Kainatın hesablana bilməyən böyüklüyü

Kainatın hesablana bilməyən böyüklüyü

Möhtəşəm böyüklükdə olan kainatdakı həssas tarazlıqlar bu qüsursuz nizamın Allah’ın üstün yaratması nəticəsində mövcud olduğunu sübut edir.

Amerikalı alimlər Günəş sisteminə ən uzaq planeti tapıblar. “Space” internet səhifəsində verilən xəbərə görə, Yupiter böyüklüyündə olan bu planet Südyolu qalaktikasından 5000 işıq ili uzaqlıqdakı bir ulduzun ətrafında, dar orbitdə fırlanır. Planetin ulduzun ətrafında dövr etmə sürətinin 29 saat qədər qısa olduğunu bildirən alimlər onun səthinin çox isti olduğunu və minlərlə dərəcəyə çatdığını qeyd ediblər. Harvard Smitsonian Mərkəzinin astronomları planeti ətrafında dövr etdiyi ulduzun yaydığı işıqdakı kiçik dəyişikliklər sayəsində tədqiq ediblər. Astronomlar planetin periodik olaraq 29 saatda bir ulduzun qabağına keçdiyini və ulduzun yaydığı işığın bu anda azaldığını görüblər. İşıqdakı dəyişikliyin isə bir ağcaqanadın 300 kilometr uzaqlıqdakı avtomobil işığının qarşısından keçməsinə bərabər olduğunu açıqlayıblar. Astronomlar indiyə qədər Günəş sistemindən kənardakı 100-dən çox planetin çoxunu da bu üsulla təyin ediblər.

Bu elmi nailiyyət mühüm cəhətə işarə edir. Kainatın ehtişamlı böyüklüyünə!

İşığın saniyədə təxminən 300.000 km. sürəti olduğunu düşünsək, 5000 işıq ilinə bərabər olan məsafənin böyüklüyünü qavramağın insan üçün nə qədər çətin olduğunu görərik. Üstəlik, Günəş sisteminin içindəki bu məsafələr kainatın böyüklüyü ilə müqayisədə olduqca kiçikdir.

Odur ki, kainatın böyüklüyünü düşündükdə qarşımıza daha böyük ölçülər çıxır.

Kainatın böyüklüyünü anlamaq üçün bu araşdırmaya davam edək…

Bildiyimiz kimi, Yer Günəş sisteminə aiddir. Bu sistem kainatın içindəki digər ulduzlara nisbətən orta-kiçik ölçülü bir ulduz olan Günəşin ətrafında dövr edən doqquz planetdən və onların əlli dörd peykindən təşkil olunub. Yer bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.

Günəşin diametri Yerin diametrindən 103 dəfə böyükdür. Bunu bir bənzətmə ilə açıqlayaq: əgər diametri 12.200 km. olan Yer kürəsini bir üzüm çəyirdəyi ölçüsündə kiçiltsək, Günəş də futbol topundan iki dəfə böyük olar. Amma əsl maraqlı olan cəhət aradakı məsafədir. Reallığa uyğun model qurmaq üçün üzüm çəyirdəyi boyda Yer ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etməliyik. Günəş sisteminin ən kənarında olan planetləri isə kilometrlərlə uzaqda yerləşdirməliyik. Ancaq bu qədər nəhəng ölçüyə malik Günəş sistemi içində yerləşdiyi Südyolu qalaktikasından olduqca kiçikdir. Çünki Südyolu qalaktikasında Günəş kimi və əksəriyyəti ondan daha böyük olan təxminən 250 milyard ulduz var. Bu ulduzların içində Günəşə ən yaxın olanı Alfa Sentavrdır. Əgər Alfa Sentavrı bir az əvvəlki bənzətmədə, yəni üzüm çəyirdəyi böyüklüyündə Yer və Günəşlə arasındakı 280 metrlik məsafə modelində yerləşdirməli olsaq, onu Günəşdən 78 min km. uzağa qoymalıyıq!

Modeli bir az da kiçildək. Yeri gözlə çətin görünən toz zərrəciyi boyda edək. Onda Günəş qoz böyüklüyündə olmalı və Yerdən 3 m. məsafədə yerləşməlidir. Alfa Sentavrı isə Günəşdən 640 km. uzaqlıqda yerləşdirməliyik.

Südyolu qalaktikasında aralarında bu cür nəhəng məsafələr olan 250 milyard ulduz var. Spiral formasındakı bu qalaktikanın qollarının birində bizim Günəşimiz yerləşir.

Ancaq maraqlısı budur ki, Südyolu qalaktikası da, bütövlükdə kosmosu nəzərə alsaq, çox kiçik yer tutur. Çünki kosmosda başqa qalaktikalar da var, həm də fərziyyələrə görə, təxminən 300 milyarda qədər. Bu qalaktikaların arasındakı boşluqlar isə Günəşlə Alfa Sentavr arasındakı məsafədən milyon dəfələrlə çoxdur.

Corc Qrinşteyn bu heyrətamiz böyüklük haqqında “Simbiotik Kainat” (The Symbiotic Universe) adlı kitabında belə yazır:

"Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsalar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, dumanlıqlarda (nebula) və digər göy cisimlərində davam edən əsas fiziki proseslərdə heç bir dəyişiklik baş verməzdi. Uzaq bir nöqtədən baxdıqda, qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Yeganə fərq bu olardı ki, gecə otların üstündə uzanıb seyr etdiyim səmada daha çox ulduz olardı. Ancaq, yox, bir fərq də olardı: bu mənzərəni seyr edən "mən" olmazdım... Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın mühüm şərtidir" (George Greenstein, The Symbiotic Universe. s. 21).

Qrinşteyn bunun səbəbini də açıqlayır: kosmosdakı böyük boşluqlar bəzi fiziki dəyişikliklərin məhz insan həyatına uyğun şəkildə olmasını təmin edir. Həmçinin, Yerin kosmik fəzada hərəkət edən nəhəng göy cisimləri ilə toqquşmasına mane olan faktor da kainatdakı göy cisimləri arasındakı bu cür böyük boşluqlardır (Harun Yəhya, “Kainatın Yaradılışı”).

Bu qədər böyük və nizamlı kainatı qüsursuz müvazinətlə yoxdan var edən aləmlərin Rəbbi olan Allah’dır. Kainatın böyüklüyü və həssas müvazinətlər Allah’ın üstün yaratma sənətinin açıq-aşkar dəlilləridir. Müasir elmin gəldiyi bu nəticə isə Quranda 14 əsr əvvəl xəbər verilmiş həqiqətdir:

Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allah’dır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)