Sürətlə uçan, ağır yük qaldıran və hündürlüyə tullanan olimpik canlılar

Sürətlə uçan, ağır yük qaldıran və hündürlüyə tullanan olimpik canlılar

51 tonluq ağırlığı qaldırmaq, 210 metrlik göydələnə bir həmlədə tullanmaq, 15.000 kilometrlik yolu fasiləsiz qət etmək bir insanın fiziki cəhətdən bacaracağı hərəkətlər deyil. Ancaq təbiətdəki bəzi canlılar bu hərəkətləri yaradıldıqları ilk gündən etibarən çətinlik çəkmədən, heç kimin dəstəyi olmadan ustalıqla yerinə yetirirlər. Yalnız Allahın lütf etdiyi canlılarda olan bu xüsusiyyətlərin hər biri Rəbbimizin bənzərsiz yaratma dəlilləridir.

Allah canlılara yaşamaq və həyatlarını davam etdirib növlərini artırmaq üçün nemət olaraq müxtəlif xüsusiyyətlər bəxş etmişdir. Təbiətdə olan və bu məqalədə yalnız bir qismindən bəhs edəcəyimiz canlıların insanlarla müqayisə edilə bilməyəcək səviyyədəki sürət və tullanma qabiliyyətləri, ağır şəraitlərdə çətinlik çəkmədən mübarizə aparmaları Rəbbimizin yaratma sənətinin və elminin bənzərsiz dəlilləridir. Canlılar bu möhtəşəm xüsusiyyətləri sayəsində ov ovlayır, düşmənlərindən qaçaraq özlərini müdafiə edir və balalarını qoruya bilirlər. Allah bir Quran ayəsində fərqli xüsusiyyətlərə sahib olan heyvanlar yaratdığını belə bildirmişdir:

Məgər onlar görmürlər ki, (Biz) onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq? (Yasin surəsi, 71)

Havada, quruda və suda sürətlə hərəkət edən heyvanlar

Havada sürtünmə daha azdır. Bu vəziyyət və möhtəşəm uçma qabiliyyətləri quşları planetdəki ən sürətli canlılar edir. Quşlar arasında ən sürətlisi isə təxminən qarğa böyüklüyündə olan şahinlərdir. Şahinlər xüsusi ovlama texnikaları ilə sürətlərini nümayiş etdirirlər. Bir şahin havaya yüksəldikdən sonra özündən aşağıda uçan ovunun üstünə saatda 322 km sürətlə şığıyır. Havadakı bu toqquşma nəticəsində ölümcül hala gətirdiyi ovunu pəncələri ilə birdən tutaraq ovlama əməliyyatını sona çatdırır.

Şübhəsiz, digər quşlarla müqayisə edildiyində havada rekord sürətə çatan bu quşun toqquşma yerini hesablaya bilməsi və ovunu havada tuta bilməsi təsadüfən meydana gələ bilməz. Bununla yanaşı, şahin həyatını davam etdirmək üçün ovunu çox uzaq məsafələrdən də görə bilməlidir. Bu da şahinin görmə gücünün insandan 7 dəfə artıq olmasını ifadə edir. Şahinlərin qüsursuz ovçu olmalarını təmin edən bu yaradılış möcüzəsi Allahın üstün yaratmasıdır.
Quruda maksimum sürətlə qaçan hepardlar

Hepardlar saatda 105 km sürətlə qaçan dünyanın ən sürətli quru heyvanlarıdır. Sürülər halında ov ovlayan böyük pişiklərdən fərqli olaraq, sürətləri sayəsində ovlarını tək başına yaxalayıb tuturlar.

Təzə ət yeməyi sevən hepardlar bu üstün xüsusiyyətləri sayəsində ovlarını qovaraq onları tutmaq məcburiyyətindədirlər. Bu məqsədlə iti gözləri ilə ətrafı araşdırır, sürüdən uzaqlaşmış ceyran və ya antilop gördükləri zaman çöməlir, çiyinlərini donqarlaşdırır, qulaqlarını geriyə yatırdır və bir neçə addımdan sonra güc toplayıb yerindən sıçrayaraq qaçmağa başlayır. Bir neçə saniyədə sürətləri maksimum səviyyəyə çatır. Bu sayədə çətinlik çəkmədən saatda 113 km sürətlə qaça bilirlər.

Suda sürətlə üzən yelkən balığı

Qılınc balığına bənzəyən və kürəyində böyük üzgəci olan yelkən balığı (Sailfish) suda saatda 109 km sürətlə üzən canlıdır. Güclü üzgəcləri və aerodinamik xüsusiyyəti sayəsində bu balıq həm özündən kiçik balıqları ovlayaraq qida ehtiyacını ödəyir, həm də ac köpək balıqlarından asanlıqla qaçır.

Xüsusi dözümlülüyə sahib olan dəniz qaranquşları

Şimal qütbündə yaşayan dəniz qaranquşları uzun məsafələri qət edərək böyük dözümlülük göstərən quşlardır. Yalnız 300 qr ağırlığı olan bu kiçik quşlar hər il şimal qütbündən Antarktikaya, oradan da geriyə doğru uçaraq, şimal və cənub qütb buzlaqlarında təxminən 15.000 km yol qət edirlər.

Qaranquşların köç edərkən tamamladıqları dairə təxminən 40.000 km-ə bərabərdir və bu uzunluq demək olar ki, Yer kürəsinin diametrinə bərabərdir. Bu qədər məsafəni qət edən kiçik canlıların çox yorulduğu düşünülə bilər. Ancaq bu, heç də belə deyil. Əlbəttə ki, uzun müddət uçan quşlarda yorğunluq əlamətləri görünür, amma əks istiqamətdə əsən küləklə qarşılaşmadıqları müddət ərzində ciddi bir problem yaşamırlar. Çünki Allah köç edən bu canlıları uzun məsafələrə tab gətirəcək şəkildə yaratmışdır.

Super güclü canlılar: fillər

Fillərin xortumları ağırlıq qaldırma və dartma gücü baxımından heyranlıq oyandıran bir yaradılış dəlilidir. Filin xortumu 270 kq-lıq ağırlığı rahatlıqla qaldıra bilir. Güclü xortumları sayəsində fillər ağacları yelləyir, hətta kökündən qoparırlar. Bu şəkildə qida ehtiyaclarını ödəyərkən, meşəni yaşlı ağaclardan təmizləyərək gənc ağacların böyüməsinə də imkan yaradırlar. Ancaq Allahın yaratdığı bu qüsursuz sistem yalnız təbii mühitin qorunması ilə məhdudlaşmır. Eyni zamanda, super gücə sahib olduqlarına görə Afrika və Asiya filləri yük daşıma kimi işlərdə də istifadə edilərək insanlara xidmət edir. Allah Quran ayələrində heyvanları insanların əmrinə verdiyini belə bildirir:

           Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və (başqa) faydalar vardır. Həmçinin onlardan yeyirsiniz. (Mal-qaranı) axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz. Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir. Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır. (Nəhl surəsi, 5-8)

Öz ağırlığının 850 misli qədər ağırlıq qaldıran 20 qramlıq həşəratlar

Başlarının üstündəki buynuza bənzər əlavəyə görə kərgədan böcəyi adlandırılan həşəratlar cəmi 20 qr çəkiyə malik olmalarına baxmayaraq, fildən daha güclüdürlər. Çünki fillər öz ağırlıqlarının təxminən dörddə birini qaldıra bildiyi halda, tropik meşələrdə yaşayan bu həşərat növü bədənləri ilə müqayisə edildiyində öz ağırlıqlarının 850 misli qədər çəki qaldıra bilirlər. Bir müqayisəli nümunə ilə açıqlasaq, bu, 60 kq ağırlığındakı bir insanın 51.000 kq, yəni 51 tonluq ağırlığı çətinlik çəkmədən qaldıra bilməsinə bənzəyər ki, bu da mümkün deyil. Asanlıqla yük qaldıra bilən bu canlılar, eynilə fillər kimi bu məharətlərini ağac yığıntılarının arasından keçmək və yaşadıqları yeri təmizləmək üçün istifadə edirlər.

Bir həmlədə göydələnin üstünə tullana bilərsinizmi?

Kiçik froghopper 6 mm boyunda bir həşərat növüdür. Bu kiçik həşəratın sahib olduğu bacarıq isə elm dünyasını heyrətə salacaq ölçüdə böyükdür. Çünki özünü 70 sm irəliyə ata bilən bu həşəratın tullanmağı insanın bir həmlədə 210 metr hündülükdə olan bir göydələnə tullanmasına bərabərdir.

Froghopperdən sonra ikinci yeri “birə” tutur. Bu kiçik həşərat 18 sm yüksəyə və 33 sm uzunluğa tullana bilir. Bu bir insanın 137 m uzunluğa hoppanmasına bərabərdir.

İmpala adlandırılan Afrika antilopu da super sıçrayıcı xüsusiyyətə malikdir. Saatda 56-72 km sürətlə qaçan bu canlı təxminən 3,7 metr yüksəkliyə tullana bilir. Şübhəsiz, Allahın bu  canlılara bir nemət olaraq təqdim etdiyi sıçrama xüsusiyyəti onların özlərini ovçulardan qoruyan mükəmməl sistemlərdir.

Nəticə

           Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir… " (Şura surəsi, 29)

           Allah bütün canlıları həyatları üçün vacib olan bu üstün xüsusiyyətlərlə birlikdə yaratmışdır. Öyrəndiyimiz zaman bizi heyrətə salan bu xüsusiyyətlər Allahın hər şeyə Qadir olduğunun, bənzərsiz yaratmasının və sonsuz gücünün nümunələrindən yalnız bir neçəsidir.

         İnsanların üzərinə düşən vəzifə heyvanlardakı möhtəşəm yaradılış dəlillərini görmək və bunların vasitəsi ilə Allahın qüdrətini haqqı ilə təqdir edib Onu ucaltmaqdır. Bir ayədə Rəbbimizin yaratma elmi belə xəbər verilmişdir:

        "Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir." (Nur surəsi, 45)

         Bu məqalədə oxuduğunuz məlumatlar, əslində, heyvanlar aləmindəki canlıların fövqəladə xüsusiyyətlərinin yalnız bir hissəsidir. Sonsuz elm sahibi Allah mikrodan makroya qədər bütün canlıları qüsursuz sistemlərlə təchiz etmiş və onları da yaratma sənətinə dəlil etmişdir.

        "Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. (Allah) istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir." (Şura surəsi, 29)