Texnologiyaya ilham mənbəyi olan dəniz canlıları

Texnologiyaya ilham mənbəyi olan dəniz canlıları

Molyuskların su püskürtmə sistemi və generatorlar

Kalmar, mürəkkəb böcəyi və osminoq kimi başıayaqlı molyusklar su püskürtmə sistemi ilə üzürlər. Mühəndislər molyuskların bu xüsusiyyətindən ilham alaraq sürət texnologiyasını təkmilləşdirməyə çalışırlar.

Uca Allah başıayaqlı molyuskların sürətlərini artırmaları üçün xüsusi sistem yaradıb. Mühəndislərin heyranlıqla və diqqətlə tədqiq etdikləri bu sistem qüsursuz işləyir. Bu canlıların reaktiv üzmə sistemi uca Allah`ın onlar üçün yaratdığı xüsusi bədən quruluşlarından qaynaqlanır. Bəs bu canlıların bədən quruluşu necədir?

Başıayaqlı molyusklarda daxili orqanların yerləşdiyi bədən boşluğunu əhatə edən manto adlı qalın dəri qatı var. Dəri qatının altında yerləşən əzələlər vasitəsilə bu canlılar bədənlərinə su toplayır və sonra bu suyu qüvvə ilə geri püskürərək üzürlər. Manto divarının içinə dolan su qıf formasındakı boru vasitəsilə püskürdülərək xaric edilir. Sistemin işləməsi eynilə kosmik gəmilərin istehsalındakı geri itələmə prinsipinə, başqa sözlə, raket sisteminə bənzəyir. Püskürtmə gücü bir çox əzələ ilə əhatə olunmuş qıf formasındakı ağızlığın ildırım sürəti ilə örtülməsi ilə meydana gəlir. Püskürtmə ağızlığı vasitəsilə başıayaqlılar istədikləri vaxt geriyə doğru üzür, ani manevrlər edir və qövsvarı üzürlər.

Kolorado Universiteti Kosmik Mühəndislik fakültəsindən dosent Kamran Mohseni molyuskların suyun altında hərəkət etmək üçün istifadə etdiyi su püskürtmə sistemindən ilham alaraq yeni generatorlar icad edib. Bu generatorlar dənizaltı nəqliyyat vasitələrinin daha yavaş sürətlə daha həssas manevr etməsinə imkan verir.

Xüsusilə çətin şəraitdə dəniz altında istifadə olunan nəqliyyat vasitələrinin təhlükəsiz manevr xüsusiyyəti olmalıdır. Bu mexanizmə malik insan daşıyan və daşımayan dənizaltı nəqliyyat vasitələri okeanın dibindəki vulkanlardan qütb bölgələrində buz yığınlarının altındakı soyuq dərinliklərə qədər dünyanın hər tərəfindəki ekosistemlərin tədqiq olunmasını mümkün edəcək. Hal-hazırda, istifadə olunan vasitələrin hidrodinamik cəhətdən sürətləri azdır və dar sahələrdə manevr etmələrini, bir bölgəyə yanaşmalarını və açıq sahələrdə asılı vəziyyətdə dayanmalarını çətinləşdirir. Ona görə də bu vasitələrin sürətləri həddindən artıq azdır.

Allah bizə açıq-aydın varlığının və üstün gücünün, qüdrətinin dəlillərini sonsuz elmi və ağlı ilə göstərir. Bir ayədə Allah belə buyurur:

Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah ehtiyacsızdır, şükürə, tərifə layiqdir! (Həcc surəsi, 64)

Omarın iybilmə mexanizmi

Suda yaşayan omar və xərçəng kimi canlılar uyğun qarşı cins və ya qida tapmaq, yaxud yırtıcılardan qaçmaq üçün iybilmə hisslərindən istifadə edirlər. Kaliforniya Berkli və Stenford Universitetlərindən olan tədqiqatçılar omarların ətraf mühiti necə qoxuladıqlarını tədqiqatlarla aşkar ediblər.

Omarların çox həssas iybilmə duyğusu var. Bu duyğu qoxu senzorları düzəltməyə çalışan robot mühəndislərinə ilham mənbəyi ola bilər. Kaliforniya Berkli Universitetində biologiya professoru və “College of Letters & Science” jurnalının baş jurnalisti olan Mimi A.R.Kohl bu mövzu ilə əlaqədar belə deyir:

“Əgər dalğıcları göndərmək istəmədiyiniz zəhərli bölgələrə insansız nəqliyyat vasitələri göndərmək istəyirsinizsə və ya robotlar düzəldib bunların iybilmə ilə istiqaməti müəyyən etməsini istəyirsinizsə, bunun üçün burun və ya iy bilən antenalar düzəltməlisiniz”.

(http://www.berkeley.edu/news/media/releases/2001/11/30_lobst.html)

Köpək balığı dərisindən nümunə götürülərək hazırlanan çimərlik paltarları və suyun səth müqaviməti

Olimpiada yarışlarında yarışçılar üçün suyun bədənlərinə sürtünmə müqaviməti olduqca əhəmiyyətlidir. Bu səbəbdən, bir çox üzgüçü sürtünmə müqavimətini ən aşağı səviyyəyə endirən yeni çimərlik paltarlarına üstünlük verirlər. Bu çimərlik paltarları üzgüçünün bədəninə çox sıx yapışır. Çimərlik paltarının parçası şaquli qatran zolaqları üstündə köpək balığı dərisinin xüsusiyyətlərini daşıyan toxumadan ibarətdir.

Köpək balıqları üzərində elektron mikroskopu ilə aparılan tədqiqatlarda balığın dərisində zolaqlar olduğu müşahidə edilmişdir. Zolaqlar şaquli su girdabları, yaxud su spiralları əmələ gətirərək suyu balığın bədəninə daha çox yapışdırır və suyun üzməyə qarşı müqavimətini azaldır. Zolaqların bu təsiri “Riblet təsiri” adlanır və bu mövzu ilə bağlı NASA-nın Lenqli Tədqiqat Mərkəzində Riblet dəri tədqiqatları aparılır. Son on ildir ki, Riblet təsiri çimərlik paltarlarına tətbiq edilir.

Yeni liflər və yeni toxuma texnikaları ilə hazırlanan çimərlik paltarları üzgüçünün bədənini örtərək suya ən az müqavimət göstərəcək şəkildə hazırlanır. Tədqiqatlar bu çimərlik paltarlarının digərlərinə nisbətən sürtünmə müqavimətini 8% azaltdığını göstərib.

Kirliliyə qarşı balıq detektoru

Qərbi Afrika fil balığı (Gnathonemus petersii) Afrikanın 27ºC-lik isti lilli sularında yaşayır. Vətəni Nigeriya olan 10 sm uzunluğundakı bu balıq lilli sularda gözlərindən az istifadə edir. Quyruq tərəfindəki əzələlərindən müntəzəm yaydığı elektrik impulsları ilə yolunu tapır. Dəqiqədə 300-500 impuls yayır. Lakin suyun kirlilik dərəcəsi artdıqca balığın dəqiqədə yaydığı impulsların sayı 1000-dən çox olur.

İngiltərənin Burmaunt şəhərində kirliliyi ölçmək üçün fil balıqlarından faydalanaraq icad edilən detektorlardan istifadə edilir. Burmauntdakı bir su şirkəti Stor çayından götürdüyü su nümunələrini 20 fil balığı ilə yoxlayır. Hər balıq çaydan gələn su ilə doldurulmuş akvariuma yerləşdirilib. Akvariumlardakı reseptorlar impulsları qəbul edib kompyuterə ötürür. Əgər su kirlidirsə, balığın artan impulsları müəyyən edilərək kompyuter vasitəsilə siqnal verilir.

Cisimlərin yerini təyin edərkən fil balığının beyninin iş prinsipi insan beyninin məsafəni hesablama prinsipinə bənzəyir. İnsan məsafəni səs dalğaları arasındakı məsafəyə və dalğaların cisimdən qulağa çatana qədər keçən müddətə əsasən müəyyən edir. Bu hesablama saniyənin 15.000-də biri qədər müddətdə edilir. Ancaq Kaliforniya Universitetindən tədqiqatçı G. Rouz (G. Rose) və Heylinqenberq (Heilingenberg) balığın bu hesablamanı saniyənin 400 milyardda biri qədər qısa müddətdə etdiyini aşkar edib. Rouz üstün qüvvət sahibi Rəbbimizin yaratdığı balığın kiçik, sadə görünməsinə baxmayaraq, əslində, içində super kompyuterlərin mexanizmi yerləşdirilmiş möcüzə balıq olduğunu qeyd edib.

Elektrikli ilan balığından müdafiə və rabitə texnologiyasına

Boyu 2 metrə çatan bu balığın gövdəsinin üçdə ikisi elektrik hasil edən üzvi lövhələrlə örtülüdür. Balıq sayı 5000-6000 olan bu lövhələr sayəsində 550 volt, 2 amperlik elektrik hasil edir. Balıqdan yayılan elektrikin şok təsiri balıqdan 2 m məsafədəki canlıları belə öldürür. Balığın bu qədər güclü enerjiyə malik olması, həqiqətən, böyük yaradılış möcüzəsidir. Sistem çox mürəkkəbdir və mərhələ-mərhələ əmələ gəlməsi qeyri-mümkündür. Çünki balığın elektrik sistemi tam işləməsə, ona heç bir fayda verməz.

Başqa sözlə, bu sistemin hər hissəsi eyni anda qüsursuz şəkildə yaradılıb. Elm adamları elektrikli ilan balığının müdafiə mexanizmini təqlid edir və dövrümüzdə bu balığın müdafiə mexanizminə bənzər elektrikli müdafiə silahlarından istifadə edilir.

Elektrik impulslarından bir cismin yerini müəyyən etmək və yaxud rabitə məqsədilə istifadə edilir. Ancaq bunun üçün elmi təcrübə və qabaqcıl texnologiya tələb olunur. Dövrümüzdə belə bu səviyyəyə çatmış ölkələr azdır. Halbuki, bəzi elektrikli balıqların orqanizmində ətrafa müntəzəm elektrik impulsları yayan və göndərdiyi impulsların toxunduğu cisimləri şərh edən üzvi radar var. Balıq bu radar vasitəsilə ətrafındakı cisimlərin ölçüsü, keçiriciliyi və hərəkəti haqqında məlumat əldə edir. Bundan əlavə, eyni sistemlə qarşısındakı başqa elektrikli balığın cinsiyyəti və yaşı haqqında məlumat alır və ya onu qorxudur. İnsanların istifadə etdiyi radarların və rabitə sistemlərinin nə qədər kompleks cihazlar olduğunu nəzərə alsaq, balığın orqanizmindəki möcüzəvi yaradılışı daha yaxşı qavrayarıq.

Unutmaq olmaz ki, təbiətdəki mükəmməl yaradılış xüsusiyyətləri Rəbbimizin bizə verdiyi çox böyük nemətlərdir. Bu yaradılış xüsusiyyətlərini təqlid etmək, nümunə götürmək isə insanı daima doğruya yönəldir. Elm dünyası təbiətdəki yaradılış xüsusiyyətlərinin böyük mənbə olduğunu və gündəlik həyata tətbiq edilməsinin faydasını son bir neçə ildə anlayıb. Şübhəsiz ki, bu mənbədən doğru istifadə etmək və texnologiyaya tətbiq etmək inkişafı sürətləndirər.

Bu bənzərsiz və mükəmməl yaradılışa bir çox Quran ayəsində diqqət çəkilir. Allah bənzərsiz yaratmasının nəticəsi olaraq insanlara verdiyi nemətlərin saysız-hesabsız olduğunu bir ayədə belə bildirir:

Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm­­lidir. (Nəhl surəsi, 18)