Uçan ilan

Uçan ilan

Cənub-şərqi Asiyada yaşayan bir ilan növü qanadları və havada süzməyə kömək edən bədən üzvləri olmadığı halda, 20 m-dən çox uçur. Yetkin fərdlərinin uzunluğu 1 metrə çatan bu ilanların havada süzmək bacarığı mükəmməl aerodinamik sistemə əsaslanır.
İlan, əvvəlcə, bir budaqdan aşağıya sallanır. Bu zaman bədəni J hərfi formasına düşür. Birdən yuxarıya doğru hərəkətə keçib özünü budaqdan buraxır. Bədənini dümdüz formaya salıb başını yastıladır. Bu, gürzənin yastı ənsəsinə bənzəyir. Bu şəkildə ilanın bədən səthinin sahəsi təqribən iki dəfə artır. İlan sürətini artırdıqca başını və quyruğunun ucunu ortaya doğru qaldırır və bir ucundan digər ucuna “S” formasında dalğalanır. İlanın bu hərəkəti stolun üstündəki qamçının bir ucundan dalğalandırılmasına bənzəyir.
İlanın tullanması başqa heç bir canlıda rast gəlinməyən sistemə əsaslanır. Havada süzməyə imkan verən bu sistem, eyni zamanda, yerə yavaşca enməyi də mümkün edir.
İlanlar manevrlə yanaşı, havaya qalxarkən üstün qabiliyyət nümayiş etdirir. Havaya qalxarkən 1 saniyənin 1/10-dən az müddətdə özünü sürətlə irəliyə doğru itələyir. Bu qısa müddətdə bədənin lazımi formaya düşməsi üçün sinir hüceyrələri və əzələlər arasında mükəmməl mütəşəkkillik baş verir.
Sinir-əzələ tənzimləməsi sinir sistemi ilə əzələlər arasında xəbərləşməyə əsasən, təsir-əks təsir mexanizmi əsasında olur. Bu sayədə minlərlə əzələ lifi eyni zamanda hərəkət edir və ilan havada süzür. Tədqiqatçılar bu hərəkətdə iki müxtəlif əzələ növünün iştirak etdiyini təxmin edirlər.
İlan havada olduqda bir əzələ qrupu bədəni yastılaşdırır, digər əzələ qrupu  havadakı “S” şəkilli dalğalanma hərəkətini tənzimləyir. Bu iki əzələ qrupu sinir hüceyrələrindən gələn impulslara görə uyğun şəkildə gərilir. Sinir hüceyrələrindən bu əzələlərə hər an çoxlu sayda əmr göndərilir. Ancaq ilanın sinir hüceyrələrindən əzələlərinə birtərəfli impulslar kifayət deyil. Əzələlərin verilən əmrə əsasən aldığı vəziyyət sinir hüceyrələrinə ötürülərək mükəmməl nəzarət mexanizmi təmin olunur.
İlanın bu qabiliyyəti və sinir-əzələ sisteminin quruluşu mükəmməl yaradılış nümunələrindən biridir. Allah canlılardakı bütün sistemləri qeyri-adi incəliklərlə yoxdan yaratmışdır. Allah`ın canlılar üzərində təcəlli edən yaratma elmi Quranda belə bildirilir:

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)
Quşlar istisna olmaqla, digər uçan canlıların xüsusiyyətlərini tədqiq edən alimlər açıqlamalarında heyranlıqlarını ifadə edirlər. Ancaq bu tərifəlayiq xüsusiyyətlərin heç biri canlıların özündən qaynaqlanmır. Çünki bu canlıların üstün dizayndan, bənzərsiz qabiliyyətlərindən heç özlərinin xəbəri yoxdur. Bu canlılar həmin xüsusiyyətləri özləri qazanmayıblar. Odur ki, bu üstün canlıların əsl sahibi və tərifə layiq olan uca Allah`ı tərifləməliyik. Ancaq unutmaq olmaz ki, Rəbbimizə həmd etməyə ancaq və ancaq bizim ehtiyacımız var. Bir Quran ayəsində Allah belə bildirir:

Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allah`a heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, zəngindir, tərifəlayiqdir”. (İbrahim surəsi, 8)