Canlılardakı heyrətamiz həmrəylik

Canlılardakı heyrətamiz həmrəylik

Canlıların təhlükəli vəziyyətlərdəki həmrəyliyini özbaşına reallaşdığını söyləmək ağıl sahibi bir insan üçün mümkün deyil. Bu canlıların hər birinə sahib olduqları qabiliyyətləri verən və necə davranacaqlarını ilham edən Allah'dır.

Heyvanların birlikdə yaşamalarının ən böyük üstünlüklərindən biri təhlükələrə qarşı daha çox qorunma imkanlarının olmasıdır. Çünki birlikdə yaşayan heyvanlardan hər hansı biri təhlükəni sezdikdə səssizcə hadisə yerindən qaçmaq əvəzinə,var gücü ilə ətrafındakı digər heyvanları da xəbərdar edir. Hər bir canlı növünün özünə xas xəbərdarlıq forması var. Məsələn, dovşanlar və bəzi marallar təhlükəni sezdikdə ətrafındakı heyvanları xəbərdar etmək üçün quyruqlarını qısır, ceyranlar isə tullanaraq maraqlı rəqs edirlər.

Bir çox kiçik quşlar düşmənlərini sezdikdə dərhal səs salaraq həyəcan siqnalı verir. Sarı asma quşu kimi növlər həyəcan siqnalı verərkən yüksək səslə qırıq-qırıq səs çıxarırlar. İnsan qulağı bunu incə bir fit kimi qəbul edir. Bu səsin ən əhəmiyyətli xüsusiyyəti isə istiqamətinin aydın olmamasıdır. Bu, sürüsünü xəbərdar edən quş üçün əhəmiyyətli bir üstünlükdür. Çünki quş əslində düşməni gördükdə qışqıraraq bütün diqqəti üzərinə çəkir. Amma səsin istiqaməti müəyyən olmadığı üçün təhlükə nisbətən azalır.

Koloniyalar halında yaşayan böcəklərdə də təhlükəni ilk sezən böcək bütün koloniyanı xəbərdar edir. Ancaq təhlükəni xəbər verən böcəyin ifraz etdiyi həyəcan qoxusu düşmənin də diqqətini çəkir. Başqa sözlə, koloniyanı təhlükəyə qarşı xəbərdar edən böcək ölümü də gözə almış olur.

Preri itləri böyük koloniyalar halında yaşayır. Sanki bir şəhərə çevrilmiş olan yuvaları təxminən 30 heyvanın yaşadığı hissələrə ayrılmışdır. Bu şəhərdəki heyvanların hamısı bir-birini tanıyır. Tunel çıxışlarında və girişlərində olan təpəciklərin üzərində həmişə hər istiqaməti görə biləcək şəkildə arxa ayaqları üzərində dayanmış keşik tutan heyvanlar görmək olur. Növbətçilərdən biri düşmən görsə, fit şəklində hürmə səsi çıxarır. Bu xəbərdarlıq digər növbətçilər tərəfindən təkrarlanır və xəbərdarlıq bütün şəhər tərəfindən eşidilərək həyəcan halına keçilməsini təmin edir.

Canlıların bir-birlərini xəbərdar etməsi, əlbəttə ki, düşündürücüdür. Ancaq daha da əhəmiyyətlisi, bu heyvanların hər birinin bir-birlərini "anlamasıdır". Yuxarıda bəhs etdiyimiz canlılardan biri, məsələn dovşan quyruğunu havaya qaldırdığı zaman, ətrafındakı digər canlılar onun bir təhlükə siqnalı verdiyini dərhal anlayır və buna görə tədbir alırlar.

Oradan uzaqlaşmaq lazım olsa uzaqlaşır, gizlənmək lazım olsa gizlənirlər. Burada bunu düşünmək lazımdır: Bu heyvanlar bu işarəni gördükdə qaçmaları lazım olduğunu anlayırlarsa, bu heyvanların daha əvvəldən bunu öz aralarında danışaraq qərarlaşdırmaları lazımdır ki, ilk əmrdə dərhal tətbiq edə bilsinlər.

Burada göz ardı edilə bilməyəcək dərəcədə şüurlu davranışlardan bəhs olunur. Bunun tək açıqlaması canlılara etdikləri bu ağıllı davranışları öyrədənin və tətbiq etdirənin hər şeyin yaradıcısı olan, yaratdıqlarını qoruyub müdafiə edən, sonsuz şəfqət və mərhəmət sahibi olan Allah olduğudur.

Canlılar təhlükələrə birlikdə etiraz edirlər

Sürü halında yaşayan bir çox heyvan növü təhlükə anında bir-birlərini xəbərdar etməklə yanaşı, təhlükəyə də birlikdə etiraz edirlər. Məsələn, kiçik quşlar, şahin və ya bayquş kimi yırtıcı quşlar sahələrinə girdikdə kütləvi şəkildə bu heyvanları əhatəyə alırlar. Bu zaman ətrafdakı digər quşları da həmin əraziyə çəkmək üçün xüsusi səs çıxarırlar. Kiçik quşların dəstə halında göstərdikləri bu müqavimət yırtıcı quşları adətən bölgədən uzaqlaşdırır.

Bir yerdə uçan quş sürüsü də eyni şəkildə bütün sürü üzvləri üçün bir qoruma təmin edir. Məsələn, sürü halında uçan sığırçınlar aralarında geniş məsafə buraxaraq uçurlar. Ancaq bir şahin gördükdə aralarındakı boşluqları bağlayırlar. Beləliklə şahinin sürünün ortasına hücum çəkməsini çətinləşdirirlər. Şahin bunu etsə belə müvəffəqiyyətli ola bilməz, qanadlarını şikəst edər və ovlaya bilməz.

Adətən bir zebra sürüsü hücuma məruz qaldıqda sürünün lideri olan zebra geridə qalır, dişilərlə balalar qabaqda qaçır. Erkək zebra arxada ziqzaqlar çəkərək qaçır, hətta bəzən geri qayıdıb təcavüzkar heyvanları qovur.

Müşk öküzləri də hücuma məruz qaldıqda qaçmaq əvəzinə özlərinə təhlükəsizlik mühiti təmin edirlər. Bütün qrup üzvləri düşmənə arxalarını çevirmədən geri-geri gedərək bir dairə cızırlar. Balalar bu dairənin mərkəzindədir və analarının uzun tüklərinin altında gizlənirlər. Yetkinlər balaların ətrafını əhatəyə alaraq onları tam bir qoruma altına alır. Təcavüzkarların üzərinə atılan bir müşk öküzü hücumdan sonra balaları qoruyan dairənin dağılmaması üçün yerinə geri qayıdır. (HarunYəhya, Canlılardakı Fədakarlıq və Şüurlu Davranışlar)

Əlbəttə ki, canlıların bu həmrəyliklərini öz iradələri ilə reallaşdırdıqlarını söyləmək ağıl sahibi bir insan üçün mümkün deyil. Bu həqiqətlər qarşısında isə gələcəyimiz nəticə budur: Təbiətdəki hər şey sonsuz elm və qüdrət sahibi Yaradıcının əsəridir. O Yaradıcı bütün canlıları, insanları, heyvanları, böcəkləri, bitkiləri, canlı-cansız bütün varlıqları yaradan Allah'dır. O, üstün qüdrət, şəfqət, mərhəmət, ağıl, elm və hikmət sahibidir. İnsanın öhdəsinə düşən isə Allah'ın ayələri üzərində haqqı ilə düşünməkdir. Ayələrdə belə buyurulur:

"Bu halda həmd göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi Allah'ındır. Göylərdə və yerdə böyüklük Onundur. O, üstün və güclüdür, hökm və hikmət sahibidir." (Casiyə surəsi, 36-37)