Sudakı qüsursuz yaradılış

Sudakı qüsursuz yaradılış

Günəş sistemində Yer planeti istisna olmaqla digər 63 göy cisminin heç birində həyat mənbəyimiz olan suyun olmadığını bilirdinizmi? Halbuki planetimizin böyük hissəsi sularla örtülüdür, okeanlar və dənizlər yer səthinin ¾ hissəsini əhatə edir. Eyni zamanda quruda da saysız göl və çaylar mövcuddur. Uca dağ zirvələrini örtən qar təbəqəsi isə donmuş su ehtiyatlarıdır. Planetimizdə suyun böyük bir qismi atmosferdə yerləşir, buludların hər biri minlərlə, bəzən milyonlarla ton ağırlığında su ehtiva edir. Bu suların bir hissəsi müəyyən vaxtlarda damlalar şəklində yerə enir, yəni yağışa çevrilir. Hazırda nəfəs aldığınız havada belə müəyyən miqdarda su buxarı mövcuddur.

Yağışlar, dənizlər, çaylar, okeanlar, kranı açdığınızda axan içməli su... İnsanlar suyun mövcudluğuna o qədər öyrəşiblər ki, yer səthinin böyük bir hissəsinin sularla əhatə olunmasının nə qədər əhəmiyyətli olduğunu bəlkə də heç düşünmürlər. Halbuki su kosmosda çox nadir rast gəlinən birləşmədir. Buna görə də məlum olan bütün göy cisimləri arasında təkcə Yerdə suyun mövcud olması və bu suyun içməyə yararlı olması çox böyük möcüzədir.

Həyatı susuz təsəvvür etmək mümkün deyil. Allah suyu bütün fiziki və kimyəvi xüsusiyyətləri ilə birlikdə yaşamağımız üçün xüsusi yaratmışdır. Yer üzündə milyonlarla canlı növü həyati funksiyalarını su vasitəsi ilə yerinə yetirir və həyatda qala bilirlər.

Suyun qeyri-adi xüsusiyyətləri

Suyun, xüsusilə, istiliklə əlaqədar (termal) xüsusiyyətləri yer üzündəki canlıların yaşamağında mühüm rol oynayır. Bildiyimiz kimi, məlum olan bütün mayelər temperatur aşağı düşdükdə sıxılır və həcmlərini itirirlər. Həcm azaldıqca sıxlıq artır və beləliklə, donmuş hissələr ağırlaşır. Buna görə də mayenin qatı halı maye halına nisbətən daha ağır olur. Ancaq su bütün bu mayelərdən fərqli olaraq müəyyən bir temperatura (+ 4°C) qədər sıxılır. Daha sonra qəflətən genişlənməyə başlayır. Donmuş su kütləsinin həcmi daha da geniş olur. Buna görə də suyun bərk halı maye halından daha yüngüldür. Yəni buz “normal” fizika qanunlarına əsasən suyun dibinə batmalı olduğu halda suyun səthinə doğru qalxır.

Suyun bu xüsusiyyəti yer üzündəki dənizlər üçün çox əhəmiyyətlidir. Əgər buz suyun səthinə çıxmayıb dibinə çöksəydi yer üzündəki suyun çox böyük bir hissəsi tamamilə donar, göllərdə və dənizlərdə həyat məhv olardı.

Suyun gizli istiliyinin və termal tutumunun digər mayelərə nisbətən daha yüksək olması dənizlərin quru ilə müqayisədə gec qızıb, gec soyumasına səbəb olur. Buna görə də yer səthinin quru ərazilərindəki ən isti yer ilə ən soyuq yer arasındakı istilik fərqi 140°C-yə çatırsa, dənizlərdəki bu fərq ən çox 15-20°C arasında dəyişir. Eyni vəziyyət gecə ilə gündüz arasındakı istilik fərqində də müşahidə olunur. Quruda gecə ilə gündüz arasındakı fərq quraq mühitdə 20-30°C-yə çatarkən dənizlərdə bu fərq bir neçə dərəcə olur. Təkcə dənizlər deyil, atmosferdəki su buxarı da çox mühüm və böyük bir tarazlığı təmin edir. Gecə ilə gündüz arasındakı istilik fərqinin su buxarı az olan səhralarda çox, dəniz iqliminin hakim olduğu ərazilərdə isə az olması bunun nəticəsidir.Buz əridikdə və ya su buxarlandıqda ətrafındakı istilik azalır, əks halda isə kənara istilik yayılır. Buna “gizli istilik” deyilir. Bütün mayelər gizli istilik xüsusiyyətinə malikdir. Lakin suyun bu xüsusiyyəti digərlərindən daha qabarıq şəkildə özünü göstərir.
Eyni zamanda suyun "termal tutumu", yəni temperaturunu bir dərəcə artırmaq üçün ehtiyac duyduğu istilik miqdarı əksər mayedən daha çoxdur.

Bundan başqa suyun termal keçiriciliyi, yəni istiliyi ötürmə qabiliyyəti də digər mayelərdən ən az dörd dəfə daha çoxdur. Buzun və qarın termal keçiriciliyi isə aşağıdır. Suyun bu xüsusiyyəti mühüm bir funksiya yerinə yetirir. Buz havadakı soyuğu altındakı su təbəqəsinə çox az ötürür. Beləcə, hava -50°C olsa belə dənizin üstündəki buz təbəqəsinin qalınlığı 1-2 metri keçmir. Buna görə də suitilər, pinqvinlər və digər qütb heyvanları dənizin üstündəki buzu deşib altdakı sudan istifadə edə bilirlər.

Suyun özünəməxsus termal xüsusiyyətləri sayəsində qışla yaz, gecə ilə gündüz arasındakı istilik fərqi daima insanların və digər canlıların yaşamasına qüsursuz bir nizamla xidmət edir. Yer səthinin su sahəsi quru sahəsindən daha az olsaydı, gecə ilə gündüz arasındakı istilik fərqi artacaq, qurunun böyük bir qismi səhraya çevriləcək və yaşamaq üçün əlverişsiz olacaqdı.

Gəlin okeanlara da nəzər salaq. Okeanlar günəş işığını qurudan daha az əks etdirir və beləcə quruya nisbətən daha çox günəş enerjisi udur. Amma qəbul etdiyi istiliyi öz daxilində daha tarazlı şəkildə paylayır. Beləliklə, okeanlar isti ekvator sahələrini sərinlədərək həddindən artıq isinməsinin, qütb sahələrinin soyuq sularını da isidərək həddindən artıq soyumasının və bununla da tamamilə donmasının qarşısını alır. Əgər belə olmasaydı nə baş verərdi?

Su “normal” davransaydı nə olardı?

Su normal davransaydı, digər bütün mayelər kimi onun da istilik itkisi ilə paralel sıxlığı artsaydı, yəni buz suyun dibinə batsaydı nə baş verərdi?

Belə olduqda okeanlar, dənizlər və göllərdə donma prosesi suyun aşağı hissəsindən başlayardı. Suyun səthində soyuğun qarşısını alan buz təbəqəsi olmadığı üçün aşağı hissədən başlayan donma yuxarıya doğru davam edərdi. Beləcə, dünyadakı göllərin, dənizlərin və okeanların böyük hissəsi nəhəng buz kütlələrinə çevrilərdi. Dənizlərin səthində ancaq bir neçə metrlik su təbəqəsi  qalar və havanın temperaturu artsa belə dibdəki buz heç vaxt əriməzdi. Təbii olaraq, dənizlərdə həyatdan əsər-əlamət olmazdı. Nəticədə qurudakı həyat da məhv olardı. Qısası, əgər su "normal" davransaydı Yer ölü planet olardı.

Suyun “normal” davranmamağının, yəni +4°C-ə qədər sıxıldıqdan sonra birdən-birə genişlənməyə başlamağının səbəbləri isə hələ də elmə sirr olaraq qalır.

Burada yalnız bir neçə xüsusiyyətini sadaladığımız suyun insan  həyatı üçün xüsusi yaradıldığına şahid oluruq. Başqa bir planetdə belə su kütləsinin olmaması, sadəcə yerdə belə bir nemətin mövcud olması, əlbəttə ki, təsadüf deyil. İnsan həyatı üçün xüsusi yaradılmış Yer planeti yenə xüsusi yaradılmış su ilə canlandırılmışdır. Bütün canlılar üçün böyük bir nemət olan su Uca Allah tərəfindən yaradılmışdır. Allah Vaqiə surəsində belə buyurur:

“İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?" (Vaqiə surəsi, 68-70)