Çətin şəraitə dözümlü olan bitkilər

Çətin şəraitə dözümlü olan bitkilər


Su ehtiyacını kökləri ilə yanaşı, yarpaqları ilə təmin edən bitki hansıdır?

Xaçgülü bitkisi özünü soyuqdan qorumaq üçün hansı tədbiri almışdır?

Bitkilər susuzluğa qarşı necə müqavimət göstərirlər?

Monteverdedə Bulud Meşəsi

Rəbbimiz bitkilərin su ehtiyacını təmin etmək üçün mükəmməl bir sistem yaratmışdır. Bildiyimiz kimi, bitkilər kökləri vasitəsilə suyu topaqdan alır və ksilem boruları ilə gövdələrinə, eləcə də yarpaqlarına çatdırırlar. Lakin bəzi bitkilər yüksək yerlərdə yetişdiklərinə və daima buludların içində olduqlarına görə su ehtiyaclarını təkcə kökləri ilə deyil, yarpaqları ilə də təmin edirlər.

Alçaq düzənliklərdə yerləşən yağışlı meşələr hər gün yağan yağışlar sayəsində su ehtiyaclarını qarşılaya bilirlər. Tropik iqlimli hündür dağlardakı meşələr isə suyu havanın rütubətliliyindən, yəni buludlardan alırlar. Şübhəsiz ki, bütün bunlar Rəbbimizin üstün elminin nəticəsidir.

Bulud meşələrinin dünyadakı ən gözəl nümunələrindən biri isə Kosta Rika dağlarında yerləşir. Burada havanın əsasən dumanlı və rütubətli olmasına baxmayaraq, torpaq örtüyü çox quru olur. Buna görə də ağaclar torpaqdan kifayət qədər su qəbul edə bilmir. Lakin buludların içində hər zaman nəmli olan yarpaq səthləri ağacın su ehtiyacını təmin edə bilir. Çünki Rəbbimiz bu bitkiləri elə formada yaratmışdır ki, onlar suyu yarpaqlar vasitəsilə soraraq budaqlara, oradan da gövdəyə çatdıra bilirlər. Allahın yaratdığı bu xüsusi sistem bir çox canlıların yaşamasını təmin edir. 600-1800 metr hündürlükdə yerləşən bu meşədə yüzdən çox məməli, 400 quş növü, eləcə də 120 amfibya, 2500 bitki və on minlərlə həşərat növləri yaşayır. Şübhəsiz ki, aləmlərin Rəbbi olan Allah bununla bizə Öz varlığının və üstün yaratmasının dəlillərini göstərir. Allah dilədiyini bənzərsiz olaraq yaradandır. Onun yaratmada heç bir şəriki yoxdur. Bu həqiqət Quranda belə bildirilir:

Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, (hər şeydən) Xəbərdardır. (Ənam surəsi, 102-103)

Yareta Bitkisi

Yareta bitkisi And dağlarının Peru, Boliviya, Argentina hüdudlarında və Çilidəki Atakama səhrasında, 3500-4000 metrlik yüksəkliklərdə yetişir. Çiçəkləri həşəratlar tərəfindən döllənən bu bitkinin ən qəribə xüsusiyyəti isə çox yaşamasıdır. Təqribən 3000 il yaşı olan yareta bitkiləri mövcuddur. Görünüşcə yosuna bənzəyir, əslində isə bir-birinə çox sıx yerləşən saplaqlar üzərindəki minlərlə çiçək tumurcuğundan ibarətdir. Böyük yastığa bənzəyən bu bitki And yastığı kimi tanınır. İlboyu yaşıl olan bitkinin çiçəkləri çəhrayı rəngdən yasəmən rənginə qədər müxtəlif rənglərə çalır. Yareta bitkisi dəyişkən iqlim şəraitində və minerallardan kasad olan torpaqlarda suya çox ehtiyac duymadan bol günəş şüası altında yetişir.

Çəhrayı qabıqlı banan

Şimali və şərqi Hindistanda geniş yayılan 120 sm-lik banan növü Allahın rəng sənətinin mükəmməl nümunələrindən biridir. Bu bitki çəhrayı və narıncı çiçəklərə, narıncıya çalan yarpaq saplağına, eləcə də çəhrayı rəngli kiçik meyvələrə sahibdir. Minerallarla zəngin torpaqlarda, bol günəş və ya yarı kölgədə yetişdirilən bu bitkinin ən əsas xüsusiyyəti soyuğa qarşı çox dözümlü olmasıdır. Gövdəsi qışın soyuğundan qurusa da, kökləri -10 dərəcəlik şaxtaya dözür. Hər şeyi ən incə təfərrüatına qədər nizamlayan Allah bu bitkini də yaşadığı mühitə uyğun şəkildə yaratmışdır. Allah hər şeyin hakimidir. Kainatda baş verən hər şeydən xəbərdardır. Allah bir ayədə bu həqiqəti belə bildirir:

O, göydən yerə qədər olan bütün işləri idarə edir... (Səcdə surəsi, 5)

İnsanlar təhlükəli coğrafi şəraitdə müəyyən texniki imkanlara sahib olmadan yaşaya bilmirlər. Bəzi bitkilər isə həm estetik görünüşləri, həm müdafiə sistemləri, həm də çətin şəraitə qarşı aldıqları tədbirlərlə elm adamlarını heyrətə gətirirlər. Yetişdikləri torpaqdakı suyun, temperaturun, eləcə də mineralların kifayət qədər olmamasına baxmayaraq, həyatda qalan bu möcüzəvi bitkilər uca Allahın üstün ağlının və yaratma sənətinin dəlilləridir.

Susuzluğa qarşı dözümlü olan bitkilər

Quraqlıq bölgələrdə yaşayan bir çox bitkilər su toplama xüsusiyyətinə sahibdir. Hər bir bitki suyu fərqli yerlərdə saxlayır. Bu bitkilər susuzluğa qarşı dözümlü olaraq yaradılmışdır. Cırtdan sidr ağacı (peucephyllum) və gecələr az miqdarda nəm qəbul edərək sərt quraqlıqda da yaşıl qalan tikanlı kəvər (capparis spinosa) bitkisi susuzluğa qarşı dözümlü olan bitkilərdəndir.

Bir çox ağac və kol yarpaqları quraqlığa qarşı dözümlü olaraq yaradılmışdır. Məsələn, bəziləri iynə və ya buket formalı kiçik yarpaqlara sahibdir. Bu yarpaqlar sayəsində də günəşin yüksək temperaturuna daha az məruz qalırlar. Bəzi qısaömürlü bitkilərin yarpaqlarının kənarında, əsasən də, üst hissəsində məsamələr olur. Bunlar küləkli havalarda buxarlanma nəticəsində baş verən su itkisinin qarşısı alır. Bəzi yarpaqlarda isə hər iki tərəfdə də məsamələr var. Xüsusən hava dumanlı olanda bu məsamələr vasitəsilə havadan nəm qəbul olunur.

Bəzi bitkilərin yarpaqları isə, ayıqulağı manzanita bitkisində olduğu kimi, şaquli formadadır. Bu xüsusi yaradılış sayəsində günəş işığı yarpağın üst hissəsinə daha az düşür və buna görə də su itkisi azalır.

Kaktus kimi yarpaqsız bitkilərdən biri olan paloverde də fotosintez prosesini gövdəsi vasitəsilə yerinə yetirir. Səhra şəraitində yetişən bitkinin yarpağı çox olarsa, su daha çox buxarlanar. Buna görə də Allah bu bitkiləri səhra şəraitinə tab gətirmələri üçün fərqli xüsusiyyətlərlə yaratmışdır. Səhra bitkiləri istiyə qarşı müxtəlif tədbirlər alırlar. Bütün bitkilərə sahib olduqları bilgiləri bəxş edən, onları yaşadıqları mühitə uyğun formada yaradan aləmlərin Rəbbi olan uca Allahdır.

Xaçgülü bitkisi

Ekvator bölgəsində minlərlə metr yüksəkliyi olan Keniya dağında böyük və ehtişamlı görünüşə sahib xaçgülü bitkiləri (senecio vulgaris) yetişir. Gecələr torpaq səthi nazik buz təbəqəsi ilə örtülən Keniya dağının ətəkləri bu bitkilərlə zəngindir.

Xaçgülü bitkilərinin yarpaqlarında toxumaların şaxtadan zərər görməsinə mane olan xüsusi maddə istehsal edilir. Bu qoruyucu maddə sayəsində bitkinin üzərindəki nazik buz təbəqəsi günəşin altında əriyir və gövdə yenidən canlanır.

Gün işığı bitkinin üzərinə düşdükcə buzlar əriməyə başlayır. Bu zaman isə yarpağın məsamələrindəki su buxarlanır. Lakin xaçgülü bitkisi suyu yaşamaq üçün boşalan məsamələrə geri qaytarmalı və yarpaqların qurumasına imkan verməməlidir. Yarpaqlara lazım olan suyu göndərmək üçün isə gövdəsindəki su kanallarından istifadə etməlidir. Lakin bu zaman həmin çiçəkləri bir təhlükə gözləyir: hava soyuduqca su kanalları da donmağa başlayır. Buna görə də bitkinin aşağı hissəsindəki yarpaqlar hər il müəyyən vaxtda quruyur. Xaçgülü digər bitkilərdən fərqli olaraq, yarpaqlarının müəyyən hissəsi qurusa da, onların tökülməsinə imkan vermir və üzərində saxlamağa davam edir. Beləcə, gövdəsinin aşağı hissəsində qalın zireh yaradan bu quru yarpaqlar şiddətli soyuqdan bitkini qoruyur. Bu ağıllı üsulla gövdəsindəki kanalların buz tutmasına mane olaraq, digər yarpaqların yaşaması üçün lazım olan suyu asanlıqla göndərə bilirlər.
Şübhəsiz ki, torpaqdan asılı halda yaşayan bitkinin öz-özünə qoruyucu maddə əmələ gətirməsi və bunu eyni növlərin genində yerləşdirməsi mümkün deyil. Allah bu bitkiləri üstün elmlə yaratmışdır.

Bütün bunlar onu göstərir ki, qüsursuz sistemlərə, eləcə də qorunma üsullarına sahib olan bitkilərə bu bilgiləri ilham edən, forma və görünüş verən, çətin şəraitə baxmayaraq, mükəmməl bitkilərin yetişməsini təmin edən aləmlərin Rəbbi, hər şeydən xəbərdar olan uca Allahdır. Bu, bir ayədə belə bildirilir:

Sizin tanrınız yalnız Özündən başqa heç bir tanrı olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir. (Taha Suresi, 98)