Lider hüceyrələrin təmir qabiliyyəti

Lider hüceyrələrin təmir qabiliyyəti

Hər kəs həyatı boyu böyük-kiçik, müxtəlif yaralanma halları ilə qarşılaşır. Bəzi hallarda illər keçsə də, bədənində yara izi qala bilir.  Əgər soruşsanız, yaralandığı an ilə bağlı hər şeyi xırdalığına qədər danışa bilər. Ancaq sağlam insanın ağlında heç vaxt sağalmayan yara xatirəsi qalmır, çünki bədənimiz özünü təmir edən mükəmməl bir sistemə sahibdir.

Uzun illərdir, alimlər insan bədənindəki mükəmməl təmir mexanizmini tədqiq edirlər. Xüsusilə də, yaralanma zamanı digər hüceyrələrin necə birgə fəaliyyət göstərdikləri acıqlana bilmirdi. Arizona Universitetinin tədqiqatçıları yaraların sağalması prosesində hüceyrələrin möcüzəvi şəkildə əlaqə qurduğunu müşahidə etdilər. Universitetdə aparılan tədqiqat nəticəsində yaraları sağaltmaq məqsədi ilə hüceyrələrin yeni toxuma və ya orqanlar yaratmaq üçün birgə köç etmələrinin səbəbləri və bunun necə baş verdiyi kəşf edildi. Tədqiqatın rəhbəri Pak Kin Vonq bildirdi ki, uzun illərdir hüceyrələrin köçü barədə məlumat olsa da, buna təsir edən amillər kəşf edilməmişdi. Hüceyrələrin bir-birinə biokimyəvi təzyiq və biokimyəvi siqnallar tətbiq etdiyi aşkarlandı.

Yaranın olduğu sahədə fiziki təsir aradan qalxdıqdan və zədəli hissələr təmizləndikdən sonra həmin bölgədə boşluq yarandığı və DLL4 adlı zülalın ətrafdakı oxşar quruluşa sahib hüceyrələrin ora köç etməsinə və yeni toxumanın yaranmasına səbəb olduğu düşünülürdü. Son kəşflər nəticəsində isə məlum oldu ki, bəzi hüceyrələr bu prosesdə liderlik vəzifəsini öhdəsinə götürür, digərləri isə onları izləyir.

Bu prosesin möcüzəvi tərəfi düşünmə qabiliyyəti olmayan hüceyrənin liderlik etməsi ilə məhdudlaşmır, həmin hüceyrələrin tətbiq etdiyi üsullar və digər hüceyrələrin qərarlılıqla onları təqib etməsi də bir o qədər heyrətamizdir.

Vonqun tədqiqat qrupunun müşahidələrinə görə, lider hüceyrələrin digər hüceyrələrdən heç bir fərqi yoxdur, sadəcə ehtiyac olduğu üçün bu vəzifəni öhtələrinə götürürlər. Onlar digər hüceyrələrin köç etməsini təmin edən DLL4 zülalının məlumatını daşıyan mRNT-lərini istehsal edirlər. Lider hüceyrələr istehsal etdikləri bu mRNT-lərini onları təqib edən hüceyrələrə göndərirlər. Bu proses yeni toxuma ya da orqan bərpa edilənə qədər davam edir.

Toxumaların yenilənməsi prosesində istifadə edilən üsul xərçəng hüceyrələri arasında müşahidə edilən bir əlaqə növüdür

Bəzi lider xərçəng hüceyrələri bənzər üsulla digər xərçəng hüceyrələrinin sağlam toxumalara köç etməsini təmin edir. Alimlər lider hüceyrələrin və DLL4 zülalının varlığından bir neçə ildir ki, xəbərdar olsalar da, bu hüceyrələrin necə əmələ gəldiyi, davranışlarının necə idarə edildiyi və genetik məlumat üzrə etdikləri fəaliyyətlər bilinmirdi.

Tədqiqatçılar konfokal lazer mikroskopu (üçölçülü görüntü ilə hüceyrədaxili prosesləri göstərən mikroskop növü) ilə insanlarda süd vəzisi xərçəngi hüceyrələrində və siçanların epitel hüceyrələrində lider hüceyrələrin yaranması prosesini izlədilər. Dərman, lazer və digər zərərli maddələr tətbiq edərək lider hüceyrələrin necə reaksiya verəcəyini müşahidə etdilər. Lider hüceyrə lazer ilə parçalandıqdan sonra yanındakı başqa hüceyrə liderlik vəzifəsini öhdəsinə götürür və onu təqib edən hüceyrələr quşların V şəklində uçmaları, yaxud da qarışqaların kolonyalarını izləmələri kimi yeni liderin ardınca gedirlər. Bu mükəmməl plan toxuma bərpa edilənə qədər davam edir. Bədənin daxilində bu prosesləri idarə edən, hüceyrələrə liderlik vəzifəsi verən bir şüur yoxdur. Hətta insanların çoxu bədənindəki bu mexanizmin varlığından xəbərsiz yaşayır.

Kainatda mövcud olan canlı-cansız hər şey kimi, orqanizmimizdəki bütün sistemlər də Allahın əmri ilə hərəkət edir. Canlıların bədənlərində  ̶  hər zülal, hər molekulunda müşahidə edilən şüur Allahın yaratmasının nümunəsidir. Ayədə belə buyurulur:

“O, xaliq, yoxdan yaradan, surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O qüdrətlidir, müdrikdir”. (Həşr surəsi, 24)

Tədqiqatçılar hüceyrələrin təmir xüsusiyyətini nümunə götürərək sağalmayan toxumaların bərpası üçün yeni metodlar kəşf etməyi, xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan dərmanlar istehsal etməyi düşünürlər. Unudulmamalıdır  ki, alimlər hələ indi bu prosesin sirlərini tapmağa çalışdıqları halda, hər birimiz bu sistemi yarandığımız gündən etibarən bədənimizdə daşıyırıq.

Yaralandıqdan sonra bədənimizdə baş verənlər

  1. Qanın laxtalanması

Qanda və toxumalarda laxtalanma prosesində 40-dan çox maddə iştirak edir. Bunların bir qismi laxtalanmanı başladır, bir qismi sürətləndirir, bir qismi isə dayandırır. Qanın laxtalanması laxtalanmanı sürətləndirən amillərlə onun qarşısını alan amillər arasındakı tarazlıqdan asılıdır. Normal vəziyyətdə laxtalanmanın qarşısını alan faktorlar onu sürətləndirən faktorlardan daha çox olmalıdır. Beləliklə də, bədəndə nəzarətsiz laxtalanma prosesi baş vermir. Sürətləndirici faktorun laxtalanmanın qarşısını alan faktordan daha çox olduğu yeganə an damar zədələnməsi anıdır.

Damar zədələndikdə bədəndə aktiv vəziyyət yaranır. Bir neçə saniyə ərzində bədəndəki bütün sinirlər və bərpa sistemləri xəbərdar edilir. Laxtalanma mexanizmləri itirilən qanın miqdarını azaldır. Yaranın olduğu yerdə ifraz edilən kimyəvi maddələr infeksiyalara qarşı leykositləri fəallaşdırır. Əgər yara çox böyükdürsə, həyəcan siqnalı verən beyin və daxili sekresiya vəziləri qana kimyəvi maddə və hormon ordusu ifraz edərək pozulan bədən fəaliyyətlərini nizamlamağa çalışırlar. Bu, uca Allahın bədənimizdə yaratdığı möhtəşəm idarə mexanizmidir.

  1. Şüurun itməsinin qarşısını almaq üçün 30 saniyə…

Ağır zədələnmələr zamanı yarada laxtalanma prosesinin dərhal başlaması lazımdır. Bunun üçün çox sürətli əlaqə sistemi olmalıdır. Sinirlər zədələnmə barədə beyinə cəmi 50 milli saniyədə xəbər göndərirlər. Bu, heyrətamiz surətdir. İnsan, bəlkə də, həmin vaxt bədənində zədələnmə olduğunun fərqində belə olmur.

Əgər qanaxma dayandırılmasa, qan təzyiqinin düşməsi və orqanizmdəki maye miqdarının azalması beyin və digər bütün orqanlara zərər verir. Qanın itirilməsi ilə beyin funksiyaları dayandıqda əvvəlcə huşun getməsi, təxminən 30 saniyə ərzində də şüur qapanması baş verir. Normal qan təzyiqi ilə fəaliyyət göstərən böyrəklər qan təzyiqinin düşməsi nəticəsində öz funksiyasını yerinə yetirə bilmirlər. Məhz bu səbəbdən qanaxma dərhal dayandırılmalıdır.

İlk müdaxilə çox vacibdir. Damarın kəsilməsindən sonrakı iki saniyə ərzində damar divarı ani spazm ilə, yəni bir reflekslə yığılır. Qalın divarlı arteriyalar isə başqa bir tədbir görür və avtomatik bağlanaraq bədənə qanın getməsini maksimum azaldır. Damarda qanaxma nə qədər çox olsa, spazm da o qədər çox olur. Həmin refleks 20-30 dəqiqə çəkir. Bu müdaxilədən sonra trombositlər işə başlayır. Qanaxma çox olduqda 10-15 saniyəyə, az olduqda 1-2 dəqiqəyə trombosit laxtası yaranır və qanaxma dayandırılır.

Artıq yara tamamilə qapanmalı və bədən funksiyaları əvvəlki kimi davam etməlidir. Bu səbəbdən laxtalanma mexanizmi fəaliyyətə keçir.

  1. Möhtəşəm xüsusiyyətə sahib şəbəkə

Fibrinogen laxtalanma mexanizminin əsas elementlərindəndir və laxtanın qandakı durğun halıdır. Duzun suda əriməsi kimi, plazma içində ərimiş vəziyyətdə olur. Yara meydana gələnə qədər bədəndə passiv şəkildə gəzir.

Bədəndə yara meydana gəldikdə trombin adlı başqa bir zülal fibrinogenin zəncirindəki 3 halqadan ikisini kəsir. Bu zülal artıq fibrinogen yox, fibrin olur və bu zaman aktivləşir. Fibrinin kəsilən səthlərində yapışqan hissələr olur. Bu hissələr digər fibrinlərin gəlib ona yapışmasına səbəb olur. Fibrinlərin bir-birinə yapışaraq meydana gətirdikləri bu kütlə qanaxmanı dayandırmaq üçün əmələ gələn ilk laxtadır. İlk mərhələdə ətraflı araşdırma etmədən bu laxtanın yaranmasına səy göstərilir. Məqsəd qanı dayandırmaq və həmçinin maksimum az zülal istifadə edərək ilk yardım göstərməkdir, yəni zülala qənaətdir.

Yaralanan kimi dərhal fəaliyyətə başlayan trombin qarşılaşdığı bütün fibrinogenlərin zəncir halqalarını  kəsməyə başlayır. Lakin trombin  bunu mütamadi şəkildə və ya yaranın olduğu yerdən kənarda etməməlidir, çünki əgər müstəqil hərəkət etsə, kəsdiyi bütün fibrinlər bir-birinə yapışacaq və qanın daxilində nəzarətsiz laxtalar yaranacaqdır. Yaranan bu laxtalar isə damarların tıxanmasına səbəb olacaqdır. Aydındır ki, trombin belə təzyiq altında saxlanılması və lazım olan vaxtda lazımi şəkildə hərəkət etməsi üçün əmr almalıdır.

İnsanların əksəriyyətinin xüsusi təlim keçmədən bilməyəcəyi məlumatları şüursuz atomların birləşməsindən yaranan molekullar bilir və milyon illərdir bütün insanların bədənində vəzifələrini qüsursuz şəkildə yerinə yetirirlər. Şübhəsiz ki, “atom topluluğunun” belə ağıl nümayiş etdirməsi Allahın sonsuz qüdrəti və elmi ilə gerçəkləşir.

“Sizin tanrınız yalnız Özündən başqa heç bir tanrı olmayan Allahdır. O, elmi ilə hər şeyi əhatə edir”. (Taha surəsi, 98)