Qılıncbalıqdakı hikmətli yaradılış nümunələri

Qılıncbalıqdakı hikmətli yaradılış nümunələri

Qılıncbalığın qılınca bənzəyən üst çənəsi hansı funksiyaları yerinə yetirir?

Qılıncbalıqların bədən quruluşu üzmə sürətinə necə təsir göstərir?

Bu canlı suyun dibində necə kamuflyaj olur?

Qılıncbalığın göz və beyin quruluşu necədir?

Qılıncbalığın maraqlı xüsusiyyətlərə sahib nəhəng qılıncı

Qılıncbalığın bədəninin təqribən üçdə biri uzunluğunda, çox möhkəm və iti sümük qılıncı ov etmə və müdafiə orqanıdır. Canlı qarşısındakını zərərsizləşdirmək üçün qılınca bənzəyən üst çənəsini saniyədə bir neçə dəfə yelləyərək böyük məharətlə istifadə edir.

Uzun qılıncı ilə həm ovunu hiss edir, həm də onu yönləndirir. Qılıncın xüsusiyyətlərinin bəziləri bunlardır:
Balıq ovunun yerini müəyyən etmək üçün dəqiq elektroreseptorlar olan qılıncı vasitəsilə ətrafı hiss edir.
Dənizin dibini qılıncı ilə qazaraq axtarır və ovunu gizləndiyi yerdən çıxarır.

Bu balıq təkcə ovunu yaralamaq üçün yox, eyni zamanda onu tutmaq üçün də qılıncını məharətlə istifadə edir. Ovu aşağıya doğru sıxıb, öz ətrafında çevirərək ağzı istiqamətinə gətirir.

Sürətli üzmələrinə səbəb olan bədən quruluşları:

Qılıncbalıqların bədən forması sualtı silah kimi istifadə edilən bombaya bənzəyir. Kürək üzgəcinin ön tərəfi oraqşəkilli və hündür, sinə üzgəcləri uzun, iti və qarnına yaxın yerləşir. Quyruğunun yan tərəflərində uzununa xəncər var. Quyruq üzgəci oraqşəkillidir və çox güclüdür. Gövdəsi qabarcıqlarla örtülüdür, qarın üzgəcləri yoxdur. Balığın sahib olduğu bu xüsusiyyətlər sürətlə üzməsi üçün yaradılmışdır. Bu canlı 96 km/saat sürətlə üzür və 60 saniyədə 1500 metr məsafə qət edir.

Heyvanlardakı möhtəşəm yaradılış dəlillərini görmək və onları qüsursuz şəkildə yaradan Allahı lazımınca qiymətləndirib, Onu təriflə ucaltmaq üçün qılıncbalığın sahib olduğu təkcə bu xüsusiyyət belə kifayətdir. Bir ayədə Rəbbimizin yaratma elmi belə xəbər verilir:

“Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.” (Nur surəsi, 45)

Kamuflyaj xüsusiyyəti

Qılıncbalıq yaşamaq üçün ona bəxş edilmiş xüsusi sistemlərlə həm qida əldə edir, həm də özünü düşmənlərindən qoruyur. Bu canlılara özlərini qorumaq üçün verilmiş xüsusiyyətlərdən biri də kamuflyajdır. Mövsümə və dənizin rənginə əsasən qılıncbalığın rəngi dəyişir, bu da canlının ayırd edilməsini çətinləşdirir. Balığın bel nahiyəsi tünd göy, yan tərəfləri isə maviyə çalan boz rəngdədir. Seçilməsinə mane olmaq üçün rəngi metal mavisinə, tünd göyə, bozumtul maviyə, hətta bürünc rənginə də çevrilir. Qarın hissəsi ağ olduğuna görə altdan baxdıqda göy üzünün parlaqlığı səbəbindən ilk anda seçilmir. Buna görə də daha böyük balıqlar tərəfindən ovlanması çətinləşir.

Kamuflyaj kainatda heç bir ziddiyyət və uyğunsuzluq olmadığını, Allahın sonsuz qüdrət, ağıl və elmə sahib olduğunu göstərən nümunələrdən yalnız biridir. Allah kainatdakı qüsursuz nizamı “Mülk” surəsində belə xəbər vermişdir: 

“... Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (uyğunsuzluq tapmaqdan) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır.” (Mülk surəsi, 3-4) 
 
Qılıncbalığın qeyri-adi görmə xüsusiyyəti

İlıq və isti dənizlərdə, 18-22°C temperaturlu sularda yaşayan qılıncbalıq 200-600 m dərinliyə dala bilir. Lakin dənizin 600 metr dərinliyində temperatur 5°C-yə qədər enir. Ani temperatur dəyişikliyinin balığın bədən funksiyalarına təsir etməməsi üçün gözləri və beyni “beyin isitmə sistemi” adlanan xüsusi system vasitəsi ilə 19-28°C hərarətdə saxlanılır. Bu sistem balığın görmə funksiyası üçün lazımi temperaturu təmin edir.

Görmə əməliyyatı bir sıra kimyəvi proseslər nəticəsində həyata keçir. Hava sərinləşdikcə kimyəvi reaksiyalar daha uzun müddətə baş verir. Buna görə də soyuqqanlı canlılar sürətli hərəkət edən obyektləri görmək üçün özlərini isitmək məcburiyyətindədirlər.

Təqribən 2,5-3 metr uzunluğundakı qılıncbalığın gözünün bəbəyinin diametri 9-10 santimetrdir. Lakin təkcə gözünün böyük olması canlının dəqiq görməsinə kifayət etmədiyi üçün torlu qişası temperatura həssas yaradılmışdır. Beləliklə, balıq dərin və sərin sularda ovlayacağı canlıları isidilməmiş gözlərə nisbətən 7-12 dəfə dəqiq görür. Rəbbimiz bütün canlıları ehtiyaclarına uyğun xüsusiyyətlərlə yaratdığını bir ayədə belə bildirir:

“Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır.” (Casiyə surəsi, 4)

Uca Allah qılıncbalıqların göz və beyin quruluşunu bənzərsiz xüsusiyyətlərlə yaratmışdır. Bu canlıların kəlləsinin əsas sümüyü nazikdir və digər canlılardan fərqli olaraq, sümük əvəzinə, nazik birləşdirici toxuma ilə əhatə olunmuşdur. Həmçinin göz almasının ətrafı xüsusi yaradılmış əzələlərlə örtülüdür, bu əzələnin içində arteriyalar şaxələnir. Beləliklə, əzələdən çıxan vena və arteriya kapilyarları bir-birinə paralel yerləşdiyi üçün əks qan axını baş verir və temperaturun ötürülməsi təmin olunur. Uca Rəbbimizin yaratdığı bu xüsusi sistem sayəsində temperatur itkisinin qarşısı alınır.
Əzələnin orta hissəsindəki qan damarlarının ətrafı da xüsusi hüceyrələrlə əhatə olunmuşdur. Yağ toxumasına bənzəyən xüsusi quruluşlu bu hüceyrələr istilik istehsal edirlər. Ağac budaqlarına bənzəyən qan damarları isə beyinin temperaturu ötürən və xüsusi, nazik birləşdirici toxuma ilə əhatə olunmuş hissəsini isidir. Beyinin və göz ətrafının yağlı toxuma ilə əhatə olunması gözün daim isti qalmasını və balığın dərin, sərin sularda rahat görməsini təmin edir.

Bütün kainatı yaradan uca Rəbbimiz qılınc balığının gözləri kimi, bütün canlı gözlərini Özünün yaratdığını Quran ayələrinin birində belə xəbər verir:
    
“De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs (Allahdan) qorxmursunuz?””(Yunis surəsi, 31)