Bayquşlar başlarını 270 dərəcə necə çevirirlər?

Bayquşlar başlarını 270 dərəcə necə çevirirlər?

Bayquşlar, demək olar ki, başlarını tam dairə şəklində çevirə bilirlər. Əgər biz bunu etməyə cəhd etsək, beynimizə gedən qan axını dayanar və huşumuzu itirərik. Amma ABŞ-da iki alim bayquşların kəllə sümüyündə və boynunda fərqli sümük və damar sisteminin olduğunu müəyyən edib. Bu xüsusiyyət sayəsində bayquşun damarları zədələnmir və bayquş başını 270 dərəcə çevirdikdə belə başına gedən qan axını dayanmır.

ABŞ-dakı Con Xopkins Universitetində Tibb fakultəsindən dr.Filip Qeyllud bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.

Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit vəziyyətdə dayanır. Buna görə də görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.

Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox maraqlı yaradılış möcüzəsidir.

Dr. Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa sütununun qarşısında, dönmə mərkəzinə yaxın yerdən keçir. Beləliklə, bu damarlar daha az çevrilmə və gərilməyə məruz qalır və zərər çəkmə ehtimalı azalır.

Bu, təkcə bayquşa deyil, digər quşlara da xasdır. Lakin bayquşu digər quşlarından fərqləndirən cəhət boyun fəqərələri arasında əsas arteriya üçün daha geniş boşluq olmasıdır.

Dr. Qeyllud insanda boyun fəqərələri arasındakı boşluğun yalnızca damarın keçə biləcəyi genişlikdə olduğunu, lakin bayquşda bu kanalın damardan 10 dəfə geniş və hava torbacığı ilə örtülü olduğunu deyir.

Bayquşlarda əsas arteriyaya əlavə birləşən və qan üçün alternativ daşıma yolu olan çoxlu sayda kiçik damarlar da var. Beləliklə, başını çevirərkən əsas arteriyadan qan keçməsində mane yaranarsa, əlavə damarlar işə düşür.

Bayquşların boyun arteriyasının kəllənin alt hissəsinə yaxın yerdə böyük bölmələri olduğu və bunların qan rezervuarı funksiyası daşıdığı da müəyyən edilib.

Elmi işini bayquşlar haqqında yazan Kok-Merkado: “Bayquşlarla bağlı hər şeyi bildiyimizi düşünürdük, ancaq texnologiya sayəsində yeni xüsusiyyətlərini kəşf edirik”, - deyib.

Bu elmi tədqiqat “Science” jurnalı ilə ABŞ Milli Elm Fondunun birlikdə təşkil etdiyi “2012-ci il Beynəlxalq Elm və Mühəndislik Əsərləri” sərgisində mükafata layiq görülüb.