Kainatın yaradılışında Allahın Rəhman və Rəhim isimlərinin təzahürləri

Kainatın yaradılışında Allahın Rəhman və Rəhim isimlərinin təzahürləri

Yaşadığımız ucsuz-bucaqsız kainatda qüsursuz tarazlıq, ahəng və nizam var. Bu nizam bütün kainata hakim olan Rəbbimizin sonsuz güc və qüdrətinin dəlilidir. Allah bir ayədə insanın bu həqiqət üzərində düşünməli olduğunu belə bildirir:

Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. Sonra yeri döşədi. (Naziat surəsi, 27-30)

İnsan Rəbbimizin kainatdakı bütün sistem və tarazlığı həyat üçün ən uyğun şəkildə yaratdığını dərk etməli, bu həqiqət üzərində düşünməli və dərs çıxarmalıdır:

O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər var. (Nəhl surəsi, 12)

Digər ayədə isə belə buyurulur:

O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. (Fatir surəsi, 13)

Ayədə gecənin, gündüzün, günəşin və ayın “insanın” əmrinə verildiyi bildirilir. Bu, Allahın Rəhman və Rəhim isimlərinin çox gözəl təzahürüdür. Rəbbimiz qüsursuz nizamla yaratdığı kainatı insanın əmrinə vermiş, bunun əvəzində isə yalnızca Ona iman gətirib qulluq etməyi istəmişdir. İnsan isə bu heyranedici nizamı görməli, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə təslim olmalı, onu əhatə edən rəhmət dəlilləri üzərində düşünüb səmimi qəlbdən Allaha yönəlməlidir.

Kainatın yaradılışında, nizamında və qüsursuz işləməsində Allahın mərhəmətinin saysız-hesabsız təzahürləri var. Həmçinin bu nizam canlı aləmin var olmasını təmin edəcək qədər mükəmməldir və çox həssas tarazlıqla yaradılmışdır. Allahın insanlara qarşı lütfünü, Ona nə qədər möhtac olduğumuzu, dünyada yeganə dost və vəlinin Allah olduğunu anlamaq üçün bu dəlillər üzərində düşünmək lazımdır. Çünki bu incəlikləri düşünməyən insan asanlıqla qəflətə düşə və Allahın mərhəmətli sifətinin təzahürlərini görməyə bilər. Kainatın yaradılmasındakı hər bir incəlik Allahın, qulları və bütün canlılar üzərindəki sonsuz mərhəmətini göstərən açıq dəlillərlə zəngindir. Bu dəlillərdən bəziləri bunlardır:

Kainat Big Bang (Böyük Partlayış) adlanan partlayış nəticəsində əmələ gəlmişdir. Başlanğıcda kainatın bütün maddəsini özündə ehtiva edən “yeganə nöqtə” “sıfır həcmə” və “sonsuz sıxlığa” sahib idi. Kainat sıfır həcmə malik olan bu nöqtənin partlaması ilə ortaya çıxmışdır. Əslində sıfır həcm bu mövzunun nəzəri ifadə formasıdır. Elm insan ağlının idrak sərhədlərini aşan “yoxluq” anlayışını, yalnızca “sıfır həcmə malik nöqtə” ifadəsi ilə izah edə bilir. Əslində isə “sıfır həcmli nöqtə” “yoxluq” mənasını verir. Kainat da yoxluqdan var olmuşdur, yəni “yaradılmışdır”. Big Bang partlayış olduğuna görə, maddə bu hadisə nəticəsində kosmik boşluğa “təsadüfi” dağılmalı idi. Halbuki Big Bang ilə əmələ gələn maddə “qeyri-adi” şəkildə forma və nizam əldə etmişdir. Bu nizamın birinci mərhələsi partlayışın sürətidir.

Bing Bang ilə var olan maddə ətrafa möhtəşəm sürətlə yayılmağa başladı. Lakin partlayışın bu ilk anında bir də şiddətli cazibə qüvvəsi vardı. Bu, bütün kainatı bir nöqtədə toplayacaq qədər böyük cazibədir. Qısası, Big Bangin başlanğıcında bir-birinə zidd olan iki qüvvə mövcud idi: partlayışın gücü və bu partlayışa qarşı çıxan, maddəni yenidən bir yerə toplamağa çalışan cazibə qüvvəsi. Bu iki qüvvə arasında mükəmməl tarazlıq yarandığı üçün kainat əmələ gəlmişdir.Əgər bu cazibə qüvvəsi partlama gücündən çox olsa idi, o zaman kainat genişlənmədən yenidən içinə çökəcəkdi. Əgər bunun əksi baş versə, yəni partlama gücü daha çox olsa idi, bu dəfə isə maddə bir-biri ilə heç vaxt birləşməyəcək formada dağılacaqdı.

Stiven Hokinq kainatın genişləmə sürətindəki bu qeyri-adi tarazlığı bu sözlərlə etiraf edir: “Kainatın genişləmə sürəti o qədər kritik həddədir ki, əgər Böyük Partlayışdan (Big Bang) sonrakı birinci saniyədə bu nisbət milyon dəfə milyonda bir dəfə kiçik olsa idi, kainat hazırki vəziyyətinə gəlmədən içinə çökərdi.” Bu həssas nizam Rəbbimizin üstün yaratmasını təsdiq edən dəlillərdən yalnızca biridir. Şübhəsiz ki, təsadüfi partlayış nəticəsində atomların öz-özünə düzülməsi ilə bu cür qüsursuz kainat, kainatdakı sistemlər, günəş, dünya, dağlar, dənizlər, insanlar, ağaclar, heyvanlar, çiçəklər və həşəratlar əmələ gələ bilməzdi. Baxdığımız hər yerdə gördüyümüz bütün incəliklər Allahın varlığının və üstün gücünün dəlilidir. Bu dəlilləri isə ancaq düşünən insanlar dərk edə bilər. Kainatın yaradılmasındakı bu qüsursuz tarazlıq, qeyri-adi həssas nizam, mükəmməl uyğunluq Allahın Rəhman və Rəhim isimlərinin çox gözəl təzahürüdür.

Günəş Sisteminin quruluşunu araşdırdıqda da həssas tarazlıqla qarşılaşırıq. Planetlərin dondurucu temperatura sahib olan kosmosa dağılmasının qarşısı alan amil Günəşin “cazibə qüvvəsi” ilə planetlərin “mərkəzdənqaçma qüvvəsi” arasındakı tarazlıqdır. Günəş sahib olduğu böyük cazibə qüvvəsi ilə bütün planetləri özünə çəkir. Onlar isə dövr etmənin verdiyi mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən müəyyən nisbətdə xilas olurlar. Lakin əgər planetlərin dönmə sürətləri bir az yavaş olsa idi, o zaman bu planetlər sürətlə Günəşə doğru yaxınlaşar və Günəş tərəfindən böyük partlayışla udulardı.

Bunun əksi də mümkündür. Əgər planetlər daha sürətlə dövr etsələr, Günəşin cazibə qüvvəsi onları tuta bilməyəcək və planetlər kosmosa dağılacaqdı. Lakin bu tarazlıq çox həssas qurulmuş və qorunduğu üçün də sistem davam edir. Həmin tarazlığın hər bir planet üçün xüsusi yaradıldığına da diqqət yetirmək lazımdır. Çünki planetlərin Günəşdən olan uzaqlıqları müxtəlifdir. Buna görə də hamısı üçün fərqli fırlanma sürəti müəyyən edilməlidir ki, Günəşə yapışmasın və ya uzaqlaşıb kosmosa dağılmasınlar.

Günəş sistemindəki bu qeyri-adi həssas tarazlığı kəşf edən Kepler və Qalileo kimi astronomlar isə bildirmişlər ki, “bu, sistemin aşkar bir dizayna sahib olduğunu göstərir və Allahın kainatın hakimi olduğunun dəlilidir”. Bütün bunlar yer üzünü insanın əmrinə verən Rəbbimizin Günəşlə göy cisimləri və dünya arasındakı uzaqlığı çox üstün tarazlıqla yaratdığını göstərir. Şübhəsiz ki, bu, Allahın qulları üzərindəki mərhəmətinin dəlillərindəndir.

Günəş sistemindəki bu möhtəşəm tarazlıqla yanaşı, yaşadığımız Yer planetinin bu sistem və kosmosdakı yeri də qüsursuz yaradılışın varlığını və Allahın hər yeri əhatə edən sonsuz rəhmətini göstərir. Son astronomik kəşflər göstərdi ki, sistemdəki digər planetlərin varlığı dünyanın təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıyır. Yupiter buna nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter, varlığı ilə dünyanın tarazlığını qoruyur. Astrofizika hesablamaları aşkar etdi ki, Yupiterin olduğu orbitdə varlığı, yer kimi digər planetlərin orbitlərinin də sabit qalmasını təmin edir. Qısası, günəş sisteminin quruluşu insan üçün xüsusi yaradılmışdır. Səmimi düşünən hər bir ağıllı insan kainatdakı heç bir şeyin məqsədsiz və başıboş olmadığını, “Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir...” (Sad surəsi, 27) ayəsində bildirildiyi kimi, bütün kainatı mərhəmətli və rəhmli olan Allahın müəyyən məqsədlə yaratdığını və nizama saldığını anlayar. Bu dərin anlayış digər Quran ayəsində belə bildirilir:

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 190-191)