Südün əmələ gəlməsi

Südün əmələ gəlməsi

 "Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün ibrətlər vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər". ("Nəhl" surəsi, 16/66)
 
Bədənin qidalanmasını təmin edən əsas maddələr həzm sistemindəki kimyəvi reaksiyalar nəticəsində əmələ gəlir. Həzm olunan bu qida maddələri daha sonra bağırsaq divarından sorularaq qan dövranı sisteminə keçir. Beləliklə, bu qida maddələri qan dövranı nəticəsində müvafiq orqanlara ötürülür.
 
Bədənin başqa toxumaları kimi süd vəziləri də onlara qan dövranı yolu ilə gətirilən həzm olunmuş qida maddələri ilə qidalanır. Buna görə də qan qidaların yığılıb ötürülməsində çox mühüm rol oynayır. Süd də bütün bu mərhələlərdən sonra süd vəziləri tərəfindən ifraz edilir və həzm edilmiş qidanın qan dövranı ilə ötürülməsi nəticəsində əmələ gəldiyi üçün onun qidalılığı və dəyəri çox yüksəkdir. Bununla da insanların birbaşa istehlak edə bilməyəcəyi qandan və yarımçıq həzm olunmuş qidadan qidalandırıcı süd əmələ gəlir.
 
Göründüyü kimi, "Nəhl" surəsinin 66-cı ayəsində südün bioloji proseslər nəticəsində əmələ gəlməsi ilə bağlı şərh edilənlər elmin müasir dövrdə ortaya qoyduğu məlumatlara tam uyğundur. Son dərəcə aydın olan məsələdir ki, insanlar məməlilərin həzm sistemini öyrənmək üçün ixtisaslaşma tələb edən bu məlumatları Quranın göndərildiyi dövrdə bilmək gücündə və imkanında deyildi.
 
Möcüzəvi maddə - ANA SÜDÜ
 

"Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu bətnində çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!""("Loğman" surəsi, 31/14)
 
Ana südü körpənin qidaya olan ehtiyacını qüsursuz olaraq ödəmək və uşağı mümkün infeksiyalardan qorumaq üçün Allah`ın yaratdığı bənzərsiz bir nemətdir. Ana südündəki qida maddələrinin nisbəti ən ideal səviyyədədir. Bətndəki uşağın hələ yetişməmiş əzaları bədən sistemləri üçün ən uyğun formadadır. Ana südü uşağın beyin hüceyrələrinin böyüməsini təmin edən və onun sinir sisteminin inkişafını sürətləndirən qidalar baxımından da çox zəngindir.102 Çağdaş dövrün texnologiyası əsasında istehsal edilən uşaq yeməkləri də bu möcüzəli qidanın yerini verə bilmir.
 
Ana südünün uşaq üçün zəruri olan faydalı cəhətlərinin siyahısına zaman keçdikcə yeni-yeni məqamlar əlavə edilir. Tədqiqatlar nəticəsində məlum olub ki, ana südü əmən uşaqlar xüsusilə tənəffüs və həzm sistemi ilə bağlı infeksiyalardan tam qorunurlar. Çünki ana südündə elə bənzərsiz maddə və elementlər (məsələn, antikorlar) var ki, onlar körpəni infeksiyadan bilavasitə qoruyur.
 
Ana südünün başqa bir antiinfeksion xüsusiyyəti də var. Bu xüsusiyyət "normal flora" deyilən xoşməramlı, "yaxşı" bakteriyalar üçün "dost şəraiti" yaratdığı halda, zərərli bakteriyaların, virus və parazitlərin körpənin orqanizmində "məskən salmasına" mane olur. Bundan əlavə, ana südündə uşağın yoluxucu xəstəliklərə qarşı immunitet sistemini tənzimləyən və onun yaxşı işləməsini təmin edən amillərin də olması müəyyən edilmişdir.
 
Ana südü xüsusi olaraq uşaqlar üçün proqramlaşdırıldığı üçün körpənin çox asan həzm edə biləcəyi qidadır. Ana südü çox zəngin qida ehtiyatına malik olsa da, onun həzm edilməsi uşaqların həssas sistemlərinə uyğundur və asandır. Beləliklə, uşaq bu qidaların həzminə daha az enerji sərf edir və elə buna görə də enerjisini orqanizminin başqa fəaliyyətinə, böyüməyə və əzalarının inkişafına yönəldir.
 
Körpəsini vaxtından əvvəl doğan anaların südündə isə uşağın ehtiyaclarına uyğun olaraq daha çox yağ, protein, mineral, xlor və dəmir olur. Həmçinin müəyyən edilmişdir ki, öz analarının südü ilə qidalanan vaxtından əvvəl doğulmuş körpələrdə görmə qabiliyyəti, gözlərin fəaliyyəti daha yaxşı inkişaf edir. Belə uşaqlar intellektual testlərdən keçirilərkən bəlli olur ki, onların bir çox üstünlükləri var.
 
Ana südünün təzəcə dünyaya gələn körpənin inkişafı üçün zəruri olan xüsusiyyəti onun tərkibində omeqa-3 adlı yağ turşularının olmasıdır. Omeqa-3 yağ turşuları insan beyninin və retinasının vacib bir tərkibi olduğu üçün o, xüsusilə təzə doğulan körpələrin yaşaması baxımından böyük əhəmiyyətə malikdir. Omeqa-3 xüsusilə hamiləlik dövrü boyunca və körpəlik dövrünün başlanğıcında beyinin və sinirlərin əlverişli şəkildə inkişafı üçün də çox vacibdir. Ana südündə təbii və mükəmməl bir omeqa-3 anbarı olduğuna görə, alimlər ana südünün vacibliyini xüsusilə qeyd edirlər.
 
Bristol Universitetinin (ABŞ) alimləri tərəfindən aparılan tədqiqatlar ana südü ilə qidalanmağın uzunmüddətli faydaları arasında onun təzyiqə müsbət təsirinin olduğunu və bunun sayəsində infarkt riskinin azaldığını ortaya qoymuşdur. Araşdırmanı aparan alimlər ana südünün qoruyucu gücünün onun tərkibindəki maddələrdən qaynaqlandığını bildirir. «Circulation» adlı tibb jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, ana südü ilə qidalanan uşaqların ürək xəstəliklərinə tutulması riski daha azdır. Ana südündə damarın tıxanmasının qarşısını alan yağ turşuları var. Ana südü ilə qidalanan uşaqlar daha az natrium istehlak edir və piylənməyə məruz qalmır. Buna görə də ana südünün ürəyin sağlamlığı baxımından müsbət təsirə malik olduğu faktı da ortaya qoyulub.
 
Bunlarla yanaşı, Sinsinnati Universitetinin (ABŞ) nəzdində olan uşaq xəstəxanasında işləyən Lisa Martinin rəhbərliyi altında çalışan tədqiqatçılar ana südündə çox miqdarda «adiponektin» adlı protein hormonu tapdı.
 
Belə qəbul olunur ki, qanda çox miqdarda adiponektinin olması infarkt riskinin azalması ilə bağlıdır. Köklük və infarkt keçirmək riski çox olan adamlarda isə qandakı adiponektin miqdarı azdır. Buna görə də ana südü ilə qidalanan uşaqların gələcəkdə kök olmaq riskinin bu hormonla bağlı azaldığı müəyyən edilmişdir. Bununla yanaşı, ana südündə leptin deyilən və yağ metabolizmasında çox vacib bir rol oynayan başqa hormonun da olduğu müəyyən edildi. Alimlərə görə, leptin bədəndə yağ olması ilə bağlı beyinə göndərilən siqnaldır. Dolayısilə, dr. Martinin sözlərinə görə, körpə ikən ana südü ilə qəbul edilən bu hormonlar sonrakı yaşlarda piylənmə, 2-ci növ şəkər xəstəliyi, insulin müqaviməti və tac damar narahatlığı kimi xəstəliklərə tutulma riskini azaldır.
 
«Ən təzə qida» ilə bağlı həqiqətlər
 
Ana südü ilə bağlı həqiqətlər bununla da məhdudlaşmır. Ana südünün körpəyə verdiyi maddələr körpənin yaş dövrü mərhələlərinə görə dəyişir və körpənin hansı dövrdə hansı qidaya ehtiyacı varsa, südün tərkibi də bu dövrə görə fərqli xarakter alır. İdeal temperaturu ilə həmişə hazır olan ana südü tərkibindəki şəkər və yağla beyinin inkişafında da mühüm rol oynayır. Bununla yanaşı, ana südündəki kalsium kimi element körpənin sümüyünün inkişafında önəmli rola malikdir.
 
Bu möcüzəvi qarışıq süd adlandırılsa da, əslində, ana südünün 90 faizi sudan ibarətdir. Bu da çox vacib bir xüsusiyyətdir. Çünki körpələrin qida ilə yanaşı, maye kimi suya da ehtiyacı var. Ana südündən başqa istifadə edilən suyun və başqa maddələrin istehlakı prosesində gigiyena təmin edilməyə bilər. Ancaq 90 faizi su olan ana südü ilə körpənin su ehtiyacı da ən etibarlı şəkildə, gigiyenik baxımdan qorxusuz təmin edilir.
 
Ana südü və zəka
 
Tədqiqatlar ana südü ilə qidalanan uşaqların zəkasının inkişafının ana südü ilə bəslənməyən körpələrə nisbətən daha çox olduğunu göstərir. Kentukki Universitetinin (ABŞ) mütəxəssisi Ceym Andersonun ana südü və süni qida ilə böyüyən uşaqlar arasında müqayisə aparan araşdırması nəticəsində müəyyən edilib ki, ana südü ilə qidalanan uşaqların intellekt indeksi (İQ) süni qidalarla bəslənən uşaqlara nisbətən 5 bal çoxdur. Bu tədqiqat nəticəsində o da müəyyənləşdirilib ki, azı 6 ay ərzində ana südü ilə qidalanan uşaqların zəkasının inkişafında problem olmur, 8 həftədən az ana südü qəbul edən uşaqlarda isə ana südü zəkanın inkişafına heç bir fayda vermir.
 
Ana südü xərçəngin dərmanıdırmı? Aparılan araşdırmalar nəticəsində haqqında yüzlərlə məqalə dərc olunan ana südünün körpələri həm də xərçəngdən qoruduğu sübut olunmuş, lakin bunun mexanizmi hələ tamamilə aydınlaşdırıla bilməmişdir. Tədqiqatçılar laboratoriyada yetişdirilən xərçəng hüceyrələrinin ana südü tərəfindən öldürülməsini sübut etməklə bu sahədəki tədqiqatların çox böyük potensialının ortaya çıxdığını müəyyənləşdiriblər. İsveçin Lund Universitetində həkim və immunoloq işləyən Katarina Svanborq ana südündəki bu möcüzəvi sirləri kəşf edən qrupun üzvlərindən biridir. Lund Universitetindəki bu qrup adi ana südünün xərçəngin hər növü qarşısında etibarlı bir qoruyucu olması vəzifəsini möcüzəli bir kəşf kimi dəyərləndirib.
 
Əvvəlcə, təzə doğulan körpələrdən aldıqları bağırsaq-mukoza hüceyrələrini ana südü ilə işləyən tədqiqatçılar nəticədə Pnemococcus bakteriyası tərəfindən yaradılan və pneumonia (zökəm) adlandırılan xəstəliyin inkişafının qarşısının ana südü tərəfindən uğurla alındığını gördülər. O da bəlli oldu ki, ana südü ilə qidalanan körpələr süni qida ilə böyüyən uşaqlara nisbətən eşitmə çətinliyi ilə daha az üzləşir və tənəffüs sistemi infeksiyalarına da daha az məruz qalırlar. Tədqiqatçılar bir-birinin ardınca davam edən çalışmalar nəticəsində ana südünün xərçəngə qarşı da qoruyucu xüsusiyyətinin olduğunu sübut etmişdir (Alimlər uşaq yaşlarında müşahidə edilən limfa xərçəngi riskinin süni qidalarla böyüyən uşaqlarda 9 dəfə çox olduğunu göstərəndən sonra, eyni nəticələrin başqa xərçəng növləri üçün də əsaslı olduğunu fərq etdi). Əldə edilən nəticəyə görə, ana südü xərçəng hüceyrələrinin yerini dəqiq müəyyənləşdirir, sonra da onları öldürür. Xərçəng hüceyrələrini müəyyənləşdirib məhv edən element isə ana südündə bol miqdarda olan alpha-lac (alphalactalbumin) adlı maddədir. Alpha-lac südün tərkibindəki laktoza şəkərinin yaranmasına kömək edən bir protein tərəfindən meydana gətirilir.
 
Bu bənzərsiz nemət uca Allah`ın bir lütfüdür...
 
Ana südü ilə bağlı başqa möcüzə isə körpənin ana südü ilə 2 il boyunca qidalanmasının çox faydalı olması faktıdır.110 Elmin yenicə kəşf etdiyi bu vacib məlumatı Allah bizə Quranda «Uşaqlarını əmizdirməyi tamamlatmaq istəyən analar üçün tam iki il əmizdirirlər...» ayəsi ilə 14 əsr əvvəl bildirmişdir.
 
Mühafizəyə və qidalanmağa möhtac doğulan körpə üçün ananın özü ən ideal qida olan ana südünü bədənində yaratmağa qərar verə bilmədiyi kimi, dəyişən qida dəyərlərini də, əlbəttə ki, ananın özü müəyyənləşdirmir. Hər bir canlının ehtiyacını bilən və onlara ruzi verən uca Allah ana südünü ananın bədənində körpə üçün yaradır.