Zamansızlıq içində zaman

Zamansızlıq içində zaman

Zaman və məkan nisbi olaraq, başlanğıc nöqtəsinə malik, Allahın yoxdan yaratdığı anlayışlardır. Zamanı və məkanı yaradan Allah, əlbəttə, bunlara tabe deyil. Allah zamanın hər anını zamansızlıqda müəyyən etmiş və yaratmışdır. Materialistlərin dərk etmədiyi “Qədər”in mahiyyəti də bundadır.

Zaman duyğu orqanlarımızda ardıcıl baş verən bir sıra hadisələr nəticəsində hiss edilən qavrayış növüdür. Zamanın axışını ətrafımızdakı hərəkət dəyişikliklərini bir-biri ilə müqayisə edərək anlayırıq. Məsələn, günəş çıxır, batır və ertəsi gün yenidən çıxdıqda “bir gün keçdi” deyirik. Bu hadisə 30-31 dəfə təkrarlandıqda “bir ay keçdi” deyirik, lakin soruşduqda bu bir ay ilə bağlı çox şeyi xatırlamadığımızı, keçən zamanın sanki bir an kimi olduğunu söyləyirik. Müşahidə etdiyimiz bütün bu hərəkət və səbəb-nəticə əlaqələri bizə zamanın keçdiyinə dair məlumat verir. Əgər gündüz gecəni, gecə gündüzü əvəz etməsə, zamanın keçdiyini göstərən saatımız olmasa, bəlkə də keçən zamanın nə qədər olduğunu, bir günün nə vaxt başlayıb, nə vaxt bitdiyini (bilməz-çıxarılsın), zamanın hansı sürətlə axdığını müəyyən edə bilməzdik.

Zamanı ölçmək üçün istifadə etdiyimiz anlayışlar çox müxtəlifdir. Məsələn, çox tələsiriksə, “bir saat” bizə çox uzun gələ bilər. Çox əylənərək keçirdiyimiz vaxt və bitməsini istəmədiyimiz hər hansı hadisə zamanı isə bir saat üç-beş dəqiqə kimi qısa gəlir. Yəni əslində zaman hissi bizim üçün fərqli “sürətlərdə” axa bilər. Bizim hiss etdiyimiz zamanın dəyişkənliyi fiziki cəhətdən də sübut edilmiş həqiqətdir.

Halbuki bu mövzu “maddədən” asılı  şəkildə düşünən insanların qavramadığı çox mühüm faktdır. Bunun səbəbi zamanın sabit, mütləq və dəyişməz olduğunu və hər kəs üçün zamanın eyni sürətlə axdığını düşünmələridir. Halbuki zaman sabit və dəyişməz deyil. Hər cismin sürətinə və mövqeyinə (cazibə mərkəzi ilə arasındakı məsafəyə) görə zaman yüksək və ya aşağı sürətlə axır.

Cismin sürəti artdığı zaman o cismə təsir edən zaman azalır. Bu həqiqət məşhur fizik Albert Eynşteyn tərəfindən Ümumi Nisbilik Nəzəriyyəsində irəli sürülmüşdür. Bu nəzəriyyəyə əsasən əkiz qardaşlardan birini raketlə işıq sürətinə yaxın sürətlə kosmosa göndərsək, bir müddət sonra kosmosdakı qardaş geri qayıtdıqda Yerdəki qardaşının qocaldığını görəcək. Eyni təcrübə ata ilə oğlu üzərində həyata keçirilsə, ata Yerə qayıtdıqda oğlu ondan daha yaşlı olacaq.

Bu nümunədən məlum olur ki, bir sistem sürətləndikcə o sistemə təsir edən zaman yavaşlayır.

Bundan əlavə, bir cismin təkcə sürəti deyil, mövqeyi də zamana təsir edir. Ümumi Nisbilik Nəzəriyyəsi cazibə mərkəzinin yaxınlığında zamanın daha yavaş keçdiyini sübut etmişdir. Məşhur fizik Stefen Houkinq (Stephen Hawking) bu həqiqəti yuxarıdakı əkizlər misalından istifadə edərək belə izah edir:

“Nisbilik nəzəriyyəsi mütləq zaman anlayışını aradan qaldırdı. İki əkiz düşünək. Əkizlərdən biri dağın təpəsində yaşasın, digəri də dəniz səviyyəsində. Dağın təpəsində yaşayan əkiz dəniz səviyyəsində yaşayan əkizdən daha tez yaşlanacaq. Yəni yenidən qarşılaşdıqda o birindən daha yaşlı olacaq.” (Stephen Hawking, “Zamanın qısa tarixi”, səh. 54)

Materialistlər zamansızlığı qavramasalar da, zamansızlıq anlayışı fizika düsturlarına daxil olmuş elmi faktdır.

Nəticə etibarilə, nisbilik nəzəriyyəsi sürətə və mövqeyə görə kosmosda fərqli zaman kəsikləri olduğunu göstərmişdir. Qara dəliklər isə zamanın dayandığı zamansızlıq və sonsuzluq ölçüsünün meydana gəldiyi fiziki məkanlardır. Bütün bunlar Quranda bəhs edilən zamanın nisbiliyinin elmi açıqlamalarıdır.

Biz isə zaman və məkandan asılı olduğumuza görə sadəcə yaşadığımız anı bilirik. Zamansız və məkansız, yəni zamandan və məkandan asılı olmayan Allah “zamanın” hər anına hakimdir. 50.000 ilə, 1000 ilə və ya ilə, aya, günə, saata, dəqiqəyə, saniyəyə, salisəyə hakimdir. Gələcək bizim üçün gələcəkdir. Zamandan asılı olmayan Allah üçün keçmiş və gələcək birdir, çünki hamısını Özü yaratmışdır.

Elm adamları zaman və məkanın maddə ilə birlikdə yaradıldığını sübut ediblər

Kainatın necə əmələ gəldiyi və hal-hazırki vəziyyəti astronomlar və fiziklər tərəfindən uzun müddətdən bəri araşdırılır. Müasir elm kainatın “Böyük partlayış”la (Big Bang) əmələ gəldiyini, böyük sürətlə genişləndiyini və bir gün mütləq məhv olacağını hesablamışdır.

Gün keçdikcə bu şəkildə reallaşdığı dəqiqləşən “Böyük partlayış” haqqında elm adamlarının əldə etdiyi faktlar çox təəccüblüdür. Kainatımızın əmələ gəlməsini açıqlayan “Böyük partlayış” modelinə əsasən kainatdakı qalaktikaları, ulduzları və planetləri təşkil edən bütün maddə bundan təxminən 13.7-14 milyard il əvvəl bir atomun nüvəsindən də kiçik həcmdə sıxışdırılmış vəziyyətdə idi. Bu an zaman və məkanın əmələ gəlməsindən əvvəlki an idi. Dərhal sonrakı anda sözlə ifadə edilməsi mümkün olmayan böyük bir partlayış nəticəsində sonsuz sıxlığa və trilyonlarla dərəcəyə malik temperatur əmələ gəldi. Bu əsnada maddəni təşkil edən atom zərrəcikləri və enerji kainatı meydana gətirdi. Ortaya çıxan zərrəciklər isə hərəkətlə birlikdə zamanı əmələ gətirdi.

“Nature” (Təbiət) jurnalının xəbərinə görə maddənin çox yüksək enerji halında sıxılmış olduğu mühitdə zaman və məkan kimi məfhumlardan bəhs etmək olmaz. (Nature, 12 iyul 2001, səh. 130) Harvard universiteti ilə İllinoysdakı Ferni Milli Sürətləndirici Laboratoriyasından nüvə fizikası tədqiqatçıları hələ heç bir şeyin olmadığı bu başlanğıcı “ölçülərin aradan qalxması” kimi ifadə edirlər. Ölçülərin aradan qalxdığı, yəni maddənin, məkanın və zamanın olmadığı “böyük partlayış” mühitində yerin cazibə qüvvəsi kimi fizika qanunları işləmir. Ona görə nüvə fizikləri maddə ilə əlaqədar fizika qanunlarının çox yüksək enerji şəraitində heç bir məna ifadə etmədiyini düşünürlər. Bu partlayışdan əvvəlki mühiti “ölçüsüzlük” və ya “sıfır ölçü” adlandırırlar (Harun Yahya, Zamansızlık ve Kader Gerçeği).

Bu kəşf sıxışdırılmış vəziyyətdəki maddənin məlum klassik fizika qanunlarına görə deyil, kvant fizikası qanunlarına əsasən dəyərləndirilməsini tələb edir. Bu qanunlara əsasən elektromaqnit qüvvələr yüksək enerji səviyyələrində güclənərkən atomun nüvəsindəki cazibə qüvvəsi zəifləyir və maddənin elektron mübadiləsi dayanır. Bu vəziyyət ölçü sayının azalması deməkdir. Çünki elektronlar hər hansı istiqamətdə hərəkət edə bilmədiyi üçün hərəkətlə əmələ gələn 3-cü ölçü və 4-cü ölçü olan zaman aradan qalxır.

“Nature” jurnalında nəşr olunan nüvə fizikası sahəsindəki bu kəşf kainatın əmələ gəlmədən əvvəl heç bir ölçünün olmadığını aşkar edir. Ölçülər zəif enerji şəraiti nəticəsində meydana gəldiyi üçün kosmosda zaman və digər ölçülərin daha sonra, yəni kainat soyumağa başladıqca əmələ gəldiyi məlum olur. Elm sahəsindəki bu kəşf “Böyük partlayışı” bir daha təsdiqləyir, eyni zamanda Allahın kainatı bütün ölçüləri ilə birlikdə yoxdan yaratdığını sübut edir.