“Ölüm yolu”ndan gələnlər və Avropanın sınağı

“Ölüm yolu”ndan gələnlər və Avropanın sınağı

Yük maşınının arxasında üst-üstə yığılmış insanların cansız bədəni bəlkə də bəziləri üçün insanlığın necə yox olduğunun ən böyük göstəricilərindən biridir. Keçən həftə əvvəlcə 72 miqrantın yük maşınında havasızlıqdan boğulması xəbəri və ardından Aralıq dənizinin «ölüm yolu»nda baş verən yeni bir faciə ilə oyandıq. Belə dəhşətli bir mənzərəyə o insanları qayıqlara və ya yük maşınlarına dolduranların ürəyi necə gəldi məlum deyil. Çətin vəziyyətdəki bu insanlar, görəsən, dərdi ancaq pul olan insan tacirləri üçün çox dəyərsiz idi?

Budapeştdə xalq 72 nəfərin avtobusda qətl edildiyi faciə ilə bağlı anım mərasimi keçirdi. Məqsəd bu hadisəni unutdurmamaq və insan tacirlərinə diqqət çəkə bilmək idi. Eyni saatlarda Avropanın gözü önündə Liviya sahillərinə vuran cansız uşaq bədənlərinə heç kim deyəcək söz tapa bilmirdi. Müharibədən xilas olmağı bacaran çarəsiz insanların qatili bu dəfə insan tacirləri idi.

Avropa miqrant böhranını II Dünya müharibəsindən sonra ilk dəfə bu qədər geniş şəkildə yaşayır. Lakin sınaqdan çıxa bilmir. Ötən il dənizdə ölüm-dirim mübarizəsi aparan miqrantlara yardım etməmək barədə qərarla gündəmə gələn Avropa artıq bu qədər vicdansız qərarlar ala bilməyəcək qədər miqrant probleminin içindədir. Məlum olduğu kimi, ötən aylar Avropa İttifaqının üzvü olan 28 ölkənin müharibədən qaçan insanları «qəbul edib-etməmə» münaqişələri ilə keçdi. Bəzisi dünyanın ən böyük iqtisadiyyatına malik Avropa İttifaqı üzvləri «nə qədər az miqrant olarsa, o qədər inkişaf edər, nəslimi o qədər qoruyaram» məntiqi ilə hərəkət edir və daha çox miqrant qəbul etməyi etik və iqtisadi problem olaraq görürlər. Miqrantlar heç cür bölüşdürülə bilmir.

Bütün bunlar baş verərkən getdikcə artan miqrant sayı hazırda bəzi Avropa ölkələrini müəyyən addımlar atmağa məcbur etmiş kimi görünür. Keçən həftə Makedoniya sərhədində baş verən şiddət hadisələrinin ardından Makedoniya sərhədində miqrantlar üçün düşərgə qurulması, Almaniyanın suriyalı qaçqınlara sığınacaq verəcəyini və ölkədən çıxarmayacağını açıqlaması əlbəttə ki, sevindiricidir. Lakin Merkelin bir tələbi var. Merkel bildirdi ki, əgər miqrantları adalətli şəkildə bölüşdürməyə nail ola bilməsələr, bir çoxları üçün Şengen məsələsi gündəmə gələcək. Məlum olduğu kimi, Şengen Avropa İttifaqı ölkələrində sərbəst şəkildə səyahət etmə azadlığı verir. Miqrantların xüsusilə Almaniyanı hədəf aldıqlarını düşündükdə bir çoxları bu sözə haqq verə bilər. Amma bu sualı verməsək olmur.Təkcə bir neçə ay ərzində 4 milyon miqrantı qəbul edən Türkiyə, İordaniya, Livan miqrantların ədalətli şəkildə bölüşdürülməsini şərt qoymuşdu? Əlbəttə ki, yox. Sərhədlərimizə sığınan insanlar müharibədən canlarını xilas etməyə çalışan məzlumlardır. Biz Allah üçün, insanlıq üçün onlara baxmaqla, onları qonaq etməklə məsul insanlarıq. Bizim üçün bu, bəzi avropalıların düşündüyünün əksinə daha inkişaf etmək, daha da gözəlləşmək və daha da dərinləşmək üçün bir fürsətdir.

Avropa Parlamentinin sədri Martin Şulz Avropanın miqrant siyasətini sərt tənqid edənlərdən biridir. Şulz, “Aralıq dənizi kütləvi məzarlığa çevrilərkən bəzi avropalılar böyük xəta edirlər” deyərkən,  Fransanın xarici işlər naziri Loran Fabius bəzi Avropa ölkələrinin miqrant qəbul etməməsini skandal olaraq səciyyələndirdi. Fabius Macarıstanın miqrant axınının qarşısını almaq üçün sərhədə məftil  çəkməsini isə «Avropa İttifaqı dəyərlərinə uyğun gəlmir» deyərək tənqid etdi. Bəs nədir Avropa dəyərləri? Bu dəyərlər inkişafa yoxsa, insanlığa görə müəyyən edilib? Əgər insanlıq ön plandadırsa, Avropa adını ləkələyəcək bu miqrant münaqişəsinə lap başdan girməməli idi.

Burada əlbəttə ki, bir sıra avropalı siyasətçiləri və Avropa xalqının böyük hissəsini kənarda tutmaq lazımdı. Bir çox siyasətçinini bu məsələyə sahib çıxdığı və Avropa xalqının miqrantları qorumaq üçün böyük əmək sərf etdiyi məlumdur. Almaniyada miqrantlar əleyhinə aksiyalar olsa da, bunlar xalqın əksəriyyəti tərəfindən mənfi qarşılanır və miqrantlara «xoş gəldiniz» aksiyalarının minlərlə insan tərəfindən həyata keçirilir.

Əlbəttə ki, son dövrlərdə çox bəhs edilən miqrant və qaçqınlar arasındakı fərq müəyyən edilməlidir. Müharibə və zülmdən qaçan və öz ölkələrinə qayıda bilməyəcək halda olan insanlar qaçqın olaraq dəyərləndirilir. Bu insanlar 1951-ci il razılığına əsasən, beynəlxalq hüquqla qorunurlar və ölkələrinə məcburi şəkildə göndərilə bilməzlər. Miqrantlar isə öz ölkələrində təzyiq altında olmayıb daha yaxşı həyat üçün başqa ölkələrə gedən insanlardır. Dünyanın çalxalandığı bu dövrdə əlbəttə ki, ölkələrin miqrantlardan çox qaçqınlara üstünlük verməsi təbiidir. Belə ki, bir sıra Avropa ölkələri öz qaydalarını buna əsasən müəyyən edirlər.

Lakin Avropadan bəhs edərkən ən çox miqrant çıxaran Balkan ölkələrinin vəziyyətindən burada yan keçmək olmaz. Bu problemi həll etmək üçün ilkin mərhələ bəzi Balkan ölkələrinin Avropa İttifaqı danışıqlarını sürətləndirmə tələblərini göz önünə almaq və bu məsələdə müxtəlif qaydalar tətbiq etməkdir. Çünki Avropa daxilində yoxsulluqdan əziyyət çəkən ölkələr olmasındansa, Avropanın birlikdə inkişaf etməsi bizim də istəyimizdir. Avropa İttifaqının əsas məqsədinin də bu olduğunu unutmamaq lazımdır.

“Avropa İttifaqının bütün bunlara necə gücü çatsın?” deyə düşünənlər ola bilər. Avropa İttifaqının buna gücü çatar, bundan daha da çoxunu etməyə gücü çatar. Maraqlananlar iqtisadi baxımdan Avropadakı bir çox ölkədən daha çətin vəziyyətdə olub qaçqınların xərcini öz üzərinə götürən Türkiyəyə nəzər yetirə bilərlər. Bu, eyni zamanda Avropa ölkələrinə gözəl dəyər olaraq da geri qayıdar. Avropa üçün lazım olan tək şey bunu istəmək və qaçqının «bəla» və ya «yük» deyil, Allah müsafiri olduğunu görə bilməkdir.

Avropalı liderlər bir zamanlar Almaniya, Yunanıstan və ya Polşa qaçqınlarının   digər ölkələrin qucaq açması ilə həyatda qala bildiklərini və bu minnətdarlığı tarixin silib əsla yox edə bilməyəcəyini xatırlamalıdırlar. Bunu unutmamalıdırlar ki, bir insanı xilas etmək, bütün insanlığı xilas etmək kimidir.