Fizika elmini “bilən” ağcaqanad ayaqları

Fizika elmini “bilən” ağcaqanad ayaqları

Allah Quranda bəzi canlılara xüsusi diqqət çəkmişdir. Bunlardan biri ağcaqanaddır. Uca Allahın bəxş etdiyi bir çox kompleks sistemlərə sahib olan bu canlının digərlərindən fərqli bir xüsusiyyəti var. Bu canlı həm divarda, həm də suyun üzərində yeriyə bilir. Bəs necə olur ki, ağcaqanadlar akrobatik hərəkətləri xatırladan bu bacarıqları ilə müxtəlif səthlərdə sabit dayana bilirlər?

Çoxları ağcaqanadı dəyərsiz, adi bir canlı hesab edir. Halbuki ağcaqanad uca Allahın varlığının dəlillərini daşıdığı üçün diqqətlə tədqiq edilməli və üzərində düşünülməlidir. Çünki kainatdakı digər bütün canlı-cansız varlıqlar kimi, yaradılışı isbat edən dəlillərlə zəngindir və Yaradanın gücünü, elmini göstərmək üçün mövcuddur. Uca Allah Quranın bir ayəsində bu həqiqəti belə bildirir:

 “Həqiqətən, Allah ağcaqanadı və ondan da üstün olanı misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: ´Allah bu məsəllə nə demək istəyir?´ -deyirlər. Halbuki O, bununla bir çoxlarını azdırır və bir çoxlarını da doğru yola yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.” (Bəqərə surəsi, 26)

Bu canlıların bir çox xüsusiyyətləri kimi, ayaqları da Allahın möhtəşəm yaratma sənətini və sonsuz ağlını göstərən dəlillərlə zəngindir. İndi isə qüsursuz sistemlərə sahib olan bu canlılara müxtəlif səthlərdə dayanma qabiliyyəti qazandıran yaradılış xüsusiyyətlərinə nəzər yetirək!

Ağcaqanad ayaqlarındakı mükəmməl detallar: tükcüklər və oyuqlar

Milçəklər və bəzi böcəklər divara və tavana məharətlə dırmaşır, lakin suda yeriməyi bacarmırlar. Suda yeriyən bəzi böcəklər isə divara dırmaşa bilmirlər. Amma ağcaqanadlar hər iki səthdə dayanmağı bacarırlar.

Ağcaqanadlar düşmənlərindən qaçarkən divara və tavana dırmaşır, yumurtalarını isə göl və ya digər sulara qoyurlar. Bu canlıların belə geniş hərəkət qabiliyyətinə sahib olmasının səbəbi yaradılışlarındakı detallardır. Həmin detallar ağcaqanad ayağındakı tükcüklər və oyuqlardır.

Bəs bu tükcük və oyuqlar ağcaqanadın yeriməsində nə kimi rol oynayırlar?

Əvvəllər düşünülürdü ki, ağcaqanadların suyun səthində dayanmasının səbəbi ayaqlarından ifraz olunan yapışqan maye ilə suyun səthi gərilməsinin birləşməsidir. Lakin yeni tədqiqatlar bu canlıların ayaqlarındakı mikroskopik tükcüklərin kiçik hava qovuqcuqlarını saxladığını və beləliklə də, suyun üstündə qayıq kimi üzdüklərini aşkara çıxardı. Ağcaqanadların şaquli səthlərə və tavana dırmaşmağını da "seta" və ya "mikroseta" adlandırılan bu tükcüklər təmin edir. Gözlə görünməyən bu mikroskopik tükcüklər uca Allahın sonsuz ağlının dəlilləri ilə doludur. Eyni istiqamətdə yerləşmələri, iynəyəbənzər formaları, insan saçının telindən (insan saçının bir teli 80-100 mikrometrdir) təqribən 30 dəfə nazik, 3 mikrometrdən kiçik ölçülərinə baxmayaraq, bir neçə təbəqədən ibarət olmaları bu dəlillərdəndir. Əlbəttə ki, bu detalları ağlı və beyni olmayan ağcaqanadın düşünməsi, bunları bədəninə yerləşdirməsi və gələcək nəsillərə ötürməsi mümkün deyil. Ağcaqanad, digər bütün canlılar kimi, Allahın sonsuz ağlının əsəridir.

Ağcaqanadın ayaqlarındakı detallar yalnız tükcüklərlə məhdudlaşmır. Bu tükcüklər bir metrin milyardda biri qədər, yəni nanometrlə ölçülən oyuqlara sahibdirlər. Ağcaqanadların ayaqlarını örtən və hava kisəciklərindən ibarət olan bu kiçik oyuqlar suyun səthi gərilməsini artırır və suyun oyuqlardan içəri sızmasını çətinləşdirərək ayaqlarının suyun üstündə quru qalmasını təmin edir. Oyuqlar kiçildikcə suyun araya daxil olması da çətinləşir. Bu oyuqlar ağcaqanad üçün həyati əhəmiyyət daşıyır. Çünki avar çəkirmiş kimi üzərkən su ayaqlarla təmasda olsa və ağcaqanad suya düşsə, səthə qalxmaq üçün öz çəkisindən 10 dəfə artıq qüvvə sərf etməlidir.

Ağcaqanadlar necə suyun üzərində dayanır və divarda yeriyirlər?

Ağcaqanadların həm suyun üzərində dayanması, həm də divarda yeriməsi, şübhəsiz ki, qeyri-adi prosesdir. Bəzi böcəklər suyun üzərində yeriyə bilsələr də, divarda gəzə bilmirlər. Lakin ağcaqanadlar hər iki səthdə dayanma qabiliyyətinə sahibdirlər. Suyun altında doğulan və sürfə mərhələsi keçirən ağcaqanadlar yumurtalarını suyun səthinə qoymaq məcburiyyətindədirlər. Bu proses üçün ağcaqanadlar su üzərində dayana bilən ayaqlara sahib olmalıdırlar. Buna görə də bu canlılarda suyun üstündə dayanmağa uyğun, inkişaf etmiş, xüsusi ayaq yastıqları yaradılmışdır. Ayaqlar üzərindəki mikrotükcüklər, tükcüklərin üstündəki nano ölçüdə oyuqlar və suyun səthi gərilməsi sayəsində bu xüsusi hava yastıqları meydana gəlir. Ağcaqanad belə möhtəşəm ayaqlara sahib olmaq üçün fizikanı bilməlidir. Üstəlik, bu məlumata sahib olsa belə, onu öz bədənində var etməli və  gələcək nəsillərə ötürməlidir. Əlbəttə, ağcaqanad bunların heç birini bacara bilməz. Çünki nə bunun üçün lazım olan ağıla, nə də fizika haqqında məlumata sahibdir. Bu varlıq bir neçə millimetr ölçüdə, ağlı və şüuru olmayan canlıdır. Ona belə möhtəşəm bir sistemi verən insanı da, ağcaqanadı da yaradan, "göylərin, yerin və hər ikisi arasında olanların Rəbbi" uca Allahdır.

Ağcaqanad ayaqlarındakı qüsursuz detal: su çuxurları

Ağcaqanadın suyun üzərində dayanmasını təmin edən başqa bir detal isə ayaqlarının suyun səthində əmələ gətirdiyi çuxurlardır. Yaranan çuxurlardakı suyun səthi gərilməsi onları su səthində saxlayır. Bu çuxur suyun hava ilə təmasda olan səthini kiçiltməyə çalışır və trampolin kimi aşağı doğru qıvrılaraq böcəyin ağırlığını daşımasını təmin edir. Lakin daha böyük canlılar və insanlar üçün eyni prinsip mümkün deyil. Çünki suyun səthi daha böyük cismin və ya canlının çəkisinə məruz qaldıqda kiçilir, beləliklə, çəkiyə tab gətirən səthi gərilmənin üstünlüyündən yararlanan səth sahəsi azalır. Buna görə də su ağırlığı daşıya bilmir. İnsanın su üzərində dayanması üçün lazım olan ayaq ölçüsü təxminən bir kilometrdir. Əlbəttə, bir kilometr uzunluğunda ayağa sahib olmaq insana üstünlük qazandırmır və hərəkət məhdudiyyətinə səbəb olur.

Hər şeyi müəyyən nizam ilə yaradan uca Allah insanlara səthi gərilmədən faydalanma xüsusiyyəti verməmişdir. İnsan bu vəziyyət qarşısında düşünməli və nə qədər aciz olduğunu bir daha dərk etməlidir. Çünki kiçik bir böcəyin asanlıqla etdiyi hərəkət, uca Allah istəmədiyi müddətcə, insan üçün qeyri-mümkündür.

Tükcüklər və oyuqlar su üzərində dayanmağı necə təmin edir?

Suyun üzərindəki hava qabarcıqları mikrosetalar və nano oyuqlar arasında saxlanılır. Bu zaman canlının ayaqlarının islanmasının qarşısını alan hava yastıqları yaranır. Bunun sayəsində ağcaqanad su üzərində dayanma və yerimə qabiliyyəti qazanır. Ördəklərin tükləri də su keçirməməsi baxımından eyni xüsusiyyətə malikdir, ancaq suda yeriyən heyvanların yaratdığı itələmə qüvvəsi kimi effektiv deyil. Alimlər bu tükcüklü ayaqları super hidrofoblar (sukeçirməzlər) kimi xarakterizə edirlər.

Suyun səthində dayanan ağcaqanadın bir ayağı öz çəkisindən 23 dəfə çox yük daşıyır.