Baldakı şəfa

Baldakı şəfa

 "Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!"" ("Nəhl" surəsi, 16/68-69)
 
Bal yuxarıdakı ayələrdə vurğulandığı kimi, insanlar üçün şəfa olmaq xüsusiyyətinə malikdir. Elmdə bir addım öndə gedən ölkələr balın insan səhhəti baxımından əhəmiyyətini nəzərə alıblar və bu ölkələrdə arıçılıq və arı məhsulları artıq ayrıca bir tədqiqat sahəsi olmuşdur. Balda olan faydanın ümumi cəhətlərini nəzərə almaqla onu belə sıralamaq olar:
 
Asanlıqla həzm edilir. İçindəki şəkərin bir başqa növ şəkərə (fruktozanın qlükozaya) çevrilə bilmə xüsusiyyəti sayəsində bal özündə yüksək miqdarda turşu (asit) ehtiva etsə də, o, ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Eyni zamanda, bağırsaqların və böyrəklərin daha yaxşı işləməsinə kömək edir.
 
Sürətlə qana qarışır, sürətli enerji mənbəyidir. Bal ilıq su ilə qarışdırılanda 7 dəqiqə ərzində qana qarışır. Özündə ehtiva etdiyi sərbəst şəkərlərə görə, beyinin asan işləməsini təmin edir. Bal fruktoza və qlükoza kimi sadə quruluşlu şəkərlərin təbii qarışığıdır. Aparılan son elmi-tədqiqat işlərinin nəticələrinə görə, şəkərlərin belə özünəməxsus qarışığı halsızlığın, zəifliyin, yorğunluğun aradan qaldırılmasında ən təsirli üsuldur. Bal bu baxımdan adamı gümrah edir, onun atletizmini və enerjisini artırır.
 
Qan yaranmasına kömək edir. Bal qan hazırlanması üçün bədənin ehtiyac hiss etdiyi enerjinin mühüm bir hissəsini təmin edir. Bundan başqa, qanın təmizlənməsinə də yardım edir. Qan dövranını nizamlamaq və asanlaşdırmaq baxımından da təsiri var. Bal damar sərtliyinə, yəni damarların kirəcləşərək öz elastikliyini itirməsinə qarşı mühüm bir qoruyucudur.
 
Balın antimikrob təsir xüsusiyyətləri də var. Onun antimikrob xüsusiyyəti orqanizmdə müəyyən bakteriyaların və kifin böyüməsinə mane olur. Balın bakteriyanın sığınacaq tapmasına imkan verməyən xüsusiyyəti "inhibinə təsir" adlandırılır. Balın antimikrob olmasını təmin edən çoxlu səbəblər var. Bunlardan mikroorqanizmlərin böyüməsi zəruri olan su miqdarını nizamlayan yüksək şəkərə malik olması, yüksək turşu nisbəti (aşağı rN), bakteriyaların böyüməsi üçün əlverişli şərait yaradan azotdan məhrum edən daxili zənginliyini sadalamaq olar. Balda hidrogen-peroksidin olması və balın özündə ehtiva etdiyi antioksidanlar da bakteriyaların çoxalmasına mane olur.
 
Bal antioksidandır. Sağlam həyat tərzi keçirmək və sağlam yaşamaq istəyən hər bir kəsin antioksidan istehlak etməsi xüsusilə vacibdir. Antioksidanlar hüceyrələrdə adi metabolizmanın zərərli ətraf məhsullarını təmizləyən qarışıqlardır. Bunlar qida pozulmalarına və xroniki xəstəliyə səbəb olan dağıdıcı kimyəvi təsirləri azalda bilən elementlərdir. Mütəxəssislər antioksidan baxımından zəngin olan qidaların ürək xəstəlikləri və xərçəng kimi xəstəliklərin qarşısını alacağına inanırlar. Balın tərkibində də güclü antioksidanlar var: rinocembrin, rinobaxin, chrisin və galagin. Bunlardan rinocembrin ancaq balda mövcud olan antioksidandır.
 
Bal vitamin və mineral "anbarı"dır. Balın tərkibində fruktoza və qlükoza kimi şəkərlərlə yanaşı, maqnezium, kalium, kalsium, natrium-xlor, kükürd, dəmir və fosfor kimi minerallar da var. Nektar və çiçək tozu öz qaynaqlarının xüsusiyyətlərinə görə dəyişdiyi üçün balda B1, B2, C, B6, B5 və B3 vitaminləri də var. Bundan başqa, balda az miqdarda mis, yod, dəmir və sink də olur.
 
Baldan yaraların müalicəsində istifadə edilir. Yaraların müalicəsində istifadə edilən balın tərkibində havadan nəm çəkə bilmək xüsusiyyəti olduğu üçün sağalma prosesini sürətləndirərək yaranın izinin qalmasının qarşısını alır. Çünki bal yaranın üstünü örtən təzə dərini təşkil edəcək epitel hüceyrələrin böyüməsini sürətləndirir. Beləliklə, böyük yaraların müalicəsində istifadə edilən bal toxumaların köçürülməsinə ehtiyacı aradan qaldırır.
 
- Bal sağalma mərhələsinə daxil olan toxumaları yenidən böyümələri üçün hazırlayır. Yeni kapillyar damarların əmələ gəlməsini sürətləndirərək dərinin daha dərindəki toxuma bağlarının yerini alan fibroplastların böyüməsini təşviq edir və sağalmağın gücünü çoxaldan liflərin emalını sürətləndirir.
 
- Balın yaranın ətrafındakı şişi azaldan antienflamatuar təsiri də var. Bu, qan dövranını artırır, beləliklə, sağalmanı sürətləndirir və hiss edilən ağrını azaldır.
 
- Bal yaranın altındakı toxumalara yapışmır və buna görə də toxumaların cırılması və ağrı baş vermir.
 
- Bal radiasiya müalicəsi tətbiq edilən xərçəngli xəstələrin bədənlərində meydana gələn yaranın və mədə xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.
 
- Bundan başqa, balın, əvvəl də qeyd etdiyimiz kimi, antimikrob təsiri var. Bal infeksiyanın əmələ gəlməsinin qarşısını alır, mövcud infeksiyanı isə sürətlə təmizləyir. Bal bakteriyaların antibiotik müqavimət xüsusiyyətlərinə qarşı da təsirlidir. Antiseptik və antibiotiklərin əksinə olaraq, bal yaradakı toxumaların üzərində mənfi təsirlər saxlamır.
 
Bu məlumatlardan da aydın olduğu kimi, bal şəfaverici təsirə malik olan çox güclü olan bir qidadır. Şübhəsiz ki, bu da sonsuz qüdrət sahibi olan Allah`ın göndərdiyi Quranın möcüzələrindən biridir.