Quranda diqqət yönəldilən xurma

Quranda diqqət yönəldilən xurma

 Xurma Quranda haqqında bir çox ayədə bəhs olunan, cənnət nemətləri arasında «bənzərsiz xurma» («Rəhman» surəsi, 68) ifadəsi ilə qeyd edilən bir meyvədir. Allah`ın Quranda bildirdiyi bu meyvə tədqiq ediləndə onun bir çox əhəmiyyətli xüsusiyyətlərinin olduğu üzə çıxır. Məlumdur ki, xurma bilinən ən qədim bitki növlərindəndir. O, ləzzətli dadı ilə yanaşı, qidalandırıcı xüsusiyyətinə görə də əhəmiyyət verilən bir qidadır. Hər ötən gün kəşf edilən faydaları xurmaya həm qida, həm də dərman kimi istifadə edilən bir meyvə statusu verib. Xurmanın malik olduğu bu xüsusiyyətlərə «Məryəm» surəsində diqqət çəkilir:

«Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!" Dərhal alt tərəfindən ona belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun...» («Məryəm» surəsi, 23-26)
 
Allah`ın hz. Məryəmə xurma yeməsini bildirməsinin bir çox hikməti var. Allah`ın hz. Məryəmin doğuşunu asanlaşdırmaq üçün təqdim etdiyi nemətlərdən biri olan xurmanın hamilə və yeni doğan zahı qadınlar üçün xüsusi əhəmiyyət kəsb etməsi və faydaları elm tərəfindən bu günlərdə təsdiq edilib. Xurma tərkibindəki 60-65 faiz şəkərlə ən çox şirinliyə malik olan meyvələrdəndir. Həkimlər hamilə qadınlara doğduqları gün tərkibində meyvə şəkəri olan qidaların verilməsini tövsiyə edirlər. Burada məqsəd ananın zəifləyən bədəninə enerji və canlılıq vermək, həmçinin təzə doğulan körpəyə zəruri olan südün yaranması üçün süd hormonlarını hərəkətləndirmək və ana südünü çoxaltmaqdır. Həmçinin doğuş zamanı baş verən qan itkisi də bədənin şəkər miqdarının azalmasına səbəb olur. Xurma bədənin şəkər ehtiyacının təmin edilməsi baxımından vacibdir və təzyiqin düşməsinin qarşısını da alır. Xurmanın kalori dəyəri çox yüksək olduğu üçün, o, xəstəlikdən taqətsüz düşənlərə və yorğun olanlara xüsusilə faydalıdır.
 
Bu məlumatlar Allah`ın hz. Məryəmə həm onun özünə enerji və canlanma verəcək, həm də körpənin yeganə qidası olan südün yaranmasını təmin edəcək xurmadan yeməsini bildirməsində böyük bir hikməti ortaya qoyur. Məsələn, xurmada insan bədəninin sağlam və gümrah qala bilməsi üçün həyati əhəmiyyət daşıyan 10-dan çox element var. Buna görə də müasir dövrdə alimlər insanın təkcə xurma və su ilə yaşaya biləcəyini bildirir. Bu sahənin tanınmış mütəxəssislərindən sayılan V.H.Dauson isə bir xurma ilə bir stəkan südün bir insanın gündəlik qida ehtiyacını təmin etməyə kifayət edəcəyini deyir.
 
Xurmadakı oksitosin maddəsindən də müasir təbabətdə doğuşu asanlaşdıran bir dərman kimi istifadə edilir. Oksitosin doğuşu asanlaşdırma təsirinə görə bir çox mənbələrdə «rapid birth», yəni «sürətli doğuş» ifadəsi ilə qeyd edilir. O, doğuşdan sonra ana südünü artıran təsirə malik olması ilə məşhurdur.
 
Oksitosin, əsasən, beyinin ifraz etdiyi doğuş sancılarını başladan bir hormondur. Doğuşdan əvvəl bədənin bütün hazırlığı bu hormonun sayəsində başlayır. Hormonun təsiri özünü ana bətnini təşkil edən əzələlərdə və ana südünün ifrazını təmin edən əzələ quruluşundakı hüceyrələrdə göstərir. Doğuş zamanı ana bətninin əhəmiyyətli şəkildə büzülməsi doğuşun gerçəkləşə bilməsi baxımından çox vacibdir. Oksitosin də bətni təşkil edən əzələlərin çox güclü şəkildə büzülməsini təmin edir.
 
Oksitosin həm də yeni doğulan körpənin qidalanması üçün ana südünün ifrazına təkan verir. Xurmanın təkbaşına bu xüsusiyyəti - onun tərkibində oksitosinin olması - Quranın Allah`ın vəhyi olmasının daha bir mühüm dəlilidir. Xurmanın tibbi faydasının müəyyənləşdirilməsi ancaq yaxın vaxtlarda mümkün olub. Halbuki, Quranda təxminən 1400 il əvvəl Allah`ın hz. Məryəmə hamiləlik dövründə xurma ilə qidalanmağı vəhy etdiyi bildirilir.
 
Xurmada insan bədənində bol miqdarda hərəkət və hərarət enerjisi yaradan, bədəndə parçalanıb asan istifadə edilən bir şəkər növü də var. Özü də bu şəkər qan şəkərini sürətlə yüksəldən qlükoza yox, meyvə şəkəri olan fruktozadır. Xüsusilə şəkər xəstələrində qan şəkərinin sürətlə qalxması bir çox orqanlara mənfi təsir edir, amma bundan ən çox zərər görən orqan və sistemlər göz, böyrəklər, qan-damar və sinir sistemləridir. Gözün görmək qabiliyyətinin itirilməsinə kimi aparıb çıxaran narahatçılıqların, infarkt və böyrək çatışmazlığı kimi bir çox ciddi xəstəliklərin ən mühüm səbəblərindən biri qan şəkərinin yüksəkliyidir.
 
Xurmanın tərkibində çox çeşidli vitamin və minerallar var. O, lif, yağ və proteinlər baxımından da çox zəngindir. Xurmada natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor və xlor da var. Bundan başqa, xurmanın tərkibində A vitamini, betakaroten, B1, B2, B3 və B6 vitaminləri də bol miqdardadır. Xurmanın tərkibindəki vitamin və mineralların adi insan bədənində və hamiləlik dövründəki faydalarından bəzilərini isə bu ardıcıllıqla qeyd edə bilərik:
 
* Xurmanın qidalandırıcı gücü onun tərkibindəki münasib mineral balansından qaynaqlanır. Xurma hamilə qadınların qəbul etməli olduğu bir B vitamin qrupuna aid fol turşusu da olur. Fol turşusu (B9) bədəndə yeni qan hüceyrəsinin yaranmasında, bədənin əsasını təşkil edən amin turşularının təşəkkül tapmasında və hüceyrələrin yeniləşməsində mühüm vəzifələri yerinə yetirən bir vitamindir. Buna görə də hamiləlikdə fol turşusuna olan ehtiyac özünü qabarıq göstərəcək dərəcədə artır və gündəlik ehtiyacın iki qatına çatır. Fol turşusunun səviyyəsi kifayət etməyəndə quruluş etibarilə normadan böyük, iş əmsalı isə aşağı olan eritrosit hüceyrələri (qırmızı qan hüceyrələri) meydana gəlir və qanazlığının əlamətləri özünü göstərməyə başlayır. Xüsusilə hüceyrələrin bölünməsində və hüceyrənin genetik quruluşunun əmələ gəlməsində mühüm rol oynayan fol turşusu hamiləlik zamanı iki dəfə artıq ehtiyac hiss edilən yeganə maddədir. Xurma da fol turşusu baxımından çox zəngin olan bir qida növüdür.
 
* Digər tərəfdən, hamiləlik zamanı yaranan uzunmüddətli ürək bulanması və fizioloji reaksiyalar nəticəsində kalium azlığı müşahidə olunur. Belə vəziyyətdə qadına əlavə kalium verilməlidir. Xurmada bol miqdarda mövcud olan kalium bu baxımdan çox böyük əhəmiyyət kəsb edir, bu maddə bədəndəki su balansının qorunması baxımından da çox faydalıdır. Kalium beyinə oksigenin getməsinə kömək edərək, dərindən fikirləşməyi təmin edir. Bununla yanaşı, bədənin mayeləri üçün əlverişli alkalik xüsusiyyətini yaradır. O, bədəndəki zəhərli tullantıları ifraz etmək üçün böyrəklərə xəbərdarlıq edir. Yüksələn qan təzyiqinin aşağı salınmasını və sağlam dərinin yaranmasını təmin edir.
 
* Xurmanın tərkibindəki dəmir qırmızı qan hüceyrələrində mövcud olan hemoqlobinin sintezinə nəzarət edir. Bu da hamiləlikdə qan çatışmazlığının qarşısının alınmasını və körpənin inkişafı üçün həyati əhəmiyyət kəsb edən qandakı RBC eritrosit balansının uyğun hala gəlməsini təmin edir. Məlum olduğu kimi, eritrositlər qanda oksigen və karbondioksid daşıyaraq hüceyrələrin öz mövcudluğunu davam etdirməsində vacib rol oynayırlar. Tərkibində çoxlu dəmir olduğu üçün bir insan gündə 15 ədəd xurma yeməklə bədəninin dəmirə olan ehtiyacını təmin edə və dəmir çatışmazlığının yaratdığı narahatçılıqdan xilas ola bilər.
 
* Xurmadakı kalsium və fosfat isə skeletin yaranıb formalaşması və bədənin sümük quruluşunun balanslaşması üçün çox mühüm elementlərdir. Xurma tərkibindəki bol fosfor və kalsiumla sümük zəifliyindən qoruyur və bu xəstəliklərin azalmasına kömək edir. * Alimlər xurmanın gərginliyi və həyəcanı aradan qaldırmaq qabiliyyətinə də diqqəti çəkir. Berkli Universiteti (ABŞ) mütəxəssislərinin apardığı tədqiqatlar sinirləri gücləndirən B6 vitamininin və əzələlərin fəaliyyətində mühüm rolu olan maqnezium mineralının xurmada yüksək miqdarda olduğunu göstəriblər. Xurmanın tərkibindəki maqnezium böyrəklər üçün də son dərəcə əhəmiyyətlidir. Bir insan gündə 2-3 xurma yeməklə maqneziuma olan ehtiyacını ödəyə bilər.
 
* Xurmadakı B1 vitamini sinir sisteminin sağlamlığını asanlaşdırır. O, bədəndəki karbohidratların enerjiyə çevrilməsinə, protein və yağların bədənin başqa ehtiyacları üçün istifadə edilməsinə kömək edir. B2 vitamini ilə də bədənin enerji təminatı və hüceyrələrin yeniləşməsi üçün protein, karbohidrat və yağların yandırılmasına yardım edir.
 
* Hamiləlik zamanı A vitamininə ehtiyac artır. Xurma tərkibindəki A vitamini sayəsində görmək gücünü və bədənin müqavimətini artırır, sümükləri və dişləri gücləndirir. Xurma betakaroten maddəsi ilə də çox zəngindir. Betakaroten hüceyrələrə hücum edən molekulları nəzarətdə saxlayaraq, xərçəngin qarşısını alan xüsusiyyətə malikdir.
 
* Başqa meyvələr protein baxımından ümumiyyətlə zəngin deyil. Ancaq xurmanın tərkibində protein də var və bunun sayəsində bədənin xəstəlik və infeksiyalardan qorunmasını təmin edir, hüceyrələri yeniləşdirir və bədəndəki mayeni balanslaşdırır. Məsələn, ət də faydalı qidadır, ancaq xüsusilə belə bir dövrdə təzə xurma qədər fayda verməyə bilər. Hətta belə bir dövrdə ətdən çox istifadə edilməsi zəhərlənməyə səbəb ola bilər. Həzmi asan olan yüngül meyvə-tərəvəz ərzaqlara üstünlük verilməsi daha münasib seçimdir.
 
Xurma haqqındakı bütün bu məlumatlar Allah`ın sonsuz elmini və insanlara olan mərhəmətini göstərir. Göründüyü kimi, müasir tibbin dövrümüzdə müəyyənləşdirdiyi xurmanın faydalarına, onun xüsusilə də hamiləlik dövründəki faydalarına Quranda 14 əsr əvvəl işarə edilmişdir.