Beyində bir görüntü olan fabrik, yaxta və torpaqların özlərini boş yerə üzən sahibləri

Beyində bir görüntü olan fabrik, yaxta və torpaqların özlərini boş yerə üzən sahibləri

Bu bölmədə həyatı boyu varlı olmaq istəmiş, gənc yaşından etibarən gecə-gündüz çalışmış, hər şeyi alnının təri ilə qazandığını deyən fabrik sahibinin qafil vəziyyətindən nümunələr verib vacib həqiqətdən bəhs edəcəyik.

Burada haqqında danışacağımız şəxs orta yaşlı, uşaqlarını yaxşı məktəblərdə oxutduran, bir neçə avtomobil, yaxta və bir çox ev və torpaq sahələrinin sahibidir. Bu insan dünya həyatında öz ağlına görə öyünə biləcəyi hər şeyə malikdir. Yenə öz fikrinə görə, dünya həyatında bir insanın arzuladığı hər şeyi əldə etmişdir. Maddi zənginliyi ilə birlikdə həm də böyük etibarı vardır. Xidmətçisinin, sürücüsünün və şirkətinin bütün işçilərinin yanında etibarı və mövqeyi vardır. Yüksək vəzifələrdə və mühüm yerlərdə yaxın dostları və çevrəsi vardır. Hər gün iclaslara gedir. Bir çox dərnəyin və qurumun üzvü və hətta rəhbəridir. Bir gün ərzində yüzlərlə şəxsə əmr verir. Şəxsi hesabında saysız-hesabsız pul, səhm və istiqrazları var. Bəzən bunları sayır və daha da qürurlanır. Xüsusilə hər şeyi tək başına, çalışaraq əldə etməsi, bütün həyatını həsr etdiyi qazancları ona böyük rahatlıq və güvənlik hissi verir.

Bir gün dostları ilə yaxta gəzintisində bir şəxs onun yanına gəlir və ona bunları deyir: “Hal-hazırda burada gördüyün bütün insanlar və bu yaxta, dəniz, fabrik və evlərin, sənə tabe olan insanlar... bunların hamısının sadəcə beynində əmələ gələn görüntüləri ilə təmasda olursan. Bunların əsillərini heç vaxt görə bilməzsən. Beyninə gedən sinirlər kəsilərsə, bu yaxta, burdakı insanlar, onların səsləri, söhbətləri, dənizin qoxusu, içdiyin meyvə şirəsinin dadı, qısaca desək, hər şey bir anda yox olar. Bunların hamısı və sənin dünya həyatın boyu sahib olduğun hər şey zehnində meydana gəlir və bunların yuxunda sahib olduğun mallardan heç bir fərqi yoxdur. Eynilə, gecə yuxunda xüsusi təyyarə ilə Avropaya getdiyini görməyin ancaq səhər oyandıqda nə təyyarənin, nə də Avropada olduğunu, özünü yatağında görməyin kimidir. Bəs bu həyat dediyin yuxudan da bir gün oyanaraq özünü tamamilə başqa bir yerdə, bu həyatına dair görüntülərə tamaşa edərkən görməyəcəyindən nə üçün bu qədər əminsən?”

Bu varlı insan ona danışılanlara qətiyyətlə qarşı çıxacaqdır. Ona bu həqiqətin elmi dəlilləri aydın şəkildə izah edildikdə özü bunu anlasa da, həqiqəti qəbul etmək istəməyəcəkdir. Çünki öz fikrinə görə, sahib olduğu hər şeyin yuxu kimi xəyal olduğunu qəbul etməsi bütün həyatı boyu bir xəyalın arxasınca getdiyini qəbul etmək olacaqdır. Onda bu insanın öyündüyü, lovğalandığı, təkəbbürləndiyi hər şey xəyaldır. Bu, bir insanın yuxusunda varlı olub, bu xəyali zənginliyi ilə insanlara lovğalanması qədər insanı alçaq və ağılsız vəziyyətə salacaq haldır. Belə olduqda, bu insan artıq şirkətinə girərkən gördüyü hörmət və etibara görə təkəbbürlənməz. Çünki ona hörmət edənlərin, qarşısında baş əyənlərin hamısı zehnində meydana gələn xəyali varlıqlardır. Bu həqiqəti biləndən sonra artıq oturduğu yaxta ilə qonaqlara qarşı lovğalanmayacaqdır. Çünki yaxta və ordakı qonaqlar beynində əmələ gələn xəyallardır.

Ona maddənin xəyal olduğu, maddi varlığın əsli ilə heç vaxt təmasda ola bilməyəcəyi izah edilərkən ağlına bir gün əvvəl aldığı malikanəsi gələr. Elə isə satıcıya bir-bir sayaraq verdiyi pul, satıcı, aldığı malikanə, o malikanədəki bütün malları, onu satın alaraq lovğalandığı çevrəsi-hamısı zehnindədir. Necə ki, bir gün qabaq yuxuda hərracda qazandığını və buna görə böyük qazanc əldə etdiyini görmüşdüsə və oyandıqda bunların heç biri qalmamışdısa, bu həqiqi zənn etdiyi də yuxu kimidir.

Elə isə o, hal-hazırda yaxtanın içində deyil. Yaxta onun içində- beynində əmələ gələn görüntüdür. Dəbdəbəli mebelləri olan evinə girdiyini düşünəndə də həqiqətdə beynindəki həyətin qapısını açır və beynindəki evinə girir. Ev də, mebellər də, həyət də, həyətin qapısı da zehnindədir.

Ona izah edilənlərin son dərəcə açıq həqiqətlər olduğunu anlayan bu insan əlindəki hər şeyin kölgə varlıq olduğunun fərqinə varır. Bütün bunlar onu yaradan Allah`ın ona göstərdiyi görüntülərdir. Allah sınamaq üçün ona bütün bunlara sahib olduğunu zənn etdiyi görüntü və həyat yaratmışdır. O da özünə bunları verənin və bu görüntülərlə nemətləndirib zəngin edənin Allah olduğunu unudub təkəbbür göstərmiş və lovğalıqla başqalarını aşağı, özünü isə üstün görmüşdür. Deməli, həyatı boyu bir xəyal üçün, yuxu kimi bir aləm üçün boş yerə həvəslənmişdir. Amma bir gün bu xəyalların içinə düşdüyü, onlarla vaxtını keçirdiyi gündə bunların heç birinin mütləq varlığı olmadığını, sadəcə Allah`ın var olduğunu anlamışdır.

Dünya həyatı boyu bu həqiqəti qəbul etməkdən qaçanlara, görməməzliyə vuranlara Allah bir ayəsində belə diqqət çəkir:

O, öz yanında ancaq Allah`ın cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

Ayədən göründüyü kimi, Allah inkar edənlərin etdikləri işləri illüziya və xəyala bənzədir. O insanlar bu xəyallara bağlanaraq onlardan kömək gözlədikdə bunların gerçək olmadığını, tək gerçək və mütləq olanın Allah olduğunu anlayırlar. İnsanların bu həqiqətdən bu qədər qorxmalarının və qəbul etmək istəməməklərinin səbəblərindən biri budur ki, elə bu misalda bəhs edilən insan kimi sərvət və var-dövlətlərinin bir anda gedəcəyini anlayırlar. Burada bir cəhətə diqqətinizi çəkmək istəyirik: burada bəhs edilənlərdə insanın malik olduğu hər şeyin ölümü ilə birlikdə arxada qalacağı və ona heç bir mənfəət verməyəcəyi deyilmir. Burada insanın malik olduğu hər şeyin xəyal olduğu deyilir. Bütün həyatı boyu göstərdiyi həvəsin, özünü üzərək, çətinliklə, insanların xətrinə dəyərək və onları əzməyə çalışaraq əldə etdiklərinin xəyal olduğunu gördükdə boş yerə aldandığını anlayır. Qafil insanların bu cür aldanaraq yaşamaları Quranda bir çox ayədə insanlara bildirilir. Allah bir ayəsində insanların var-dövlət həvəsini və hər şeyə malik olmaq istəklərini belə bildirir:

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.(Ali-İmran surəsi, 14)

Başqa bir ayədə isə Allah dünya həyatının oyun-əyləncə və aldanma olduğunu belə xəbər verir:

Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)

İnsanlar dünya həyatında malik olduqlarını hesab etdikləri bu görüntülərin xəyal olduğunu anladıqda boş yerə kədərlənib həvəsləndiklərini, boş yerə vaxt keçirib əyləndiklərini anlayırlar. Malik olduqları üçün hirslənənlər, onlar üçün insanlara acıqlanıb qışqıranlar, əsəbiləşənlər, stola yumruq vuranlar maddənin əsli ilə heç cür təmasda ola bilmədiklərini anladıqda yuxuda insanlara hücum edən, əsəbiləşən, qışqıran insan vəziyyətinə düşəcəkləri üçün bundan çox utanır və həddindən artıq peşman olurlar. Onlara bu görüntüləri göstərən Allah`ın razı olduğu şəkildə davranmağın lazım gəldiyini dərhal anlayırlar. Bu həqiqəti qavrayanlar, yəni möminlər isə belə deyirlər:

De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 162)

Bu vacib cəhəti unutmaq olmaz: bu həqiqəti həyatının hər hansı bir anında qavrayan insan heç vaxt gecikmiş hesab edilməz. Çünki dərhal həyata baxışını və bütün həyatını bu həqiqətə görə nizama salaraq artıq xəyallar üçün deyil, tək mütləq varlıq olan Rəbbimiz üçün yaşamağa başlaya bilər. Allah hər zaman qullarını bağışlayandır.

Bu həqiqəti görməməzliyə vuraraq, öz fikirlərinə görə hiyləgərlik edib tək mütləq varlığın Allah olduğunu qəbul etməyənlər isə öz-özlərini böyük tələyə salmış olurlar. Allah onların bu vəziyyətini belə xəbər verir:

Onların dünyada gördükləri işlər puç olmuş və bütün əməlləri boşa çıxmışdır! (Hud surəsi, 16)

İnsan bu həqiqəti bu an qəbul etmək istəməsə və bütün malik olduqlarını mütləq varlıqlar qəbul edərək özünü aldatsa da, nəticədə ölümündən sonra diriləndə, yəni axirətdə hər şey çox aşkar surətdə üzə çıxacaqdır. O gün, ayədə də bildirildiyi kimi, “görmə sərrastdır (Qaf surəsi, 22)” və hər şeyi daha açıq şəkildə anlayacaqdır. Amma əgər dünyadakı həyatını xəyali məqsədlərin arxasınca qaçaraq sərf etmişsə, arzu edəcək ki, kaş ki, orada heç yaşamayaydı. “Kaş o (ölüm) qəti olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm də məhv olub getdi! (Haqqa surəsi, 27-29)” - deyərək həlak olacaqdır.