Bayquşlar başlarını tam dairə formasında necə çevirirlər?

Bayquşlar başlarını tam dairə formasında  necə çevirirlər?

Bayquşlar başlarını necə 2700 çevirirlər?

Bayquşlar, demək olar ki, başlarını tam dairə formasında çevirə bilirlər. Əgər biz bunu etməyə çalışsaq, beynimizə gedən qan axını dayanar və huşumuzu itirərik.

İki amerikalı elm adamı bayquşların kəllə sümüyündə, eləcə də boynunda fərqli sümük və damar sisteminin olduğunu müəyyən edib. Bu xüsusiyyət sayəsində bayquşun damarları zədələnmir və o, başını 2700 çevirdikdə belə başına gedən qan axını dayanmır.

ABŞ-dakı Cons Hopkins Universitetində tibb fakultəsinin mütəxəssisi dr.Filip Qeyllud bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.

Bayquşlar gecə ov etmək üçün başlarını 2700 çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit vəziyyətdə dayanır. Buna görə də görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.

Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox maraqlı yaradılış möcüzəsidir.

Dr.Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıblar. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa sütununun qarşısında, dönmə mərkəzinə yaxın yerdən keçir. Beləliklə, bu damarlar daha az çevrilmə və gərilməyə məruz qalaraq zərər çəkmə ehtimalı azalır.

Bu, təkcə bayquşa deyil, digər quşlara da xas olan xüsusiyyətdir. Lakin bayquşu digər quşlardan fərqləndirən cəhət boyun fəqərələri arasında əsas arteriya üçün daha geniş boşluğun olmasıdır.

Dr.Qeyllud insanda boyun fəqərələri arasındakı boşluğun yalnız damarın keçə biləcəyi genişlikdə olduğunu, lakin bayquşda bu kanalın damardan 10 dəfə geniş və hava torbacığı ilə örtülü olduğunu deyir.

Bayquşlarda əsas arteriyaya əlavə birləşən və qan üçün alternativ daşıma yolu olan çoxlu sayda kiçik damarlar da mövcuddur. Beləliklə, başını çevirərkən əsas arteriyadan qan keçməsində maneə yaranarsa, əlavə damarlar işə düşür.
Bundan başqa o da müəyyən olunub ki, kəllənin alt hissəsinə yaxın yerdə bayquşların boyun arteriyasının böyük bölmələri var və bunlar qan rezervuarı funksiyasını yerinə yetirirlər.

Elmi işini bayquşlar haqqında yazan Kok-Merkado: “Bayquşlarla bağlı hər şeyi bildiyimizi düşünürdük, ancaq texnologiya sayəsində yeni xüsusiyyətlərini kəşf edirik”, –deyib.

Bu elmi tədqiqat “Science” jurnalı ilə ABŞ Milli Elm Fondunun birlikdə təşkil etdiyi “2012-ci il Beynəlxalq Elm və Mühəndislik Əsərləri” sərgisində mükafata layiq görülüb.