Dinsiz elm topaldır

Dinsiz elm topaldır

Din insanları elmə həvəsləndirir. Elmlə məşğul olan ağıl və vicdan sahibləri Allahın varlığının dəlillərinə çox yaxından şahid olduqları üçün eyni zamanda güclü bir imana da malik olurlar. Çünki bu insanlar hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl bir sistem, qüsursuz incəliklərlə qarşılaşırlar.

Məsələn, gözü tədqiq edən bir alim təkcə insan gözündəki kompleks sistemi görərək bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Bir az da dərindən nəzərdən keçirəndə gözü təşkil edən hər hissənin möcüzəvi bir yaradılışa malik olduğuna şahid olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaradan Allaha heyranlığı qat-qat artar.

Eyni şəkildə, kainatı tədqiq edən bir alim özünü bir anda minlərlə möcüzəvi ta­raz­lıqla qarşı-qarşıya görər. Hüdudlarını müəyyən etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma şövqü verər.

Bunların nəticəsində iman sahibi bir insan elmi araşdırmalar aparmaq və kainatın sirlərini öyrənmək üçün son dərəcə istəkli və qətiyyətli olur. Dövrümüzün ən böyük dühası kimi qəbul edilən Albert Eynşteyn bir yazısında iman edən elm adamlarının dindən aldıqları bu həvəsləndirici gücü belə bildirir:

“Kainatla bağlı dini hissin elmi araşdırmaların ən güclü və ən köklü səbəbi olduğu qənaətindəyəm. Şübhəsiz ki, bu hissi elmi təfəkkür ilə ilk olaraq birləşdirənlər ən qüvvətli şəkildə duyublar. Kainatın quruluşunu elmi və ağıllı şəkildə anlamaq insana ən dərin iman duyğusu verir. İllərlə fasilədən sonra qavradıqları kainat anlayışı Kepler və Nyutona bu cür dərin duyğular vermişdir.

Elmi araşdırmaların yalnız praktiki sahəsi ilə kifayətlənənlər bu mövzuda hər zaman hər yerdə yanlış açıqlamalar vermişlər. Lakin bu duyğu və ilham həyatlarını tamamilə elmi araşdırmalara həsr etmiş insanların qəlblərinə dolar və məhz bu cür insanlar min bir çətinliyə baxmayaraq, araşdırmalarına davam edərlər. Onlar bu qüvvəti din duyğusundan alırlar. Bir müasirimiz çox doğru olaraq belə demişdir: Bizim materialist dövrümüzdə ən dərin din hissini pozitiv elm yolunu ilk araşdıranlar duyublar”. (Albert Einstein, İdeas and Opinions, Crown Publishers, New York, 1954)

İohan Kepler Yaradıcının əsərlərindəki ləzzəti almaq üçün elmlə maraqlandığını, tarixin ən böyük elm adamlarından biri sayılan İsaak Nyuton isə elmi araşdırmalar aparmasının səbəbinin Allahı tapıb tanımaq istəyi olduğunu söyləmişdir.

Bu sözlər dünya tarixinin ən tanınmış alimlərindən cəmi bir neçəsinə aiddir. Bu alimlər və onlar kimi daha yüzlərlə elm adamı kainatı tədqiq edərək Allahın varlığına iman edən, Allahın ehtişamla yaratdığı qanunlardan və hadisələrdən təsirlənərək daha çox kəşflər etmək istəyən şəxslərdir.

Göründüyü kimi, Allahın kainatı necə yaratdığını görmək istəyi tarixdə bir çox alimin ən böyük motivasiya mənbəyi olmuşdur. Çünki kainatın və canlıların yaradıldıqlarını qavrayan bir insan eyni zamanda bu yaradılışda bir məqsəd olduğunu da anlayır. Məqsəd isə təbii ki, məna əmələ gətirir. Bu mənanı qavraya bilmək, dəlillərini tapmaq, incəliklərini tədqiq etmək istəyi elmi çalışmalara böyük bir güc qazandırır. Eyni zamanda əgər kainatın və canlıların yaradılış həqiqəti inkar edilsə, bu məna da ortadan qalxar. Məsələn, materialist fəlsəfəyə və darvinizmə inanan bir elm adamı kainatda heç bir məqsəd olmadığını, hər şeyin kortəbii təsadüflərin məhsulu olduğunu zənn edər. Bu halda, kainatı və canlıları araşdırmağın da həqiqi mənası qalmaz. Eynşteyn bu həqiqəti “din duyğusu itərsə, elm ilhamı olmayan bir təcrübəyə çevrilər”- kimi ifadə etmişdir. (Letter to Maurice Solovine, 1 yanvar 1951; Einstein Archive 21-174, 80-871, Letters to Solovine’də dərc olunub, səh. 119)

Bu halda, bir elm adamının hədəfində etdiyi bir kəşflə məşhurlaşmaq, tarixə düşmək və ya çox pul qazanmaq olar. Bu hədəflər isə onu səmimiyyətdən və elmi dürüstlükdən ayıra bilər. Məsələn, elmi kəşflərə əsaslanaraq gəldiyi bir nəticənin elm dünyasında hakim olan görüşə zidd olduğuna görə ad-sanını itirmək, qınanmaq, alçaldılmaq kimi təşvişlərə düşüb həmin kəşfi gizlətmək məcburiyyətində qalar.

Təkamül nəzəriyyəsinin uzun müddət elm dünyasında qəbul edilməsi bu səmimiyyətsizliyin bir nümunəsidir. Əslində, elmi faktlarla qarşılaşan bir çox alim təkamül nəzəriyyəsinin həyatın mənşəyini açıqlamaqda aciz olduğunu görür, anlayır lakin sırf təzyiqlərə məruz qalmamaq səbəbindən bunu dilə gətirmirlər. İngilis fiziki H. S. Lipson bu barədə belə deyir:

«Canlılar haqqında Darvindən daha çox bilirik. Məsələn, sinirlərin necə fəaliyyət göstərdiyini bilirik və məncə, hər sinir elektrik mühəndisliyi baxımından bir şah əsərdir. Bizim orqanizmimizdə bunlar milyardlarladır… Bu halda, mənim ağlıma gələn kəlmə “dizayn”dır. Amma bioloq məsləkdaşlarımın bu kəlmədən heç xoşu gəlmir». (H. S. Lipson, A Physicist’s View of Darwin’s Theory, Evolutionary Trends in Plants,cild  2, № 1, 1988, səh. 6)

Yaradılışı ifadə edən “dizayn” kəlməsinin sırf bu kəlməni xoşlamadıqları üçün elmi ədəbiyyatdan çıxarılmasını istəyirlər, çoxlu sayda elm adamları da bu ehkamçı dünyagörüşünə boyun əyirlər. Lipson bu həqiqəti belə açıqlayır:

«Əslində, təkamül bir növ “elmi din” halına çevrilmişdir; demək olar ki, bütün alimlər bunu qəbul etmiş və bir çoxu onunla uyğun gəlməsi üçün müşahidələrini təhrif etməyə belə hazırdırlar». (H. S. Lipson, A Physicist Looks at Evolution. Physics Bulletin, cild  31 (1980) s. 138)

Bu ziddiyyətli vəziyyət XIX əsrin ortalarından etibarən elm dünyasına hakim olmağa başlayan dinsiz elm aldanışının bir nəticəsidir. Eynşteynin bildirdiyi kimi, dinsiz elm topaldır. (Albert Einstein, Science,Philosophy, And Religion: A Symposium,- 1941, fəsil 3). Buna görə də bu yanılma həm elm dünyasını yanlış hədəflərə yönəltmiş, həm də bu hədəflərin yanlışlığını görmələrinə baxmayaraq, laqeyd alimləri ortaya çıxarmışdır.

Allahın varlığına və böyüklüyünə iman gətirmiş elm adamlarının dünyaya aid məqam, mövqe, şöhrət və ya pul kimi həvəsləri olmadığı üçün elmi araşdırmalarda göstərdikləri cəhdləri də son dərəcə səmimi olur. Bu insanlar bilirlər ki, kainatla bağlı kəşf etdikləri hər sirr bütün insanlara Allahı tanıdacaq, insanlara Allahın sonsuz gücünü və elmini göstərəcəkdir. İnsanlara Allahın varlığını anlatmaq, yaradılış gerçəyini tanıtmaq iman edən bir insan üçün, şübhəsiz, vacib bir ibadətdir.

Elmin dindən uzaq qalmaqla inkişaf edəcəyini zənn edənlər isə, şübhəsiz, çox yanılırlar. Hər şeydən əvvəl Allaha iman gətirməyən kəslər imanın verdiyi mənəvi şövqü yaşaya bilməzlər.

Allaha iman edən bir insanın yaşadığı şövq və həyəcan hissi isə sadəcə elm sahəsində deyil, incəsənət, mədəniyyət kimi  daha bir çox fəaliyyət sahələrində insanlara geniş imkanlar açar və əsla tükənmədən, hətta daha da artaraq davam edər.