Ultrasəs dalğaları ilə düşmənlərindən qorunan güvələr

Ultrasəs dalğaları ilə düşmənlərindən qorunan güvələr

Ordunun ən mühüm strategiyası və taktikası əvvəlcə düşmənlərini dərhal müəyyən etmək və onların xüsusiyyətlərini öyrənib buna qarşı tədbir görmək üzərində qurulmuşdur. Güvələr də düşmənləri yarasalardan qorunmaq üçün yaradıldıqları gündən etibarən eynilə təchizatlı ordunun milyonlarla dollar sərf etdiyi strategiyalara bənzər strategiyadan istifadə edirlər.

O, göyləri bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. (Loğman surəsi, 10)

Bir heyvan həyatda qalmaq üçün düşmənini və ya ovunu müəyyən etməlidir. Bunun üçün qarşısındakı canlını çox yaxşı tanımalıdır. Rəbbimiz bəzi güvə növlərinə bu sahədə böyük üstünlüklər bəxş etmişdir. Bu güvələr ən böyük düşmənlərinin, yəni yarasaların yem ovlayarkən istifadə etdikləri yüksək tezlikli səsləri eşidib tanıma xüsusiyyətlərinə malikdirlər.

Güvəyə bu xüsusiyyəti qazandıran mərkəzi sinir sistemini öyrənmək və güvənin yarasadan necə xilas olduğunu müəyyən etmək məqsədilə tədqiqatlar aparan Tafts Universitetindən bir neçə tələbə və elm adamı gecə güvələrinin mərkəzi sinir sistemini tədqiq edərək möcüzəvi nəticələr əldə etdilər. Tədqiqatlar nəticəsində güvələrin qulaqlarındakı xüsusi sistemlə yarasalardan qorunduqları məlum oldu. Sadə görünən bu sistem, əslində, güvənin ultrasəs dalğalarını eşitməsini təmin edən mükəmməl quruluşa malikdir.

Yarasalar qaranlıqda necə yem ovlayırlar?

Həşəratyeyən yarasalar gecə uçarkən ardıcıl yüksək tezlikli səs yayırlar. Beləliklə, əks-səda  mənbəyinin istiqamətini və uzaqlığını müəyyən edərək yemi tapa bilirlər. Bu radar o qədər həssasdır ki, yarasalar bununla ağcaqanaddan da kiçik həşəratları tapa bilirlər.

Güvələr yarasaların tələsindən necə qorunurlar?

Yarasa mahir ovçu olsa da, bəzi gecə uçan güvə növləri (Noctuidae, GeometridaeArctiidae ailəsindən olan güvələr) yarasaların ultrasəs siqnallarını eşidən qulaqlara malikdir. Bu qulaqlar güvələrin qanadlarının altında yerləşir və erkən xəbərdarlıq sistemi kimi işləyirlər. Bu yolla yarasaya yem olmaqdan xilas olurlar.

Bir yarasanın yaxınlaşdığını eşitdikdə güvələr adəti uçuşlarından fərqli olaraq havada kəskin hərəkətlər edir və ya qarışıq halqavarı formada uçurlar. Bəzən də böyük sürətlə yarasanın göndərdiyi yüksək tezlikli səsin əks istiqamətində uçurlar. Nyu York Siti Universitetindən Aşer E. Trit yarasaların hərəkətinə əsasən, fərqli istiqamətdə uçan güvələrin həyatda qalma ehtimalının digərlərinə nisbətən daha çox olduğunu müşahidə etmişdir.

Düşmənin döyüş planını ələ keçirmə

Müharibə edən iki ölkədən birinin digərinin döyüş planını ələ keçirməsi, əlbəttə, çox vacibdir. Onların istifadə edəcəyi silahların xüsusiyyətindən xəbərdar olması, düşmənin hansı taktika ilə hücum edəcəyi qələbəni asanlaşdıran məlumatlardır. Güvələr də yarasaların bütün hücum taktikalarından xəbərdar olmaqla onlar üzərində qələbə çalırlar. Bu vəziyyət, şübhəsiz ki, güvələrin yaradılışındakı qüsursuz sistemin nəticəsidir. Güvə yarasanın səsini eşidərkən bir çox alternativin baş vermə ehtimalı var. Ancaq məhz güvəyə lazım olan alternativ baş verir və güvə yarasadan xilas olur. Bu ehtimalları təhlil edərək güvənin bacardığı işin əhəmiyyətini vurğulayaq:

  • Güvənin səs qəbul etmə mənzili yarasanınkından qısa olsaydı, güvənin qulaqları onu yarasadan qoruya bilməyəcəkdi. Bu təqdirdə, güvə yarasanı görüb qaçmağa çalışsa da, yarasa onu tapacaq və daha sürətlə uçduğu üçün güvəni tutacaqdı.
  • Güvə çox yaxındakı yarasanı uzaqda hiss edə bilərdi.
  • Güvə yarasanın göndərdiyi səsin istiqamətini səhv anlayaraq qaçmaq əvəzinə yarasaya doğru uça bilərdi.

Ancaq bu ehtimallardan güvələr ən doğru olanını həyata keçirir və yarasaya yem olmaqdan xilas olurlar.

“Əhzab” surəsinin 52-ci ayəsində “...Allah hər şeyə nəzarət edəndir” buyurulur. Güvələr də yer üzündəki bütün canlılar kimi, Allahın onların orqanizmində yaratdığı mükəmməl sistemlər və bu sistemlərdən necə istifadə edəcəklərini Allahın onlara ilham etməsilə həyatlarını davam etdirirlər. Allahın ilhamı ilə qüsursuz davranır, doğru seçim edirlər. Güvələrdəki sistem Rəbbimizin yaradılış dəlillərindən biridir.

Ultrasəs dalğalarını qəbul edən eşitmə sistemi

Güvənin qulağı bizim heç eşitmədiyimiz, 3.2 kilometrdən daha uzaqdakı ultrasəs yarasa səslərini tutur. Bununla bərabər, yarasa səslərini də daxil olmaqla, saniyədə 10-100 kilosikla arasındakı tezlikləri qəbul edir. Ən böyük qabiliyyətləri isə səssizliklərə bölünən qısa səs partlayışlarını müəyyən etmələri və səs impulslarının tezlikləri arasındakı fərqi ayırd etmələridir. Bunlar güvə ilə yarasa arasındakı döyüşdə güvə üçün böyük üstünlükdür.

Güvələr necə eşidir?

“Scientific American” jurnalında dərc edilən məqalələr əsasında hazırlanmış “Animal Engineering” adlı kitabda izah edilənlər güvələrin orqanizmində qüsursuz kompleksliyə malik sistemin olduğunu göstərir:

“Güvənin qulaqları sinəsinin arxasında, yan tərəflərdə yerləşir. Qulaq, əsasən, həşəratın sinə və qarnını ayıran dar keçiddə yerləşir. Qulaqlar kənardan baxdıqda kiçik oyuqlar kimi görünür. Bu oyuqların hər birinin içində şəffaf qulaq pərdəsi var”. (“Moth ultrasound”, Animal Engineering, Readings from Scientific American with Introductions by Donald Griffin, The Rockefeller University W. H. Freeman Com., San Francisco, səh.78)

Güvənin qulağındakı bütün detallar daha yaxşı eşitməsinə və yarasanın ultrasəs siqnalını təhlil etməsinə imkan verir. Güvənin qulağının orta qulaq adlandırılan hissəsində yerləşən pərdənin arxasında hava kisəsi yerləşir. Bu kisənin içində bir tərəfindən digərinə uzanan incə toxuma yerləşir. Bu toxuma güvənin eşitmə sistemi hissələrindən ibarətdir və qulaq pərdəsinin ortasından skelet dəstəyinə qədər uzanır. Bu sıra üzərində A hüceyrəsi adlanan iki eşitmə hüceyrəsi yerləşir. Güvənin qəbul etdiyi yüksək tezlikli səslərlə bağlı bütün məlumatlar A1 və A2 adlanan bu iki A lifindən mərkəzi sinir sisteminə göndərilir.

Sinir liflərindəki elektrik siqnalları 1 voltun 1/1000-2/1000-nə bərabərdir. Güvənin A liflərindəki siqnallar eşitmə hüceyrələrindən mərkəzi sinir sisteminə saniyənin 2/1000-dən daha qısa müddətdə çatırlar.

 Bu sinirlər yarasaların yaydığı səs dalğalarını qəbul edə bilirlər. Bundan əlavə, bu dalğalar arasındakı fərqləri və dalğa uzunluqlarını müəyyən etməkdə çox həssasdırlar. Güvə liflərdəki bütün bu xüsusiyyətlərinə görə, uzaqdakı yarasanın uzun, zəif səsini onu öldürmək üçün yaxınlaşan yarasanın güclü səsindən ayırd edə bilir.

Eşitmə prosesini dəstəkləyən sistemlər

Güvənin iki qulağı olması ona səs mənbəyinin istiqamətini təyin etmə imkanı da verir. Əgər yarasa güvənin solundadırsa, sağdan gələn səs dalğaları soldakına nisbətən saniyənin 1000-də 1-i qədər ləngimə ilə qəbul edilir. İki qulaq arasındakı bu səsi qəbul etmə fərqi güvənin səsin mənbəyinin yerini müəyyən etməsi üçün kifayətdir.

Güvənin qulaqlarındakı heyranedici xüsusiyyətlər bunlarla məhdudlaşmır. Bəzi güvələrin qulaqlarının pərdəli qapağı var. Bu qapaq eynilə bizim qulaq seyvanımız kimi fəaliyyət göstərir. Səsi toplayaraq eşitmə keyfiyyətinin gücləndirilməsinə kömək edir.

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

Güvələrin ultrason səsləri yayma xüsusiyyəti

Bəzi güvələr təkcə ultrason səsləri qəbul etmir, eyni zamanda bu səsləri yayırlar. Bu cür güvələr yarasanı müəyyən etdikdə qaçmır, əksinə, ultrason səs yayırlar. Ancaq bu, təəccüblüdür. Çünki yarasalar ultrason səsləri qəbul etməkdə ustadırlar. Bu halda, güvənin bu hərəkətini bir növ intihar kimi düşünmək olar. Ancaq yarasalar bu cür güvələrlə qarşılaşdıqda sürətlə oradan uzaqlaşırlar. Elm adamları bu davranışı iki cür izah edirlər:

Güvənin çıxardığı səs yarasanın eşitmə sistemini pozur.

Səs yayan güvələrin dadını yarasalar sevmir. Yarasa bu səsi eşitdikdə dadsız yemlə qarşılaşdığını düşünür.

Güvələr təkamül nəzəriyyəsini təkzib edən yaradılış dəlillərindən biridir

Buraya qədər verilən məlumatları təhlil etdikdə güvələrin həm davranışlarında çox açıq şüur olduğu görünür, həm də orqanizmlərində qüsursuz sistemlər diqqət çəkir. Güvənin ultrasəs dalğaları qəbul etməsi, şərh etməsi, əks dalğalar göndərməsi ayrı-ayrı kompleks orqanların olmasını tələb edir.

Güvələrdəki bu heyranedici sistemlər Allahın canlıları nə qədər qüsursuz yaradılışla yaratdığını göstərən dəlillərdən sadəcə biridir. Canlılardakı bənzərsiz xüsusiyyətlər təkamülçülərin iddia etdikləri kimi, canlıların təsadüfən əmələ gəlmədiklərini, üstün yaradılışla yaradıldıqlarını açıq-aşkar sübut edir. Şübhəsiz ki, bütün canlı və cansız varlıqları bir anda qüsursuz şəkildə yaradan Allahdır. Rəbbimizin sonsuz gücü ayələrdə belə bildirilir:

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona boyun əyər! Məxluqatı ilk dəfə (yoxdan) yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Rum surəsi, 26-27)