Zaman nədir?

Zaman nədir?

Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır. Yəni, zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə əsaslanır. Məsələn, bir insan otağa girir, sonra yerdə olan qələmi görür və əyilib onu götürür. Daha sonra bu qələmi masaya qoyur. Həmin insan bütün bu hərəkətlər arasında müqayisə edir. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləcə zaman hissini əldə edir.

Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür analizlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdi.

Bütün hadisələr bizə müəyyən sıra ilə göstərildiyi üçün zamanın həmişə irəli doğru axdığını düşünürük. Məsələn, xizəkçi həmişə dağdan aşağı doğru sürüşür, yuxarı doğru sürüşmür və ya su damlası su yığınından yuxarı doğru qalxmır, həmişə aşağı düşür. Bu zaman xizəkçinin yuxarıdakı vəziyyəti keçmiş, aşağıya çatdığı vəziyyəti isə gələcəkdir. Halbuki əgər yaddaşımızdakı məlumatlar, bir filmin əvvələ yığılması kimi tərsinə doğru göstərilsə, xizəkçinin aşağıdakı vəziyyəti keçmiş, yuxarıdakı vəziyyəti isə gələcək olar.

Beynimiz müəyyən sıralama üsuluna görə işlədiyi üçün dünyamız hal-hazırda yuxarıda izah edildiyi kimi işləmir və biz də zamanın həmişə irəli getdiyini düşünürük. Halbuki bu, beynimizdə verilən qərardır və dolayısilə tamamilə nisbidir. Əgər yaddaşımızdakı məlumatlar geriyə doğru oynadılan filmlərdəki kimi düzülsə, zamanın axışı da bizim üçün geriyə doğru oynadılan filmlərdəki kimi olacaq. Belə vəziyyətdə, keçmişi gələcək, gələcəyi də keçmiş hesab etməyə başlayar, həyatı da hazırkı nizamdan fərqli şəkildə yaşayarıq.

Gerçəkdə isə zamanın necə axdığını, ya da axıb axmadığını əsla bilmirik. Bu da zamanın mütləq gerçək olmadığını, yalnız qavrayış forması olduğunu göstərir.

Ümumi Nisbilik nəzəriyyəsinə görə “zaman mütləq deyil, onu ölçdüyümüz hadisələr silsiləsindən müstəqil varlığı yoxdur.”

Yuxularımız zamanın nisbiliyinin başa düşülməsi baxımından olduqca əhəmiyyətlidir. Biz yuxumuzda günlərlə davam etdiyini düşündüyümüz hadisələr yaşadığımız halda, əslində yalnız bir neçə dəqiqə, hətta bir neçə saniyə davam edən yuxu görürük.

Fərqli şərtlərdə, insanların eyni zaman bölümünü, daha uzun və ya daha qısa hiss etmələri də bunun bir nümunəsidir. Məsələn, əməliyyatdakı qardaşının çıxmasını gözləyən insan üçün bir saat bir neçə saat keçmiş kimi uzun gələ bilər. Ancaq eyni insan çox zövq aldığı bir iş görərkən, bir saatın necə keçdiyindən heç xəbəri olmaya bilər.

Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsinin elmi şəkildə ortaya qoyduğu gerçək belədir: Zamanın sürəti cismin sürətinə və cazibə mərkəzinə olan uzaqlığına görə dəyişir. Sürət artdıqca zaman qısalır, sıxılır; daha ağır, daha yavaş işləyərək sanki “dayanma” nöqtəsinə yaxınlaşır.

Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə görə əkiz qardaşlardan biri Dünyada qalıb digəri işıq sürətinə yaxın sürətdə kosmosa səyahətə çıxarsa, kosmosa gedən insan, geri qayıtdığında əkiz qardaşını özündən daha yaşlı görəcək. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş keçməsidir. Eyni nümunə, işıq sürətinin yüzdə doxsan doqquzuna yaxın sürətlə hərəkət edən raketlə, kosmosda səfər edən ata və Dünyada qalan oğlu üçün də düşünülə bilər. Eynşteynə görə “Əgər atanın yaşı 27, oğulunun yaşı 3 olsa, 30 dünya ili sonra ata dünyaya qayıtdığında oğul 33 yaşında, ata isə 30 yaşında olacaq.” (Paul Strathern, Einstein ve Görelilik Kuramı, 1997, s. 57)

Zamanın nisbi olması, saatın yavaşlaması və ya sürətlənməsi demək deyil, bütün maddi sistemin atom altı səviyyəsindəki zərrəciklərə qədər fərqli sürətlərdə fəaliyyət göstərməsi deməkdir. Zamanın qısaldığı mühitdə insan bədənindəki ürək döyüntüləri, hüceyrələrin bölünməsi, beyinin fəaliyyəti daha ağır işləyir. Bu halda insan zamanın yavaşlamasını heç fərq etmədən gündəlik həyatını davam etdirir.