Atomdakı böyük qüvvə

Atomdakı böyük qüvvə

Allah sonsuz qüdrəti ilə kainatın ən güclü qüvvəsini kainatın ən kiçik hissəsi olan atomların içinə sığdırmışdır. Bu, Allah’ın yaratma sənətinin ən böyük dəlillərindən biridir.

XIX əsrin birinci yarısından indiyə qədər yüzlərlə alim atomun sirlərini aşkar etmək üçün gecə-gündüz çalışmışlar. Atomun forması, hərəkəti, quruluşu kimi müxtəlif xüsusiyyətləri gün işığına çıxaran bu elmi fəaliyyətlər maddəni əzəli və əbədi varlıq qəbul edən klassik fizikanı kökündən sarsıtdı və müasir fizikanın təməlini qoydu. Bu suallara cavab axtaran bir çox fizik aparılan tədqiqatlar nəticəsində bütün kainatda olduğu kimi, atomda da qüsursuz nizam, pozulmaz müvazinət və şüurlu dizayn olduğunun qənaətinə gəldilər.

Çox kiçik olan bu zərrəciklər mükəmməl quruluşa malikdirlər. Ancaq atomdakı möcüzəvi cəhətlər bununla məhdudlaşmır; atom, eyni zamanda, içində çox böyük enerji də saxlayır. Atomun içindəki bu qüvvə elə böyükdür ki, bəşəriyyət bu enerjinin kəşfi ilə artıq okeanları birləşdirən nəhəng kanallar açır, dağları dəlir, süni iqlimlər yaradır və daha bir çox faydalı işlər görə bilir. Amma bunu da bildirmək lazımdır ki, atomun içindəki qüvvə bir tərəfdən bu şəkildə bəşəriyyətə xidmət edərkən, digər tərəfdən də çox böyük bir təhlükə meydana gətirir. Belə ki, bu qüvvədən pis məqsədlə istifadə edilməsilə II Dünya Müharibəsində Xirosima və Naqasakidə on minlərlə insan bir neçə saniyə ərzində həyatlarını itirdilər. Yaxın keçmişdə də Rusiyadakı Çernobıl AES-də baş verən bir qəza çox sayda insanın ölməsinə və ya şikəst qalmasına səbəb olmuşdu.

Nüvədəki qüvvə

Atomun nüvəsində protonları və neytronları bir-birinə cəzb edən çox güclü qüvvə var. Bu qüvvəyə "güclü nüvə qüvvəsi" deyilir. Nüvə enerjisi nüvədəki bu qüvvəyə təsir etdikdə ortaya çıxır. Bu qüvvəyə təsir etmədikdə zərərsizdir, ancaq süni müdaxilə ilə milyonları öldürən bir gücə çevrilir. Atomun nüvəsindəki milyonlarla insanın həyatını təhlükəyə atan bu qüvvəni “nüvə parçalanması” (nuclear fission) və “nüvə birləşməsi” (nuclear fusion) kimi texniki üsullar ortaya çıxarır.

Bu qədər kiçik zərrəciyin içinə belə böyük enerji sığdırılması möcüzədir. Allah sonsuz gücünü insanlara yaratdığı varlıqlarda göstərir, istədiyi gücü istədiyi yerdə var edir. İnsanlara da sonsuz elmindən ancaq istədiyi qədərini verir.

Bu reaksiyalar ilk baxışda atomun nüvəsində reallaşan kimi görünsə də, əslində, bütün subatom hissəciklərin birlikdə iştirak etdiyi reaksiyalardır. Nüvə parçalanması reaksiyası atom nüvəsinin bölünməsi, nüvə birləşməsi reaksiyası isə iki nüvənin böyük qüvvə ilə birləşdirilməsidir. Hər iki reaksiyada da külli miqdarda enerji hasil olur.