Heyvanat cəmiyyətlərinin varlığı

Heyvanat cəmiyyətlərinin varlığı

 "Yerdə gəzən elə bir heyvan, iki qanadı ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın..." ("Ənam" surəsi, 6/38)

Müasir dövrümüzdə heyvan və quş ekologiyalarında aparılan araşdırmalar nəticəsində bütün heyvanların və quşların ayrı cəmiyyətlər halında yaşadığı bəlli olub. Uzun müddət davam edən geniş tədqiqatlar nəticəsində heyvanlar haqqında öyrənilən bu məlumatlar heyvanlar arasında sistemli sosial nizam-intizamın olmasını ortaya çıxarıb. Məsələn, elm adamlarını öz sosial həyatı ilə heyrətə salan bal arıları özlərinə qruplar halında ağac oyuqlarında və ya buna oxşar qapalı yerlərdə yuva tikirlər. Bir arı pətəyi bir ana arı, bir neçə yüz erkək və 10-80 min işçi arıdan ibarətdir. Əvvəl də bildirdiyimiz kimi, arı pətəklərinin hər birində yalnız bir ana arı olur və onun da əsas vəzifəsi yumurta qoymaqdır. Bundan başqa, ana arı pətəyin bütövlüyünü və pətəkdəki sistemli işin davam etməsini təmin edən mühüm maddələr də ifraz edir. Erkəklərin isə bircə funksiyası var, o da ana arını mayalandırmaqdan ibarətdir. Pətək hörmək, qida toplamaq, arı südü əmələ gətirmək, pətəyin hərarətini tənzimləmək, təmizlik, müdafiə kimi bütün ağıla gələn işləri isə işçi arılar yerinə yetirirlər. Arı pətəyində cərəyan edən bir həyatın hər mərhələsində bir nizam var. Körpə arılara nəzarətdən tutmuş pətəyin ümumi ehtiyaclarının təmin edilməsinə qədər, hər bir vəzifə qüsursuz şəkildə yerinə yetirilir.
Qarışqalar da dünyanın ən izdihamlı sakinləri sayılırlar. Buna baxmayaraq, qarışqalar texnologiya, kollektiv çalışmaq, hərbi strategiya, inkişaf etmiş əlaqə qurmaq texnologiyası, iyerarxik nizama riayət, ciddi intizam, qüsursuz şəhər planlaması kimi bir çox sahədə insanlara nümunə olacaq bir nizam sərgiləyirlər. "Koloniyalar" deyilən cəmiyyətlər halında yaşayan qarışqalar inkişaf etmiş elə bir nizam içindədir ki, bu baxımdan, insanların mövcud sivilizasiyasına bənzər bir mədəniyyətə sahib olduqlarını da deyə bilərik.
Qarışqalar özlərinə ehtiyat ərzaq yığıb qışa tədarük görməklə yanaşı, balalarına da nəzarət edir, koloniyalarını qurur və döyüşürlər. Hətta "dərziliklə" məşğul olub, "əkinçilik" edən, "heyvan yetişdirən" koloniyaları da var. Aralarında çox güclü bir əlaqə şəbəkəsinə malik olan bu həşəratlara cəmiyyətdəki təşkilatlanma və ixtisaslaşma məsələsi nöqteyi-nəzərindən baxıldıqda onlar heç bir canlı ilə müqayisə edilməyəcək üstünlüyə malikdirlər.
Birlik halında yaşayanda heyvanlar öz intizamlı həyatları ilə yanaşı, təhlükələrə qarşı da birlikdə qarşı çıxırlar. Məsələn, kiçik quşlar qırğı və ya bayquş kimi yırtıcı quşlar onların bölgələrinə girəndə, bu quşları birlikdə əhatələyirlər. Bu zaman ətrafdakı digər quşları da bölgəyə cəlb etmək üçün xüsusi bir səs çıxarırlar. Kiçik quşların birlikdə gerçəkləşdirdikləri hücumları nəticəsində yırtıcı quşlar həmin yerlərdən uzaqlaşdırılırlar.
Bir yerdə uçan bir quş dəstəsi də, eyni şəkildə, bütün dəstə üzvləri üçün bir müdafiə təşkil edir. Məsələn, sürü halında uçan sığırçınlar aralarında geniş bir məsafə saxlayaraq uçurlar. Ancaq bir qırğı görəndə aralarındakı məsafəni dərhal doldurur, bununla da qırğının dəstənin ortasına hücum etməsini çətinləşdirirlər. Qırğı bu vəziyyətdə onlara hücum edərsə, qanadları şikəst ola bilər və ovu puça çıxar.
Məməli heyvanlar da onların sürülərinə qarşı bir hücum olanda, birlikdə hərəkət edirlər. Məsələn, yırtıcılardan qaçıb canlarını qurtarmağa çalışan zebrlər balalarını sürünün ortasına salırlar. Delfinlər də həmişə qrup halında üzür və ən böyük düşmənləri olan akulalara qarşı qrup şəklində mübarizə aparırlar.
Heyvanların sosial həyatı ilə bağlı saysız nümunələr gətirmək, təfərrüatlara varmaq mümkündür. Heyvanlarla bağlı əldə edilən bu məlumatlar uzun illər aparılmış geniş araşdırmalar nəticəsində öyrənilmişdir. Buradan da aydın görünür ki, hər sahədə olduğu kimi, heyvanlarla bağlı Quranda verilən məlumatlar da onun Allah`ın sözü olduğunu göstərir.