Şüur və sirləri

Şüur və sirləri

İnsanı digər bütün canlı və cansız varlıqlardan fərqləndirən onun şüur sahibi olmasıdır. Bəs şüurumuzun mənbəyi nədir? Əgər cavabınız beyindirsə yanılırsınız. Çünki beynimiz də eynilə stul və ya stəkan kimi atomlardan ibarət olan maddədir.. Stulun atomları düşünə bilmədiyinə görə, beyninizdəki atomlar da düşünə bilməz. Bu da göstərir ki, şüurunuz fərqli bir mənbədən gəlir. Bu mənbə ruhdur.

Görəsən niyə şüurlusunuz, bunu heç düşündünüzmü?

Ətrafınıza baxarkən şüurun adi bir şey olmadığını asanlıqla anlaya bilərsiniz. Oturduğunuz otaqdakı əşyalara baxın. Bir stulu düşünün. Bu stulun şüuru yoxdur. Öz varlığının fərqində deyil. Düşünmür, görmür, hiss etmir. Stulu əmələ gətirən hissələrdə, məsələn taxtada, mismarlarda, yapışqanda, parçada, süngərdə də şüur yoxdur. Bunları daha ətraflı araşdırsanız, hamısının müəyyən molekullardan, bu molekulların da atomlardan meydana gəldiyini görərsiniz. Əlbəttə, bu atomların da şüuru yoxdur. Müəyyən nizama tabe olan cansız, ağılsız maddə-enerji bütünüdürlər.

Ətrafımızdakı hansı maddəni araşdırsaq, şüursuz olduğunu görərik. Hansı elementlərdən meydana gəlməsindən, hansı formada (maye, bərk və ya qaz halında) olmasından asılı olmayaraq maddə şüursuzdur. Stul, daş, bir stəkan su - heç birində şüur yoxdur.

Bəs şüurun qaynağı nədir ?

Əgər bu suala "beynim" deyə cavab versəniz, bu səthi cavab olar. Çünki beyin də stul, daş və ya bir stəkan su kimi atomlardan ibarət olan maddə kütləsidir. Taxta stulda atomların müəyyən nizam içində bir yerə gətirildiyi kimi, sizin beyninizdəki atomlar da müəyyən nizam içində bir yerə gətirilib. Və aralarında müxtəlif əlaqələr qurularaq birləşdirilib. Stulun atomları düşünə bilmədiyi kimi, beyninizdəki atomlar da düşünə bilməz.Bu da göstərir ki, şüurunuz beyninizdəki atomlardan, molekullardan, hüceyrələrdən daha fərqli bir mənbədən gəlir. Bu mənbə ruhdur.

Bu da göstərir ki, şüurunuz beyninizdəki atomlardan, molekullardan, hüceyrələrdən daha fərqli bir mənbədən gəlir. Bu mənbə ruhdur.

"Mütəşəkkil maddə" cəfəngiyyatı

Materialistlər maddədən başqa bütün varlıqları rədd etdikləri üçün ruhun varlığını da qəbul etmirlər. Bu səbəbdən, insan şüurunu beyni meydana gətirən maddələrlə izah etməyə çalışırlar. Bunun üçün istifadə etdikləri fərziyyə "mütəşəkkil maddə" anlayışıdır. Yəni, onların iddiasına görə, insan şüuru beynin neyronları arasındakı rabitələrdən qaynaqlanır. Bu neyronlar arasındakı kimyəvi və elektrik rabitənin mənlik dediyimiz şüuru meydana gətirdiyini iddia edirlər.

Ancaq materializmin bu iddiası heç bir dəlilə əsaslanmır və həmçinin məntiqi cəhətdən də qəbul edilə bilməz.

Maddənin tənzimləndikcə şüur qazandığını iddia etmək ağıl və məntiqdən uzaqdır və bunu göstərən heç bir dəlil yoxdur. Canlılardan savayı ən yaxşı "mütəşəkkil maddə" müasir dövrün kompüterləridir. Amma bu kompüterlərin heç birində bir "mənlik şüuru" yoxdur və bunun təmin edilə biləcəyinə dair fərziyyələrin mənasız olduğu da aydın olmuşdur. Bir kompüter çox yaxşı proqramlaşdırma sayəsində müvəffəqiyyətli əməliyyatlar icra edə bilər, amma şüur sahibi ola bilməz. Bir kompüter nə qədər inkişaf etsə də, nəticədə bir "kalkulyator"dur.

Bundan əlavə, haqqında danışdığımız kompüterlər insan şüuru tərəfindən hazırlanmış, məlumat və texnologiya sayəsində istehsal edilən vasitələrdir. İnsan şüurundan çox geridə qalan kompüterlərin maddənin öz-özünü təsadüflər nəticəsində təşkil etməsi ilə meydana gəldiklərini iddia etmək məntiqsiz və ağılsız düşüncədir. Kompüterlərdən daha üstün və kompleks olan insan şüurunun təsadüflər nəticəsində meydana gəldiyini iddia etmək daha məntiqsizdir.

Heç bir təsadüfi hadisə yüz milyardlarla il keçsə belə cansız maddələri bir araya gətirərək, düşünmə, zövq alma, qərar vermə, ədalət, dürüstlük, mərhəmət, şəfqət, vəfa, sevgi kimi hisslərə sahib, həyəcanlanan, darıxan "şüur"u meydana gətirə bilməz. Heç bir təsadüfi hadisə dərk etməyən, düşünə bilməyən bir varlığa sənət əsərləri meydana gətirən, ən çətin riyaziyyat məsələlərini həll edən, kosmosu öyrənən texnologiyanı əldə edən, atomları araşdıraraq kəşf edən şüuru qazandıra bilməz. Yüz milyardlarla il keçsə və bütün imkanlar verilsə belə bir meymun Rembrandt kimi şəkil çəkib, Beethoven kimi bəstəkar ola bilməz, New York kimi bir şəhəri inşa edib, Einştein kimi fizikanın qanunlarını kəşf edə bilməz.

Beynin funksiyalarını icra edən varlıq

Ruha aid olan xüsusiyyətlərin beyindən qaynaqlandığına inanan materialistlər beynin quruluşu öyrənildikcə daha çətin vəziyyətə düşürlər. Beyində bütün duyğulara aid mərkəzlər təsbit edilir. Bir əzələni işlətmək üçün hansı bölgənin istifadə edildiyi beyindəki elektrik və kimyəvi əlaqələr müşahidə edilərək müəyyən olunur. Hətta bu bölgələrə edilən müdaxilələrlə müxtəlif müalicələr edilir. Yəni, elm adamları, demək olar ki, beynin bütün üzvi funksiyalarını, bunların hansı mexanizmlərlə işlədiyini təsbit ediblər. Ancaq beyində şüura və ona bağlı xüsusiyyətlərə aid bir bölgə yoxdur.

Ruhu beynin bir funksiyası olaraq qəbul edən (yəni, ruhu maddə ilə izah etməyə çalışan) materialist anlayış insanın sirlərini açdığını zənn edərkən əslində böyük bir sirlə qarşı-qarşıya qalır.

Beyin araşdırmalarındakı nailiyyətlər bəzi materialistləri də şüurun quruluşu haqqında yeni açıqlamalar etməyə vadar edib. Bunlardan biri Bristol Universiteti professorlarından Nevropsixoloq və Beyin Araşdırmaları Şöbəsinin rəhbəri Richard L. Gregorydir. Gregory şüur mövzusunu açıqlayarkən bunları deyir:

"Şüur zehnimizin ən tanış, lakin ən sirli ünsürüdür. Hər birimiz üçün təcrübə yaşayan, hissləri və duyğuları idrak edən, ağrı-acı çəkən, fikir bildirən və şüurlu olaraq plan quran daha qəti bir şey vardırmı? Digər tərəfdən dünyada şüur nə ola bilər? Maddi dünyada maddi bədənlər belə bir şeyə necə malik ola bilərlər? Elm bir çox sirri aşkar etdi. Maqnetizm, fotosintez, həzm, hətta ifrazat kimi. Halbuki, şüur bunlara qətiyyən bənzəmir."

Materialist düşüncələrlə yola çıxan bəzi elm adamları isə dəlillər qarşısında önmühakimələrini tərk etməyə qərar veriblər. Bunlardan biri, beyin mövzusundakı araşdırmaları ilə tanınan beyin cərrahı Wilder Penfielddir. Penfield illərlə davam edən araşdırmalardan sonra ruhun varlığının inkar edilməz həqiqət olduğu qənaətinə gəlmişdir:

"… Ağılı yalnız beyin funksiyası olaraq illərlə izah etdikdən sonra, varlığımızın iki əhəmiyyətli ünsürdən meydana gəldiyini müdafiə edən fərziyyəni mənimsəmənin daha məntiqli olduğu qənaətinə gəldim... Ağlın beynin içindəki nevroloji proseslər əsasında izah edilməsinin qeyri-mümkün olduğu qəti olaraq göründüyü üçün varlığımızın iki əhəmiyyətli ünsür (maddə və ruh) baxımından açıqlandığı tezisini seçmək məcburiyyətində qalıram."

Kərpicdəki atomlar, beynimizdəki atomlar

Şüur mövzusunda dövrümüzün ən öndə gələn nüfuzlu şəxslərindən biri, Oxford Universitetinin Nobel mükafatlı alimi Roger Penrosedir. Məşhur fizik Stephen Hawkingin də yaxın iş yoldaşı olan Penrose astronomiya mövzusundakı fəaliyyətlərindən sonra beynin quruluşunu və şüur mövzusunu araşdırmağa başlamışdır. Penrosenin "The Emperor's New Mind" (İmperatorun Yeni Zehni) adlı kitabı bu mövzudakı ən əhəmiyyətli əsərlərdən biridir.

Roger Penrose bu kitabda materialistlərin "şüur yaradan beyin" nəzəriyyələrinə qarşı bunları yazır:

"Bəzi nevrofizioloqlar da xüsusilə beyindəki torvarı quruluşun şüurun yerini - həqiqətən belə bir yer varsa - meydana gətirdiyi fikrindədirlər. Axı torvarı quruluş beynin ümumi oyanıqlıq vəziyyətindən məsuliyyət daşıyır... Şüurlu olmaq üçün ehtiyacımız olan yalnız aktiv bir torvarı quruluş sistemidirsə, qurbağalar, kərtənkələlər və balıqlar belə şüurludur demək ki!"

İnsanı şüurlu bir varlıq edən əlbəttə şüursuz atomların yan-yana düzülmələri deyil. Düşünən, qərar verən, danışan, danışılanları anlayan varlığın beynimizi və bədənimizi meydana gətirən cansız atomlar olmadığı açıq-aşkardır. Şüur və ona bağlı davranışların yalnız maddənin bir funksiyası olduğunu düşünənlərə qarşı Penrose bunları söyləyir:

"Müəyyən bir insana onun şəxsiyyətini verən nədir? Bədənini meydana gətirən atomlardırmı? İnsan şəxsiyyəti atomları meydana gətirən elektron, proton və digər zərrəciklərin xüsusi seçiminəmi bağlıdır? Bunun belə olmadığını göstərən heç olmasa iki səbəb vardır:

Birincisi, yaşayan hər kəsin bədənini meydana gətirən materialda fasiləsiz bir dəyişmə var. Bu, bir insanın beyin hüceyrələrinə də aiddir. Doğumdan bəri hər bir hüceyrənin və bədənimizi meydana gətirən maddələrin,demək olar ki, hamısı dəfələrlə dəyişdirilir.

İkinci səbəb kvant fizikasına məxsusdur... Əgər insanın beynindəki bir elektron kərpicdəki digər bir elektronla dəyişdirilsəydi, sistemin vəziyyəti əvvəlki ilə tamamilə eyni olar və ayırd edilə bilməzdi. Eyni hal protonlar və digər bütün zərrəciklərə də aid edilir. Əgər bir insanın bədənindəki bütün maddə bu evin kərpiclərindəki uyğun hissəciklər ilə dəyişdirilsəydi, həqiqi mənada heç bir şey fərqli olmazdı."

Penrose bir insanın bütün atomlarını kərpicin atomları ilə dəyişdirsək belə insanı şüurlu edən xüsusiyyətlərin tamamilə eyni qalacağını açıq şəkildə ifadə edir. Yaxud əksini düşünə bilərik. Əgər beynin atomlarının hissəciklərini kərpicininkilərlə dəyişdirsək bu da əlbəttə kərpici şüurlu etməz. Kərpic yenə kərpic olaraq qalar. İnsanı insan edən xüsusiyyətlərin maddənin bir xüsusiyyəti olmadığı, onun xaricində bir varlıq olduğu çox açıqdır.

Şüur möcüzəsi

Beyin hisslərlə əlaqəli olaraq işləyən və müəyyən mərkəzlərdə bu hissləri yığaraq birləşdirən bir orqandır. Ancaq beyinlə əlaqədar bütün məlumatların cəmi belə, elm adamlarına şüur haqqında axtardıqları cavabı vermir.

Nümunə olaraq, görmə prosesinin necə reallaşdığına nəzər salaq. Bir cisimdən, məsələn, bir çiçəkdən gələn impulslar gözümüzə çatır. Göz bir kamera kimi bu görüntünü tutur və beyindəki sinirlərə çatdırır. Sinirlər boyu yol alan çiçək görüntüsünə aid məlumatlar beynin görmə mərkəzinə çatır və bu bölgədə çiçək görüntüsü meydana gəlir. Bura qədər olan müddətdə beynin mexaniki əməliyyatlarından bəhs edilir. Ancaq beynin görmə mərkəzində dayanan çiçək görüntüsünü görən, onun çiçək olduğunu anlayan, yaddaşındakı digər çiçəklərlə müqayisə edən, çiçəkdən aldığı qoxularla xatirələri canlanan varlıq beynin maddi quruluşunun xaricindədir. Beynin içində yaranan görüntünü gözə ehtiyac duymadan görən, bu görüntünün qoxusunu buruna ehtiyac duymadan qoxulayan bir varlıq var. Alimləri heyrətə salan möcüzə budur.

Beynin sinirlərdən, atomlardan ibarət olan maddi quruluşu insanın xidmətinə verilmiş üstün bir cihazdır. Ancaq insanın ruhuna aid olan və insanı insan edən xüsusiyyətlər beynin bu maddi quruluşunun xaricindədir. Beyin bu xüsusiyyətlərin yaranmasında yalnız bir vasitəçi funksiyanı yerinə yetirir. Yəni, ruhun xaricdəki dünya ilə əlaqəsi beyindəki qəbul mərkəzləri sayəsində reallaşır.


Şüurla bağlı fəaliyyətləri ilə tanınan elm adamı Ecclesin bu mövzudakı açıqlaması belədir:

"Materialist açıqlamalar bizim təcrübə etdiyimiz bənzərsizlik qarşısında çarəsiz qaldığı üçün Mənlik və ya Ruh anlayışına fövqəltəbii bir yaradılış xüsusiyyəti vermək məcburiyyətində qalıram. Teoloji terminlərlə açıqlasam: hər bir Ruh döllənmə və doğum arasında inkişaf edən rüşeymə verilən yeni bir İlahi yaradılışdır."

Şüur, bir anda ortaya çıxan yalnız insana xas olan üstün xüsusiyyətdir. Allah, bu xüsusiyyəti insana düşünüb dərk etməsi üçün vermişdir. İnsan, aləmləri yoxdan var edən uca Allah'ı lazım olduğu kimi tanıyıb təqdir etməli və özünə verilən saysız-hesabsız nemətə hər an şükür etməlidir.