Yarpaqlardakı dizayn və yarpaq növləri

Yarpaqlardakı dizayn və yarpaq növləri

Yarpağın hər hissəsində sonsuz ağılın və sənətin varlığı vardır. Yarpağın forması və quruluşu onun müəyyən məqsədlə dizayn edildiyini göstərir. Məsələn, yarpaq günəş şüasını qəbul etmək üçün düz dayanmalıdır. Ancaq bu formada dayanması xüsusi dizayn tələb edir. Yarpağı qəzet və ya kağıza bənzətsək, onun düz dayanması üçün lazım olan dizaynı daha yaxşı başa düşərik. Gəlin düşünək, kağızı düz tutmaq istəsək, nə olar? Təbii ki, kağız əyilər və qatlanar. Bunun qarşısını almaq üçün isə onu yanlardan bir az əymək lazımdır. Məhz yarpaqlar da düz dayanmaq üçün belə əyriliyə sahib olmalıdırlar.

Yarpaqların günəş işığını daha çox qəbul etmək üçün düz dayanmalarının digər səbəbi də “midrib” adlanan ana damardır. Bu damar yarpağın ortasından keçərək onu bitkiyə birləşdirir. Ana damardan çıxaraq yarpağın səthinə yayılan başqa damarlar da var. Midrib və yan damarlar yarpağın düz dayanmasını təmin edir və skelet funksiyasını yerinə yetirirlər.1

Bəs yer üzündəki saysız-hesabsız yarpaqlar onları düz saxlayan damar sisteminə və bu cür xüsusi əyriliyə necə sahib olublar? Əlbəttə, yarpağın günəş işığından maksimum necə faydalanacağını özü düşünməsi qeyri-mümkündür. Həmçinin yarpaqların dik dayanmaq üçün lazım olan əyriliyi uc hissəyə vermələri, ya da ortalarında skelet funksiyası yerinə yetirən damar sistemi meydana gətirməyə qərar vermələri də mümkün deyil. Bunların təsadüfən öz-özünə meydana gəlməsi də mümkünsüzdür. Beləliklə, yuxarıdakı sualın cavabı çox sadədir: yarpaqların damar sistemini də, uc hissədəki qıvrımı da dizayn edən və yaradan Allahdır.

Yarpaq mexaniki dəstək kimi iş görən damarlar üzərinə sərilən parçaya bənzəyir. Bu sistemin səmərəli işləməsi üçün yarpaq öz toxumasına verdiyi enerjini ən aşağı səviyyəyə salmalıdır. Yarpaq üçün bu çox asandır. Çünki yarpağın ortasından keçən ana damar və buradan yarpaqların kənarlarına uzanan digər damarlar var. Xüsusilə, ana damarın olduğu yer yarpağın ağırlıq paylamasını tarazlamaqda çox əhəmiyyətlidir.2 Belə ki, ana damarın qaldırma gücü birləşmə nöqtəsindən uzaqlaşıldıqca azalır, ağırlıq isə uzaqlaşdıqca daha da artır. Məsələn, ağır kitabı qolunuzu irəli uzadaraq tutsanız, qolunuzun kitabı qaldırma gücünün azaldığını, kitabın qolunuza təsir edən ağırlığının isə artdığını hiss edəcəksiniz. Ancaq ana damar yarpağın düz ortasından keçdiyi üçün üzərindəki ağırlıq bərabər miqdarda paylanır.3
Bu, adi hadisə deyil. Diqqət edin! Heç bir tarazlıq təsadüfən meydana gələ bilməz. Bir düşünün, kərpiclər təsadüfən bir yerə toplanıb sağa-sola aşmayan bina meydana gətirə bilərlərmi? Ya da bir körpü ağırlıq mərkəzi hesablanmadan tikilsə, uçmaya bilərmi? Təbii ki, bu iki nümunə və buna bənzər minlərlə nümunədə olduğu kimi maddə təsadüfən bir yerə gələrək nizam və tarazlıq meydana gətirə bilməz. Canlı-cansız hər varlığı müəyyən nizamla yaradan Allahdır. Allah kiçik yarpağı da, üzərində milyardlarla insanın rahatlıqla yaşaya biləcəyi qədər böyük olan dünyanı da üstün dizaynla yaratmışdır. Bir şeyin böyük, ya da kiçik olması əhəmiyyətli deyil. Allahın yaratmasında heç bir əskiklik yoxdur. Quran ayələrində Allahın hər şeyi mükəmməl yaratdığı və heç kimin Onun yaratdığı kainatda uyğunsuzluq tapa bilməyəcəyi belə bildirilir:

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)

Yarpağın dizaynında bir çox funksional möcüzə də vardır. Yarpaqların quruluş mexanizmini araşdıran Viskonsin Universitetinin professoru Tom Givniş bu mövzu ilə əlaqədar belə deyir:
Əgər bir mexaniki effektivlik qiymətləndirilsə idi, bütün yarpaqlar üçbucaq şəklində olmalı idi.4

Əlbəttə, yarpağın dizaynında yalnız mexaniki quruluş deyil, bir çox kompleks quruluş nəzərə alınır. Buna görə də yarpaqlar üçbucaq deyil, başqa formaya sahibdirlər. Məsələn, yarpaqların düzülüşündə ortaya çıxan riyazi hesablar bunlardan biridir. Yarpaqlar biri digərinə kölgə salmayacaq şəkildə düzülürlər. Givniş bununla əlaqədar belə yazır:
Üçbucaq yarpaqlar incə budaqlarda günəş işığını məhsuldar toplayacaq şəkildə düzülə bilməzlər, çünki üçbucaqlar sıx şəkildə bir yerə gələ bilməzlər. Ancaq yarpağın üzəri çərpələng şəklində daha yaxşı incələrsə, bir dairə və ya spiral şəklində düzülərək bir-birlərinin üstünü örtməzlər.5

Yarpaqların dizaynı yaşadıqları iqlim şəraitinə, yaşama müddətlərinə və hücuma məruz qalma ehtimallarına görə də dəyişir. Nümunə olaraq çoban saçağını götürək: bu bitkinin iti tikanları var. Ancaq bu tikanlar daha çox bitkinin alt hissəsindəki yarpaqlarda var. Üst tərəfdəki yarpaqlarda isə tikana rast gəlinmir. Bu dizaynın əhəmiyyətli səbəbi var. Alt tərəfdəki tikanlar yarpaqları yarpaq yeyən heyvanlardan qoruyur. Heyvanlar bitkinin üst yarpaqlarına çata bilmədikləri üçün üst tərəfdəki yarpaqlar üçün belə bir tədbirə ehtiyac yoxdur.6 Bir çox bitki hücumların qarşısını almaq üçün iti tikanlardan istifadə edir. Tikanlı yarpaqlara hər mövsüm yaşıl olan ağaclarda daha çox rast gəlinir. Bu yarpaqların xüsusi dizaynı var. İynəli quruluşları sayəsində donmaqdan qorunurlar. Həmçinin torpaqdakı su donduğu zaman maye itirilməsinin qarşısını almaq üçün qalın muma bənzər təbəqə ilə örtülürlər.

Adi dəlibəng və ya üzüm kimi dırmaşan bitkilərin üzəri isə ürək şəklində olan yarpaqlarla örtülüdür. Bu bitkilər dəstək olaraq başqa bitkilərin gövdələrindən istifadə edirlər. Sarmaşan bitkilər yarpaqlarını həmişə günəşə tərəf çevirmək məcburiyyətindədirlər. Sarıldıqları bitki yuxarıdan düşən işığın qarşısını aldığı üçün bitki öz sapına görə ən uyğun bucağa doğru yer dəyişdirir. Belə vəziyyətdə yarpaqlar üzlərini günəş işığı istiqamətinə çevirirlər.

Yarpaqlardakı başqa dizayn möcüzəsi də küləkli günlərdə hiss edilir. Məlumdur ki, bitkilərin yarpağının səthi geniş olur. Bunun sayəsində günəş enerjisini daha çox qəbul edirlər. Güclü külək, ya da fırtına bu geniş səthlərə təsir edərək bitkinin sovrulmasına və parçalanmasına gətirib çıxara bilər. Ancaq bunların heç biri olmur. Çünki yarpaq küləyin təsirini azaldacaq şəkildə yaradılmışdır. Bitkidə skelet funksiyası yerinə yetirən sellüloza və lif kimi toxumalar elastikdirlər. Yarpaqlar da bitkinin uzanma istiqamətində inkişaf edirlər. Bu xüsusiyyətlər bitkini küləyin dağıdıcı təsirindən qorumağa kömək edir. Çünki bunun sayəsində yarpaq külək istiqamətində əyilə bilir.7

Yarpaqları küləkdən qoruyan ikinci xüsusiyyət isə küləyin şiddəti artdıqca yarpağın içəriyə doğru qatlanmasıdır. Bunun sayəsində yarpaq küləyin içindən əsdiyi konus şəklində aerodinamik quruluş meydana gətirir. Yarpaqlar bu aerodinamik quruluşun küləyə qarşı gücünü artırmaq üçün toplu olaraq bir-birlərinin içinə keçirlər. Yəni bir budaqdan çıxan yarpaqlar külək istiqamətində əyildiklərində sonrakı yarpağın üstünü örtəcək şəkildə bağlanırlar.8

Bitkilərdəki dizayn möcüzəsi qurudakılarla məhdudlaşmır. Qurudakı bitkilər küləyə müqavimət göstərəcək şəkildə dizayn edildiyi kimi, sudakı bitkilər də axıntının təsirini ən aşağı səviyyəyə endirəcək şəkildə yaradılıblar. Suda axıntının küləyə oxşayan təsiri vardır. Ancaq yosun kimi dəniz dibində yaşayan bitkilər sahib olduqları xüsusi dizayn sayəsində dalğalara və axıntılara qarşı gəlirlər. Bu bitkilərin qurudakılar kimi qalın gövdələri yoxdur. Amma qayalara yapışan kökləri çox möhkəmdir və elastik gövdələri ilə dinamik yarpaqları sayəsində tarazlıqlarını axıntının şiddətinə görə nizamlaya bilirlər. Əgər xarici təsir çox güclü olarsa, bitki əvvəlcə yaşlı yarpaqları itirir. Bu yarpaqlar qopduqdan sonra küləyə və ya axıntıya qarşı müqavimət azalır və bu, bitkinin daha möhkəm olmasına səbəb olur.9

Beləliklə, hər bitkinin quruluşu digərindən fərqlidir. Bitkilər bir tərəfdən fotosintez edərək oksigen və qida istehsal edir, digər tərəfdən də sahib olduqları müxtəlif xüsusiyyətlərlə müəyyən vəzifələri yerinə yetirirlər. Bu xüsusi dizaynları sayəsində bəzi bitki yarpaqları su və qida toplayır, bəziləri tikanları ilə müdafiə olunur, başqa yerlərə sarılıb yapışır, çoxalır, ya da tələlərlə həşəratları tutaraq qidalanırlar. Buna görə də hansı bitkini araşdırsaq qeyri-adi xüsusiyyətlərə sahib olduqlarını görərik və beləliklə də bitkilərin yaradılışındakı sonsuz elm və sənətə şahid olarıq. Şübhəsiz, bu elm və sənət canlı-cansız bütün varlıqları üstün hikmətlə yaratmış olan Allaha aiddir:

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam surəsi, 99)

Mənbələr:
http://www.botany.hawaii.edu/faculty/webb/BOT410/Leaves/LeafMidrib.htm
Steven Vogel, Cats´ Paws and Catapults-Mechanical Worlds of Nature and the People, New York 1998, p. 60-61
Steven Vogel, Cats´ Paws and Catapults-Mechanical Worlds of Nature and the People, New York 1998, p. 60-61
T. J. Givnish, Plant stems: biomechanical adaptation for energy capture and influence on species distributions, p. 3-49 in B. L. Gartner (ed.), Plant Stems: Physiology and Functional Morphology. Chapman and Hall, New York 1995
T. J. Givnish, Plant stems: biomechanical adaptation for energy capture and influence on species distributions. p. 3-49 in B. L. Gartner (ed.), Plant Stems: Physiology and Functional Morphology. Chapman and Hall, New York 1995
Bitkiler, Görsel Kitaplar Dorling Kindersley, İtalya, 1996, s.37
Steven Vogel, Cats´ Paws and Catapults-Mechanical Worlds of Nature and the People, New York 1998, p. 94-95
Steven Vogel, Cats´ Paws and Catapults-Mechanical Worlds of Nature and the People, New York 1998, p. 94-95
Steven Vogel, Cats´ Paws and Catapults-Mechanical Worlds of Nature and the People, New York 1998, p. 94-95