Səhraların möcüzəvi canlısı olan dəvə elmə ilham verir

 Səhraların möcüzəvi canlısı olan dəvə elmə ilham verir

Dəvələrin burnu səhraların yaşıllaşdırılmasına necə ilham mənbəyi olub?

Dəvə qanından tibb sahəsində necə istifadə edirlər?

Dəvələrin həzm sistemi necə qüsursuz tənzimlənir?

Bu canlılar çətin səhra şəraitində balalarını necə qidalandırırlar?

Dəvələr haqqındakı Quran möcüzəsi necədir?

Ərəb dilində “dəvə”, yəni “إبل – ibil” kəlməsi gözəlləşdirən, gözəllik verən mənalarını ifadə edir. Allah dəvəni insanlara xeyir verməsi və xidmət etməsi üçün yaratmışdır.
Uca Allahın Quranda “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?” (Ğaşiyə surəsi, 17) ayəsi ilə diqqət çəkdiyi dəvə Rəbbimizin mükəmməl yaratma sənətini göstərən möcüzəvi xüsusiyyətlərə malikdir.

Dəvənin burnu Afrikanın ən böyük enerji layihəsinə ilham mənbəyi olub.

Dəvələrin yaşadığı qızmar səhralarda temperaturun yüksək olmasına baxmayaraq, buxarlanacaq su olmadığına görə rütubət çox azdır. Rütubətin bu qədər az olduğu mühitdə dəvə nəfəs alarkən havadakı rütubəti itirməməlidir. Ona görə Allah dəvələrin burnunu böyük, qırışlı və süngərəbənzər toxuma ilə örtülü yaratmışdır. Bu qüsursuz burun quruluşu sayəsində dəvələr havadakı rütubətin 66%-ini saxlayırlar. Beləliklə, nəfəs aldıqda havanın 40°C-dən yuxarı temperaturunu 20°C-yə qədər azaldaraq ağciyərlər üçün əlverişli vəziyyətə gətirirlər. Hər cəhətdən möcüzəvi xüsusiyyətlərə sahib olan bu səhra canlısı uca Allahın yaratdığı sistemə əsasən havadakı rütubəti hesablayaraq nəfəs alacağı havanı soyudur.

Dəvələrin burnundakı bu sistemdən ilham alan elm adamları dəvədəki bu sistemi kəşf etməzdən əvvəl təsəvvürlərinə belə gətirmədikləri layihə üzərində hal-hazırda işləyirlər: səhrada meşə salmağı və Sahara səhrasını nəhəng elektrik stansiyasına çevirməyi planlaşdırırlar. Layihəyə əsasən, səhranın 1%-indən bir az böyük sahədə hasil ediləcək enerji bütün dünyadakı elektrik stansiyalarının birlikdə hasil etdiyi enerji miqdarına bərabər olacaq. Səhranın ətrafındakı okean və dənizlərdən götürülən su duzdan təmizlənəcək, güzgülər vasitəsilə əldə edilən günəş enerjisi sayəsində nasos və borularla səhraya gətiriləcək və su bitkilərin köklərinə veriləcək. Əlverişli yerlərdə yerləşdirilən bəndlər isə istixananı sərin saxlayaraq bitkilərin böyüməsi üçün ideal temperatur meydana gətirəcək.  Bu sayədə buxarlanmanın və sızmanın səbəb olduğu su itkisi ən az səviyyəyə endiriləcək və səhranın bəzi sahələri 8°C-yə qədər soyudulacaq. Göründüyü kimi, dəvələrin burnundakı mükəmməl sistemdən ilham alan elm adamları uca Allahın üstün yaratma sənətindən nümunə götürürlər. Ayədə bu həqiqət belə bildirilir:

… Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! (Əraf surəsi, 54)

Dəvə 10 dəqiqədə 130 litr su içməsinə baxmayaraq, necə olur ki, həyati funksiyaları pozulmur?
Dəvələr qızmar səhrada uzun müddət susuz yaşaya biləcək şəkildə yaradılıblar. 10 dəqiqədə 130 litr su içən dəvələr günlərlə davam edən səfərlərdə ehtiyacları olan mayeni mədələrində toplayırlar. Normal şəraitdə bir çox məməli heyvan temperatur yüksək olduqda soyumaq üçün tərləyir. Bu yolla bədənlərindəki su qısa müddətdə tər şəklində xaric olunur. Ancaq dəvələr tərləmək əvəzinə bədən temperaturlarını normal şəraitdəkinə nisbətən 11°C artırırlar. Beləliklə, bədənlərindəki suyu uzun müddət saxlayaraq sudan maksimum dərəcədə faydalanırlar. Bir insanın normal bədən temperaturu 37°C-dir. Bədən temperaturunda dəyişikliklər baş verdikdə ölümcül nəticələr verə bilər. Lakin uca Allahın mükəmməl yaratması ilə dəvələr bu prosesi problemsiz həyata keçirirlər. Səhra mühitinə uyğun şəkildə yaradılmış dəvələrdəki bu mexanizmdə digər diqqətçəkən cəhət isə dəvənin 130 litr suyu 10 dəqiqədə içdiyi halda, həyati funksiyalarını davam etdirməsidir. Qandakı suyun miqdarı həddindən artıq artmasına baxmayaraq, dəvənin həyatının təhlükəyə girməməsi heyrətamizdir. Üstəlik dəvələr bu qədər çox su içərək qanlarının həcmini 30% azaldırlar. Başqa canlının qan dövranı qanın bu qədər azalmasına tab gətirə bilməz. Çox su içdikdə qandakı su miqdarı digər maddələrlə müqayisədə artır. Qan hüceyrələrinin içində daha az su olduğuna görə, hüceyrə kənardan su sormağa başlayır. Beləliklə, hüceyrələr həddindən artıq şişərək partlayır və bu hal ölümlə nəticələnir. Z. Etzion və R. Yagil adlı bioloqlar dəvələrin bu qədər çox su içməsinə baxmayaraq, necə həyatda qaldıqlarını araşdırmış və susuz dəvənin içdiyi suyu birbaşa qan damarlarına ötürdüyünü, digər bütün orqanların bu dəyişikliyə görə tənzimləndiyini müəyyən etmişlər.

Dəvənin qanındakı su miqdarı həddindən çox artırdığı halda, hüceyrələrinin partlamasının qarşısını alan amil qan hüceyrələrini örtən xüsusi zülal təbəqəsidir. Bu təbəqə osmotik təzyiq nəticəsində şişən hüceyrələrin divarlarının gərilməsinin qarşısını alır, hüceyrələri parçalanmağa qoymur. Allah dəvənin həyatını davam etdirə bilməsi üçün hüceyrələrini oval formada yaratmışdır. Bu oval forma canlının hüceyrələrinin şişərək partlamasının qarşısını alır. Qurandakı “Məgər Bizim Öz əllərimizlə onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!” (Yasin surəsi, 71) ayəsi uca Allahın mükəmməl yaratma qüdrətini açıqlayır.

Yer üzündəki milyonlarla növ canlının bənzərsiz xüsusiyyətlərinin necə yarandığını düşünən insan bunlardan bir xüsusiyyətin belə şüursuz hadisələr nəticəsində formalaşmadığını, bir canlının öz-özünə qüsursuz xüsusiyyətlər qazana bilməyəcəyini, bu canlının bir orqanının belə təsadüfən əmələ gəlmədiyini dərhal anlayar. Bütün heyvanlar, bitkilər, insanlar Allah tərəfindən qüsursuz yaradılmışdır. Ağıl və vicdanla düşünən insanlar üçün bu, açıq-aydın həqiqətdir.
Bu həqiqəti dərk etmək və bütün həyatını buna əsasən tənzimləmək hər insanın öz xeyrinədir. Çünki insanın dünyadakı vəzifəsi Allahın yaratmasındakı ehtişamı görmək və Allahın sonsuz gücünü, elmini təqdir etməkdir:

Sizin Tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir Tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir!” (Ta ha surəsi, 98)

Möcüzəvi şəffaf göz qapağı

Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Ancaq uca Allahın Alim ismi dəvələrin göz qapaqlarında ən mükəmməl şəkildə təzahür edir. Şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. Rəbbimizin sonsuz elmi və yaratma sənəti dəvələrdə olduğu kimi, bütün canlılarda təzahür edir.

Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, xəbərdardır! (Ənam surəsi, 103)
Hər şeyi həzm edə bilən həzm sistemi və sudan maksimum faydalanmanı təmin edən ifrazat sistemi

Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər. Güclü dişləri, yarıq üst dodaqları və xüsusi ağız quruluşu sayəsində belə maddələri asanlıqla yeyə bilirlər. Əlbəttə, hər şeyi həzm edən güclü mədələri də buna kömək olur. Mədə seliyinin parçalayıcı təsiri ilə ən bərk maddələri də həzm edirlər. Digər məməlilərin mədəsi 1 kameralı olur, dəvələrin isə mədəsinin 800 kamerası var. Qida və su bu kameralarda saxlanılır. Bundan əlavə, dəvələr mədələrindəki həzmə kömək edən bakteriyalar vasitəsilə digər canlıların həzm edə bilmədiyi sellülozanı asanlıqla həzm edirlər. Rəbbimizin yaratdığı bu üstün xüsusiyyətlər sayəsində normal şərtlərdə gündə 30-50 kq qida qəbul edən dəvələr çətin şəraitdə gündə sadəcə 2 kq quru otla bir ay yaşaya bilirlər.

Dəvələrin böyrəkləri də yaradılış möcüzəsidir. Dəvələrin böyrəkləri səhra şəraitinə uyğun olaraq az miqdarda maye ilə işləyir. Dəvələr möcüzəvi xüsusiyyətə malik böyrəkləri sayəsində su tapmadıqda duzlu dəniz suyu içə bilir. Suyun geri sorulmasını təmin edən sidik kanalı da digər heyvanlardakından daha uzundur. Beləliklə, daha çox su geri sorulur və su itkisi az olur. Beləcə su qıtlığı zamanı gündəlik 5-10 litrlik sidik ifrazını 90% azalda bilirlər. Normal şərtlərdə məməlilərin böyük hissəsi böyrəklərində yığılmış sidik qana qarışdıqda zəhərlənib ölür. Dəvələrdə isə vəziyyət fərqlidir. Dəvələrin böyrəkləri bədənlərindəki sidiyi təmizləyərək dəfələrlə qaraciyərdən keçirir. Bu yolla sudan və qidalardan maksimum faydalanırlar. Dəvələrin orqanlarındakı hər mükəmməl detal bütün üstün sifətlərin sahibi uca Allahın qüdrətini göstərir.

Boğazlıq dövrü və balaya süd verilməsi

Dəvələrin boğazlıq müddəti 13 aydır. Bala dəvələr, əsasən, qış fəslində doğulurlar. Doğuş vaxtı quraq səhranın təzə otlarla örtüldüyü və çoxlu su quyusunun olduğu dövrə düşür. Balalar 1.5 il ərzində ana südü ilə qidalanırlar. Ancaq quraq mühitdə südə də qənaət etmək lazımdır. Allahın dəvədə yaratdığı sistem sayəsində süd ancaq balaya südvermə vaxtlarında gəlir.

Məgər onlar Allahın yaradılmışları əvvəlcə necə xəlq etdiyini, sonra da onları yenidən təkrarladığını görmürlərmi? Həqiqətən, bu, Allah üçün asandır. (Ənkəbut surəsi, 19)

Tibbin yeni ümidi: dəvə qanı və şəfa mənbəyi dəvə südü

Sonsuz elm sahibi Allahın səhrada insanların xidmətinə vermək üçün yaratdığı dəvələr elm adamlarının fikrincə, tibbin gələcəyini işıqlandırır. Dəvələrin qanında olan “nanobady” adlanan antitellərin müalicəvi xüsusiyyəti kəşf edilib. Dəvə antitellərinin virusları tutub öldürdüyünü öyrənən tədqiqatçılar QİÇS və xərçəng kimi xəstəliklərin müalicəsində antitellərin təsirli olacağını bildirirlər.

Dəvə qanı ilə yanaşı, əsrlərdir səhradakı köçərilər tərəfindən qida kimi istifadə olunan dəvə südünün faydaları da çoxdur. Allahın möcüzəvi xüsusiyyətlərlə yaratdığı dəvələrin südü insanlar üçün şəfa mənbəyidir. Bu şəfalı süddə inək südündən 10 dəfə çox dəmir və 3 dəfə çox C vitamini var. Vitamin və minerallarla zəngin olan dəvə südü eyni zamanda bir çox xəstəlik üçün müalicəvi əhəmiyyətə malikdir. Aparılan tədqiqatlar nəticəsində bu südün diabet xəstələrinin həyat səviyyəsini qaldırdığını, autist xəstələrə müsbət təsir etdiyini, immun sistemini gücləndirdiyini və bu səbəbdən üzə çıxan xəstəliklərin müalicəsində faydalı olduğu müəyyən edilib. Bütün bunlarla yanaşı, dəvə südü su və qida ehtiyacının çox olduğu səhra şəraitində yaşayan insanlar üçün, əlbəttə, çox əhəmiyyətlidir.

Uca Allah dəvələr kimi ətindən, südündən və gücündən faydalandığımız bir çox heyvanı və başqa nemətləri qullarına bəxş etmişdir. Rəbbimizin Quranda xəbər verdiyi kimi, bu canlılar möminləri düşünüb ibrət almağa sövq edir:

Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik. (Nəhl surəsi, 66)

Quran möcüzəsi: sapsarı erkək dəvə sürüləri

Elm adamlarının günəşdə baş verən partlayışları tədqiq etməsi bir Quran möcüzəsini də üzə çıxarıb. Tədqiqatlar nəticəsində günəşdən püskürmə ilə yüksələn alovların yanan bir sarayın ətrafını işıqlandırması kimi 4 milyard km2-ə qədər sahəni işıqlandırdığı müəyyən edilib. Üstəlik bu alovların ikihürgüclü dəvə formasında olduğu görülüb.

Alovlar dəvə sürülərinə bənzəyir. Elm adamlarının əldə etdiyi bu son məlumatlar Quranda “Mursəlat” surəsinin 32-ci və 33-cü ayələrində belə xəbər verilmişdir:

Hərəsi hündür imarət həcmində qığılcımlar püskürür. O (qığılcımlar) sanki sarı dəvə sürüləridir. (Mursəlat surəsi, 32-33)

Elm adamları dövrümüzdə apardıqları tədqiqatlar nəticəsində günəşdən kosmosa püskürən saray kimi nəhəng alovların dəvə sürüsünə bənzədiyini müəyyən ediblər. Lakin bu fakt Qurani-kərimdə əsrlər əvvəl açıqlanmışdır.