İnsanın təkamülü iddiaları doğrudurmu?

 İnsanın təkamülü iddiaları doğrudurmu?

1. İDA (Darwinius masillae)

2009-cu ildə “insanın təkamülü” nağılına sübut olaraq gündəmə gətirilən bu fosil bütün darvinist nəşriyyatlarda propaqanda alətinə çevrildi. Əslində, Almaniyada tapılan və 47 milyon il yaşı olduğu təxmin edilən fosilin, sadəcə olaraq, nəsli tükənmiş bir lemurdan başqa bir şey olmadığı məlum oldu1. “Nature” jurnalının baş redaktoru, təkamülçü Dr. Henri Ci də bu fosilin keçid forma olaraq qəbul edilməsinin yanıldıcı olacağını ifadə etdi 2. Bundan əlavə, 95%-i qorunmuş olan 3 canlının iç orqanları da daxil olmaqla, bütün təfərrüatları incələnmiş və növə məxsus bir neçə detal xaric olmaqla, bütün xüsusiyyətlər mükəmməl lemur növünü təmsil etmişdir. Darvinistlər İdanın bükülə bilən baş barmağının olduğunu, bunun digər məməlilərdə olmadığını, amma insanda rast gəlindiyini deyirlər. Halbuki bu gün yaşayan bütün lemurların baş barmaqları bu cürdür. İdanın dırnaqlarının olması da onu insanla qohum etmir, çünki digər primatlarda da dırnaqlar mövcuddur 4. İdanın ayaq daraqarxası sümüyünün “insanınkıyla eyni” olduğu da iddia edilir. Halbuki canlının ayaq strukturu insanınkından tamamilə fərqlidir. Ayaqdakı tək sümüyün bənzərliyi götürülüb digər bütün fərqliliklər görməzdən gəlinmişdir. Diş darağının olmaması da bu fosili keçid forma etmir, çünki dişlər meymun dişləri ilə bənzərlik göstərir 5.

2. DRİOPİTEK (Dryopithecus)

Driopiteklərə aid ilk nümunə 1856-cı ildə Fransanın Sen-Qodens bölgəsindən tapılıb. Daha sonra Macarıstan, İspaniya və Çin kimi dünyanın müxtəlif bölgələrindən Driopitek fosilləri çıxarılmışdır. Tapıldığı təbəqələr Miosen dövrünə, bundan 12-9 milyon il öncəsinə aiddir6. Fransada tapılmış və driopitek növünə aid olduğu deyilən bazu sümüyündən sonra 7 dünyanın müxtəlif bölgələrindən driopitek kəllə sümüyü 8 və çənə sümüyü 9 də tapıldı. Maraqlısı budur ki, sözügedən sümük qalıqlarından başqa bədənin qalan hissələrinə aid heç bir qalıq tapılıb çıxarılmayıb. Lakin təkamülçülər bunlarla kifayətlənməyib, canlının bütöv rekonstruksiyasını hazırlamaqdan tutmuş insanabənzər varlıqlara başlanğıc vermiş olduğu kimi spekulyasiyalara girişmişlər. Fosil nümunələrinə əsaslanan alimlərə, məsələn, Devid Pilbim və Elvin Simons kimi paleontoloqlara əsasən, driopiteklər “meymunluğa məhkum” idilər10. Azı dişlərindəki nisbətən kiçikölçülü mina qatı bu canlının yumşaq yarpaqlar və meyvələrlə qidalandığını göstərir ki, bu da ağaclarda yaşayan bir canlı üçün ideal qidalanma tərzidir. Əvvəllər Driopiteklərin əcdadı sayılan Egiptopitekin isə heç bir əcdad xüsusiyyəti daşımadığı və sadəcə bir meymun növü olduğu Riçard Liki11, Uilyam Fiks12 və Diana Frans13 kimi təkamülçülər tərəfindən etiraf edilmişdir. İnsanın xəyali təkamül sxemində guya Driopiteklərdən törəmiş “əcdadımız” isə Ramapitek sayılırdı. Ramapitek hekayəsinin sonu üçün baxın: Ara Keçid Forma İddialarına Cavab -IV- Hissə

3. SAHELANTROP (Sahelanthropus tchadensis)

2002-ci ilin yayında Mərkəzi Afrikada, Çadda tapılan və Sahelanthropus tchadensis adı verilən fosil o vaxt üçün təkamül nəzəriyyəsinin insanın mənşəyi haqqındakı iddialarını məhv edən ən son tapıntı idi. Bütün dünyada məşhur olan “Nature” jurnalı bu fosil haqda yayımladığı xəbərdə “tapılan yeni kəllə sümüyü insanın təkamülü haqqındakı düşüncələrimizi tamamilə məhv edə bilər”,- deyə etiraf edirdi.14 Harvard Universitetindən Daniel Liberman bu yeni tapıntının “kiçik bir atom bombası qədər təsirli olacağı”nı söylədi.15 Bunun səbəbi tapılan fosilin 7 milyon il yaşı olmasına baxmayaraq, “insanın ən qədim əcdadı” olduğu iddia edilən və 5 milyon illik Avstralopitek növündən olan meymunlardan (təkamülçülərin bu günə qədər əsas götürdükləri meyarlara görə) daha “insanabənzər” quruluşa malik olması idi. Con Vitfild 2002-ci il, 11 iyul tarixli “Nature” jurnalında nəşr olunan “İnsan ailəsinin ən qədim üzvü tapıldı” başlıqlı məqaləsində Corc Vaşinqton Universitetindən təkamülçü antropoloq Bernard Vud da bu fikri təsdiqləyirdi.16 Yeni tapılan meymun fosili haqqında ən əhəmiyyətli izahlardan biri də “Nature” jurnalının redaktoru və tanınmış paleoantropoloq Henri Cinin “The Guardian” qəzetində nəşr olunan məqaləsində dediyi sözlər idi: “Nəticə nə olursa olsun, bu kəllə sümüyü bir daha və qəti şəkildə göstərir ki, əvvəldən qəbul edilən (insanla meymun arasındakı) “itkin halqa” düşüncəsi axmaqlıqdır… Hal-hazırda çox aydın şəkildə bilinməlidir ki, onsuz da, həmişə şübhəli olan itkin halqa fikri artıq tamamilə etibarını itirmişdir”.17

4. MİLLENİUM ADAMI (Orrorin tugenensis)

2000-ci ildə Keniyada tapılan bu fosilin 6 milyon il yaşı olduğu təxmin edilir18. Təkamülçü elm adamlarının da qeyd etdiyi kimi, bu fosil “Lüsi”dən- məşhur avstralopitek nümunəsindən 3.2 milyon il daha qədimdir. Elə bu da təkamülçüləri ziddiyyət içinə salan məsələdir. Çünki təkamülçülərin insanın əcdadı hesab etdiyi Lüsi Millenium adamından daha cavan olmasına baxmayaraq, təkamülçü məntiqə əsasən, daha az inkişaf etmişdir. Yəni insana daha yaxın olmaq yerinə, meymuna yaxındır, hətta tam meymundur19. İngiltərə və ABŞ-dan iki anatomist Solli Zakerman20 və Çarlz Oksnard21 və Liverpul Universitetindən Fred Spur22 kimi məşhur alimlər isə Lüsinin yeriyə bilmədiyini, bugünkü meymunlarla eyni xüsusiyyətlər daşıyan, nəsli kəsilmiş bir növ olduğunu göstərmişdirlər. Millenium adamı isə Lüsidən daha qədim olmasına baxmayaraq, təkamülçülər tərəfindən dik yeriyə bilən, çənə və diş quruluşu insanınkına bənzər olaraq təsvir edilir23. Bu ziddiyyətli hal da Millenium adamını insanın xəyali təkamülünə dəlil kimi göstərməyin yalnışlığını ortaya qoyur. Təkamülçülər öz nəzəriyyələrini təkzib edən bir dəlili, bu nəzəriyyəyə sübut kimi göstərməyə çalışırlar.

 

Mənbələr:

  1. Thomas, B. and F. Sherwin. Ida: Separating the Science from the Media Campaign. ICR News, May 22, 2009
  2. http://news.bbc.co.uk/2/hi/8057465.stm
  3. Franzen J.L., Gingerich P.D., Habersetzer J., Hurum J.H., von Koenigswald W., et al., Complete primate skeleton from the Middle Eocene of Messel in Germany: Morphology and Paleobiology. PLoS ONE 4(5): e5723 DOI: 10.1371/journal.pone.0005723, 2009
  4. Don Batten, Darwin fossil hyper hype, Creation 32(1):44–46, 23 May 2009
  5. Don Batten, ‘Darwin fossil hyper hype’, Creation 32(1):44–46, 23 May 2009
  6. Pilbeam, David; Simons, E. L. (February 1971). “Biological Sciences: Humerus of Dryopithecus from Saint Gaudens, France”. Nature 229(5284): 406–407, 05 February 1971
  7. Pilbeam, David; Simons, E. L. (February 1971). “Biological Sciences: Humerus of Dryopithecus from Saint Gaudens, France”. Nature 229(5284): 406–407, 05 February 1971
  8. Kordos, László; Begun, David R. (2001). “A new cranium of Dryopithecus from Rudabánya, Hungary”. Journal of Human Evolution 41 (41): 689–700
  9. Xue, Xiang-Xu; Delson, Eric (1989). “A new species of Dryopithecus from Gansu, China”. Chinese Science Bulletin (34): 223–230
  10. David Pilbeam and Elwyn Simons, “A Gorilla-Sized Ape from the Miocene of India,” Science, July 1971, 173:23
  11. Richard Leakey, People of the Lake, New York: E.P. Dutton, 1978, p. 52
  12. Fix, W.R., The Bone Peddlers: Selling Evolution, MacMillan Publishing Company, New York, p. 18, 1984
  13. France, D.L., Physical Anthropology: Lab Manual and Workbook, p. 176; also Fleagle and Kay, 1983
  14. John Whitfield, “Oldest Member of Human Family Found”, Nature, 11 İyul 2002
  15. D. L. Parsell, “Skull Fossil From Chad Forces Rethinking of Human Origins”, National Geographic News, 10 Temmuz 2002
  16. John Whitfield, “Oldest Member of Human Family Found”, Nature, 11 İyul 2002
  17. “Face of yesterday : Henry Gee on the dramatic discovery of a seven-million-year-old hominid”, The Guardian, 11 Temmuz 2002
  18. Balter, M., Early Hominid Sows Division, Science Now, 22 February 2001
  19. Pickford, Martin (December 2001). “Martin Pickford answers a few questions about this month’s fast breaking paper in field of Geosciences”. Essential Science Indicators.
  20. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94
  21. Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389
  22. Fred Spoor, Bernard Wood & Frans Zonneveld, “Implications of Early Hominid Labyrinthine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, vol. 369, 23 June 1994, səh. 645.
  23. Henke, Winfried (2007). Henke, Winfried; Hardt, Thorolf; Tattersall, Ian, eds. Handbook of paleoanthropology: Phylogeny of hominids. Springer. pp. 1527–9. ISBN978-3-540-32474-4