Hüceyrələrdəki keyfiyyətə nəzarət sistemi

Hüceyrələrdəki keyfiyyətə nəzarət sistemi

Bir fabrikdə xətalı istehsal olunan mal satışa çıxarılmır; məhsul ya istehsal olunmur, ya da xətalı hissəsi düzəldilib yenidən istehsal olunur.

Bəs bir fabrik kimi işləyən orqanizmimizin hər hansı bir hissəsində xətalı emal prosesi olarsa, nə baş verər?

Bədənimizdə xətalı emal prosesinin qarşısını alan mexanizm varmı?

Orqanizmimizin ən kiçik vahidi olan hüceyrədəki emal sistemini dünyada hələ bənzəri təsis edilməmiş, çox qabaqcıl texnologiya ilə işləyən xəyali fabrikə bənzədə bilərik. Bu xəyali fabrik çoxlu sayda təkmil hissələrdən ibarət və hər hissəsində fərqli texnoloji məhsullar istehsal edilən nəhəng müəssisədir. Rəhbərlər, mühəndislər, işçilər, qısaca desək, bütün kadr heyəti vəzifələrini ən mükəmməl şəkildə yerinə yetirən üstün robot və kompyuterlərdən təşkil olunub.  Bu mütəşəkkilliyi təmin etmək üçün bir çox nəzarət sistemi və əmr-komanda zənciri qurulub. Hər bölmə ondan tələb olunan hissəni emal edir. Habelə, burada istehsalat prosesi ancaq elmi-fantastik filmlərdə gördüyümüz şəkildə dəqiq həyata keçirilir. İndi hüceyrədə bu xüsusi nəzarət sisteminin necə işlədiyini təhlil edək.

Bir-birlərinin funksiyalarını öz üzərinə götürən zülallar

Hüceyrələr bir-birlərindən xəbərdar olmadan funksiyalarını yerinə yetirə bilməzlər. Bunun üçün xüsusiləşmiş zülallar fəaliyyət göstərirlər. Elm adamları zülalların bir-birlərinin sintezini tənzimlədiyini və hər hansı zülal mutasiya (zərərli dəyişiklik) keçirdikdə digər zülalın emalı artıraraq mutasiya keçirən zülalın funksiyasını öz üzərinə götürdüyünü kəşf ediblər. Bu mükəmməl məsuliyyət sistemi karlıq üzrə aparılan tədqiqatda üzə çıxıb:

Eşitmə prosesi üçün daxili qulaqdakı ilbizin içində yerləşən sağlam tükcük hüceyrələrinə ehtiyac var. Bu hüceyrələrin əmələ gəlməsi üçün iki növ zülal lazımdır. Bu zülallar “Connexin 26” və  “Connexin 30” adlanır. Connexin 26 və connexin 30 birləşərək hüceyrələr arasındakı rabitəni təmin etmək üçün, eyni zamanda, “Gap Junction” adlandırılan kiçik körpülər qururlar. Əgər bu körpülər olmasa, eşitmə prosesi baş verməz. Bəs bu iki zülaldan biri mutasiya keçirərək zədələnsə, nə olardı?

Nəticə karlığa gətirib çıxarır. Ancaq aparılan tədqiqatlar connexin 30 zülalı olmadıqda belə, connexin 26 zülalının təkbaşına bu körpünü qurmağa çalışdığını göstərmişdir. Elm adamları hüceyrənin connexin 26 zülalını artıq miqdarda sintezləməsini təmin edərək eşitmə prosesində mühüm cəhət olan körpünün əmələ gətirməsinə nail olublar. Siçanlar üzərində aparılan təcrübələrdə connexin 26 təkbaşına körpü qura bilmiş və impulsun ötürülməsini təmin edə bilmişdir, yəni kar siçanlarda eşitmə duyğusu bu yolla tamamilə düzəldilmişdir. Şübhəsiz ki, bu tədqiqat gələcəyin tibb dünyası üçün ümidlər vəd verir. Çünki bu metodla karlıq müalicə olunacaq. Hətta bu cür mütəşəkkilliyin göz büllurunda da tapılması bir çox göz xəstəliyinin, bəlkə  korluğun da müalicəsini mümkün edəcək.

Rəhman və Rəhim olan Allah insanı və bütün digər canlıları qüsursuz işləyən sistemlərlə yaratmışdır. İnsan orqanizmində hər şey mükəmməl nizama malikdir. Quranda da bildirildiyi kimi, Allah bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)

Xətalı sintez olduqda yardım siqnalı

İstehsal prosesi üçün bir fabrikin istehsalın necə həyata keçiriləcəyinə dair məlumata və xammala ehtiyacı var. Bir şəhərə bənzəyən hüceyrədə də zülal sintezləyən bu fabrik ribosom, məlumatı gətirən, DNT-dən məlumat daşıyan molekul mRNT, xammalı daşıyan molekul tRNT, xammal isə amin turşusudur. Fabrikdə zülal sintezlənərkən xammal daşıyan tRNT-lər amin turşusunu vaxtında gətirməlidirlər. Bunun üçün xüsusi molekullar tRNT-dən amin turşusunu qoparırlar. Əgər bu qoparma əməliyyatı düzgün edilməsə, yarımçıq xammal ilə xətalı zülal sintezlənir. DNT-dəki məlumatdan istifadə edilərək zülal sintezlənərkən nəzarət prosesində iştirak edən fermentlərdən biri – “aminoasil tRNT sintetaz” adlı xüsusi molekul bu məlumatların düzgün ötürülməsinə nəzarət edir.

Nəzarət prosesinin olmaması həyati funksiyalarımıza necə təsir edərdi?

Əgər nəzarət prosesi pozularsa, zülal sintezlənərkən səhv məlumat ötürülər və zülal xəta ilə sintezlənər və ya heç sintezlənməzdi. Zülalın xətalı sintezlənməsi və ya sintezlənməməsi isə hüceyrənin sistemini alt-üst edərdi. Sintezlənmiş xətalı zülallar xəstəliklərə səbəb olar, sinirlər zədələnər və ya hüceyrə ölərdi. Hüceyrənin ölümü isə zəncirvarı reaksiyalar əmələ gətirərək ölümcül xəstəliklərə yol açardı.

Elm dünyasının ortaq qənaətinə əsasən, ən kompleks forma olan hüceyrədə hələ kəşf edilməmiş bir çox sirlər var və uca Allah`ın yaratma sənətinin, üstün ağlının dəlillərindən birini təşkil edir.

Nəzarət prosesini həyata keçirən hüceyrələr deyil, elmin yeganə sahibi olan Allah`dır

Bir hüceyrənin nəzarət mexanizminin olmaması hüceyrədə əmələ gələn xətaların yoxlanmaması deməkdir. Hüceyrədəki xətaların yoxlanmaması isə həyati əhəmiyyət daşıyır. Çünki xəta düzəlməsə, mutasiya baş verir. Mutasiyalar daun sindromu (monqolizm), albinizm (dəriyə, saça və gözlərə rəng verən melanin piqmentinin olmamasından və ya çatışmazlığından qaynaqlanan genetik xəstəlik), liliputluq kimi əqli və ya fiziki pozuntuların və ya xərçəng kimi xəstəliklərin meydana gəlməsinə səbəb olan, hüceyrəni məhv edən amillərdir. Əlbəttə, zərərlər təkcə insanları şikəst və xəstə etməklə məhdudlaşmır. Eyni zamanda, hüceyrənin ölümünü labüd edir və nəticədə, insan həyatını itirir.

Bu təqdirdə, həyati funksiyalarımızı yerinə yetirməyimiz və xəstələnməməyimiz üçün orqanizmimizdəki 100 trilyon hüceyrənin hər biri ayrı-ayrılıqda mükəmməl mütəşəkkilliklə işləməlidir. Halbuki, hüceyrələrin hər biri atom yığınıdır. Bəs bu atom yığınlarının mürəkkəb və fərqli əməliyyatları qüsursuz, mükəmməl təşkil etmək üçün ağılları varmı? Əlbəttə, yoxdur. Hüceyrələrdəki ağıl onları bu işləri görmək üçün proqramlanmış şəkildə yaradan Allah`a aiddir.

Bitki hüceyrələrində mütəşəkkil işləyən nəzarət məntəqələri

Torpağı yararaq gün işığına çıxan bir cücərti saatlar ərzində incə ağ gövdədən yaşıl rəngə çevrilir, bir gün sonra isə yarpaqlar görünməyə başlayır. Bitki möcüzəvi şəkildə torpağın içindən çıxaraq sürətlə rəng və forma dəyişdirərək böyüyərkən gözlə görünməyəcək qədər kiçik hissələrində isə mükəmməl nəzarət mexanizmi işləyir. Çünki bu bitkinin böyüməsi üçün bütün əsas hissələr lazımi nəzarət məntəqələrinə mütəşəkkil çatdırılmalıdır. Bu proses belə baş verir:

Yerin altındakı cücərtilər gün işığına çıxmağı gözləyərkən xloroplast öncülü molekullara malik olurlar. Xloroplast yaşıl yarpaqlı bitkilərdə hüceyrənin içində fotosintez prosesinin baş verdiyi hissələrdir. Bitkilər günəş işığından qida hazırlamaq üçün bu fabriklərindən istifadə edirlər. Xloroplastın özünə aid DNT-si var və öz zülalını özü sintezləyə bilir, ancaq yenə də hüceyrənin DNT-sindəki məlumatlarla sintezlənən bəzi zülallar olmadan funksiyasını yerinə yetirəməz, yəni təkbaşına funksional olmur.

Hüceyrənin bu orqanoidinin ətrafında ikiqat qılaf var. Xarici qılaf bir növ şəhərin qapıları kimi buraya maddə giriş-çıxışına nəzarət edir. Daxili qılaf isə günəş işığının ən yüksək miqdarda qəbul edilməsini təmin etmək üçün xüsusi yaradılmışdır.

Torpağın altındakı cücərtilər işıq toplayan bu fabriki əmələ gətirən öncül molekulları vaxtı çatmadan birləşdirmirlər, beləcə, enerjilərini saxlayırlar. Xloroplast hüceyrənin içindən çox böyük miqdarda zülal götürməlidir, çünki ehtiyacı olan zülalların çoxunun məlumatı hüceyrənin nüvəsində saxlanılır. Hüceyrənin içindəki bu zülallar xloroplasta gəlmək üçün hər iki qılafdan keçməlidirlər. Xüsusi qapılar zülalların girişinə icazə verir. Məsələn, işığa həssas olan zülalın özünəməxsus qapısı var. Bəs bu qapıdan girişdə rol oynayan gen mutasiyaya məruz qalarsa, nə baş verər?

İşığa həssas molekullar olan plastidlər (plastidlər işıq mikroskopu altında görünən, bitki hüceyrələrinə rəng verən hüceyrə orqanoidləridir) qapıdan çöldə toplanar və içəriyə daxil ola bilməzlər. Bu, bitkiyə yaşıl rəngini verən və fotosintezin həyata keçdiyi orqanoid olan xloroplastların da qapıdan içəriyə girə bilməməsi, yarpağın tünd rəngdən açıq rəngə çalması, piqmentlərin işığa həssas olması və hüceyrənin sürətlə ağararaq ölməsinə səbəb olar.