Saxta ara keçid forma – Palaeoctopus newboldi

Saxta ara keçid forma – Palaeoctopus newboldi

Palaeoctopus newboldi (sadəcə Palaeoctopus kimi də bilinir) ən birinci tapılmış fosil osminoqdur və az miqdarda fosil nümunəsi ilə tanınır. İlk əvvəl 1896-cı ildə H. Vudvard tərəfindən təsvir edilmiş və Calais newboldi adı altında nəşrə verilmişdi. Pohlsepia vəProteroctopusdan fərqli olaraq bu canlının fosilləri unikal deyillər, lakin yenə də son dərəcədə nadirdirlər. Vudvardın nümunəsindən başqa Palaeoctopusun Livanın Hacula dağı bölgəsindən tapılmış və Üst Təbaşir dövrünə aid təqribən 89-71 milyon illik bir nümunəsi də mövcuddur. İndi isə gəlin sözügedən fosili incələyək:
Təxminən 85 milyon il yaşında olan Palaeoctopus newboldi nazik bir təbəqə şəklində qorunmuşdur. Qısa, enli bədənə sahib, səkkiz ayağı olan və başı tam görünməyən bir osminoqdur. Pohlsepia və Proteroctopusa oxşar olaraq başının hər iki tərəfində bir cüt üçbucaqşəkilli üzgəcə sahibdir, amma bunlar Proteroctopusunkulardan daha kiçikdir. Qolları birləşdirən pərdənin tutqun izi görünür və qollarda sormacların olduğu müəyyənləşdirilib. Fosilləşmiş qladiusu (daxili qığırdaq skeleti) əhəngdaşı daxilində qorunub saxlanmışdır. Bugünkü müasir sirrinlərlə oxşarlığı nəzərə alınaraq təsnifatda Sirrinlər (Cirroctopoda)dəstəsinə daxil edilmişdir.
Göründüyü kimi, Palaeoctopus bu gün okeanda üzən hər hansı osminoqla eyni strukturda bir canlıdır. Məhz buna görə də müasir Sirrin osminoqları ilə eyni dəstəyə aid edilmişdir. Tapılmış digər başıayaqlı fosilləri kimi bu fosil də modern, tam simmetrik bədən quruluşuna – səkkiz ayaq və iki üçbucaqşəkilli üzgəcə malikdir, sormaclı qolları və qolları birləşdirən pərdəsi ilə müasir osminoqların eynisidir. Göründüyü kimi, bu canlı heç bir “ara keçid forma” xüsusiyyəti daşımır və sadəcə təkamülçü ön mühakimələr əsasında xəyali “nəsil ağacı”ndakı saysız boşluqlardan birinə sıxışdırılmışdır.
Bu ön mühakimələrdən biri – Palaeoctopusun sirrin osminoqlarının təkamülündəki ilkin halqa olması fərziyyəsi idi. Lakin bu fərziyyə də digər bütün təkamülçü ssenarilər kimi yeni fosillərin tapılması ilə əhəmiyyətini itirdi. Təkamülçü arxeoloq Fil Eyden belə yazır: “2009-cu ildə Livandan tapılmış 3 nümunə (Styletoctopus annae, Keuppia hyperbolaris və Keuppia levanter) elm aləminə məlum olana qədər belə inanılırdı ki, Palaeoctopus sirrinlərə təkamül vermiş kök-qrup canlıdır (nəsil ağacındakı ilk budaqdır). Lakin mühitə uyğunlaşmış qladius (daxili qığırdaq skelet) və modern görünüşləri olan bu üç canlının bir az daha erkən dövrə aid olduğunun məlum olması bunun doğru olmadığını ortaya qoydu”. (1)
Bu üç yeni fosil tapıntısı digər bir təkamülçü ön mühakiməni də çürüdürdü. Təkamülçülər Palaeoctopusu “primitiv osminoq” adlandıraraq öz nəzəriyyələrinə dəstək verməyə çalışırdılar. Amma bu osminoqların Palaeoctopusdan daha qədim olmalarına baxmayaraq tam funksional qladiuslara malik və “modern görünüşlü” olmaları bu iddianın da yalnış olduğunu sübut etdi.
Palaeoctopus pelagicus saxtakarlığı
2008-ci ildə təkamülçü paleontoloq Fuks şimal-şərqi Meksikanın Vallesillo bölgəsindən bir fosil tapdı. 93 milyon il yaşında olan bu fosil Palaeoctopus cinsinin ikinci yeni növü kimi şərh edildi. Bu fosil üzərində dərhal təkamülçü ssenarilər qurulmağa başlandı və bu canlının “rudiment qladius”a malik olduğu iddia edildi. Bir təkamülçü mənbədə belə yazılır: “Bu holotipdə (fosil nümunəsində) – məlum olan yeganə nümunədə mənşəcə ikihissəli olmuş qladius rudimentinin yarısı qorunub saxlanmışdır… Qladius rudimenti Livandan tapılmışPaleoctopus newboldininkindən fərqlənir. Bu yeni material modern osminoqlardakı cüt stiletlərin (bərk, nazik orqan) Palaeoctopus kimi bir keçid mərhələsi ilə Teudopsislərinki kimi bir qladiusdan tədrici reduksiya nəticəsində təkamül keçirdiyinə dair öncəki iddiaları dəstəkləyir”. (2) Amma əslində osminoq rudimenti olduğu fərz edilən bu fosil parçasının bir selakant balığına aid olduğu sonradan məlum olacaqdı! 2010-cu ildə dərc edilmiş bir təkamülçü mənbədə bu həqiqət belə etiraf edilir: “2008-ci ildə şimal-şərqi Meksika, Vallesillodan tapılmış və Fuks tərəfindən Palaeoctopus pelagicus adlandırılmış mürəkkəbbalığının rudiment olduğu fərz edilən qladiusunun bir selakant balığının boğaz hissəsinə aid pulcuq olduğu göstərildi. Bu, çox güman ki, Megacoelacanthus cinsindən bir selakant balığıdır”. (3) Fil Eyden də öz “Fosil Osminoqlar” başlıqlı məqaləsində bunu heyrətlə dilə gətirirdi.
Göründüyü kimi təkamülçülər adi bir selakant balığına aid fosil parçasını “osminoqların rudimenti” kimi şərh edə biləcək dərəcədə öz nəzəriyyələrinə bağlanıblar. Buna görə də, elm aləmi qəbul etməlidir ki, fanatik darvinizm modern elmi ciddi şəkildə təhdid və təhrif edir və tapılan hər fosil kor-koranə şəkildə “təkamül boşluqları”na sıxışdırılır.
İncələdiyimiz bu nümunələr “ara keçid namizədi” kimi təqdim edilən Palaeoctopusun əslində tarixdə yaşamış adi bir osminoq olduğunu və bugünkü osminoqlardan daha “primitiv” deyə biləcəyimiz bir xüsusiyyətinin olmadığını ortaya qoydu. Beləliklə, təkamülçü mənbələrdə verilən “osminoq təkamülü seriyası”nın da heç bir əsasının olmadığı məlum olur.