Radikalizm

Radikalizm

Radikalizm dedikdə hər hansı bir sərt, inqilabi və köklü dəyişiklikləri müdafiə etmək və bunun üçün sərt siyasət tətbiq etmək başa düşülür. Radikallar inqilabi dəyişikliklərə can atan və bunun üçün sərt, bəzən hətta təcavüzkar üslubdan istifadə edən şəxslər kimi tanınır.

Hər məsələdə olduğu kimi, bu mövzuda da müsəlmanın ölçüsü Quran olmalıdır. Qurana baxdıqda isə radikalizm adlanan üslubun Allah tərəfindən möminlərə əmr edilən üsluba heç uyğun olmadığını görürük. Allah Quranda möminləri təsvir edərkən mülayim olmağı, qarşıdurmadan çəkinməyi, əleyhlərinə olan insanlara qarşı da dost kimi yanaşmağı tərif edir.

Bu məsələdə bizə yol göstərən nümunələrdən biri Allah’ın hz. Musaya və hz. Haruna fironun yanına getməyi əmr edərkən: “Onunla yumşaq danışın”, - deyə buyurmasıdır:

Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun! (Taha surəsi, 43-44)

Firon dövrünün zülm və üsyankarlıqda öndə gedən inkarçısı idi. Allah’ı inkar edib özünü bütləşdirmiş, habelə, müsəlmanlara (dövrünün İsrail oğullarına) dəhşətli zülm və qətliam tətbiq etmişdi. Bu qədər düşmən birisinin yanına gedərkən Allah peyğəmbərlərinə: “Onunla yumşaq danışın”, - deyə buyurur.

Diqqət etsək görərik ki, Allah mülayim üslubda danışmağı nəsihət edir. İncidici sözləri, qəzəbli şüarları, həyəcanlı etiraz nümayişləri ilə qarşıdurma yaratmağı təqdir etmir.

Keçmiş peyğəmbərlərdən hz. Şüeybin  inkarçı qövmü ilə söhbəti də üslub baxımından müsəlmanlara yol göstərir. Quranda bu dialoqdan belə bəhs edilir:

Mədyən qövmünə də qardaşları Şüeybi (göndərdik). O dedi: “Ey qövmüm! Allah’a ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi bolluq içində görürəm və qorxuram ki, başınıza (hər şeyi) bürüyən günün əzabı gələ.

Ey qövmüm! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların mallarını əskik verməyin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin!

Əgər möminsinizsə, (bilin) (ki,) Allah’ın verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə nəzarətçi deyiləm.

Onlar dedilər: “Ey Şüeyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan.

O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun? Sizə qadağan etdiyim şeylərlə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allah’ın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam. (Hud surəsi, 84-88)

Bu söhbəti təhlil etdikdə hz. Şüeybin mülayim və təvazökar üslubla qövmünü Allah’a iman gətirməyə və gözəl əxlaqa dəvət etdiyini görürük. Ayələrdəki bəzi ifadələrin hikmətini belə açıqlaya bilərik:

  • “Mən sizin üstünüzdə nəzarətçi deyiləm” – hz. Şüeyb bu sözü ilə qövmünə onların üzərində hakimiyyət qurmaq istəmədiyini, belə bir niyyətinin olmadığını, onlara sadəcə Allah’ın öyrətdiyi doğruları bildirdiyini vurğulayır.
  • “Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan” – İnkarçıların hz. Şüeybə dedikləri bu söz onun çox mülayim, nəzakətli davrandığını və bu xüsusiyyətin inkarçılar tərəfindən də bəyənilən cəhət olduğunu göstərir. İnkarçılar hz. Şüeybin ağıllı olduğunu da qəbul edirlər.
  • “Ey qövmüm! Bir deyin görək...”- bu söz hz. Şüeybin inkarçıları ağıllı və vicdanlı hərəkət etməyə təşviq etdiyini göstərir. Yəni hz. Şüeyb təzyiqdən və zorakı üslubdan istifadə etmir, əksinə, qarşı tərəfin fikirlərini öyrənib onları düşünməyə və müstəqil şəkildə vicdanlı olmağa dəvət edir.
  • “Sizə qadağan etdiyim şeylərlə sizin əleyhinizə çıxmaq istəmirəm” – Bu ayədən görürük ki, hz. Şüeyb hər hansı bir şeyi qadağan etmir, onun günah olduğunu açıqlayaraq insanları bunlardan çəkinməyə dəvət edir. Habelə, hz. Şüeyb: “Bunlarla sizin əleyhinizə çıxmaq istəmirəm”, - deyərək məqsədinin qövmü ilə qarşıdurma yaratmaq olmadığını, dava-dalaş, narahatçılıq istəmədiyini, sadəcə onları imana və gözəl əxlaqa dəvət etmək istədiyini vurğulayır.

Quran ayələrini təhlil etdikdə mülayim, anlayışlı üslubun bütün peyğəmbərlərin ortaq xüsusiyyəti olduğunu görürük. Allah hz. İbrahimi “Həqiqətən, İbrahim (Allah’a) çox yalvaran həlim bir kimsə idi. (Tövbə surəsi, 114)” şəklində tərif edir. Peyğəmbərimiz hz. Muhəmmədin əxlaqını tərifləyən bir ayə isə belədir:

Allah’ın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar... (Ali-İmran surəsi, 159)

Radikalizmin əsas xüsusiyyəti qəzəbli üslubdur. Bu üslub radikal insanların danışığında, yazısında, hərəkətlərində açıq-aşkar özünü büruzə verir. Halbuki, qəzəb müsəlmana xas xüsusiyyət deyil. Allah Quranda möminləri tərif edərkən: “O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarından Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 134)” - buyurur.

Müsəlmanların qəzəbli üslubdan istifadə etmələrini tələb edən vəziyyət yoxdur. Bir müsəlmanın digər insanlardan yeganə istəyi onların da Allah’a iman gətirməsi və gözəl əxlaqla yaşamasıdır. Bu isə ancaq Allah’ın o insanlara da hidayət verməsi ilə mümkündür. Biz nə etsək də, insanlara nə qədər həqiqətləri izah etsək də, qəlblər Allah’ın əlindədir. Allah “...Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi? (Rad surəsi, 31)” ayəsi ilə bu çox mühüm həqiqəti müsəlmanlara xatırladır.

Eyni həqiqəti vurğulayan başqa ayə belədir:

Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən? (Yunis surəsi, 99)

Ona görə, bir müsəlmanın vəzifəsi təkcə həqiqətləri izah edərək insanları dəvət etməkdir. Onların qəbul edib-etməməyi tamamilə onların vicdanlarına qalmış məsələdir. Allah bu həqiqəti də Quranda vurğulayır, dində məcburiyyətin olmadığını xəbər verir:

Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs taqutu inkar edib Allah’a iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah eşidəndir, biləndir! (Bəqərə surəsi, 256)

Ona görə, nə insanların iman gətirib müsəlman olması, nə də müsəlman olanların ibadətləri yerinə yetirməsi və ya günahdan çəkinməsi üçün zorakılıq tətbiq etmək olmaz. Bunun üçün sadəcə öyüd-nəsihət verilər. Allah müsəlmanların zorba olmadığını Peyğəmbərimizə müraciətlə vəhy etdiyi bəzi ayələrində belə açıqlayır:

Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf surəsi, 45)

De: “Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyiri onun özünə dəyər, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Mən sizə zamin deyiləm”. (Yunis surəsi, 108)

Müsəlmanlar sadəcə dini təbliğ etməkdən məsuldurlar, insanlara əsla zorakılıq tətbiq etməməlidirlər, ən zalım inkarçılara belə mülayim söz söyləməlidirlər, ona görə radikal ola bilməzlər. Çünki radikalizm sadaladığımız bütün bu xüsusiyyətlərin əksini müdafiə edir və tətbiq edir. Əslində, radikalizm İslam dünyasına sonradan daxil olmuş İslamdan kənar düşüncə tərzi və siyasi cərəyandır. Radikalizm kimi tərif edilən sosial prosesləri təhlil etdikdə bunların, əslində, keçmişdə kommunistlər tərəfindən istifadə edilən metod və fikirlər olduğu, İslamda heç bir yeri olmayan cahiliyyə təkəbbürü təəssübünün (Fəth surəsi, 26) ifadəsi kimi üzə çıxdığı görünür.

Bütün müsəlmanlar Quranın ruhuna və məğzinə zidd olan bu sərt, qəzəbli, davakar üslubdan tamamilə uzaq olmalı, bunun əvəzinə Allah’ın Quranda tərif etdiyi mülayim, yumşaq, anlayışlı, sakit və mehriban üslubu mənimsəməlidir. Müsəlmanlar kamillikləri, anlayışları, etidal, təvazö və mülayimlikləri ilə bütün dünyaya nümunə olmalı, insanları özlərinə və dolayısilə İslam əxlaqına heyran qoymalıdırlar. Təkcə bu sahədə deyil, elm, mədəniyyət, incəsənət, estetika kimi sahələrdə də böyük irəliləyişlər və gözəl əsərlərlə həm ən gözəl şəkildə İslam əxlaqı ilə yaşamalı, həm də dünyaya təmsil etməlidirlər.

İslamı insanlara təbliğ etmək də, İslama qarşı fikirlərlə mübarizə aparmaq da bu şəkildə olmalıdır. Allah aşağıdakı ayədə bir müsəlmanın digər insanlarla hansı üslubla rəftar etməli olduğunu açıq şəkildə bildirir:

İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır! (Nəhl surəsi, 125)