Dünyanın ən böyük qutanı ilk uçuşuna hazırlaşır

Dünyanın ən böyük qutanı ilk uçuşuna hazırlaşır

1967-ci ildə ABŞ casus peykləri Xəzər dənizi üzərində hərəkət edən nəhəng cisim müəyyən etdi. Səlahiyyətli şəxslər dərhal bu vəziyyətdən xəbərdar edildilər. Bir qrup tədqiqatçı Vaşinqtonun kənarında Müdafiə və Təhqiqatlar Agentliyi MTA-nın “Yaşıl otaq” adlandırılan hissəsində bu məsələni müzakirə etmək məqsədi ilə toplandı. Cisim təyyarəyə bənzəyirdi, amma sərnişin təyyarəsindən böyük idi. Nəhəng quruluşu var idi, ancaq qanadları çox kiçik idi. Uçması qeyri-mümkün görünən bu cisim otaqdakı səlahiyyətli şəxsləri çox təəccübləndirmişdi. Bir polkovnik: “Bu, bir divdir”, – dedi. Digəri isə: “Bəli”, -deyə cavab verdi və: “Lok Ness divi”, – dedi.1Bu cisim doğurdan nə idi və necə işləyirdi? Ruslar onunla nə etməyi planlaşdırmışdılar? Cavablar sonrakı illərdə yavaş-yavaş tapıldı: bu, bir ekranoplan idi. Təyyarələrin edə bilmədiyi bir şeyi edirdi, su üzərində aşağı hündürlükdə uçurdu, həm də uzun müddət ərzində. Ekranoplan Rotislav Alekseyev adlı rus tərəfindən icad edilmişdi.

Bu gün “Boinq” şirkətindəki mühəndislər ekranoplana əsaslanaraq suyun səthindən bir az hündürlükdə hərəkət edən nəhəng yük təyyarəsi dizayn ediblər. Bunu etmək üçün su quşlarından nümunə götürüblər. Layihənin adı “Qutan layihəsi”dir. Çünki mühəndislər bu təyyarəni qutandan ilham alaraq dizayn ediblər.

Qutan və digər bəzi su quşları heç bir güc sərf etmədən qanadları açıq şəkildə suyun üzərində uzun müddət süzərək uça bilirlər. Sukəsən quşu bu quşlardan biridir. Sukəsən quşunun bədənində su ilə təmas etdikdə tüklərinin bir-birinə yapışmasının qarşısını alan yağ ifraz olunmur. Bu səbəbdən, digər su quşları kimi ov ovlamaq üçün suya baş vurması mümkün deyil. Ancaq bu, ona heç vaxt problem yaratmır. Çünki uca Allah onu qüsursuz dizaynla yaratmışdır. Quşun alt dimdiyi üstdəkindən daha uzundur və ucları toxunmaya son dərəcə həssasdır. Sukəsən quşu alt dimdiyini suya salaraq dəqiqələrlə suyun səthində uça bilir. Bu uçuş əsnasında dimdiyinə ov toxunduqda dərhal onu tutur.

Görəsən, təyyarələr nə üçün qutan və ya sukəsən quşu kimi su üzərində uça bilmirlər? Biz görmürük, amma altlarındakı hava təyyarələri daşıyır. Ancaq adi reaktiv təyyarə yerə yaxınlaşdıqca hava, daşıyıcı yastıq təsirini itirir və təyyarənin altından sürətlə çıxır. Təyyarənin alçaqda dayana bilməsi üçün motorları daha böyük güclə işləməlidir. Bu isə texniki baxımdan həm çox çətindir, həm də böyük miqdarda yanacaq tələb edir. Ona görə, təyyarələrin mövcud aerodinamik quruluşları ilə uzun müddət alçaq səviyyədə uçmaları olduqca çətindir.

“Deməli, sukəsən quşu və qutan su üzərində uçmaq üçün normaldan daha çox və daha sürətlə qanad çırpmalı olurlar?” – deyə düşünə bilərsiniz. Ancaq yanılırsınız, çünki qutan da, sukəsən quşu da qanad çırpmırlar, sadəcə su  üzərində süzürlər. Çünki onlar çox xüsusi, böyük qanad quruluşuna və aerodinamik yaradılışa malikdirlər. Bu, elə bir yaradılışdır ki, tük quruluşlarından içi boş yüngül sümüklərinə qədər heç bir yerlərində ən kiçik qüsur belə yoxdur. Bu qüsursuz yaradılış onların su üzərindəki dar hava təbəqəsi üzərində belə dayanaraq süzmələrini təmin edir. Elə buna görə, “Boinq” təyyarəsinin mühəndisləri qutan kimi nəhəng qanadlı təyyarə düzəltməyi düşünürlər.

“Qutan layihəsi”nin rəhbəri Bleyn Roudon: “Quşlar, xüsusilə də qutanlar yerin təsirindən mükəmməl şəkildə istifadə edirlər”, -deyir. “Okeana yaxın bir yerdə yaşayıram və qutanların dalğaların üzərində süzməsinə tamaşa edirəm.Bəzən qanadları az qalır ki, suya dəysin”.“Boinq” şirkəti qutanın qüsursuz yaradılışından nümunə götürərək su üzərində uçan dünyanın ən böyük yük təyyarəsini dizayn edib. “Qutan layihəsi” çərçivəsində dizayn edilən bu təyyarənin qanadının eni 120 m, uzunluğu isə 150 m-dir. Yəni futbol meydançasına belə sığmır. Uçuş mənzili isə 18 000 km-dir. Bu, okeanın üzərindən qitələrarası fasiləsiz uçma deməkdir. Çəkisi digər təyyarələrdən 10 dəfə artıq olmasına baxmayaraq, bir gəmidən 10 dəfə daha sürətlə uçur.

Gələcəyin yük təyyarəsi “Qutan”, demək olar ki, suyun 6 metr üzərində uçacaq, yer səthinə yaxınlığı sürtünməni (hərəkətin havaya qarşı müqavimətini) azaldacaq və qanadın səmərəliliyini artıracaq. Yerin təsiri kimi məlum olan bu aerodinamik proses suyun üzərində uçan və yük daşıyan böyük təyyarənin külli miqdarda yanacağa qənaət etməsinə kömək edəcək.

Dünyanın ən böyük təyyarə firması və bu firmada işləyən onlarla təyyarə mühəndisi, yüzlərlə texniki işçi qutanın necə uçması üzərində aparılan  tədqiqatlara əsaslanaraq onu təqlid etməyə çalışırlar. Bu vəziyyət qutanın dizaynındakı üstünlüyün açıq göstəricilərindən biridir. Təkamülçülər quşların sürünənlərdən təkamül yolu ilə törədiyini iddia edirlər. Ancaq quşlarla sürünənlər arasındakı quruluş və metabolik fərqlər təkamül prosesinin baş vermədiyini açıq şəkildə göstərir. Bu iki canlı növü arasında müqayisə aparsaq, hər ikisinin bir-birindən çox fərqli olduğunu görərik.

Quruda yaşayan canlının quşa çevrilməsi üçün sadəcə qanadlarının olması kifayət deyil. Quruda yaşayan canlı quşların uçmaq üçün istifadə etdikləri digər bir çox mexanizmdən məhrumdur. Məsələn, quşların sümükləri quruda yaşayan canlılara nisbətən daha yüngüldür. Ağciyərlərinin daha fərqli quruluş və funksiyası var. Fərqli əzələ və skelet quruluşuna malikdirlər və daha mürəkkəb qan dövranı sistemləri var. Bu mexanizmlər yavaş-yavaş, toplanaraq əmələ gələ bilməz. Quruda yaşayan canlıların quşlara çevrilməsi kimi təkamülçü ssenari bu cür səbəblərə görə tamamilə cəfəngiyatdır.

Əslində, bir çox təkamülçü bununla bağlı iddialarının nə qədər əsassız olduğunu bilirlər.“Gözlərin və qanadların ortaq xüsusiyyəti budur ki, ancaq tamamilə təkmilləşdikləri təqdirdə funksiyalarını yerinə yetirə bilərlər. Başqa sözlə, natamam gözlə görmək olmaz, yarımçıq qanadla uçmaq olmaz. Bu orqanların necə əmələ gəldiyi təbiətin hələ yaxşı açıqlanmamış sirlərindən biri kimi qalmışdır”. (Engin Korur, “Gözlerin ve Kanatların Sırrı”, Bilim ve Teknik, Ekim 1984, sayı 203, səh. 25.)

Quşlar da bütün digər canlılar kimi sonsuz elm sahibi olan Allah tərəfindən uçuş üçün lazımlı bütün xüsusiyyətlərə malik şəkildə yaradılıblar.