Dünya necə nəfəs alır?

Dünya necə nəfəs alır?

Sizdən dünyadakı bütün ağacların təqribi sayını soruşsalar, nə cavab verərsiniz? 10 milyon? 250 milyard? Xeyr, heç biri… Son tədqiqatlara əsasən məlum olub ki, dünyada təqribən 3,1 trilyon ağac mövcuddur. Bu, çox böyük göstəricidir. Bu rəqəmi əldə etmək üçün 3,1-in yanına 11 dənə sıfır yazmalıyıq.

İndi isə bu ağaclardakı yarpaqların sayını düşünün. Möhtəşəm bir rəqəmlə qarşılaşacağıq. Məhz bu yarpaqlar atmosferdəki oksigen-karbondioksid tarazlığını tənzimləmək üçün durmadan fəaliyyət göstərir. Bu tarazlığın necə həssas olduğunu başa düşmək üçün aşağıdakı nümunəyə baxaq:

  • Atmosferdə indikindən daha çox oksigen olsa idi, yanma reaksiyaları daha sürətlə gedər, qaya və metallar daha tez aşınardı. Bu zaman isə yer üzü sürətlə aşınaraq əriyər və canlılar aləmi üçün təhlükə yaranardı.
  • Əgər oksigen daha az olsa idi, nəfəs almaq çətinləşər, daha az ozon qazı istehsal edilərdi. Ozonun miqdarının dəyişməsi isə canlılar üçün ölümcül təhlükə yaradır. Ozon qazı indikindən daha az olsa, günəşin ultrabənövşəyi şuaları dünyaya daha sürətlə çatar və canlıları məhv edər.
  • Əgər karbondioksid daha az olsa idi, qurudakı və dənizdəki bitkilər azalar, beləcə, heyvanlara da qida çatmazdı. Okeanlarda isə hidrokarbonat daha az olar və nəticədə turşuluğu artardı.
  • Atmosferdəki karbondioksidin artması isə qitələrin kimyəvi aşınmasını sürətləndirər, okeanlarda zərərli qələvi mühit yaradardı. Eləcə də, parnik effekti artdığı üçün temperatur yüksələr və həyat məhv olardı.

Gördüyümüz kimi, atmosferdəki qazların nisbəti həyatın davam etməsi üçün mühüm amildir. Ağaclar isə bu nisbətin qorunmasında vacib rol oynayır. Yarpaqlar havadakı karbon qazını udur və günəş işığı vasitəsilə fotosintez prosesini həyata keçirir. Beləcə, karbon qazı qlükozaya çevrilərək ağacın gövdəsində qalır, oksigen isə havaya buraxılır. Qışda yarpaqlarını tökən ağaclar karbondioksidi uda bilmədiyi üçün atmosferdə karbon qazının miqdarı artır. Yazda isə ağaclar yenidən yarpaqlayır və atmosferdəki oksigenin səviyyəsi yüksəlir.

NASA yayımladığı video ilə ağaçların həyata keçirdiyi bu möhtəşəm prosesi gözlər önünə sərdi. Videoda qırmızı və narıncı rənglərlə göstərilən karbondioksidin qışda ən yüksək, yazda isə ən aşağı səviyyədə olduğu görünür.

Qışda karbondioksidin miqdarı ən yüksək səviyyədə (qırmızı və narıncı rənglər)

Yazda karbondioksidin miqdarı ən aşağı səviyyədə

“Nature” jurnalında ağacların Samanyolundakı ulduzlardan daha çox olduğu və trilyonlarla yarpağı ilə havanı təmizlədiyi bildirilmişdir. Bəs bu möhtəşəm proses necə baş verir?

Bütün proseslər ağızcıq (lat. “stoma”) adlı kiçik ağciyərə bənzər hüceyrələrin köməyi ilə həyata keçirilir. Ağızcıqlar havanın daxil olması üçün ağız kimi açılır. Yarpaqlarda bu kiçik tənəffüs balonları o qədər çoxdur ki, təkcə 1mm2-də 100-1000 arası ağızcıq olur.

İndi yenidən düşünək: 3,1 trilyon ağac, bu ağaclardakı trilyon dəfə trilyon qədər yarpaq və bu yarpaqlardakı katrilyonlarla ağızcıq… Kiçik yarpağın içinə yerləşdirilmiş inanılmaz dərəcədə çox olan bu ağızcıqlar filtr kimi havanı təmizləyir və biz bunun sayəsində rahat nəfəs ala bilirik.

Kəşf edilən yeniliklər bizi dünyadakı möhtəşəm sistemlər üzərində düşünməyə vadar edir.

“O yaratdığını bilməzmi?” (Mülk surəsi, 14) ayəsində bildirildiyi kimi, bütün canlıların hakimi olan Allah kainatda yaratdığı hər şeyi ən kiçik təfərrüatına qədər bilir. Çünki onların hər birini yaradan Allahdır. Yaratdığı canlı-cansız bütün varlıqların sayını da O müəyyən etmişdir. Şübhəsiz ki, heç bir bəşər övladı bu elmə sahib ola bilməz. Bu elm yanlız aləmlərin Rəbbi olan Allaha məxsusdur.

Biz isə aciz varlıqlarıq. Bircə ağacın yarpaqlarını saymaq istəsək, buna günlərimizi sərf etməliyik. Uca Rəbbimiz isə dünyadakı bütün yarpaqlarının sayını, bu yarpaqlardakı ağızcıqları, xloroplastları, nazik damarları və bizim təxmin edə bilmədiyimiz neçə-neçə kiçik detalları da bilir. Allah bunların yanlız sayına deyil, bütün funksiyalarına hakimdir. İnsan təxəyyülündən daha üstün olan bu möcüzəvi detallar onları yaradan və sonsuz qüdrət sahibi olan Allahın varlığını göstərən dəlillərdəndir.

Dünyada nəyi araşdırsaq da, hər şeyin həyat üçün ən uyğun şəkildə yaradıldığını görərik. Biz isə uca Allahın bəxş etdiyi bu qədər gözəllik və nemətlərə görə davamlı Ona şükür etməliyik. Bununla bağlı Quran ayələrində belə bildirilir:

O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)

Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti naşükürdürlər. (Nəml surəsi, 73)

Mənbə:

Nature, 10 sentyabr 2015, sayı. 525, səh. 201 National Geographic, 3 sentyabr 2016. http://phenomena.nationalgeographic.com/2016/03/09/the-earth-has-lungs-watch-them-breathe/