Toxumaların daxilini görən texnologiya icad edilib

Toxumaların daxilini görən texnologiya icad edilib

Gəmiricilər üzərində tədqiqat aparan mütəxəssislər insan orqanizmini tamamilə şəffaflaşdıran metod kəşf ediblər.

“Cell” adlı elmi jurnalda bu metodun heç bir toxumanı zədələmədən orqanizmdəki əsas orqanları və rabitələri göstərdiyi bildirilir.

Elm adamları bu yolla hər orqanın digərləri ilə əlaqəsinin vizual cəhətdən daha yaxşı öyrəniləcəyini və yeni nəsil müalicə metodlarının yolunun açılacağını deyirlər.

Bu metoddan virusların və xərçəng hüceyrələrinin toxumalara nə qədər yayıldığını müəyyən etmək üçün istifadə ediləcəyi qeyd edilir.

Elm adamları, demək olar ki, yüz ildir orqanların daxilini görmək üçün metodlar axtarırdılar. Lakin bu metodlardan çoxu toxumalara zərər verdiyinə görə, tibbi təcrübələr aparıla bilmirdi.

“Bioloqun yuxusu”

Hüceyrələrdəki yağlı lipid molekulları zəif şüaları sındıraraq toxumaların arxasının görünməsinə mane olur.

Lakin lipidləri həll edən proseslər də orqanları əhatə edən toxumaları zədələyərək tədqiq olunan toxumanın formasız kütləyə çevrilməsinə səbəb olur.

Son tədqiqatı aparan Kaliforniya Texnologiya İnstitutundan olan mütəxəssislər tapdıqları metodla “bioloqun yuxusu”nu reallaşdırdıqlarını deyirlər.

Bundan əvvəlki tədqiqatlardan da faydalanan qrup üç mərhələli metod icad edib:

  • Yumşaq plastikə bənzər torla toxumalara dəstək verilir.
  • Sonra qana qarışdırılan molekulyar yuyucu maddə lipidləri əridərək orqanları şəffaflaşdırır.
  • Ən əsas rabitələri görmək üçün istifadə edilən mayeyə izləmək üçün boyalar və ya işarələnmiş molekullar qarışdırılır.

Bu metodu gəmiricilər üzərində sınaqdan keçirən tədqiqatçılar heyvanların böyrək, ürək, ağciyər və bağırsaq kimi orqanlarını tək-tək üç gündə, bütün orqanizmini isə iki həftədə təmizləyə biliblər.

Bundan əlavə, xərçəng xəstələrindən götürülən nümunələr üzərində həmin metodla keçirdikləri sınaqlar xəstəliyin nə qədər yayıldığını görməyə kömək edib.

Lakin metod indiyə qədər yaşayan canlı üzərində sınaqdan keçirilməyib, bütün sınaqlar ancaq ölü siçanlar və əməliyyatlar zamanı insanlardan götürülən hissələr üzərində aparılıb.

Mühüm irəliləyiş

Elm adamları bu metodun gələcəkdə uzun sinir toxumalarının beyindən orqanizmin digər yerlərinə necə getdiyindən müxtəlif virus növlərinin toxumaların hansı hissəsində gizləndiyini öyrənməyə qədər bir çox məqsədlərə xidmət edəcəyini deyirlər.

Tədqiqat qrupu indi digər elm adamları ilə əməkdaşlıq edərək demensiya xəstələrinin beyin toxumalarını tədqiq etməyə hazırlaşır.

Bu nümunələri sağlam toxuma nümunələri ilə müqayisə edərək hüceyrələrin quruluşu və sayındakı potensial fərqləri dəqiq görəcəklərini düşünürlər.