Ağaclar nə qədər uzanır?

Ağaclar nə qədər uzanır?

Şimali Arizona Universitetinin tədqiqatçıları dünyanın ən uzun ağacları üzərində apardıqları araşdırmada ağacların böyüməsini tənzimləyən faktorları aşkar etdilər.1 2

Ağacda açıq-aşkar dizayn var. Ağacı təşkil edən hüceyrələr kökü, gövdəni, qabığı, su daşıyan boruları, budaqları və yarpaqları meydana gətirəcək formada nizamlanıb. Hüceyrələr ağacın yaşaması üçün lazımi funksiyaları yerinə yetirən hissələri əmələ gətirir. Bu hissələr sistemli iş birliyi ilə fəaliyyət göstərir.

Bundan əlavə, ağaclar kimyəvi maddələr istehsal edən nəhəng fabrikə bənzəyir. Burada çox mürəkkəb kimyəvi proseslər qüsursuz plan daxilində həyata keçirilir. Müxtəlif dəlillərlə bu prosesləri həyata keçirən orqanların kompüter kimi hesablamalar apardığı sübut edilmişdir.

Ən təəccüblü xüsusiyyətlərdən biri də odur ki, ağac hələ kiçik və yumru toxum halında ikən daxilindəki təşkiletmə və digər sistemlər haqqında məlumatlar onun DNT-də mövcud olur. Toxum DNT-də yerləşmiş təlimatlara əməl edərək görünüşü və ölçüsü ona heç bənzəməyən nəhəng bir quruluşa çevrilir. Toxumun torpağa düşüb bir az nəmləndikdən sonra kök ataraq cücərməsi və zaman keçdikcə ağaca çevrilməsi Allahın qüsursuz yaratmasının dəlillərindəndir.

Bu möcüzəvi canlının müəyyən mərhələdən sonra böyüməni dayandırması Allahın yer üzündə yaratdığı tarazlığa bir nümunədir. Əgər ağacları meydana gətirən hüceyrələr nəzarətsiz şəkildə dayanmadan böyüsə idilər, yer üzündə həyatın yox olmasına səbəb olan müxtəlif hadisələr baş verərdi.

Ağacların uzanmasına hansı faktorların təsir etdiyini araşdıran elm adamları dünyanın ən hündür ağacı hesab edilən 112,7 metrlik nəhəng sərv ağacı da daxil olmaqla, beş ən hündür ağac üzərində tədqiqatlar aparıblar. Bu sərv ağacı 30 mərtəbəli binanın hündürlüyünə bərabərdir.
Elm adamları əvvəllər ağacın hündürlüyünü müəyyən edən əsas faktorun yüksəklikdən qaynaqlanan mexaniki gərilmələr olduğunu düşünürdülər.

Amma daha sonra məlum oldu ki, ağaclar çox düzgün və gərilmə qüvvəsinin təsirini yox edən dizayna sahibdir. Bunun öyrənilməsi ilə tədqiqatçılar ağacların suyu yüksəkliyə daşıma qabiliyyətini araşdırmağa başladılar. Şimali Arizona Universitetindən ekoloq Corc Koh və onun tədqiqat heyətinin apardığı araşdırmada bu mövzu ilə bağlı bir sıra kəşflər edildi. Tədqiqatçıların təbii mühitdə və laboratoriya şəraitində apardıqları araşdırmalarda “ağacların təpəsindəki su tədarükü”nün onların maksimum hündürlüyünü tənzimləyən əsas faktor olduğu öyrənildi.

Yarpağın səthindəki ağızcıqlarda buxarlanma (transpirasiya) baş verdiyinə görə su ağacın yuxarısına qədər çata bilir.
Buxarlanma prosesi suyu köklərdən alıb oduncaq toxumadakı hüceyrələr vasitəsilə ağacın içindən keçirərək ən zirvəyə qədər daşıyır. Su şaquli istiqamətdə yerin cazibə qüvvəsinə və sürtünmə qüvvəsinə müqavimət göstərərək hərəkət edir. Suyun hərəkətini çətinləşdirən bu qüvvələr zirvədə maksimum həddə olduğu üçün onu yuxarıya itələyən qüvvə də ən yüksək həddə çatır. Su boruları bu gərginliyə daxilində hava qabarcıqları yaranaraq suyun tıxanması və borunun parçalanması həddinə qədər tab gətirə bilir. Bu hal botanika elmində emboliya adlanır.

Corc Koh və heyəti ən hündür sərv ağaclarının yuxarı hissəsindəki su borularında yaranan maksimum gərilmə qüvvəsini hesabladılar. Hesablanan bu qüvvənin ölçüsü emboliyanın baş verməsinin yaxın olduğunu göstərdi. Gərilmə qüvvəsi eyni zamanda ağacın uzanmasını tənzimləyən faktordur. Tədqiqat zamanı ağacların hündürlüyünü müəyyən edən digər üç faktor da aşkar edildi.

Ağacın təpəsinə çatan su, əslində, hüceyrənin inkişafına fərqli təsir edir. Ağacın yuxarısına doğru yerin cazibə qüvvəsi ilə sürtünmə qüvvəsi artdığına görə suyun axın həcmi azalır və bu, hüceyrələrin kiçik ölçülü, eləcə də qalın qılaflı olmasına səbəb olur. Bunun nəticəsində təpədəki yarpaqlar daha kiçik və qalın olur. Sərv ağacının təpəsindəki yarpaqlar da ən qalın ölçüdə olduğuna görə bu, ağacın inkişafının qarşısını alır. Beləliklə, artan yarpaq qalınlığı hündürlüyü tənzimləyən ikinci faktordur. Ağacın qalın və kiçik yarpaqlarının olduğu hissədə fotosintez prosesi də zəifləyir. Fotosintezin zəifləməsinə səbəb olan bu təsir ağacın hündürlüyünü tənzimləyən üçüncü faktor kimi müəyyən edildi.
Corc Koh və heyəti 110 metr hündürlükdəki yarpaqların olduğu hissədə CO2 qazının açıq havada müşahidə edilən ən aşağı nisbətinə bərabər olduğunu hesabladılar. Belə vəziyyətdə yarpağın ağızcığından CO2 qazının alınması məhdudlaşır. Bu isə ağacın uzanmasını tənzimləyən dördüncü faktordur.

Elm adamları hündürlüyü tənzimləyən bu dörd fizioloji faktora əsaslanaraq ağacların çatacağı maksimum hündürlüyü hesablamağa çalışdılar. Nəticədə ağacların maksimum 122-130 metrə qədər uzanacaqlarını təxmin etdilər. Buna əsasən 2000 ildən daha çox yaşayan ağaclar da böyüməyə davam edə bilər. Ağacların ildə təqribən 0,25 m böyüdüyünü aşkar edən müşahidələr də bu fikri dəstəkləyir.

Tədqiqat nəticəsində öyrənilən bu məhdudlaşdırıcı faktorlar ekoloji tarazlıq üçün çox mühüm əhəmiyyət kəsb edir. Qısaca sadalayaq:

Yerin cazibə qüvvəsi və sürtünmə qüvvəsinə müqavimət göstərərək yuxarı qalxan suyun müəyyən səviyyədən sonra irəliləməməsi, buna bağlı olaraq yarpaqların kiçilib qalınlaşması, fotosintezin zəifləməsi və fotosintezin baş verməsi üçün lazım olan CO2 qazının minimum nisbətdə qəbul edilməsi ilə ağacın müəyyən səviyyədən sonra böyüməsinin qarşısı alınır.

Beləliklə, canlı-cansız bir çox faktorun bir-birinə təsir edərək meydana gətirdiyi təbii tarazlıq ağacların nəzarətsiz şəkildə böyüməsinin qarşısını alır. Bu yöndən baxdıqda, aparılan tədqiqatlar canlılardakı bioloji proseslərin təbiətin bütün tarazlığını necə tənzimlədiyini və nə qədər mükəmməl şəkildə nizamlandığını göstərir. Şübhəsiz ki, bu faktorların hər biri Allahın istəyi ilə yaradılmış səbəblərdir. Toxumun cücərməsindən ağaca çevrilməsinə və onun uzanmasına qədər hər bir mərhələ uca Allahın əmri və nəzarəti ilə baş verir. Ağacın bioloji inkişafı ilə bağlı bütün proseslər Allahın sonsuz qüdrətinin təzahürləridir.
Allah bir Quran ayəsində belə buyurur:

Otlar da, ağaclar da səcdə edir. (Rəhman surəsi, 6)

Ian Woodward, “Plant science: Tall storeys“ Nature 428, 22 aprel, 2004, səh. 807 – 808
George W. Koch, Stephen C. Sillett, Gregory M. Jennings & Stephen D. Davis, “The limits to tree height”, Nature 428, 22 aprel 2004, səh. 851 – 854