Balkanların dincliyi üçün Makedoniyada hüzur

Balkanların dincliyi üçün Makedoniyada hüzur

 Bir zamanlar Avropanın mədəniyyət mərkəzlərindən biri olan Makedoniya Balkanlardakı bir çox xalq kimi Osmanlıdan sonra rahatlığa qovuşa bilmədi. Bu gözəl ölkə artıq bir kültür mərkəzi deyil, “problemlər mərkəzi” olaraq yad edilir. Balkanların düz ortasında yerləşən çox mədəniyyətli və dinli quruluşa sahib olan Makedoniyada uzun müddətdir ki, gündəmdə hökumətlə bağlı dinləmə skandalları və istefalar var. Kumanovada baş verənlər isə ölkəni qarışıqlığa apardı.

Çıxan qarşıdurmalarda albanların sıx yaşadığı bölgədə 8 polis və 14 təcəvüzkar həyatını itirdi, 37 nəfər yaralandı.

Ölkə əhalisinin 64%-i makedon, 25%-i albanlardan ibarət bu iki xalq arasındakı ayrılıqlar getdikcə artır. Xüsusilə albanların ölkənin mövcud vəziyyətindən məmnun olmaması və keçmişdə baş verənlər ölkə üçün hər zaman risk faktorudur. Ölkədə həmçinin bir çox türk, serb və digər xalqlar da var. Lakin aralarında birlik yoxdur. Yəni ölkədə vətəndaşlıq şüuru yoxdur. Ölkə iki qütbə bölünmüş vəziyyətdədir. Məsələn, albanların təsirli olduğu bələdiyyələrə getdiyiniz zaman orada Alban bayraqları və albanca danışıldığını görəcəksiniz. Buna qarşılıq olaraq Makedon milliyətçiləri də bütün ölkədə Makedon mədəniyyətini yaymağa çalışırlar. Bir çox şəhərdə meydanlara Makedoniyalı İskəndərin heykəllərini qoyurlar.

Daxili problemlərlə yanaşı, xaricdə də ölkənin adı ilə bağlı Yunanıstanla gərginlik yaşayır ki, bu problem də daxili siyasətə təsir edir. Ölkə 2005-ci ildə Avropa İttifaqına namizədlik statusunu  almasına baxmayaraq, Yunanıstan qarşı çıxdığına görə irəli gedə bilmir. Yunanıstan öz torpaqları içində də Makedoniya adlı bölgə olduğu üçün narahatdır. Gələcəkdə Makedoniyanın bu bölgə ilə bağlı hüquq tələb edə biləcəyindən çəkindiyi üçün bu addan istifadə edilməsini istəmir. Bundan başqa bu torpaqlarda yaşayanların özlərinə makedon demələrini də istəmir. Ölkədəki alban əhali bir an öncə Avropa İttifaqına daxil olmaq istəyir. Baş nazir Qruevski isə Yunanıstanın vetoları və Avropa İttifaqının yavaşlığına görə son dövrdə Rusiya ilə yaxınlaşma siyasəti izləyir. Rusiyanın Balkan ölkələrinə marağı isə əsrlərdən etibarən çox yaxşı məlumdur.

Kumanovada yaşananların ölkədəki alban müxalifətini gücləndirəcəyi güman edilir. 2001-ci ildə imzalanan Ohri Çərçivə Müqaviləsində güc balansı tərəflər arasında bölüşdürülmüşdü. Kosova Qurtuluş Ordusu qismən ləğv edilmiş və 2001-ci ildən etibarən iki xalq arasında hər hansı bir qarşıdurma baş verməmişdi.

Bu gün albanlar Balkanlarda ən geniş yayılmış xalq olmaqla Albaniya və Kosovanın böyük əksəriyyətində hakimdirlər. Bundan əlavə  Serbiyanın cənubu, Karadağ və Yunanıstanın bəzi bölgələrində geniş yayılıblar. Bütün Balkanlara yayılan albanların “Böyük Albaniya” xəyalından narahat olan bir çox ölkə var. Bunların başında isə Serbiya gəlir. İqtisadi böhranla mübarizə aparan Yunanıstan da xeyli sayda alban əhaliyə sahib bölgələri olduğu üçün əlavə narahatlıq keçirir.

Yeni münaqişələrin qıcıqlandırılmaması üçün Kumanova hadisələrindən sonra hökumətin Alban xalqı ilə sözlərinin çəp gəlməsindən çəkinməsi çox önəmlidir. Çünki albanlarla makedonlar arasında meydana gələ biləcək gərginlik və bunun nəticəsində baş verəcək münaqişələr təkcə Makedoniya ilə məhdudlaşmayacaq. Bu münaqişələr bütün bölgəni təsiri altına alma potensialına malikdir. Bu səbəbdən hökumətin iki xalq arasında hər zaman barışdırıcı siyasət yürütməsi lazımdır. Balkanların gələcəyi və təhlükəsizliyi üçün Makedoniyanın dincliyi çox vacibdir.

Müxalifətin hakimiyyəti dəyişdirmək üçün keçirdiyi etiraz aksiyaları və 100 minə yaxın insanı topladığı mitinq təbii ki, demokratiyanın tələbi olaraq müxalifətin hüququdur. Ancaq bu nümayişlərin dinc şəkildə olması və müxalifətin şiddətə baş vurmaması çox önəmlidir. Balkanların hüzuru üçün Makedoniyadaki alban, makedon və türk müxalifət liderlərinin bu etiraz aksiyalarının küçə nümayişləri və çevriliş ssenarilərinə çevrilməməsi üçün minimum cəhd etmələri lazımdır. İqtidardakı makedonlar da daxili və xarici təhriklərə, oyunlara qarşı çox diqqətli olmalı, hər zaman sülh yolunu seçməlidirlər.

Makedoniya torpaqlarında vətəndaşlıq şüurunu gücləndirmək üçün geniş miqyaslı siyasət tətbiq edilməli, ölkənin müasir dünya ilə inteqrasiya prosesi sürətləndirilməlidir. Bundan əlavə iqtidar və müxalifət arasındakı narazılıqların silahla və ya zorla deyil, qarşılıqlı xoş niyyətlə həll edilməsi bütün Balkanların gələcəyi üçün çox önəmlidir.