Dronların ilham mənbəyi olan canlılar hansılardır?

Dronların ilham mənbəyi olan canlılar hansılardır?

İynəcənin manevr qabiliyyəti, işıldaquşun 100% səmərə ilə işıq istehsal etməsi, bayquşun ən səssiz uçuş həyata keçirməsi... Bir çox canlılara məxsus olan bu kimi xüsusiyyətlər əsrlərdir insanları heyran qoyur. Belə ki, bu xüsusiyyətlər elm adamlarının ilham mənbəyinə çevrilmiş və yeni elm sahəsinin ortaya çıxmasına səbəb olmuşdur.

Biomimetika (biomimikriya) anlayışı ilk dəfə montanalı yazıçı və elmi müşahidəçi Janine M. Benyus tərəfindən irəli sürülmüşdür. Dilimizdə "biotəqlid" kimi də ifadə edilən bu anlayış daha sonra bir çox insanlar tərəfindən şərh olunmuş və tətbiq edilmişdir. "Təbiətdəki canlıları təqlid" mənasını verən, xüsusilə, son dövrlərdə texnologiya dünyasında tez-tez bəhs edilən bu elm sahəsi insanlara yeni üfüqlər açmışdır. Məsələn, "Interface Focus" jurnalının  2016-cı il, dekabr sayında yer alan son tədqiqatlara görə, “dron” adlanan uçan robotlar, yəni pilotsuz uçuş aparatları təbiətdən ilham alınaraq hazırlanmışdır. Dronların hazırlanmasında nümunə götürülən canlılardan bəziləri bunlardır:
Günlərlə dincəlmədən uçan quşlar

Bəzi quş növləri köç zamanı günlərlə, hətta aylarla dincəlmədən və yatmadan uça bilirlər. Elm adamları illərdir quşların bunu necə bacardığını araşdırırlar. Əvvəllər quşların "bir kürəli yatmaq" deyilən üsulla buna nail olduqları düşünülürdü. Quşların bu üsulla bir gözünü açıq saxlayaraq beyninin bir yarımkürəsini işlətdikləri, digərini isə dincəltdikləri güman edilirdi. Lakin son araşdırmalar göstərdi ki, freqat quşları (Fregata minor) uçuş anında (havaya qalxma və ya süzülmə zamanı) "mikroyuxu" ilə beyinlərini dincəldirlər.

Elm adamları bu quş növü kimi günlərlə, hətta aylarla fasiləsiz havada qala bilən dronlar üzərində araşdırmalarına davam edirlər.

Səssiz uçuş mütəxəssisləri: bayquşlar

Bayquşların mahir gecə ovçusu olduqlarını bilirik. Bu qədər yaxşı ovçu olmalarının əsas səbəbi isə səssiz uçma qabiliyyətləridir. Bioloqlar, riyaziyyatçılar və mühəndislər bayquşların mükəmməl aerodinamik bacarığını araşdırmış və bu cür səssiz uçmaq üçün bir çox lazımi xüsusiyyətlərlə təchiz olunduqlarını kəşf etmişlər. Məsələn, bu canlılar qanadlarının çox geniş olması və məxməri səthi, bir-birinə möhkəm birləşmiş, nahamar tük quruluşu kimi xüsusiyyətlər sayəsində çox səssiz uçurlar. Bu səssiz uçuş texnologiyasını da dronlara tətbiq etmək üçün işlər görülür.

Zədələnmiş qanadlarla da uçan meyvə milçəkləri

Dronlar qabaqcıl texnologiyaya məxsus cihazlar olsalar da, mütləq zədə alırlar. Buna görə də dronları hazırlayan elm adamları bu aparatların zədələndikdə də uçmağa davam etməsi üzərində araşdırmalar apardılar. Tədqiqatçılar bu dəfə meyvə milçəklərinə üz tutdular. Yüksək sürətli görüntüləmə qurğuları ilə bir qanadı zədəli olmasına baxmayaraq, uçan meyvə milçəklərini araşdırdılar. Nəticə elm adamlarının yeni fikirlərinə ilham mənbəyi oldu; meyvə milçəkləri qanad çalma formasını havanın istiqamətinə əsasən dəyişir və özlərini zədələnmiş qanada doğru itələyərək uçmağa davam edə bilirdilər.

Hava cərəyanının təsir etmədiyi arılar

Uçan canlılar və robotlar üçün ən böyük problemlərdən biri gözlənilməz güclü küləklərdir. Lakin elm adamları kəşf etdilər ki, arılar güclü küləklərdə də seçdikləri tozcuq qaynağına gedə bilirlər. Buna necə nail olduqlarını anlamaq üçün arıları külək tunellərinə yerləşdirib, uçuş anını müşahidə etdilər. Tədqiqatın nəticəsi mühəndislik möcüzəsi hesablamaları ortaya çıxardı.

Arılar uçarkən qanad çırpma tezliyini, intervalını və simmetrikliyini dəyişərək qəflətən qarşılaşdıqları güclü küləklərə qarşı havada müqavimət (dözümlülük) qazanırlar. Əgər elm adamları arıların bu texnikasını dronlara tətbiq edə bilsələr, dronlar hava burulğanına girdikdə uçmağa davam edəcəklər.

Qarşısına çıxan maneələri məharətlə aşan göyərçinlər

Yerə yaxın uçan quşu çətin səfər gözləyir. Uçarkən ətrafdakı vizual məlumatları sürətlə şərh etməli və yoluna çıxan maneələrdən xilas olmaq üçün uçuşu tənzimləməlidir.

Düz istiqamətdə uçarkən qarşılaşdığı obyektlərlə toqquşmamaq üçün sürətli manevrlər edən quşların bacarığını araşdıran elm adamları göyərçinlərin hərəkətlərini üçölçülü kameralarla müşahidə etdilər. Bu quşların uçduqları yönlə eyni səviyyədə olan boşluqları seçərək istiqaməti sürətlə təyin etdiklərini kəşf etdilər. Həmin vaxt qanad çalmada sadəcə bir neçə kiçik nizamlama etmək kifayətdir.

Elm adamlarının hazırkı hədəfi quşların istiqamət təyin etmə və manevr qabiliyyətini pilotsuz uçuş aparatlarına tətbiq etməkdir. Beləliklə, dronlar həm uçarkən zədə almadan maneələri aşacaq, həm də ən təhlükəsiz yolu sürətlə seçəcəklər.
Böcəklərin yerə düşmə anındakı çevikliyi dronları təkmilləşdirəcək

Maraqlıdır ki, tədqiqatçılar uçuş haqqında məlumat toplamaq üçün bəzən uçmayan böcəklərdən də istifadə edirlər. Elm adamları bunun üçün bir çox böcək növlərini tədqiq etmiş, nəticədə, bəzi böcək növlərinin aşağıya doğru enərkən sürətlə dönə bildiklərini müşahidə etmişlər. Məsələn, kiçik çomaq böcəyi nimfası (yarımçıq yetkin fərd) qanadsız olmasına baxmayaraq, yüksəklikdən düşərkən havada özünü düzəldərək düz istiqamətdə yerə enir. Böcək ayaq hərəkətlərini hava axınına əsasən tənzimləyərək 0,3 saniyəyə öz ətraflarında tam dönür.

Tədqiqatçılar böcəklərin istifadə etdiyi bu üsulun tətbiq edilməsi ilə dronların havadakı çevikliyinin daha da təkmilləşəcəyini düşünürlər.

Quşlar tükləri töküldüyü halda, necə uçmağa davam edirlər?

Təyyarədə uçduğunuzu, həmin vaxt təyyarənin qanadlarından müəyyən hissələrin qopub-düşdüyünü təsəvvür edin. Məntiqsiz kimi görünsə də, quşların tük tökmə mövsümündə bu hadisə baş verir.

Tük tökmə mövsümündə quşların bədənində yorucu tük dəyişmə prosesi gedir. Lakin təhlükəli olsa da, uçmağa davam etmək məcburiyyətində qalırlar. Bunu necə bacardıqlarını araşdıran elm adamları qarğa fəsiləsindən olan adidolaşa (corvusmonedulla) quşlarını müşahidə etdilər.

Tük tökmə prosesinin müxtəlif mərhələlərində quşların uçuş aerodinamikasını tədqiq etdilər. Nəticədə müəyyən etdilər ki, tük tökmə zamanı quşların uçuş məhsuldarlığı azalır. Amma quşlar möcüzəvi şəkildə tüklərin əskik olduğu yerlərin boşluğunu tamamlamaq üçün qanadlarını fərqli formalarda istifadə edirlər.

Əgər elm adamları bu strategiyanı dronlara tətbiq edə bilsələr, uçuş zamanı qanadı zədələnən dron uçmağa davam edə biləcək.

Canlılardakı mükəmməl xüsusiyyətləri yaradan Allahdır

Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, insanlar təbiəti təqlid edərək istər vaxt və əmək, istərsə də maddi qaynaqların məqsədəuyğun şəkildə istifadə edilməsi baxımından mühüm qazanclar əldə edirlər. Nümunə götürülən canlıların hər biri mükəmməl xüsusiyyətlərlə təchiz edilmişdir. Canlıları bu xüsusiyyətlərlə yaradan uca Allahdır. Aləmlərin Rəbbi olan Allah bənzərsiz yaradandır. Bu həqiqət Quranda belə bildirilir:
Göyləri və yeri yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)

Mənbələr:
http://www.livescience.com/57247-ways-animal-flight-inspires-drone-designs.html
http://www.harunyahya.org/tr/Makaleler/240346/Hangi-canlilar-dronelara-ilham-kaynagi-oluyor