Canlıların ayaqları nə üçün təqlid edilə bilmir?

Canlıların ayaqları nə üçün təqlid edilə bilmir?

Yerimək canlıların sahib olduğu ən üstün xüsusiyyətlərdən biridir. Buna görə də mühəndislər onların bu xüsusiyyətlərini robotlara tətbiq etməyə çalışırlar. Lakin elm adamları bəzi canlıların bu mükəmməl xüsusiyyətlərini təqlid edə bilmədiklərinə görə onları sadəcə heyranlıqla izləyirlər. Bəs bu canlılar hansılardır? Böcəklər, milçəklər, xərçənglər, kərtənkələlər və s. Bunlar yer üzərindəki bütün heyvanlar kimi Rəbbimizin yaratdığı möcüzələrdir. Mühəndislər də daha səmərəli və faydalı robotlar düzəltmək üçün uca Allahın yaratdığı bu canlıları ətraflı şəkildə tədqiq edirlər. Mühəndislərin apardıqları tədqiqatlar nəticəsində bu canlıların çox mükəmməl sistemlərə sahib olduğu məlum olmuşdur. Bu xüsusiyyətlərin isə təqlid edilə bilməməsi alimləri məyus edir.

Elm adamlarının yanıldıqları mövzu

Hər addım atdıqca cırıldayan altıayaqlı “Tarry II” adlı alman robotunu ixtira edən alimlər bu robotda milçəklər kimi manevr və böcəklərdəki kimi düşünmə qabiliyyəti yaratmağa çalışdılar. Lakin insanların tez-tez rastlaşmasına baxmayaraq, dəyər vermədikləri və ya tapdalayıb keçdikləri böcəklərin xüsusiyyətləri əsasında alimlərin robot düzəltmələri hazırki texnologiya ilə, demək olar ki, mümkün deyil.

“Tarry II”-nin dizaynerləri robotun ayaqlarını düzəltməyin böcəklərinkindən daha asan olduğunu hesab edirdilər. Buna görə də milçəyin ayaqlarını təqlid etmək istədilər. Lakin çox qısa müddətdən sonra milçəyin təqlid edilə bilməyən xüsusiyyətlərini gördükləri üçün səhv etdiklərini anladılar. Alimləri bu canlıdan ilham alaraq robot düzəltməyə sövq edən ən əsas amil milçəyin hərəkətinin sürətli, dolanbac və cəld olması idi. Ancaq milçək uca Allahın yaratdığı qüsursuz canlıdır. Buna görə də onu tam təqlid etmək mümkün deyil. Allah bir ayədə milçəyin bu mükəmməl xüsusiyyətlərini belə xəbər verir:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)

Milçəyin robotda tətbiq edilə bilməyən üstün xüsusiyyətləri

Milçəklər ətrafdan gələn siqnalların çoxunu beyinlərindən kənarda dəyərləndirə bilirlər. Bu canlının sinir sistemi bəzi hərəkətləri nəzarət altında saxlamağı bacarır. Yəni milçəyin başı gövdəsindən ayrılsa da, sinir sisteminə siqnal göndərildikdə belə milçək gözləri ilə ətrafı görə bilir.

Milçəklərin sinir sistemindəki xüsusiyyətlər robot dizaynerlərinin diqqətindən yayınmamış və robotlar üzərində tətbiq edilmişdir. Beləcə, beyni olmayan “Tarry II” adlı robot ətrafdan gələn məlumatları elektrik siqnalı olaraq qəbul edir və milçəyin bənzərsiz sisteminin təqlid edilməsi sayəsində on ildən çoxdur ki, yeriyə bilir.

Sinir sistemi bir çox funksiya yerinə yetirsə də, qərar vermək və bir-biri ilə əlaqəli daha mürəkkəb hərəkətlər etmək üçün beyinə ehtiyac var. Məsələn, milçək bığcıq və gözləri ilə ətrafını nəzərdən keçirir. Qəbul edilən məlumat beyində analiz edildikdən sonra qərar verərək təhlükədən qaçır, ya da ovuna doğru iti hərəkətlərlə yaxınlaşır. Məhz robot dizaynerlərinin təqlid edə bilmədikləri xüsusiyyətlər də buradan başlayır.

Dizaynerlər nə qədər çalışsalar da, milçəklər kimi üçölçülü görən və yerini dəyişdirdikdə cismin formasındakı dəyişiklikləri aşkarlayan robot düzəltməyi bacarmadılar. Həmçinin canlının enerji sərfiyyatını hesablayaraq tədbir almasını, buna əsasən də addımlarını və yerimə sürətini müəyyən etməsini qətiyyən təqlid edə bilmədilər.

Maneələri aşa bilən böcəklər

Tarakanların milçəklərinkindən 50 dəfə böyük beyinləri robot dizaynerlərinin ən çox tədqiq etdikləri orqanlardan biridir. Çünki dizaynerlər bu tədqiqatlar və təcrübələrlə tarakanın maneəni necə hiss etməsi, maneə ilə qarşılaşdıqda hansı tərəfə dönəcəyinə qərar verməsi kimi davranışları öyrənməyə çalışırlar. Dizaynerlər böcəklərin yoxuşu yuxarıya doğru qalxmaq və dırmanmaq kimi qarışıq hərəkətlərin modelini robotlara tətbiq etməyə çalışsalar da, nəticə ürəkaçan olmadı. Çünki böcəklərin mürəkkəb proseslərdən təşkil olunmuş yerimə xüsusiyyətləri uca Allahın ilhamı ilə həyata keçir.

Qumda rahat hərəkət edən xərçəng ayaqları

Robotlar böcəklərin yerimə xüsusiyyətlərinə sahib olsalar, tam qüsursuz vəziyyətdə olar. Böcəklərin ayaqları qədər mükəmməl xüsusiyyətlərə sahib olan başqa canlılar da var. “Ocypode quadrata” adlı qum xərçəngi əsil qum üzərində yerimə mütəxəssisidir. Kələ-kötür yerdə yerimək çox çətindir, qumda yerimək isə ondan da çətin. Çünki hər addımda ayaq sürüşür. Lakin bu xərçəng qum təpələrini rahatlıqla aşa bilir. Çünki o, olduqca kiçik ayaqları ilə 1 saniyədə 2 metrə yaxın yüksəklikdəki qum təpəsinə sıçramağı bacarır. Bu, insanın bir anda bir neçə metr yüksəkliyi olan təpəyə tullanmasına bənzəyir, amma insanın bunu etməsi qeyri-mümkündür. İnsandan qat-qat kiçik olan xərçəngin bu cür mükəmməl tullanma qabiliyyətinə sahib olması, şübhəsiz, uca Allahın bu canlıya bəxş etdiyi üstün xüsusiyyətdir. Robot dizaynerləri bu üstün xüsusiyyəti hazırki texnologiya ilə təqlid edə bilmirlər.

Sıçrayan kərtənkələlər

Qumlu yerlər normal yerlərdən daha yumşaq olduğuna görə burada yerimək daha çətindir, amma zebra quyruqlu kərtənkələlər burada qum xərçəngindən daha sürətlə hərəkət edirlər. Çünki bu canlı saniyədə 1,5 metr yol qət etmək qabiliyyətinə sahibdir. Qumdan əlavə palçıq, çınqıl daşları kimi fərqli yerlərdə də yeriyə bilir. Bəs bu kiçik canlı bunu necə bacarır? Bunun sirri uca Allahın üstün yaratma nümunəsi olan kərtənkələnin barmaqlarında gizlidir. Çünki zebra quyruqlu kərtənkələ qumda addım atarkən açılan, ayağını qaldırdıqda isə qıvrılıb yığılan uzun barmaqlara sahibdir. Bu barmaqlar kərtənkələyə hər cür yolda yerimək imkanı verir.

Elmin tək sahibi uca Allahdır

Robot dizaynerləri hər cür yolda yeriyən, sürətli hərəkət qabiliyyətinə malik, iti manevrlər edən və sıçrayan robotlar dizayn etməyə çalışırlar. Çünki bu cür robotların hazırlanması kosmik tədqiqatlarda, hərbi əməliyyatlarda, həmçinin bir çox elmi və texniki işlərdə böyük rol oynayacaq. Buna görə də dizaynerlər bu robotları düzəltmək üçün təbiətdəki canlıları tədqiq edirlər və bu heyvanların üstün xüsusiyyətləri ilə bağlı zooloqlardan məsləhətlər alırlar. Kiçik böcəklərin, xərçənglərin, kərtənkələlərin ayaqlarını heyranlıqla tədqiq edərkən bu ayaqların oxşarını robotlara tətbiq etmək üçün olduqca mürəkkəb işlər aparır və yeni dizaynlar düşünürlər. Lakin indiyə qədər bu canlıların sahib olduqları xüsusiyyətlərə bənzər robot dizayn edə bilməmişlər. Rəbbimizin yaratdığı canlılar üzərində təzahür edən bu yaratma elmi bir ayədə belə bildirilir:

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)
Yer üzərindəki bütün canlılar Rəbbimizin yaratdığı möcüzədir. Hər biri insanı heyrətləndirən bənzərsiz yaradılışın mükəmməllikləridir. Uca Allah hər şeyi yoxdan var edərək qüsursuz elmi ilə nizam yaratmışdır və bu nizamı anbaan qoruyur.

Canlıların ayaqlarındakı sirlər hələ də araşdırılır

Böcəklərin uca Allah tərəfindən qüsursuzca yaradılmış ayaqları robotlar üzərində tətbiq edilsə, elmi çalışmalarda çox vacib nailiyyətlər əldə ediləcək. Belə ki, avtonom nəzarət (öz-özünü idarə edə bilməsi) NASA və digər robot texnikası üzrə çalışan qruplar üçün olduqca mühüm və arzulanan metoddur. Böcəyin rahatlıqla istiqamətini tapma qabiliyyətlərinin təkcə bir neçəsi robotlar üzərində tətbiq edilsə, insanların robotları uzaqdan idarə etməsi ilə maneələri rahatlıqla aşan bir çox robotun hazırlanması mümkün olacaqdır. Bu zaman böcək şəklində hazırlanan robotların bir müddət sonra Aya göndəriləcəyi və Marsın kanyonlarında rahatlıqla yeriyəcəyi hesab edilir. Bundan əlavə hadisələr nəzərdə tutulduğu kimi həyata keçsə, bəlkə də, ordu daha diqqətli müşahidə ediləcək, təbii fəlakətlərində, xilasetmə işlərində hörümçək və ya tarakanlara bənzər hazırlanan robotlardan istifadə ediləcək.