Eritrositlərin hasil edilməsinə nəzarət edən hormon: Eritropoetin

Eritrositlərin hasil edilməsinə nəzarət edən hormon: Eritropoetin

Eritropoetin nə üçün həyati əhəmiyyətə malik hormondur?

Eritropoetin hansı hallarda hərəkətə keçir və eritrositlərin hasilatını necə işə salır?

Qandakı eritrositlərin içində yerləşən hemoqlobin molekulu qanda oksigen və karbonu daşıyır. Eritrositlərin, dolayısilə, hemoqlobinin azalması anemiya, yəni qan azlığı adlanan xəstəliyə səbəb olur. Anemiya insanda ciddi problemlərə səbəb olan xəstəlikdir. Çünki tez yorulma, halsızlıq, nəfəs darlığı, sinədə ağrı, dəridə solğunluq, ürək çatışmazlığı və ürəyin ritminin pozulması kimi narahatlıqlar əmələ gəlir. Bu səbəbdən, eritrositlər həyatımızın davam etməsi üçün lazımlıdır. Müəyyən səviyyədən az olduqda isə həyatımıza davam edə bilmərik. Eritrositlərin bu qədər önəmli olmasının səbəbi içlərində hemoqlobin molekullarının olmasıdır.

Eritrositlər sümük iliyində hasil edilirlər. Qırmızı ilikdə hasil edilən eritrositlərin hasilat prosesinə dəqiq nəzarət edilir və 1 mm3 qanda olan 4.5-5 milyon eritrosit sayının bu səviyyədə qalması üçün mürəkkəb, dəqiq əməliyyatlar aparılır. Əgər qırmızı ilikdə qan hasilatında bir az azalma olsa, bədəndəki hüceyrələr oksigensiz qalaraq ölər. Ona görə də sümük iliyində müntəzəm qan hasil edilməlidir. Bu qədər mühüm prosesdə çatışmazlığın olmaması üçün orqanizmdə müxtəlif tədbirlər görülmüşdür. Bu tədbirlərdən biri orqanizmdəki eritrosit hasilatına nəzarət edən və tənzimləyən hormondur. Eritropoetin adlanan bu hormon toxumalara kifayət qədər oksigen verilib-verilmədiyini yoxlayır. Toxumalar oksigensiz qaldıqda eritropoetin sümük iliyində eritrosit hasilatını sürətləndirən maddənin sintez olunmasını və qana buraxılmasını təmin edir.

Göründüyü kimi, insan öz bədəninin çox az hissəsinə, həm də qismən, hakimdir. Məsələn, yeriyir, danışır, əlləri ilə bir iş görür. Ancaq bədəninin dərinliklərində minlərlə kimyəvi və fiziki proses insanın xəbəri olmadan və iradəsindən kənar baş verir. Eritropoetin buna tipik nümunədir. Öz bədəninə və həyatına hakim olduğunu zənn edən bir insan yanılır. Rəbbimiz bir ayədə bu həqiqətə belə diqqət çəkir:

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)

Avtomatik işləyən fövqəladə vəziyyət sistemi

Eritropoetinin insan orqanizmindəki ən əsas mənbəyi böyrəkdir. Bu hormonun təqribən 90%-i böyrəkdə, 10%-i qaraciyər və digər toxumalarda hasil edilir. Böyrəklərə göndərilən qandakı eritrosit miqdarını böyrəklər müntəzəm ölçür. Həssas reseptorlarla müəyyən edilən rəqəmlər dərhal dəyərləndirilir və lazımi tədbirlər görülür. Böyrək toxumasına gələn oksigen miqdarı azaldıqda (bunun ən əsas səbəbi qanda eritrosit sayının, o cümlədən hemoqlobinin azalmasıdır) böyrəkdə eritropoetin sintezi artır. Hormon sümük iliyinə təsir göstərir. Eritropoetin sümük iliyinə təsir edərək əsas qan hasil edən hüceyrələrə eritrosit sayının azaldığını bildirərək eritrosit hasilatını artırır. Beləliklə, hemoqlobin miqdarı artdığına görə, böyrəyə gələn oksigen miqdarı normallaşır və eritrositlərin miqdarı lazımi həddə çatır. Bir eritrosit hüceyrəsi bədəndə təqribən 120 gün dolaşır. Bu müddətin sonunda fəaliyyətini başa vurur və makrofaj adlı immun hüceyrələri tərəfindən məhv edilir. Məhv olmuş eritrositlərin əvəzinə yeniləri hasil edilir. Normal şərtlərdə saniyədə 2.5 milyon eritrosit hasil edilir. Ancaq lazım gəldikdə bu miqdar artırılır.

Göründüyü kimi, böyrək laboratoriya kimi ölçmə aparır, faktları dəyərləndirir və lazımı tədbiri görür. Sümük iliyindəki hüceyrələr də böyrəklərdən gələn hormonla göndərilmiş xəbəri alır, oxuyur və buna əsasən hərəkətə keçirlər.

Üstəlik, bu proseslərin hamısı milyardlarla insanın hər birində eyni şəkildə baş verir, bu uyğunluq bütün insanlarda eyni şəkildə davam edir. Bütün bu proseslərdə hüceyrələr ağıllı davranırlar. Bu ağılın mənbəyi nədir? Hüceyrələr təsadüfən belə ağıllı davrana bilməzlər. Hüceyrələrə bu ağılı yerləşdirən, necə davranmalarını onlara ilham edən hər şeyi nəzarətdə saxlayan Allah`dır. Allah`ın göylərdə və yerdə baş verən hər hadisəyə hakim olduğu və hər şeyin Onun nəzarəti altında baş verdiyi Quranda belə bildirilmişdir:

Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hamısı Ona boyun əyir. Məxluqatı ilk dəfə yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Rum surəsi, 26-27)

Avtomatik işləyən fövqəladə vəziyyət sistemi hansı hallarda işə düşür?

Qəza nəticəsində ağır qanaxma baş verdikdə və ya hər hansı səbəbdən qan itkisi olduqda orqanizmimizin bu avtomatik sistemi işə düşür və itki sürətlə bərpa edilir. Bundan əlavə, nəfəs alınan havada oksigen miqdarı azaldıqda da əlavə eritrosit hasil edilir. Hündür dağa qalxarkən orqanizmdə meydana gələn dəyişikliklər də bu dəqiq yoxlama sistemi ilə müəyyən edilir. Orqanizmdə dəyişikliklərin meydana gəlməsinin səbəbi hündürlük artdıqca oksigenin azalmasıdır. Bu məhdud oksigeni tutmaq üçün əlavə eritrosit hasilatı prosesi qısa müddətdə başlayır. Dağın hündür yamaclarına çıxıb nəfəsinizin kəsildiyi, hətta huşunuzu itirəcək hala düşdükdən təqribən bir neçə saat sonra orqanizm yeni mühit üçün daimi tədbir görməyə qərar verir. Bu qərar əsasında böyrək və qismən də qaraciyər eritropoetin hormonu ifraz etməyə başlayır. Bundan sonrakı proseslər yuxarıda bildirildiyi kimi, böyük sürətlə sümük iliyinə daha çox eritrosit hasil etməsi üçün əmr göndərilməsi ilə davam edir.

3-5 gün ərzində yeni eritrositlər qanın içinə yayılırlar. 15-ci gündən sonra eritropoetin hasilatı artıq azalır. Çünki orqanizm olduğu mühitə uyğunlaşmış, bədəndə fövqəladə vəziyyət sona çatmışdır. Bədənimizdə təcəlli edən bu ağıl və planlama da, eritropoetin hormonu da insanı yoxdan yaradan, insanı eritrositlərə möhtac yaradan, sonra bu ehtiyacın təmin edilməsi üçün qüsursuz sistem yaradan göylərin, yerin və ikisi arasındakıların Rəbbi olan Allah`ın əsəridir. Allah`ın şanı çox ucadır:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)

Eritrositlərə biz nəzarət etməli olsaydıq...

Qandakı eritrosit miqdarı insanın həyatda qalması üçün çox mühüm amildir. İnsanın yaşaması üçün necə nəfəs almağa və su içməyə ehtiyacı varsa, qanında müəyyən miqdarda eritrosit olmasına da ehtiyacı var. Qandakı eritrosit miqdarı normadan aşağı düşdükdə insan həyatını itirər. İndi bu misal üzərində düşünək:

Qarşınıza xüsusi şüşənin içində 1 litr qan qoyulub. Bu qan əməliyyatda gözləyən xəstəyə köçürülməlidir. Ancaq bir problem var. Qanın içində eritrosit miqdarı azdır, ancaq nə qədər az olduğu müəyyən edilməyib. Siz əksik miqdarı bərpa etməlisiniz və bunun üçün sizə eritrositlərlə dolu böyük qab verilib. Nə qədər eritrositə ehtiyac olduğunu necə bilərdiniz?

Bu təqdirdə, əvvəlcə, şüşədəki qanda nə qədər eritrosit olduğunu ölçməlisiniz. Ancaq bunun üçün çox təkmil cihazlar lazımdır ki, həmin vaxt bunun üçün zaman və imkan yoxdur. Ona görə, çarəsiz qalacaqsınız. Qandakı eritrosit miqdarını ölçə bilməməyiniz bir insanın ölümünə səbəb olacaq.

Misalımızı bir az dəyişdirək. Bu qanın içində heç eritrosit olmasın. Siz bu qana ən ideal miqdarda eritrosit əlavə etməlisiniz. Bəs bunu necə müəyyən edərdiniz? Qabdakı eritrositlərin nə qədərini qana qarışdırarsınız? Bir litr qana qabdakı eritrositlərdən nə qədər qarışdıracağınızı necə müəyyən edəcəksiniz? Bu suallara cavabınız yoxdur.

Bu sualları təfərrüatı ilə düşündükdən sonra eritropoetinin həyata keçirdiyi möcüzəni daha yaxşı anlayarıq. Qandakı eritrosit miqdarı azaldıqda eritropoetin hormonu şüurlu hərəkət edərək sümük iliyinə xəbər göndərir, eritrosit hasilatını işə salır. Kifayət qədər eritrosit hasil olunduqda proses dayandırılır. Eritropoetin hormonundakı şüur insan orqanizminin yaradıldığının açıq-aydın dəlilidir. Çünki gözlə görünməyəcək qədər kiçik bir molekul bir çox xüsusiyyətə, qabiliyyətə və funksiyaya malikdir. Eritropoetin hormonunun təsadüfən əmələ gəldiyini iddia etmək böyük cahillik və ağılsızlıqdır. Bu hormon Allah`ın yaratmasındakı uyğunluğun və qüsursuzluğun dəlillərindən biridir:

... Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız? (Ənam surəsi, 80)

Eritropoetin hormonu ilə uca Allah insan orqanizmində təhlükəsizlik sistemi yaratmışdır. Şübhəsiz ki, bu, Allah`ın yaratma sənətinə nümunə olduğu kimi, eyni zamanda, təkamül nəzəriyyəsinin iç üzünü göstərən dəlildir. Çünki orqanizmdəki bütün sistemlərin ortaq məqsəd uğrunda hərəkət etmək üçün proqramlanması və bu proqramı işlədən mərkəzi sistem olması təkamül nəzəriyyəsinin təsadüf nağılının əsassız olduğunu sübut edir. Quranda Allah bu həqiqəti belə bildirmişdir:

...Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan yaratmış, daha sonra səni adam şəklinə salmış Allah`ı inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! (Kəhf surəsi, 37-38)

Sonsuz ağıl və elm sahibi olan uca Allah eritropoetin hormonunun iş mexanizmini müəyyən edən proqramı və bu proqramı oxuyan, həyata keçirən sümük iliyi hüceyrələrini mükəmməl şəkildə yaratmışdır. Bu sistem Allah`ın yaratmasındakı qüsursuzluğu bir daha sübut edir. Allah Quran ayələrində yer üzünün hər yerində mövcud olan bu uyğunluq və qüsursuzluğu belə bildirmişdir:

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada  zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)