Çıxarılan saxta dəlillər

Çıxarılan saxta dəlillər

Təkamül nəzəriyyəsinə dəlil axtaranların ən çox müraciət etdikləri mənbə fosil qeydləridir. Fosil qeydlərində keçmişdə yaşamış canlıların qalıqları saxlanılır. Diqqətlə və qərəzsiz araşdırılanda bu fosil qeydlərinin təkamülçülərin iddialarının əksinə, təkamül nəzəriyyəsini dəstəklədiyi deyil, yalan olduğunu üzə çıxardığı görünür. Ancaq fosillərin təkamülçülər tərəfindən təhrif edilərək izah edilmələri və ictimaiyyətə də qərəzli bir şəkildə əks etdirilmələri səbəbindən bir çox adam fosil qeydlərinin, həqiqətən, təkamül nəzəriyyəsini dəstəklədiyini düşünür.

Fosil qeydlərindəki bəzi tapıntıların hər cür izaha açıq olması təkamülçülərə çox sərf edən bir vəziyyətdir. Tapılan fosilləri düzgün qiymətləndirmək çox da sadə iş deyil. Bunlar natamam və dağılmış sümük parçalarından meydana gəlir. Bu səbəbdən, əldəki məlumatları təhrif etmək və bunları istənilən istiqamətə yönəltmək çox asandır. Fosil qalıqlarına əsaslanaraq edilən rekonstruksiyalar (şəkil, ya da maketlər) təkamülçü fərziyyələri təsdiqləyəcək şəkildə həyata keçirilir. İnsanların gördüklərindən daha asan təsirləndiyinə görə, onları rekonstruksiya edilmiş canlıların keçmişdə həqiqətən yaşadığına inandıra bilmək də çox asandır.

Təkamülçü tədqiqatçılar çox vaxt yalnız bir diş və ya çənə sümüyünün bir hissəsi, ya da kiçik bir qol sümüyünü əsas götürərək insanabənzər xəyali varlıqlar çəkir və bunu sensasiyalı bir şəkildə insan təkamülünün bir halqası olaraq ictimaiyyətə təqdim edirlər. Bu şəkillər çox insanın zehnində mövcud ibtidai insanlar imicinin formalaşmasında böyük rol oynamışdır.

Sümük qalıqlarına əsaslanaraq edilən bu çalışmalarla sadəcə əldəki obyektin çox ümumi xüsusiyyətləri ortaya çıxarıla bilər. Halbuki, əsl təyinedici xüsusiyyətlər zamanla çox asanlıqla yox olan yumşaq toxumalardır. Bu səbəbdən, yumşaq toxumaların spekulyativ olaraq izah edilməsi ilə rekonstruksiya edən şəxsin xəyal gücü daxilində hər şey mümkündür. Harvard Universitetindən E.A.Huten (Earnst A. Hooten) bu vəziyyəti belə açıqlayır:

Yumşaq hissələrin təkrar inşası çox riskli bir cəhddir. Dodaqlar, gözlər, qulaqlar və burun kimi orqanların altındakı sümüklə heç bir əlaqəsi yoxdur. Məsələn, bir neandertal başını həm bir meymuna, həm də bir filosofa bənzədə bilərsiniz. Əvvəlki insanların qalıqlarına əsaslanaraq edilən canlandırmalar tamamilə heç bir elmi dəyərə malik deyillər və cəmiyyəti yönləndirmək məqsədilə istifadə edilirlər... Bu səbəbdən, rekonstruksiyalara çox etibar edilməməlidir.12

Təkamülçülər bu mövzuda o qədər rahat davranırlar ki, eyni kəlləyə bir-birindən çox fərqli üzlər yaraşdıra bilirlər. Məsələn, “australopithecus robustus” (zinjanthropus) adlı fosil üçün çəkilən bir-birindən tamamilə fərqli üç müxtəlif rekonstruksiya bunun məşhur bir nümunəsidir. Oxşar fosil “National Geographic” jurnalının 1960-cı ilin sentyabr sayında və “Sunday Times”ın 1964-cü il 5 aprel sayında bir-birindən çox fərqli təsvirlər edilmişdir. Oxşar fosilin təkamülçü M.Uilson (Maurice Wilson) tərəfindən çəkilən təsvirləri isə bunlardan tamamilə fərqlidir.

Fosillərin qərəzli izah olunması və ya xəyali rekonstruksiyalar edilməsi təkamülçülərin yalana nə dərəcədə sıx şəkildə müraciət etdiklərini göstərən dəlillər arasında sayıla bilər. Ancaq bunlar təkamül nəzəriyyəsinin tarixində rast gəlinən bəzi konkret saxtakarlıqlarla müqayisə edildikdə çox sadədirlər.

Saxtakarlıq olduğu dəfələrlə ortaya çıxmasına baxmayaraq, bu gün belə təkamülçü bir çox kitablarda yerləşdirilən embrion şəkillərinin “rəssamı” Ernst Hekkelin etirafı bu saxtakarlıqlar qədər təəccüblüdür. Hekkel belə deyir:

Bu etdiyim saxtakarlıq etirafından sonra özümü qınanmış hesab edirəm. Lakin mənim təsəllim budur ki, günahkar vəziyyətdə yan-yana olduğumuz yüzlərlə yoldaş, bir çox etibarlı müşahidəçi və məşhur bioloq vardır ki, onların ən yaxşı biologiya kitablarında, fərziyyələrində və jurnallarında mənim etdiyimə bənzər saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, az-çox təhrif edilmiş, dəyişdirilib yenidən düzəldilmiş şəkillər var.13

Bu etirafdan da aydın olduğu kimi, təkamül, “elm eşqi” naminə üzərində baş yorulan bir nəzəriyyə deyil. Tam əksinə, nə olursa-olsun, sübut edilməyə çalışılan bir inancdır. Lazım olanda müxtəlif saxtakarlıqlardan istifadə edərək, lazım olanda saxta dəlillər çıxararaq bir çoxları mütləq və mütləq bu əsassız nəzəriyyəni həqiqət imiş kimi insanlara qəbul etdirmək istəyirlər.

Çünki bu nəzəriyyənin yalan olduğunun üzə çıxarılmasını əsla qəbul edə bilməzlər. Çünki bu vəziyyətdə (əgər ortaya yeni bir cəfəngiyat da atmasalar), bütün kainatın və insanın yaradılmış olduğunu qəbul etmək məcburiyyətində qalacaqlar. Bu isə dinsiz dünyanın qanuniliyinin aradan qalxması deməkdir.

Saxta fosil çıxartma cəhdləri
Təkamül nəzəriyyəsinə fosil qeydlərində heç bir əsaslı dəlil tapa bilməyən bəzi təkamülçülər nəhayət öz dəlillərini özləri çıxartmağa başladılar. Təkamül saxtakarlıqları adı altında ensiklopediyalara belə keçən bu işlər təkamül nəzəriyyəsinin güclə ayaqda tutulmağa çalışılan bir ideologiya və həyat fəlsəfəsi olduğunun ən gözəl dəlilidir. Bu saxtakarlıqların ən məşhurlarını aşağıda tədqiq edəcəyik.

Piltdaun (Piltdown) adamı
Tanınmış həkim və eyni zamanda da həvəskar bir paleontoloq olan Ç.Douson (Charles Dawson) 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlarındakı bir çuxurda bir çənə sümüyü və kəllə sümüyünün bir parçasını tapdığı iddiasını irəli sürdü. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkılara bənzəyirdi. Bu nümunələr “Piltdaun adamı” adlandırıldı, 500 min illik bir tarix hesablandı və müxtəlif muzeylərdə insan təkamülünə konkret bir dəlil olaraq nümayiş etdirildi. 40 ildən çox bir müddət ərzində üzərində bir çox elmi məqalələr yazıldı, açıqlamalar və illüstrasiyalar edildi, insanın təkamülünə əhəmiyyətli bir dəlil olaraq təqdim edildi.

Məşhur amerikan paleoantropoloqu H.F.Osborn da 1935-ci ildə “British Museum”u ziyarətində: “Təbiət sürprizlərlə doludur; bu, bəşəriyyətin eradan əvvəlki dövrləri haqqında əhəmiyyətli bir tapıntıdır”, -deyirdi.14 1949-cu ildə “British Museum”un paleontologiya bölməsindən K.Okley (Kenneth Oakley) yeni bir yaş təyin etmə testi olan “flor testi” metodunu köhnə bəzi qalıqlar üzərində sınamaq istədi. Bu üsulla Piltdaun adamı fosili üzərində də bir təcrübə aparıldı. Nəticə çox təəccüblü idi. Edilən testdə Piltdaun adamının çənə sümüyündə flor olmadığı aydın olmuşdu. Bu çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Az miqdarda flor tərkibli kəllə isə sadəcə bir neçə min illik olmalı idi.

Flor metoduna əsaslanaraq aparılan son xronoloji araşdırmalar kəllənin ancaq bir neçə min illik olduğunu ortaya çıxartdı. Oranqutana aid çənə sümüyündəki dişlərin isə süni olaraq korlandırıldığı, fosillərin yanında olan ibtidai vasitələrin polad alətlərlə yonulmuş adi bir təqlid olduğu anlaşıldı.15 Vaynerin (Weiner) etdiyi ətraflı analizlərlə bu saxtakarlıq 1953-cü ildə ortaya çıxarıldı. Kəllə 500 yaşındakı bir insana, çənə sümüyü də yeni ölmüş bir meymuna aid idi. Dişlər insana aid olduğu təəssüratını vermək üçün sonradan xüsusi olaraq əlavə olunmuş və sıralanmış, oynaq yerləri də törpülənmişdi. Daha sonra da bütün parçalar köhnə görünmələri üçün kalium dixromat ilə ləkələndirilmişdi. Bu ləkələr sümüklər turşuya batırıldıqda itirdi. Saxtakarlığı ortaya çıxaran qrupdan L.Q.Klark (Le Gros Clark) bu vəziyyət qarşısında təəccübünü gizlədə bilmirdi:

Köhnəlmə təəssüratını vermək üçün dişlər üzərində süni dəyişikliklərin edildiyi o qədər aydın hiss olunur ki, bu izlərin diqqətdən qaçması təəccüb doğurur.16

Nebraska adamı
1922-ci ildə Amerikan Təbiət Tarixi Muzeyinin rəhbəri H.F.Osborn (Henry Fairfield Osborn) Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığında Üst Paleolit dövrünə aid bir azı dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya görə, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Bu mövzu ilə əlaqədar çox dərin elmi müzakirələr başladılmışdı. Bəziləri bu dişi “Pithecanthropus erectus” olaraq izah edirlər, bəziləri isə bunun insana daha yaxın olduğunu söyləyirdilər. Böyük müzakirələr yaradan bu fosil “Nebraska adamı” adlandırıldı. Dərhal “elmi” adı da verildi: “Hesperopithecus Haroldcook II”.

Bir çox qurum və təşkilat Osbornu dəstəklədi. Bir dişə əsaslanaraq Nebraska adamının kəlləsi və bədəninin rekonstruksiya şəkilləri çəkildi. Hətta daha da irəli gedilərək Nebraska adamının yoldaşının, uşaqlarının birlikdə təbii mühitdə ailəvi şəkilləri nəşr olundu.

Bütün bu ssenarilər tək bir dişdən ilhamlanaraq yaradılmışdı. Təkamülçü dairələr bu xəyali ssenarini elə mənimsəmişdilər ki, U.Brayan (William Bryan) adlı bir tədqiqatçı tək bir azı dişinə əsaslanaraq bu qədər konkret hökmlə qərar verilməsinə qarşı çıxanda kütləvi etirazla qarşılaşdı.

Ancaq 1927-ci ildə skeletin o biri hissələri də tapıldı. Tapılan yeni hissələrə görə, bu diş nə meymuna, nə də insana aid idi. Dişin “prosthennops” adlı yabanı amerikan donuzunun nəsli kəsilmiş bir cinsinə aid olduğu aydın oldu. Uilyam “Gregory Science” jurnalında nəşr etdirdiyi məqaləsinə belə bir başlıq atmışdı: “Göründüyü kimi, “Hesperopithecus” nə meymundur, nə də insan”.17

Nəticədə, “Hesperopithecus haroldcook II”nin və “ailəsi”nin bütün təsvirləri isə tələm-tələsik ədəbiyyatdan çıxarıldı.

Ramapitekus (Ramapithecus)
Ramapitekus təkamül nəzəriyyəsinin ən böyük və ən uzunmüddətli səhvlərindən biri olaraq qəbul edilir. Bu ad 1932-ci ildə Hindistanda insan ilə meymun arasındakı oxşarlığı sübut edən fosillərə verilmişdi. Bu fosillər 1932-ci ildən 1982-ci ilə qədər 50 il boyu təkamülçülər tərəfindən konkret bir dəlil olaraq istifadə edildi.

Ramapitekusun insan təkamülündəki əhəmiyyəti Elvin Simonsun (Elwyn Simons) “Time” jurnalına yazdığı 1977-ci il noyabr tarixli yazıdan da aydın olurdu: “Yəqin ki, ramapitekus insanın ulu babasıdır. Əgər ulu babamız deyilsə, əlimizdə başqa konkret sübut da yoxdur”.18

Türkiyədə də Sevinç Karol və yoldaşları tərəfindən hazırlanan və 1979-cu ildə dövrün Milli Təhsil Nazirliyi tərəfindən nəşr olunan “Modern Biologiya” kitabı da ramapitekusu dərhal mənimsəmişdi: kitabda heç tərəddüd edilmədən: “İnsanın ən qədim ulu babası Afrika və Hindistanda tapılmış olan çənə və diş fosillərindən tanınan ramapitekusdur (quyruqsuz meymun)”, -deyilirdi.

Halbuki, dr. R.Ekxard (Robert Eckhardt) tərəfindən 1972-ci ildə “Scientific American”da nəşr olunan bir neçə səhifəlik məqaləni oxusaydılar, özlərindən bu qədər əmin danışmazdılar. Ekxard drayopitekus (dryopithecus-soyu tükənmiş bir qorilla növü) ilə ramapitekusun dişlərində 24 fərqli ölçü götürmüşdü. Bu ölçülərlə daha əvvəl şimpanzelər arasında etdiyi ölçüləri müqayisə etmişdi. Bu müqayisələrə görə, hələ də yaşayan şimpanzelərin dişləri arasındakı fərq ramapitekus və drayopitekus arasındakı fərqdən daha çox idi. Ekxard gəldiyi nəticəni belə təqdim edirdi:

Əgər hominid kiçik bir üzü və çənəsi olan bir meymun deyilsə, bu müddət ərzində (14 milyon il əvvəl) hər hansı bir insan-meymun arası canlının yaşadığına dair əlimizdə dəlil yoxdur.19

Bu yeni ara keçid formasının bir xəta olduğunu və nəsli kəsilmiş bir oranqutandan başqa bir şey olmadığını isə “Science” jurnalında çıxan 1982-ci il tarixli “Bəşəriyyət bir atasını itirir” başlıqlı məqalə belə elan etdi:

Harvard Universiteti paleoantropoloqlarından D.Pilbimə (David Pilbeam) görə bu günə qədər atalarımızdan olduğunu düşündüyümüz bir qrup canlı ailə ağacımızdan çıxardılır. Bir çox paleoantropoloq ramapitekusların bizim ən qədim atalarımız olduğunu söyləyirdi. Lakin onların bu iddiası bir neçə diş və çənə parçasına əsaslanırdı. Pilbimə görə, böyük çənə və qalın mina ilə örtülmüş dişlər bəlkə insan atalarının xüsusiyyətlərini daşıyır; ancaq alt çənə sümüyünün mövqeyi, bir-birinə yaxın gözlər, damağın şəkli kimi diqqət çəkən xüsusiyyətlər bunun bir oranqutan atası olduğunu göstərir.20

Piltdaun adamı, Nebraska adamı və ramapitekus kimi fosillər bizə təkamülçü alimlərin öz nəzəriyyələrini sübut etmək üçün saxtakarlıq və ya təhrif etməkdən çəkinmədiklərini göstərir.

Bu vəziyyətin şüurunda olaraq təkamül əfsanəsinin digər dəlillərinə nəzər salanda isə yenə buna bənzər bir vəziyyətlə qarşılaşırıq: ortada tamamilə həqiqətdən uzaq olan bir hekayə və bu hekayəni dəstəkləmək üçün hər cür yola baş vura biləcək könüllülər ordusu vardır.