Dendrit hüceyrələrin təqlid edilməsi ilə kompüterlər üçün müdafiə sistemi quruldu

 Dendrit hüceyrələrin təqlid edilməsi ilə kompüterlər üçün müdafiə sistemi quruldu

Son dövrlərdə təbiətdə olan sistemlər təqlid edilərək bir çox texnoloji məhsul, sistem və mexanizm qurulur. Bu fəaliyyətlər texnologiya sahəsini inkişaf etdirməklə yanaşı, canlılar aləmini qüsursuz və bənzərsiz bir sənətlə yaradan Allahın sonsuz yaratma gücünün dəlillərini göstərir. İngiltərənin Nottinqem Universitetindən bir qrup elm adamının apardığı tədqiqatlar da buna bir nümunədir.

İmmun sisteminin hücuma məruz qalan hüceyrələrə müdaxiləsi İngiltərə elm adamlarının kompüter şəbəkələrini virus və xakerlərdən qorumaq üçün yaratdıqları yeni metoda ilham mənbəyi oldu.
Bu metod kompüter alimi Uve Aykelin (Uwe Aickelin) və qrupu tərəfindən yaradılıb. Sözü gedən sistem virus hücumuna məruz qalmış kompüterlərdən gələn “problemli vəziyyət” siqnallarını tutaraq fəaliyyət göstərir. Sistemin məqsədi isə kompüter şəbəkələrini e-mail viruslarının və servis hücumlarının zərərlərindən qorumaqdır.1

Təxminən on ildir ki, buna bənzər müdafiə sistemləri hazırlanır. Bu sistemlər üçün insan orqanizminin immun sistemi təqlid edilərək ağ qan hüceyrələrinin yad molekullardan (virus, bakteriya, parazit kimi) özlərini müdafiə xüsusiyyətlərindən istifadə edilirdi. Amma virusun adi bir e-mail formasında sistemə daxil edilərək zərər verməsinin qarşısını alacaq həll yolu tapılmamışdı.
Həll yolu kompüter alimi Uve Aykelin və qrupundan gəldi. İngiltərə elm adamları insan bədənindəki immun sisteminin bədənə daxil olan yad molekullara dərhal hücum etmədiklərini, yalnız problem yaranmağa başlayanda hücuma keçdiklərini müşahidə etdilər və yeni müdafiə sistemlərini bu xüsusiyyətə əsaslanaraq hazırladılar.

İnsanın immun sistemi orqanizmə daxil olan bəzi yad molekullara, məsələn, qida kimi qəbul edilən zülallara hücum etmir. Hamilə qadının immun sisteminin dölə hücum etməməsi də buna bir nümunədir. Bu molekullar yad olsa da, orqanizmə zərərli olmadığını müəyyən edən hüceyrələr immun sisteminin ön cəbhə əsgərləri olan dendrit hüceyrələrdir. Kəşfi edən elm adamları da elə bu hüceyrələri tədqiq etmişdilər.

Orqanizmdə hüceyrələr öləndə “problemli vəziyyət siqnalı” verirlər. Siqnalları ön cəbhədəki dendrit hüceyrələr qəbul edir. Ancaq dendrit hüceyrələr hər siqnala deyil, yalnız müəyyən səs dalğası intervalından kənar həyəcan siqnallarına cavab verirlər. Yeni təhlükəsizlik sistemi də immun sisteminin bu xüsusiyyətinə əsasən qurulmuşdur. Sistemin proqramı eynilə dendrit hüceyrələr kimi davranaraq kompüter şəbəkəsini gözdən keçirir və şəbəkə trafikindəki və ya xəta (error) mesajlarının sayındakı anormal artımı araşdırır. Əgər bu təhlükə siqnalları əvvəlcədən müəyyən edilmiş həddi aşarsa, sistem həyəcan siqnalı verməyə başlayır.

Yaxşı bəs elm adamlarının yalnız təqlid etdikləri bu hüceyrələr şüur sahibi olmadıqları halda, necə olur ki, faydalı molekulları zərərli molekullardan ayırd edə bilirlər? Bəzi yad molekulların isə özləri üçün zərərli olmadığını haradan bilirlər?

Əslində bu sualların cavabı çox sadədir. Hüceyrə öz-özünə heç bir şey edə bilməz. Hansı siqnalın, hansı səsin nə mənaya gəldiyini kortəbii şəkildə bilə bilməz. Hansı molekulun faydalı, hansının zərərli olduğunu öz-özünə anlaya bilməz. Hüceyrələr yalnız Allahın ilhamı ilə hərəkət edir, Allahın izni ilə fəaliyyət göstərirlər. 

Hüceyrələrin orqanizmi təhlükələrə qarşı bu qədər üstün və kompleks sistemlə qorumağı öyrənməsi hüceyrənin üstün bir ağıl və güc tərəfindən yaradıldığının açıq dəlilidir. Onlarla elm adamının bir araya gələrək texnologiya, ağıl, elm və məlumatla ancaq təqlidini edə bildiyi bir sistemin şüur, bilik və ağıl sahibi olmayan molekullar vasitəsilə özbaşına meydana gəldiyini iddia etmək məntiqsizlikdir.

Allah ayələrində belə buyurur:

Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 17-18)
 
İqtibaslar:

1. New Scientist, How Our Body´s Defences Aid Computers in Distress, 19 May 2006, səh. 32.