Bitkilərin müdafiə üsulları

Bitkilərin müdafiə üsulları

Bitkilər də özlərini düşmənlərindən  müəyyən yollarla qorumalıdırlar. Hər bitki növünə görə fərqli üsullarla müdafiə olunur. Məsələn, bəzi bitkilər parazitlərə və həşəratlara qarşı müxtəlif maddələr ifraz edərək qorunurlar. Bitkilər ən mühüm müdafiə silahları olan zəhərli kimyəvi maddələrdən düzgün istifadə etmələri üçün çox müxtəlif üsullar tədbiq edirlər. Məsələn, göbələklərin və xiyarların zəhərli ucları var. Bitki bunları hücum anında hərəkətə keçirir. Digər müdafiə üsullarından biri də çinar ağaclarına aiddir. Çinar ağacı yarpaqlarının ifraz etdiyi maye ilə gövdəsinin altındakı torpağı elə zəhərləyir ki, orada kiçik ot belə yetişmir.

Bu zəhər çinar ağacının daxilində olsa da, ona heç bir zərər vermir. Hücuma məruz qaldıqlarında olduqları mühitdən uzaqlaşmaları üçün ayaqları və ya mübarizə aparmaları üçün orqanları olmayan bu bitkilər düşmənlərinə qarşı, sadəcə, maddə ifraz edərək qarşılıq vermirlər. Bitkilər, bundan əlavə, bir çox müdafiə mexanizmlərinə də sahibdirlər. Bunların arasında xəbərləşmə qabiliyyəti də var. Bəzi bitkilər böcəklərin dişlədikləri yerdən onların həzm sistemini pozan və saxta toxluq hiss verən maye ifraz edirlər. Yarpaq, eyni zamanda, zərər gördüyü yerdən jasmonik turşusu ifraz edərək digər yarpaqların hücumdan xəbərdar olmalarını və həmin anda özlərini müdafiə etmələrini təmin edir.

Qarğıdalı və lobya bitkiləri isə düşmənlərindən qorunmaq üçün parazit halında yaşayan eşşək arılarından sanki muzdlu əsgər kimi istifadə edirlər. Bu bitkilər yarpaqlarına tırtıl düşəndə xüsusi kimyəvi maddə ifraz edərək eşşək arılarını özlərinə cəlb edirlər. Onlar da sürfələrini bitkiyə hücum edən tırtılların üstünə qoyurlar. Gün keçdikcə böyüyən sürfə tırtılı öldürür və bitki bu yolla xilas olur. Bəzi bitkilərin daxili quruluşlarında aldehid kimyəvi birləşmələr  olur. Bunlar böcəklər və heyvanlarda bəzən cəzbedici, bəzən qorxuducu, bəzən allergiya verici, bəzən də öldürücü təsir göstərir.

Məsələn, kəpənəklər çiçəkli kol bitkilərinə yaxınlaşmırlar. Çünki bu çiçəklərin müdafiə sistemlərində siniqrin adlı zəhərli maddə olur. Buna görə də, kəpənəklər tərkibində zəhərli maddə olmayan salxım çiçəkli bitkiləri seçirlər. Kəpənəklərin bitkiləri necə ayırd etdiyi isə çox maraqlıdır. Bunu təcrübədən keçirərək öyrənməsi isə qeyri-mümkündür. Çünki kəpənəyin həmin bitki ilə qidalanması onun ölümü ilə nəticələnəcək. Deməli, kəpənəklər bu məlumatları fərqli yollarla alırlar.

Ağcaqayın, xüsusilə də, şəkər ağcaqayın ağaclarının yeni açmış cücərtilərini və yarpaqlarını zərərli canlılardan qoruyan sistem insanların həşəratlara qarşı istehsal etdikləri vasitələrdən daha təsirlidir. Şəkər ağcaqayının gövdəsində bol şəkərli maye (özsu) olsa da, yarpaqlarına tanin adlı maddə göndərir. Bu, həşaratları narahat edən maddədir. Bu yarpaqları yeyən həşaratlar xilas olmaq üçün dərhal tərkibində az tanin olan yuxarı yarpaqlara çıxırlar. Halbuki, ağacın yuxarı hissələri quşların ən çox gəldiyi yerlərdir. Yuxarıdakı yarpaqlara qaçan həşaratlar quşlar tərəfindən çox asanlıqla ovlanırlar. Şəkər ağcaqayınları da bu yolla həşaratların hücumundan çox az zərər görərək xilas olurlar.

Mərkəzi və Cənubi Amerikada yetişən üzüm bitkisi qara, yaşıl tırtıllar, həmçinin qırmızı kəpənəklər üçün cəzbedici və ideal qidadır. Bu canlılar balaları yumurtadan çıxan kimi bu ləzzətli meyvə ilə qidalansınlar deyə yumurtalarını  üzüm yarpaqlarının üzərinə qoyurlar. Ancaq burada çox mühüm bir məqam var. Kəpənəklər yumurtalarını qoymadan əvvəl yarpaqları yaxşıca yoxlayırlar.

Əgər başqa canlı öz yumurtalarını eyni bitkinin üzərinə qoyubsa, birdən çox ailənin oradakı yarpaqlarla qidalanması çətin olacağından kəpənəklər həmin yeri seçmir və başqa boş yarpaqlar axtarırlar. Həşaratların bu seçimi üzüm bitkisinin kütləvi şəkildə hücuma məruz qalmaması baxımından çox əhəmiyyətlidir.

Üzüm bitkisinin bəzi cinsləri yarpaqlarının üst hissəsində kiçik yaşıl yumrular əmələ gətirirlər. Bəzi növləri isə yarpağının altında, budağa birləşən hissədə kəpənəklərin yumurtalarının rənginə çalan ləkələr yaradırlar. Bunu görən kəpənək və tırtıllar isə onlardan əvvəl başqa həşaratların gəlib yumurta qoyduqlarını zənn edir və beləcə, oranı tərk edərək yeni yarpaqlar axtarırlar.

Yarpaqlarını bu cür inanılmaz üsulla qoruyan üzüm bitkisi hər kəsin bildiyi kimi torpaqdan çıxan, quru budaq və yarpaqlardan ibarət bitkidir. Bu bitki ağıla, yaddaşa və analiz qabiliyyətinə sahib deyil. Özündən tamamilə fərqli bir canlının-həşəratın xüsusiyyətlərini, seçimlərini, yumurtalarının formasını qətiyyən bilə bilməz. Amma göründüyü kimi üzüm bitkisi həşəratların yumurtalarını hansı şəraitdə yarpağa qoymayacağını bilir, bundan əlavə, yarpaqlarında bu yumurtalara bənzəyən naxışlar yaradır və müxtəlif dəyişikliklər edir.

Üzüm bitkisinin hər hansı bir həşaratın yumurtalarını təqlid etmək üçün nələri etməli olduğunu birlikdə düşünək? Təqlid ağıl tələb edən qabiliyyətdir. Buna görə də, bitki  həm ağıla sahib olmalı, həm bu yumurtaları görüb anlamalı, həm də yaddaşında saxlamalıdır. Daha sonra daxilində bəzi dəyişikliklər yaradaraq özünü bu üsulla müdafiə etməlidir. Təbii ki, bu sadalananları bitkinin etməsi və ya onların kor təsadüflər nəticəsində yaranması qeyri-mümkündür. Doğru olan isə üzüm bitkisinin bu xüsusiyyətlərlə birlikdə yaradıldığıdır. Bu, bitkiyə Allah tərəfindən xüsusi olaraq verilən müdafiə sistemidir. Hər şeyi ən xırda detalına qədər yaradan Allah yer üzündəki bütün bitkilərin hər cür ehtiyacını qarşılayıbdır. Allah hər şeyin hakimidir. Kainatda bitən hər bitkidən xəbərdardır.