Qoxu Hiss Etmə Möcüzəsi

Qoxu Hiss Etmə Möcüzəsi

"Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddət üçün yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir." (Rum surəsi, 8)

Həyatımızın, demək olar ki, hər anında fərqli qoxularla təmasda oluruq. Hətta "qoxular dünyası"nda yaşadığımız da deyilə bilər. Ətrafımızdakı çiçəklərdən, ağaclardan, qidalardan, heyvanlardan, sənaye məhsullarından, bakteriyaların səbəb olduğu birləşmələrdən və digər insanlardan qaynaqlanan qoxular bizi ətraflı şəkildə əhatə edir.

Minlərlə növdən ibarət olan qoxular dünyasına baxdıqda, olduqca diqqətçəkici və maraqlı bir nöqtə gözə dəyir. Zövqlərimilə qoxular arasında çox əhəmiyyətli bir tarazlıq və uyğunlaşma var. Qısası, bizə faydalı olan maddələrin qoxuları xoşumuza gəlir, zərərli olanlar isə qoxuları ilə bizi uzaqlaşdırırlar.

Bədənimizə faydalı olan qidalardan gələn qoxular, bizdə məmnuniyyət duyğusu oyandırır və o maddələrə qarşı maraq duymağımıza səbəb olur. Ac vəziyyətdə ikən bişən yeməyin qoxusu bizi yemək yeməyə təşviq edir; beləcə həm yeməkdən zövq alırıq, həm də bədənimizin ehtiyaclarını qarşılamış oluruq. Digər tərəfdən, bədənimiz qəbul etdiyimiz maddələri həzm etməklə məşğul olarkən, yeni bir qidaya ehtiyac duymazkən, artıq yemək qoxusu bizə çox da cazibədar gəlməyəcək.

Pis qoxu olaraq xarakterizə etdiyimiz qoxuların qaynaqları isə ümumiyyətlə bizim üçün zərərli maddələrdir. Zəhərli kimyəvi maddələri pis qoxularından rahatlıqla tanıya bilirik. Bakteriyaların fəaliyyəti nəticəsində meydana gələn pis qoxular, bizi xəbərdar edərək o maddələrdən uzaq durmağımızı təmin edir. Çürümüş bir meyvənin və ya xarab olmuş bir yeməyin ətrafa yaydığı dözülməz qoxular, insanları təhlükəyə qarşı xəbərdar edir.

Qoxulardakı tənzimləmənin insan sağlamlığı baxımından həyati əhəmiyyətdə olduğu, müzakirə edilməzdir. Ümumi bir qayda olaraq, təhlükəli və ya zərərli maddələr pis iy verirlər və beləcə dərhal ayırd edilirlər. Məsələn, cəfəri zəhərli olan baldırğana görünüş olaraq çox bənzəyir. Lakin qoxuları bir-birlərindən tamamilə fərqlidir. Cəfərinin özünə xas bir qoxusu, baldırğanın isə çox narahat edici, pis bir qoxusu var. Bu sistem olmasaydı, baldırğanı cəfəri zənn edərək yeyə bilər və ya zəhərli bir kimyəvi birləşməni meyvə şirəsi zənn edərək içə bilərdik. Yaşadığımız hər gün boyunca zəhərlənmə təhlükəsilə iç-içə yaşayardıq. Buna tədbir olaraq da, hərhalda əlimizdə nəyin faydalı, nəyin zərərli olduğunu açıqlayan siyahı və kitablarla gəzmək məcburiyyətində qalardıq.

Kainatın hər nöqtəsində görünən həssas tarazlıqlar, qoxu hiss etmə sistemində də mövcuddur. Hər canlının qoxu hiss etmə duyğusu olduğu mühitə və ehtiyaclarını qarşılamağa yönəlik olaraq təşkil edilmişdir. Məsələn, insan. Əgər qoxu hiss etmə həssaslığımız daha az olsaydı, bizim üçün təhlükə meydana gətirən vəziyyətləri hiss edə bilməzdik. Qoxu hiss etmə duyğumuz bir itdəki qədər güclü olsaydı, hər an diqqətimizi dağıdan və olduqca narahatlıq verən vəziyyətlər ortaya çıxardı; bəlkə də, həyat bir kabusa bənzəyərdi. Bu tarazlıqlar isə qoxu molekullarının quruluşlarında da görülə bilər. Məsələn, normal şərtlərdə bizə gözəl gələn bir qoxu yüksək konsentrasiyada olduğunda xoşumuza gəlmir. Nümunə olaraq, bitkilərin qoxuları bağçada olduqca təsiredicidir, ancaq eyni bitkilərdən hazırlanan ağır bir ətir narahat edicidir. Bu da onların insan üçün ideal nisbətdə yaradıldıqlarının bir göstəricisidir.

Qoxu ilə bağlı hər detalın insan həyatı üçün xüsusi olaraq yaradıldığı və Allah'dan bir nemət olduğu açıqdır. Bu nemətin böyüklüyünü anlaya bilmək üçün bir anlığına hal-hazırdakı sistemin tam əksini düşünək. Təbiətdəki bir çox yemək bizim üçün həyati əhəmiyyət daşımasına baxmayaraq, pis, hətta iyrənc qoxulara malik ola bilərdi. Bir düşünün; su benzin kimi, çörək kiflənmiş bir yemək kimi, pendir də tullantı maddə kimi iy versəydi nələr olardı? Nə qədər ac və susuz olsaq da, bunları yemək və içmək bir xeyli əzab verərdi. Hətta ən sevdiyimiz yeməkləri yemək, iyrəndirici qoxuları səbəbindən bir iztiraba çevrilər və dözülməz bir hal alardı. (Harun Yəhya, Qoxu və Dad Möcüzəsi)

Doğulduğumuzdan bəri birlikdə yaşadığımız qoxular, qəflət içindəki insana təbii və özbaşına meydana gəlmiş kimi görünə bilər. Yuxarıdakı detalları dərin bir şəkildə düşünənlər isə açıq-aşkar həqiqəti görməkdə gecikməyəcəklər: Ehtiyac duyduğumuz yeməkləri və bitkiləri cazibədar qoxularla birlikdə yaradan, Rəhman və Rəhim olan Allah'dır. Sərhədsiz ehsan və lütf sahibi olan Rəbbimiz, bədənimizin hər sistemində olduğu kimi, qoxu hiss etməyi də bizim rahatlığımıza uyğun olaraq yaratmışdır. Sonsuz mərhəməti və şəfqəti ilə bizə faydalı olan şeyləri sevdirmiş, zərərli olanları çirkin göstərmişdir. Bizim vəzifəmiz iylədiyimiz gözəl qoxuları Allah'ın yaratdığını və bizlərə lütf etdiyini düşünüb şükür etməkdir. Bu gözəl davranışı göstərənlər, Allah diləsə, bu nemətlərin əsillərinə əbədi olaraq cənnətdə qovuşacaqlar. Allah'ın nemətlərini yalanlayıb nankorluq edənlər isə cəhənnəmdə özləri üçün xüsusi olaraq hazırlanmış irin və qan qarışığını, darı tikanını və qaynar suyu tapacaqlar. Bunlar Quranda ifadə olunan və qəti olaraq reallaşacaq vədlərdir.

İnsan Bədənində Yaranan Qoxuların Xatırlatdıqları

İnsan qısa bir müddət ac qaldıqda, bir az sürətli yeridikdə və ya nərdivan çıxdıqda, ya da gündəlik işlərini görmək üçün hərəkət etdikdə, əgər lazım olan tədbirləri almasa, bədənində xoş olmayan qoxular yaranır. Heç hərəkət etməsə belə, duş qəbulu və baxım etmədiyi təqdirdə, qısa zamanda ayağından saçına qədər bütün bədənində çirklənməyə və istənilməyən qoxulara səbəb olar. Əlbəttə kainatdakı hər şeyin müəyyən bir yaradılış məqsədi olduğu kimi, insan bədənində yaranan bu pis qoxuların da bir çox hikməti var.

Şübhə yoxdur ki, bunlar insan üçün bir acizlik və əksiklikdir. İnsan bədəninə aid bu cür əksikliklər, insanın özünün aciz yaradıldığını, hər cür qüsurdan münəzzəh olanın isə yalnız Allah olduğunu düşünməsinə səbəb olur. Bu sayədə Allah'ın ucalığını və Ona möhtac olduğunu daha yaxşı qavrayır. Allah'ın yaratdıqlarındakı hikmətlərin qavranması, ancaq insanın bu şəkildə dərin düşüncəli olmasından asılıdır.