Günəşdəki qüsursuz tarazlıq

Günəşdəki qüsursuz tarazlıq

Allah günəşdə baş verən nüvə reaksiyalarını elə dəqiq hesablamalarla nizamlamışdır ki, ən kiçik bir dəyişiklik nəticəsində günəş ya mövcud olmazdı, ya da yarandıqdan qısa müddət sonra dəhşətli partlayışla yox olardı.

Hidrogen atomlarının helium atomlarına çevrilməsi nəticəsində meydana gələn nüvə reaksiyaları günəşin enerji mənbəyidir. Bu reaksiyaların ilk elementi olan hidrogen kainatdakı ən sadə elementlərdən biridir. Bu elementin nüvəsində yalnız bir proton var. Heliumun nüvəsi isə iki proton və iki neytrondan ibarətdir. Dörd hidrogen atomu birləşərək bir helium atomunu yaradır. Bu proses nəticəsində çox böyük enerji meydana çıxır. Nəticə etibarilə, Yer kürəsinin istilik və işıq enerjisini günəşdə baş verən nüvə reaksiyaları təmin edir.

Nüvə reaksiyasının mərhələlərini təsadüflərlə izah etmək məntiqsizdir. Belə ki, ətrafda gəzişən dörd hidrogen atomu təsadüfən birləşərək bir helium atomunu yarada bilməz. Bu proses iki mərhələdə baş verir. Əvvəlcə iki hidrogen atomu birləşərək bir proton və bir neytrona malik "keçid elementi" yaradır. Bu element deytron adlanır.

Bəs deytronu əmələ gətirən iki ayrı atom nüvəsini bir-birinə birləşdirən qüvvə nədir? Bu, güclü nüvə qüvvəsidir. Kainatdakı ən böyük fiziki qüvvə nüvə qüvvəsidir. Nüvə qüvvəsi cazibə qüvvəsindən katrilyon dəfə daha güclüdür. Bu güc sayəsində iki hidrogen atomu bir-birinə birləşir (Harun Yəhya, Kainatın yaradılışı).

Eyni zamanda, tədqiqatlar onu da göstərir ki, nüvə qüvvəsinin gücü məhz atomları bir-birinə birləşdirəcək səviyyədədir. Əgər bu güc bir az zəif olsaydı, hidrogen atomları birləşməzdi. Yanaşı gələn iki proton dərhal bir-birini itələyəcək və nəticədə günəşdəki nüvə reaksiyası meydana gəlməyəcəkdi. Yəni dünyanı yaşadan günəş də olmayacaqdı.

Ancaq tədqiqatlardan aydın olur ki, güclü nüvə qüvvəsi reaksiyanı həyata keçirmək üçün ən müvafiq gücə malikdir. Əgər bu güc daha zəif olsaydı, iki hidrogen nüvəsi birləşməyəcək, yan-yana gələn iki proton arasında itələmə qüvvəsi üstünlük təşkil edəcək, nəticədə nüvə reaksiyası başlamadan bitəcəkdi. Yəni Yerin həyat mənbələrindən biri olan günəş də mövcud olmayacaqdı. Corc Qrinşteyn bu barədə fikirlərini belə bildirmişdir: "Əgər nüvə qüvvəsi daha zəif olsaydı, planetimiz əsla işıqlanmazdı" (George Greenstein, The Symbiotic Universe, s. 100).

Burada başqa bir sual ortaya çıxır: bəs nüvə qüvvəsi daha güclü olsaydı, onda nə baş verərdi? Sualı cavablandırmazdan əvvəl, iki hidrogen atomunun bir neytron atomuna çevrilmə prosesinə bir daha nəzər salaq. Diqqətinizə çatdıraq ki, bu proses iki mərhələdə baş verir: əvvəlcə bir proton yükünü itirərək neytrona çevrilir, daha sonra bu neytron başqa bir protonla birləşək neytron atomunu yaradır. Bu birləşməni meydana gətirən güc yuxarıda qeyd etdiyimiz güclü nüvə qüvvəsidir. Protonu neytrona çevirən qüvvə isə zəif nüvə qüvvəsidir.

Zəif nüvə qüvvəsi bir protonu təqribən 10 dəqiqəyə neytrona çevirir. Atomik proseslər üçün uzun hesab olunan bu zaman dilimi günəşdəki nüvə reaksiyasının da ləngiməsini təmin edir. Bu məlumata əsaslanaraq "Əgər nüvə qüvvəsi daha güclü olsaydı, onda nə baş verərdi?" sualına belə cavab verə bilərik: Bu zaman prosesin seyri tamamilə dəyişər, zəif nüvə qüvvəsi prosesə müdaxilə edə bilməzdi. Çünki güclü nüvə qüvvəsi protonun neytrona çevrildiyi 10 dəqiqənin bitməsini gözləmədən, dərhal iki protonu bir-birinə birləşdirər, nəticədə deytron əvəzinə iki protonlu atom meydana gələrdi.

Bu zərrəciyi alimlər de-proton adlandırırlar. Əslində, belə bir zərrəcik mövcud deyil, bu xəyali bir elementdir. Ancaq güclü nüvə qüvvəsi bir az daha güclü olsaydı, onda günəşdə de-proton atomları yaranar, günəşin quruluşunu tamamilə dəyişərdi. Corc Qrinşteyn güclü nüvə qüvvəsinin daha da güclənməsi nəticəsində ehtimal olunan hadisələri belə açıqlayır:

"Əgər belə bir vəziyyət yaranarsa, günəşin quruluşu tamamilə dəyişər. Çünki günəşdə artıq deytron deyil, de-proton istehsal olunar. Zəif nüvə qüvvəsinin rolu ortadan qalxar və proses tamamilə güclü nüvə qüvvəsindən asılı vəziyyətə düşər. Nəticədə, qat-qat güclənən günəş enerjisi onun və eyni quruluşa sahib olan bütün ulduzların bir neçə saniyə ərzində partlayaraq məhv olmasına səbəb olar (Corc Qrinşteyn, The Symbiotic Universe, s. 100).
Təbii ki, bu partlayışdan bir neçə dəqiqə sonra bütün Yer kürəsi alovlara qərq olaraq iri kömür parçasına çevrilərdi. Ancaq güclü nüvə qüvvəsi elə həssas nizam üzərindədir ki, günəşdə baş verən nüvə reaksiyalarında tarazlıq əsla pozulmur və günəş yavaş-yavaş enerji istehsal edir.

Qeyd olunanlar onu göstərir ki, nüvə qüvvəsinin gücü ən ideal ölçüdə, insan həyatına ən uyğun şəkildə nizamlanmışdır. Tarazlıqda kiçicik bir səhv olsaydı, günəş və digər ulduzlar ya heç yaranmaz, ya da yarandıqdan qısa müddət sonra dəhşətli partlayış nəticəsində məhv olardı.

Bu məqaləni oxuyan şüurlu insan dərhal anlayar ki, günəşdəki bu həssas nizam təsadüfən və məqsədsiz şəkildə ortaya çıxmamışdır. Əksinə, Allah "Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edir)" (Rahmən surəsi, 5) ayəsində bildirdiyi kimi, günəşi bənzərsiz tarazlıq üzərində yaratmışdır. Allah günəşin Onun təyin etdiyi müəyyən istiqamətdə hərəkət etdiyini və insana xidmət üçün yaratdığını ayələrində belə bildirmişdir:

O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır. (Nəhl surəsi, 12)

Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən (Allahın) əzəli hökmüdür. (Yasin surəsi, 38)