Nebraska adamı saxtakarlığı

 Nebraska adamı saxtakarlığı

1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henri Feyrfild Ozborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığındakı plieosen dövrünə aid azı dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya əsasən, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən bu məsələ ilə bağlı çox dərin elmi müzakirələr başladı. Bəziləri bu dişin sahibini pitekantrop (Pithecanthropus erectus) olduğunu söyləyir, bəziləri isə bunun insana daha yaxın olduğunu deyirdilər. Böyük müzakirələrə səbəb olan bu diş fosilinə “Nebraska adamı” adı verildi. “Elmi” adı da dərhal qoyuldu: Hesperopithecus haroldcooki.

Bu tək dişə əsaslanaraq Nebraska adamının kəlləsi və bədəni bərpa edildi. Hətta daha da irəli gedərək Nebraska adamının ailəsinin təbii mühitdə rəsmləri dərc edildi. Bütün bu ssenarilər bircə dişdən uydurulmuşdu. Təkamülçü kütlələr bu fantastik adamı o qədər mənimsəmişdilər ki, Uilyam Brayen adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər erkən hökmlə qərar verilməsinə qarşı çıxdıqda qəzəblə qarşılandı.

Ancaq 1927-ci ildə skeletin digər hissələri də tapıldı. Tapılan yeni hissələrə görə, bu diş nə meymuna, nə də insana aid idi. Dişin Prosthennops adlandırılan Amerika qabanının nəsli kəsilmiş cinsinə aid olduğu məlum oldu. Uilyam Qreqori bu səhvi xəbər verdiyi “Science” (Elm) jurnalındakı məqaləsinə belə başlıq qoymuşdu: “Göründüyü kimi, hesperopithecus nə meymun, nə də insandır”. (W. K. Gregory, "Hesperopithecus Apparently Not An Ape Nor A Man", Science, vol. 66, December 1927, səh. 579)

Elmi yazıçı Henk Hayneqraff bu məsələ ilə bağlı hadisələri nəql edir: 1922-ci ildə Nebraskada bir diş kəşf edildi. Bir az fantaziya gücü ilə bu diş mifoloji çənə sümüyünə, çənə sümüyü kəlləyə, kəllə də skeletə yerləşdirildi və skeletə bir üz, digər xüsusiyyətlər və tüklər əlavə edildi. Bu hekayə London qəzetlərində əks etdirildikdə təkcə Nebraska adamının deyil, eyni zamanda, Nebraska qadınının da rəsmi vardı. Bunların hamısı yalnız bircə dişdən ortaya çıxmışdı. Bir də skelet tapsalar, nələr olacağını siz düşünün. Bəlkə də bir il KİV-lərdə yayımlayardılar.

Bu kəşfdən bir müddət sonra buna bənzər bir diş geoloq Harold Kuk tərəfindən tapıldı. Bu dəfə diş həqiqi kəlləyə yerləşdirildi və kəllə də qaban skeletinə yerləşdirildi. Beləliklə, “elmi” baxımdan hesperopithecus haroldcooki adlandırılan Nebraska adamının mif kimi maskası düşdü. (Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003 səh. 31-32)