şüalar yayılan əjdaha balıqları, parıldayan balıqlar, selakant, dəniz zanbaqları, qırmızı mürəkkəb balığı, qaranlıqda parıldayan qolları olan osminoq, 13 metr uzunluğunda nəhəng kalmar (architeuthis), bakteriyalar, molyusklar və qabıqlı canlılar bu dərinliklərdə Rəbbimizin yaratdığı qüsursuz müxtəlifliyə nümunədir.

Hələ tam kəşf edilməmiş bu dərin aləmdə aparılan hər tədqiqat dəniz dibindəki heyranedici həyatın tanınmasına səbəb olur.

Allah dəniz dibindəki canlıların ruzisini verir

Dəniz dibində tədqiqat aparan elm adamları uzun illər boyu 600 m-dən də dərin yerlərdə canlı həyat olmadığını irəli sürmüşdülər. Çünki əgər dərinliklərdəki canlılar yuxarıda yaşayan heyvanların artıq qalan qidalarını yeyirlərsə, deməli, müəyyən dərinlik ölçüsündən sonra qidalar tükənəcək və canlılar həyatlarını itirəcəklər. Ancaq növbəti illərdə aparılan tədqiqatlar okeanların ən dərin yerlərində belə canlıların yaşadığını göstərmişdir. Çünki okean yataqları nəhəng sualtı dağ silsilələri və bunlar arasında qalan geniş bataqlıq və palçıqlı sahədən ibarətdir. Lakin bu torpağın böyük hissəsi suyun yuxarı səthində yaşayan planktonların və ya qabıq dəyişdirən qabıqlı dəniz canlılarının, təkhüceyrəlilərin qalıqlarının okean yatağında toplanmasından əmələ gəlir. Ona görə, okeanın dibində tərkibində əhəng və silisium oksidi olan bu palçıq təbəqəsi dərinliklərdə yaşayan canlıların əsas qida mənbəyidir. Okeanların minlərlə metr dərinliyində oksigenin belə olmadığı palçıq təbəqəsində yaşayan bu gözlə görünməyən və metanla qidalanan arxebakteriyalar Yerin ekoloji müvazinəti üçün böyük əhəmiyyətə malikdirlər. Əgər bu mikroorqanizmlər olmasaydı, açıq dənizlərin dibindəki böyük miqdarda metan qazı atmosferə qarışar, istixana effektinin təsiri ilə qlobal isinmə baş verər, dünyanın hər yerindəki iqlim tarazlıqları pozular və Yer həyat üçün əlverişsiz isti planetə çevrilərdi.

Ən dərin yeri 11.000 m, orta dərinliyi isə 4000-5000 m olan okeanlarda 100 m-dən aşağıya günəş işığı çatmır. Ona görə, buralarda fotosintez prosesi getmir. Yüksək təzyiq, 2-4ºC temperatur və qaranlıq hökm sürür. Məhdud qida mənbələri ancaq yuxarı təbəqələrdən gələn artıq qida maddələri və üzvi maddələrdən ibarətdir. Qısaca desək, tamamilə fərqli mühitdir. Bütün bu çətin şərtlərə baxmayaraq, okeanların dərinliyində müxtəlif balıqlar, bir-birindən çox fərqli onurğasız canlılar və mikroorqanizmlər yaşayırlar.

Dənizlərin dərinliyində bu bakteriya növlərindən başqa canlılar da yaşayır. Bu canlılar bakteriyalar kimi öz qidalarını hazırlamırlar, özlərindən daha kiçik canlıları ovlayırlar. Uca Rəbbimiz bu canlıların qidalarını asanlıqla tapması üçün ucunda qoxu bilmə orqanları olan çox uzun üzgəclər, iri ağız, iti sivri dişlər, tünd boz və ya qara dəri rəngi ilə kamuflyaj və yüksək təzyiq olan dərinliklərdə yaşamaları üçün xarici təzyiqlə hüceyrədaxili maye təzyiqini tarazlayan mükəmməl sistemlər yaratmışdır.

Okeanın dərinliklərində qida mənbələri və canlıların bu dərinliklərdə yaşamasını təmin edən yaradılış xüsusiyyətləri Rəbbimizin sonsuz yaratma gücünün nümunələrindən təkcə biridir. Uca Allah’ın hər yeri elmi ilə əhatə etdiyi bir Quran ayəsində belə bildirilir:

Qeybin açarları Onun yanındadır, onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Kitabda olmasın. (Ənam surəsi, 59)

Canlılar dənizin dərinliklərindəki qaranlıq problemini Allah’ın bədənlərində hasil etdiyi işıqla aradan qaldırırlar

Günəşin canlılara böyük fayda verən şüaları dənizlərdə ancaq 200-300 m dərinliyə qədər çatır. Okean canlıları da bu səbəbdən həmin işıqlı zolaqda yaşamağa üstünlük verirlər. İşıqlı zolaqdakı qida və canlı qalıqlarının əksər hissəsi isə zaman ərzində okeanın dərinliklərinə gedir və buradakı canlıların yaşamasını təmin edir. Müasir texnologiya ilə aparılan ölçmələrə görə, günəş işığının 3-30%-i dənizin səthində əks olunur. Dərinliyə doğru endikcə suyun rəngi əvvəl qızarır, sonra bənövşəyiyə və daha sonra da narıncı rəngə çevrilir. 100 m dərinlikdə isə artıq tünd mavi rəng hökm sürür. İlk 200 metrdə işıq spektrinin mavi işığı son olmaqla 7 rəngin hamısı ardıcıl sorulur. 1000 m-dən dərin ərazilərdə isə artıq işığa rast gəlinmir. Bu qaranlıq mühitdə canlılar bədənlərindəki işıq saçan orqanlarla hərəkət edirlər. Bu canlılar kimyəvi reaksiya nəticəsində bədənlərində işıq hasil edirlər. Bioluminesent adlanan bu işıq, işıq hasil edən maddə olan lusiferin və reaksiyanı başladan lusiferaz fermentlərinin ortaq fəaliyyətinə oksigenin əlavə edilməsi ilə başlayan kimyəvi reaksiya nəticəsində meydana gəlir. Bəzi canlılarda isə bu işıq heyvanın dərisində yaşayan bakteriya koloniyasından qaynaqlanır. Uca Allah’ın üstün ağlının nəticəsi kimi işıq saçan canlıların bu çox xüsusi nemətə malik olmasının bir çox səbəbi var. Bu xüsusiyyətləri bir neçə başlıq altında xülasələmək olar:

Qida tapma: Okeandakı alaqaranlıq zolaqlarda bəzi heyvanlar işıq yayma qabiliyyətlərindən qida tapmaq üçün istifadə edirlər.

Ov ovlama:  Tilovlu balıq ətrafdakı digər balıqları aldadaraq ovunun diqqətini çəkmək üçün işığından istifadə edir.

Kamuflyaj: Okeanın qaranlıq hissələrində dərin yerləri görmək çox çətindir. Lakin yuxarıdan siluetləri görmək asandır. Ona görə, bəzi növlər bədənlərinin alt hissəsindən parlaq işıq yayırlar. Bu işıq yuxarıdan baxan birisi üçün balığın görüntüsünü bulanıqlaşdırır və dənizdə düşmənlərinə görünmədən üzməsini təmin edir.

Təqlid: “Cookie-cutter” növündən olan akulanın gövdəsinin altında işıq yayan hissə var, bu hissə kiçik balığa bənzəyir. Balıq, beləliklə, kiçik balıq kimi görünərək onu yeməyə gələn böyük balıqları ovlayır.

Müdafiə: Bəzi heyvanlar yanlarına təhlükə yaxınlaşdıqda mürəkkəbə bənzər sıx, parlaq maye ifraz edir, bu yolla onu ovlamağa gələn balıq onu görmür, canlı da oradan sürətlə üzüb uzaqlaşır. Bəzi işıq saçan canlılar isə özlərini müdafiə etmək üçün onlara hücum edən heyvanları kor edəcək səviyyədə parlaq işıq yayırlar. Dərinliklərdə yaşayan bir osminoq növü isə təhlükə zamanı eynilə səth osminoqu kimi davranır. Ancaq həmnövündən fərqli olaraq təhlükə zamanı düşməninin üstünə mürəkkəb deyil, bədəninə yapışaraq yaşayan işıqlı bakteriyaları göndərir.

Çoxalma: Yaydıqları işıqla əks cinsin onu daha asan tanımasına səbəb olur.

İstiqaməti müəyyən etmə: Bəzi təkhüceyrəli planktonları narahat etdikdə parıldayırlar. Məsələn, kiçik balıq planktonları yeməyə başladıqda plankton parıldamağa başlayır. Beləliklə, bu işıq özünə ov axtaran və planktonu narahat edən balığı ovlamaq istəyən daha böyük balığın diqqətini cəlb edir.

Hər şeyə qadir olan uca Allah canlılara işıq saçma xüsusiyyəti bəxş edərək dənizlərin dərinliyindəki qaranlığa uyğunlaşmalarına imkan vermiş və bu canlıları da digər bütün canlılar kimi qüsursuz nizamla yaratmışdır. Rəbbimiz bu həqiqəti Quranda belə xəbər verir:

O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)