Bəzi müsəlmanlar nə üçün təkamül nəzəriyyəsini müdafiə edirlər?

Bəzi müsəlmanlar nə üçün təkamül nəzəriyyəsini müdafiə edirlər?

İnsanlar tarix boyunca kainatın və canlıların mənşəyi haqqında düşünmüş və bununla bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bu fikirləri iki yerə ayıra bilərik: kainatı materialist düşüncə ilə izah etməyə çalışanlar və Allahın bütün kainatı yoxdan var etdiyini, yəni yaradılış həqiqətini görənlər.

 Materialist düşüncə kainatı təşkil edən maddənin var olan yeganə varlıq olduğunu iddia edir. Bu batil inanca əsasən, maddə sonsuzdan bəri vardır və maddəyə hakim olan başqa güc yoxdur. Materialistlər kainatın təsadüfən yarandığını, canlı aləmin də zamanla təsadüf nəticəsində cansız maddələrdən təkamül keçirərək əmələ gəldiyini qəbul edirlər. Bu yanlış düşüncəyə əsasən yer üzündəki bütün canlılar təbii təbiət hadisələri və təsadüflər nəticəsində ortaya çıxmışdır.

Başqa sözlə desək, materialist fəlsəfə canlıların yaranmasını təkamül nəzəriyyəsi ilə izah etməyə çalışır. Təkamül nəzəriyyəsi ilə materialist fəlsəfə bir-birini tamamlayan iki fikir sistemidir. Qədim Yunanıstanda ortaya çıxan bu birlik 19-cu əsrin ibtidai elm düşüncəsi çərçivəsində yenidən gündəmə gətirilmişdir. Təkamül nəzəriyyəsi materializmə dəstək verdiyi üçün elmi olub-olmadığına baxmadan materialistlər tərəfindən dərhal qəbul edilmişdir.

Təkamül nəzəriyyəsinin qarşısında isə yaradılış gerçəyi var. Elmi kəşflərin də müəyyən etdiyi kimi, maddə sonsuzdan bəri mövcud olmayıb və özbaşına da deyil. Allah maddəni yoxdan yaratmışdır. Canlılar da Allahın yaratması ilə var olmuşdur. Kainatdakı və canlılardakı mükəmməl nizam və tarazlıq bu həqiqətin açıq dəlilidir.

İnsanların ağıl və müşahidə ilə dərk edəcəyi yaradılış gerçəyi tarixin əvvəlindən bu yana din yolu ilə insanlara öyrədilmişdir. Bütün ilahi dinlər Allahın kainatı yoxdan “Ol” əmri ilə yaratdığını və kainatdakı qüsursuz proseslərin Allahın üstün yaratma gücünün dəlili olduğunu bildirmişdir. Bu həqiqət Quranın bir çox ayələrində də qeyd edilir. Allah “Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar.” (Bəqərə surəsi, 117) ayəsi ilə yoxdan və möcüzəvi şəkildə yaratdığını bildirmişdir. “Ənam” surəsində isə belə buyurulur:

Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!” – dediyi gün hər şey olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, hər şeydən Xəbərdardır. (Ənam surəsi, 73)

Müasir elm materialist-təkamülçü iddiaların əsassızlığını, yaradılış gerçəyini və təsadüfə qətiyyən yer olmadığını bizə göstərir. Göyün, yerin və bütün canlı varlıqların araşdırılması ilə ortaya çıxan hər incəlik Allahın sonsuz gücünün dəlilidir.

Materializmlə Allah inancı arasındakı fikri müxtəliflik dinlə dinsizlik arasındakı ən əsas fərqdir. Allah Quranda inkar edənlər haqqında “Bəlkə, onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?” (Tur surəsi, 35) deyə buyuraraq, onların yaradılış qarşısındakı batil iddialarına diqqət çəkir. İnkar edənlər tarix boyunca kainatın və insanların “yaradılmadığı” yalanını irəli sürmüş və bu mənasız iddianı doğru göstərmək üçün müxtəlif üsullar axtarmışlar. 19-cu əsrdə isə Darvinin nəzəriyyəsi ilə bu mövzuda böyük irəliləyiş əldə etdilər.

Bir müsəlman bu mövzuda fikri “uyğunluq” axtara bilməz. Əlbəttə ki, insanlar istədikləri kimi düşünə, istədikləri nəzəriyyəyə də inana bilərlər. Lakin Allahı və yaradılışı inkar etmək məqsədi ilə ortaya atılan nəzəriyyə ilə həmfikir olmaq mümkün deyil. Bu, tamamilə yersiz cəhddir.

Belə cəhdin müsəlmanlara zərər verəcəyini bilən təkamülçülər dindarları bunun üçün səy göstərməyə məcbur edirlər.

Təkamülçü yaradılış düşüncəsi darvinistlər tərəfindən təşviq edilir

Təkamül nəzəriyyəsini kor-koranə müdafiə edən alimlər elm sahəsində əldə edilən yeniliklər qarşısında hər gün daha da çıxılmaz vəziyyətə düşürlər. Çünki hər yeni kəşf nəzəriyyələrinin əleyhinə olur və yaradılışı təsdiq edir. Buna görə də təkamüllə bağlı kitablarda elmi faktlar deyil, demaqogiya üstünlük təşkil edir. Hətta tanınmış təkamülçü elmi jurnallar da bu nəzəriyyənin düşdüyü vəziyyəti etiraf etməyə məcbur olur. Elmi müzakirələr yaradılışı müdafiə edən alimlərin qələbəsi ilə yekunlaşır və təkamülçülərin çarəsizliyinə bütün dünya şahid olur.

Məhz bu məqamda digər saxtakarlıq nümunəsi olan təkamüllə yaradılış yalanı materialistlərin imdadına çatdı. Təkamülçülər inanclı insanların dəstəyini almaq və onların bu nəzəriyyəyə qarşı apardıqları fikri mübarizəni zəiflətmək üçün təkamüllə yaradılış yalanını dəstəkləyərək fərqli üsulu sınaqdan keçirirlər. Özləri Allaha inanmadıqları, təsadüfü ilahlaşdırdıqları (Allahı tənzih edirik), yaradılışa tamamilə qarşı olduqları halda, nəzəriyyələrinin daha tez qəbul ediləcəyini düşündükləri üçün bəziləri Allahın canlıları təkamüllə yaratdığı yalanına qarşı səs çıxartmır, hətta çox vaxt bu fikrə dəstək olurlar. Lakin bu ancaq taktikadır. Təkamülçülər dinə və yaradılışa tamamilə qarşıdırlar. Hətta yaradılış gerçəyinin cəmiyyət tərəfindən qəbul edilməməsi üçün lazım gələrsə, təkamül nəzəriyyəsi ilə yaradılış arasında uyğunluq varmış kimi göstərə bilərlər. Çünki bununla yaradılışı müdafiə edənlərin gücünü qıracaqlarını düşünürlər.

Bu zaman Allahın bütün kainatın Yaradıcısı olduğuna iman gətirib, elmin ortaya qoyduğu həqiqətlərə göz yumaraq təkamül nəzəriyyəsinə dəstək olmaq, üstəlik Qurandakı açıq-aydın izahlara baxmayaraq, təkamülün Qurana uyğun olduğunu iddia etmək çox böyük xətadır. İnanclı insanlar bu yolla materialist fəlsəfəyə dəstək olduqlarının fərqinə varmalı və bundan əl çəkməlidirlər.